Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yeganə Cabbarlı “Bizdə qadın əlləri yazmaq üçün deyildi”

Annotasiya

“Bizdə qadın əlləri yazmaq üçün deyildi” (rusca “Руки женщин моей семьи были не для письма“) Azərbaycan əsilli yazıçı Yeganə Cabbarlının 2026-cı ildə Amerikanın Milli Kitab mükafatının “Tərcümə ədəbiyyatı” kateqoriyası üzrə 10 əsərdən ibarət uzun siyahısına düşən romanıdır.

Əsərdə Rusiyada azərbaycanlı ailəsində böyüyən gənc bir qadının hekayəsi üzərindən kimlik, qadınlıq, patriarxal düşüncə və azadlıq mövzuları araşdırılır. Başqalarının onun bədəni, davranışları və gələcəyi haqqında qərar verdiyi bir dünyada baş qəhrəmanımız gözlənilməz nevroloji xəstəliklə mübarizə aparmalı olur. Uşaqlıq xatirələri, ailə sirləri və nəsillər boyu davam edən susqunluq vasitəsilə qadının öz bədəninə, sözünə və həyatına sahib çıxmaq mübarizəsi təsvir edilir.

Karandaşın izi ilə

…bu hissi ancaq öz iradəsinin gücünə bələd olan və bədənini dəyişdirmək imkanı qazananlar bilir.

***

…özləri də haçansa onlar üçün düşünülmüş qaydaların qoruyucusuna çevrilmişdilər.

***

Maraqlıdır ki, bizim böyük ailəmizdə məndən başqa eynəkli uşaq yox idi. Buna görə bibim qərara gəldi ki, bunun günahkarı həddindən çox oxuduğum kitablardır.

***

Şərq və qərb heç vaxt bir-birinə oxşamayacaq. Teleqon Odisseyi, yəni atasını öldürür, Rüstəm isə Söhrabı, oğlunu. Çünki ancaq onun buna haqqı çatır: həyat bəxş etdiyi kimi həyatdan da məhrum edir.

***

Qadın danışa bilməz, qadın razılaşmaya bilməz, qadın mexanizmin əsas yox, əlavə hissəciyi olduğunu unuda bilməz… Amma atamın yumruqlarının bizə öyrətdiyi ən əsas şey bu idi: susmaq, arzu və istəklərini kilid altında saxlamaq, heç vaxt heç kimə öz dəhşətli sirlərini açmamaq.

***

Bütün xəstəxanalarda otaqlar darısqal olur, elə bil hər şey səni qəbrə hazırlamağa çalışır – MRT aparatı, harada dayanmaq lazım olduğunu əvvəlcədən müəyyənləşdirən rentgen aparatı, dar xəstəxana palataları, dəhşətli dərəcədə dar dəhlizlər, hətta həkimi kabinetindəki bircə stulluq yer belə.

***

Qorxurdum, heç vaxt saçımı kəsdirməməmişdim, qorxurdum ki, nəslimizin bütün qadınları qarşısında günah edirəm; saçımı kəsdirsəm, onların saçları ilə uzanan xatirələri məhv edəcəyəm.

***

Ağız danışmaq üçün nəzərdə tutulmamışdı: ətrafımdakı heç bir qadın heç vaxt əslində demək istədiyini demirdi, heç vaxt kişilərə etiraz etmirdi, çünki belə etmək olmazdı. Ağız yeməyin dadına baxmaq, qidalanmaq, uşaqlara layla demək və onlara qaydaları başa salmaq üçün lazım idi.

***

Bəlkə, buna görə, bəlkə də, heç vaxt heç kimə qulaq asmaq istəmədiyinə görə atam kar oldu, qulaqları tutulandan sonra ancaq eşitmə aparatı ilə eşidə bilirdi, o da əgər həmsöhbəti çox yaxında idisə. Onda anam onunla danışmağa başladı, yemək bişirə-bişirə otuz il ərzində deyə bilmədiklərinin hamısını bircə-bircə deyirdi.

***

Bu dünya içində məni udmağa hazır canlılar olan nəhəng akvariuma bənzəyirdi, amma o canlıların qabağını şüşə kəsirdi, şüşə isə atamın çiyinləri idi. Böyümək məni həmişəlik bu hissdən məhrum etdi, dəyişən bədənim artıq atamın çiyinlərinə yerləşmirdi və vaxt keçdikcə bu bədən özünü yerdə tapdı, yerdə vücud tapmaq isə başqa bədənlərlə rastlaşmaq deməkdir.

***

Valideynlərimin dediyi kimi, dünya təhlükəsiz deyildi, burada hamı başqasını incidə bilərdi və mütləq ki, incidirdi.

***

Öz yadlığımı ilk dəfə hələ məktəbdə oxuyanda hiss etmişdim: bunu mənə sinif yoldaşlarım başa salmışdı. Onlar adətən məni öz adımla yox, “qara” və ya başqa kobud sözlərlə çağırırdılar. Hərdən isə bu sözlər jestlərə və hərəkətlərə çevrilirdi. Bir dəfə ən hövsələsiz sinif yoldaşın var gücü ilə basketbol topunu mənə çırpdı. Sol əlimin şəhadət barmağı şişdi və günü bu gün də şişi çəkilməyib. Bu barmağım məni yadlığımı unutmağa qoymur, çünki yad olmaq həmişə düşmən olmaq deməkdir.

***

Yadsansa, nifrət qabısan, hamı hirsini sənə tökəcək.

***

Yaddaşdan fərqli olaraq, bədən yalan danışmır. Bədən faktları heyrətamiz dərəcədə dəqiq qoruyur; heç bir izi korlamır, yox eləmir, bütün çapıqları, əzikləri, yanıqları, qançırları saxlayır, kobud hərəkətləri bağışlamır. Bədənin rahatlıqla unutmağa hazır olduğu yeganə şey ağrıdır.

***

Qadın bədəninin ən vacib hissəsi əllər idi: yemək bişirirdilər, uşaq yatızdırırdılar, yuyurdular, kişilərin köynəklərini ütüləyirdilər, paltar tikirdilər, süpürürdülər, döşəməni yuyurdular, toz silirdilər. Qadın əlləri daim işlə məşğul olmalı idi, ancaq kişi əlləri bikar dayana bilərdi. Kişi əlləri süfrədə tənbəl-tənbəl gözləyəndə qadın əlləri yemək gətirirdi, nimçələri düzürdü, xəngəl xəmiri yayırdı, plov çəkirdi, dolma bükürdü, gəlinlik paltarları tikirdi. Ailəmizdəki qadınların hamısı bilirdi ki, əllər onlara yazmaq üçün verilməyib.

***

Atamın anasının əlləri də rahatlıq bilmirdi: dörd uşaq üçün yemək bişirirdi, evləri yığışdırırdı, bağa qulluq edirdi, parça seçirdi, su daşıyırdı, nazik qutab xəmirləri yayırdı, plov üçün düyü yuyurdu, kişmiş arıtlayırdı, amma heç vaxt heç nə yazmırdı. Sözləri işlər əvəz edirdi: tərtəmiz yığışdırılmış ev qonaqların qabağında nadir əlyazma kimi açılırdı, hər biri öz yerində olan əşyalar ehtiyatla mətnin içində gizlənmiş vergülləri, nöqtələri xatırladırdı.

***

O, xəstə idi, həmişə əzgin və yuxulu olurdu, heç nə yemirdi. Baytar ona gündəlik iynə yazdı və o iynələri atamdan başqa heç kim bu zəif küçüyə vurmağa ürək eləmədi. Təkcə atam sevdiklərini incidə bilərdi.

***

Yazmaq məndən başqa heç kimdən asılı deyildi, yazmaq gözəgörünməz amulet kimi həmişə mənimlə idi. Əgər kimsə məni incidirdisə, xətrimə dəyirdisə, həsrətlə axşamı gözləyirdim, axşam dəftərimi açıb hekayə yazırdım. O hekayələrdə pislərin başına pis şeylər, yaxşıların başına yaxşı şeylər gəlirdi. Böyüyəndən sonra başa düşdüm ki, hər şey həmişə belə olmur: yaxşıların da başına pis işlər gəlir, həyat öz şorbasına müxtəlif adamları atır və içinə ədviyyatlar əlavə edir, kimin nə xoşladığını soruşmur.

***

Anamın dilində daim qüssə hiss olunurdu, elə bil bu qüssə daşa dönüb onun hər sözünün dibinə yatmışdı. Bu, adi qüssə deyildi, şübhə dolu qüssə idi: Görəsən, başqa cür hərəkət etsəydim, necə olardı?

***

Qadınlar heç vaxt kişilərlə birbaşa danışmırdılar, hətta o kişi qadının əri və ya qardaşı da olsa, bu söhbətlər həmişə qalın torun arxasından gedirdi və ən vacib, ən iri, ən cəsarətli, ən həqiqi sözlər o torda ilişib qalırdı. Atalar və ərlər heç vaxt arvad-uşaqlarının həyatına bütünlükdə vaqif olmurdular, çünki onları ancaq ailə yığıncaqlarında, şəkillərdə və qısamüddətli səfərlərdə görürdülər: arvad-uşaq onlar üçün sözsüz şəkillər idi.

***

Danışmaqdan çox, oxumaq xoşuma gəlirdi; musiqi sözlərə təzə mənalar qazandırırdı, onları təzə libasa bürüyürdü, oxumaq mənaya gözəllik qatmaq demək idi. Sözləri əbədiləşdirmək.

***

Həyatının dəqiqəbədəqiqə ölçülüb-biçildiyi dünyada yalan danışmaq ictimai hovuzda xilasedici halqa qədər vacib idi.

***

Sevgi başqalarının bədənini oxumaq, adi şeylərdə yaxşılığı, qaranlıqda işığı görmək bacarığıdır.

***

Biz heç vaxt bədəndən danışmırdıq. Bu mövzu məhrəm idi, bu barədə danışmaq olmazdı, elə bil bizim, ümumiyyətlə bədənimiz yox idi, bədənimiz ancaq hansısa orqan funksiyasını yaxşı yerinə yetirməyəndə yadımıza düşürdü.

***

Anam tələb etdiyi üçün örpək bağlayırdım, qorxurdu ki, mənim keçəl başımı, başımdakı yodlu məhlulla silinmiş yeddi çapığı, kəlləmi saxlayan dəmir tutacaqları görən olar; elə bilirdi ki, dünya mənim xəstə olduğumu öyrənməməlidir. Doğrudan da, belədir: dünya bədənimin necə çökdüyünü, idarəetməni necə itirdiyini, yaraların necə qaşındığını, körpücük sümüyümün altındakı kəsiyin bitişdikcə necə qaysaq bağladığını görməsə də, olar. Öz bədənimi inkar etməklə mən tarixi və mədəni irsi də inkar edirdim, öz əl-ayağımdan imtina etməklə bədənimin başqa qadın bədənləri ilə əlaqəsindən də imtina edirdim. Nəhayət, bu haqq-hesab çəmbərini dağıtmaq, tikilmiş ağızlarımızı açmaq, qışqıra-qışqıra öz mövcudiyyətimi, anaların, nənələrin, bacıların, rəfiqələrin mövcudiyyətini bildirmək istəyirdim. Bəsdir bir-birimizin boğazını ölümcül qorxu ilə sıxdığımız: Birdən kimsə görər, birdən kimsə eşidər. Camaat nə deyər, qohum-əqrəba nə fikirləşər? Atan bilsə, neyləyər? – bu dəhşət çəmbəri illərlə boğazımızdan yapışıb, distoniya məni boğan kimim bizi boğub.

***

Xalam ərindən ayrılmışdı, tanıdığım qadınlar arasında yeganə insan idi ki, döyən ərindən ayrılıb dörd uşağı ilə ayrı yaşamağa cəsarəti çatmışdı – buna görə ona hörmət edirdim.

***

Kədərlidir, biz ancaq uşaqlıqda, həqiqətən, mehriban olmuşuq. Onda hələ sosial stereotiplər və vəzifələr çiynimizə yüklənməmişdi, bayramlarda qol-boyun olub şəkil çəkdirirdik.

***

Sanki qadının barmağına nikah üzüyü taxılmasa, bətni heç vaxt uşaq daşımasa, qadın sözünün hansısa hecası qopub düşəcək.

Tərcümə: Həmid Piriyev 

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram