Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Patrik Devitt “Kitabxanaçı”

Annotasiya

“Kitabxanaçı” (ingiliscə “The Librarianist“) kanada əsilli yazıçı Patrik Devittin 2023-cü ildə çap olunan romanıdır. Əsər “bir introvertin düşdüyü vəziyyətin geniş və iddialı sənədi” kimi təqdim olunur.

Təqaüdə çıxmış kitabxanaçı Bob Komet sakit və tənha həyat tərzi sürür: günlərini kitablar, xatirələr arasında və təkbaşına çıxdığı gəzintilərdə keçirir. Lakin təsadüfi bir qarşılaşma onun illərdir dəyişməyən dünyasına yeni insanlar və gözlənilməz münasibətlər gətirir. Bob başqalarının həyatında görünməz qalan xırda yaxşılıqların, itirilmiş dostluqların və gecikmiş yaxınlığın əsl dəyərini yenidən kəşf etməyə başlayır.

“Kitabxanaçı” tənhalıq, insan əlaqələri, yaşlanmaq və həyatın bəxş etdiyi ikinci şanslar haqqında incə yumorla yazılmış, kitabların insanları bir-birinə bağlayan gücünü də ön plana çıxaran bir romandır.

Karandaşın izi ilə

Dostları yox idi, telefonu susurdu, ailəsi də yox idi. Qapısı döyülürdüsə, deməli, sifarişi gəlmişdi. Lakin ünsiyyətin yoxluğu ona ağırlıq etmirdi, adam arasına çıxmağa da xüsusi həvəs göstərmirdi. Bob çoxdan kimisə yaxından tanımaq, yaxud kiminsə onu yaxından tanımasına imkan vermək fikrindən əl çəkmişdi. Dünya ilə münasibəti qismən onun içində dolaşmaqdan, amma daha çox onun haqqında oxumaqdan ibarət idi. Uşaqlıqdan bəri Bob həvəslə romanlar oxuyurdu.

***

Niyə yaşamaq əvəzinə oxuyursan?

***

Ümumiyyətlə, niyə oxuyuruq? İnsanlar bunu niyə edirlər? Mən özüm bunu niyə edirəm? Əlbəttə, gerçəklikdən qaçmaq istəyi də var və həyat bunun üçün insana kifayət qədər səbəb verir; oxumaq da, sözsüz ki, təsəlli gətirir. Ancaq bundan başqa, oxumaq həm də varlığımızın təsadüfiliyi ilə barışmağın bir yoludur. Müşahidəçi və mərhəmətli bir zehnin bəhrəsi olan kitabı oxuyarkən insan təbiətinə, onun bütün heyrətamiz özəlliklərinə diqqətlə baxır və öz-özümüzə deyirik: “Bəli, həqiqətən belədir, sadəcə mən bunu belə ifadə edə bilmirdim”. Beləcə yaxınlıq yaranır: anlayırıq ki, tək deyilik. Bəzən müəllifin səsi bizə elə ilk səhifədən, ilk abzasdan tanış gəlir, müəllif başqa əsrdə, başqa ölkədə yaşamış olsa belə. Bu doğmalıq hissini nə ilə izah etmək olar? Mən səmimi qəlbdən inanıram ki, ən yaxşı halımızda biz birik, bir bənd, bir bağ ilə əlaqəliyik. Mütaliə edərək keçirdiyim ömür bunu təsdiqləyir.

***

Narahatlıq ağrı deyil.

***

– Paxıllıq yeddi ölümcül günahdan biridir.
– Ancaq bədxahlıq, Bob, sadəcə paxıllıq deyil. Bu, paxıllıq üstəgəl qisasdır.

***

Əlbəttə, oxumaq onun üçün canlı bir iş idi, daim hərəkətdə olan, sürüşkən, böyüyən bir şey. Və o bilirdi ki, bunun sonu yoxdur. Oxumağın sonu gəlməməli idi.

***

Baş verənləri bəzən bir saatlığa, bəzən isə bir illik unuda bilirdi. Amma yad edəndə heç vaxt kədərlə yad etmirdi; sadəcə yaşanıb keçmiş bir narahatlıq kimi xatırlayırdı. Günlər ağrını hamarlaşdırırdı, əşyaların mərhəmətli nizamı özünü belə göstərirdi. Zəngə vurmuşdular, zərbə nəticəsində ondan səs çıxmışdı. Ancaq zorakılığın səs-küyü getdikcə səngimiş, uzaqlaşmışdı. Tezliklə zəng, heç nə olmamış kimi, yenə soyuq və lal qalmışdı.

***

Bəzilərində xarizma olur, yəni sonra insanları öz xeyirlərinə istifadə etmək üçün onlarda simpatiya oyatmaq və onların sədaqətini qazanmaq qabiliyyəti; xarizmanın əksi isə antipatiyadır: bir insanın sadəcə bir otaqda olmaqla orada olan hamının həyatını korladığı o dəhşətli vəziyyət. Bobda bunların heç biri yox idi, ancaq o, bu iki uc nöqtənin ortasında da dayanmırdı. O, kənarda idi, yarışdan elə əvvəldən çıxmışdı. Uşaqlıqdan onda gözəgörünməzlik istedadı vardı. Yaşıdları ona əziyyət vermirdilər, çünki onu görmürdülər; məktəb müəllimləri isə adını elə hey unudurdular. Ondan çox uğurlu bank soyğunçusu çıxardı.

***

Bütün həyatım boyu kitablarla dolu bir otaqda tək qalmaq istəmişəm. Lakin sonra, Bob, dəhşətli bir şey baş verdi: arzum həqiqətən həyata keçdi.

***

Bilirsən, oğul, bəzən bir insanı güldürmək onun sənə simpatik görünməsi üçün lazım olan yeganə şeydir.

***

– Mənə elə gəldi ki, jurnal masasının üstündə tapança vardı.
– Elə gəldi, yoxsa həqiqətən var idi?
– Yəni… tapançaya oxşayan bir şey idi.
– Tapançadan başqa heç nə tapançaya oxşamır.

***

Sənin ürəyin üzündən oxunur!

***

Payız duyğusu qarşıda bizi uzun-uzadı alatoranlıqların gözlədiyini anlamaqdır.

***

– Vinyetkanın nə olduğunu bilirsən?
– Xeyr.
– Vinyetka hekayə adlanmağa kifayət etməyən bir hekayədir, ona görə də ona vinyetka deyirlər.

***

Bunu qəsdən belə etdiyini iddia etməklə günahkarlıq hissinin gətirdiyi utancdan yaxa qurtara bilərsən.

***

Melanxoliya zamanı oğru ilə xəyalpərəstcəsinə eyniləşdirməkdir; onun kökü keçmiş məhəbbətin və bir vaxtlar yaşanmış uğurun xatirələrindədir. Kədər isə daha ümidsiz bir hadisədir. Kədər arzuladığın və bəlkə də layiq olduğun şeyə heç vaxt sahib olmayacağını dərk etməkdir. Bax, kədərin kökü də məhz buradadır: ölümə duyulan meyldə, yaxud, məni bağışla, həmin meylin özünün kədəri bəsləməsində.

***

Melanxoliyaya hazır olanların da kədərə tab gətirmək üçün dözüm ehtiyatı olmalıdır.

***

– Özünü niyə asdığını demişdi?
– Bəli.
– Səbəbi nə imiş?
– Yorğunluq.
– Təkcə bu?
– Belə deyək: son həddə çatmış yorğunluq.

***

– Bob, bir gün sən də mənim yaşıma çatsan və birdən görsən ki, yuyulmuş paltarları qatlamaqdan, ya da qazonu biçməkdən zövq alırsan, onda çoxdan haqq dünyasına getmiş dostun Lesli Morun sənə vəsiyyət etdiyi sözləri xatırla: qarşına çıxan hər xoşbəxtliyi, hansı şəkildə və hansı formada gəlməsindən asılı olmayaraq, qəbul et.
– Oldu, – Bob dedi.
– Çünki öz xoşbəxtliyinə qarşı çıxan adam axmaqdır. Müdrik isə qarşısına çıxan hər şeyə sevinir: yetər ki, o xoşbəxtlik bir dəfə qapını döyüb içəri girsin.
– Oldu, – Bob dedi.

***

– Buradan cənubda baş verən vəhşiliklərdən xəbəriniz var?
– Bəli.
– Bəs bu barədə nə deyə bilərsiniz?
– Deyə bilərəm ki, cənubda yaşamadığıma şadam.

***

Yaşlanmağın ayrılmaz hissələrindən biri də, ən azından çoxumuz üçün, həyat hekayələrimizin nə qədər biçimsiz və qüsurlu olduğunu, bəzən də bunun heç bizim günahımız ucbatından baş vermədiyini dərk etməkdir. Zamanın axarı bizi öz istədiyi kimi əyir, bükür, qatlayır və sonda torpağın altına qoyur.

***

Bunu sizə necə izah edim, Sem… Belə deyə bilərəm: elə insanlar var ki, otağa daxil olanda otağın özü dəyişir. Sizin atanız da belələrindən idi. O, otaqları dəyişdirmək, onlara başqa şəkil vermək üçün doğulmuşdu.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram