Annotasiya
“Portağal qız” (Norveç dilində “Appelsinpiken”) norveç yazıçısı Yusteyn Qarderin 2003-cü ildə işıq üzü görən romanıdır.
Atasından qalan məktub vasitəsilə on beş yaşlı Georg onun keçmişinə, böyük sevgisinə və həyatın mənasına dair hekayəsini kəşf edir.
“Portağal qız” sevgi, itki və həyatın faniliyi haqqında düşündürən, oxucunu yaşamağın özünün bir möcüzə olduğuna inandıran duyğusal bir əsərdir.
Karandaşın izi ilə
Məncə, həyatda olmayan, ya da nənəmin dediyi kimi, bizimlə olmayan adamın videosuna baxmaq qadağan edilməlidir. Ölülərə tamaşa eləmək olmaz.
***
Bizə həyatda yalnız müəyyən yer ayrılmayıb, həm də müəyyən vaxt ayrılıb.
***
Bir dəfə müəllimə dedim ki, Bethovenin musiqisində cənnət də çoxdur, cəhənnəm də. Heyrətdən ağzı açıla qaldı, dedi quşu gözündən vurmuşam!
***
– Biz haçan görüşə bilərik?
– Sən nə qədər gözləyə bilərsən?
***
Hamıya məlumdur ki, eynən detektivlər kimi, tibb tələbələri də əksər halda xəstəhal vasvasılığa tutulur, əlamətləri təkrar-təkrar yozmaqdan, həm özlərinə, həm də özgələrinə diaqnoz qoymaqdan yorulmurlar. İlahiyyatçı tələbələrdə də buna oxşar nəsə baş verir, Allaha inam məsələsində onların qəlbini cürbəcür şübhələr bürüyür. Hüquqşünas tələbələr isə, adətən, qanuna və hüquqa tənqidi yanaşmağa başlayırlar.
***
Jurnalistlərlə valideynlər arasındakı oxşarlıq ondan ibarətdir ki, hər ikisi hər şeylə maraqlanan olur. Siyasətçilərlə uşaqlar arasındakı uyğunluq isə belədir ki, hər ikisinə cavabı heç də asan olmayan vasvası suallar verirlər.
***
Bilmirəm, sən haçansa səylərinin puça çıxmasının peşmançılığını çəkmisənmi? Məsələn, vacib nəsə almaqdan ötrü qarda-palçıqda xeyli yol ölçürsən, mağazaya isə bağlanmasından cəmisi iki dəqiqə gec çatırsan.
***
İki adamın iş-gücü bir-birini axtarmaqla keçirsə, onların hərdənbir rastlaşmasında təəccüblü bir şey yoxdur.
***
Kainatın gözü! Habbl teleskopu barədə heç vaxt bu cür düşünməmişdim; mən onu bəşəriyyətin kosmosa açılan pəncərəsi kimi təsəvvür edirdim. İndi isə teleskopun “Kainatın gözü” adlandırılmasında heç bir mübaliğə görmürdüm.
***
Heç kəs Evklid həndəsəsi və Dövri sistemlə göz yaşı içində vidalaşmır. İnternet yaxud vurma cədvəli ilə qarşıdakı ayrılığa görə heç kəs göz yaşı axıtmır. Vidalaşmaq dünya ilə, həyatla, nağılla olur. Bir də xüsusi olaraq sevilən azsaylı seçilmişlərlə.
***
Yazmışdım ki, dünyada ən yoluxucu şey gülüşdür. Amma dərd də yoluxucu ola bilər. Bir də var, qorxu. Bu, başqa məsələdir. Qorxuya yoluxmaq gülüşə yaxud dərdə yoluxmaq qədər asan deyil və nə yaxşı ki belədir. Adam qorxu ilə, demək olar, həmişə təkbətək qarşılaşır.
***
Sonra sənə bir sirr açdım. Dedim, hər dəfə bu planetə baxanda sənin ananı, Verunikanı düşünürəm, çünki “vener” sözü çox qədimlərdə “sevgi” anlamında işlədilirdi.
Dedim ki, bizim göy üzündə gördüyümüz işıqlı nöqtələrin hamısı həqiqi ulduzlardır, özləri günəş kimi işıq saçır, çünki səmadakı hətta ən kiçik ulduz da qaynar günəşdir. Onda sən bilirsən, nə dedin? “Axı ulduzlar bizi yandırmır”.
***
Dedim ki, kainat dəhşətli dərəcədə qocadır, onun yaşı ən azından on beş milyard il olar. Buna baxmayaraq, kainatın necə yaranmasıs indiyə qədər bizə bəlli deyil. Biz hamımız pis bildiyimiz böyük bir nağılın içində yaşayırıq.
***
Hərdən bizim üçün qiymətli olanı itirmək onun yerli-dibli olmamasından daha pisdir.
***
Başqa imkan yoxdur. Qaydalar belədir. Əgər həyatı seçirsənsə, onda ölümü də seçmiş olursan.
***
Uşağa həyat vermək ona yalnız dünyanı hədiyyə etmək deyil, həm də bu inanılmaz bəxşişi ondan geri almaqdır.
***
Dünyanın mövcudluğu qarşısında heyrətdən elə doymuşam ki, əgər bu dünyadan sonra hansısa başqa bir dünyaya düşsəm, daha heyrətlənməyə gücüm qalmayacaq.
***
Amma xam xəyalın öz adı var. Biz ona “ümid” deyirik.
***
İnsan onu nə gözlədiyini bilməlidir. Bu, bank hesabında pulunun nə qədər qaldığını bilmək kimi bir şeydir. Məni sevindirən o idi ki, hələ cəmisi on beş yaşındayam.
***
Biz dünyada yalnız bu dəfə yaşayırıq.
***
Həyat o adam üçün qısadır ki, günlərin bir gözəl günü onun bitəcəyini anlamağa qabil olsun.
***
Həyat yalnız uduşların əhəmiyyət kəsb etdiyi böyük bir lotereya oyunudur.
Tərcümə: Mahir N.Qarayev
