Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anna Qavalda “Böyük qaçış”

Annotasiya

“Böyük qaçış” (fransızca “L’échappée belle“) fransız yazıçısı Anna Qavaldanın 2009-cu ildə nəşr olunan, ailə bağları, uşaqlıq xatirələri və böyüdükcə itirilən sadəlövhlüyə həsr olunmuş yüngül, yumoristik bir romandır.

Simon, Qaranj və Lola qohum toyunun cansıxıcı və dözülməz ab-havasından qaçaraq, kənddə mövsümi bələdçi işləyən kiçik qardaşları Vensanın yanına yollanırlar. Bir neçə saatlıq bu spontan qaçış onları gündəlik qayğılardan, münasibətlərdən, sosial öhdəliklərdən uzaqlaşdırır və uşaqlıq illərinin unudulmuş azadlığını yaşamağa imkan yaradır.

Karandaşın izi ilə

Gəlinimiz Karinanın əczaçı diplomu var, ancaq o, ona “tibb diplomu” deyilməsini istəyir. Başqa sözlə, o, aptek işçisidir, ancaq ona “əczaçı” deyilməsini istəyir. Bir başqa sözlə, onun apteki var, ancaq ona “laboratoriya” deyilməsini istəyir.

***

O qədər mehriban və üzüyolasan ki, axırda mütləq hansısa zəhlətökənin caynağına keçəcəksən.

***

İnanmırsan? Vallah, özümə birini tapacağam. Tərbiyəli. Ağdərili. Evin tək uşağı. Sürücülük vəsiqəsi və raps yağı kimi “ekoloji” yanacaqla işləyən “Toyota”sı olan birini.

***

Həmin gün bizi əzmələrinə icazə verdiyimiz üçün utanıram. Yenə özümüzü əzdirməyə icazə verdik.

***

Yaxşı tərbiyə ilə qorxaqlığın sərhədi hardadır?

***

Bəlkə də bizim belə itaətkar, gücsüz, axmaqlar qarşısında təslim olmağa hazır birinə çevrilməyimiz sadəcə ona görədir ki, özümüzə olan inamımızı tamam itirmişik. Çünki özümüzü sevmirik.

***

Bir şeyi də yadda saxlamaq lazımdır: bütün bunlarda – zahiri laqeydliyimizdə, təmkinimizdə, eləcə də zəifliyimizdə – valideynlərimizin də payı var. Həm günah payı, həm də xidmət payı. Çünki bizə musiqiyə, kitablara sevgini onlar aşılayıblar. Başqa şeylərdən onlar danışıblar, dünyaya başqa cür baxmağı bizə onlar öyrədiblər. Daha uca bir yerdən, daha uzaq məsafədən. Ancaq ən vacib şeyi verməyi məhz onlar unudublar: özümüzə inamı. Onlara elə gəlib ki, bu hiss öz-özünə gələcək. Fikirləşiblər ki, biz yetkin həyata tam hazırıq, onların tərifləri isə bu əminliyə xələl gətirə bilər. Təəssüf ki, yanılıblar. Özünəinam isə heç vaxt gəlib çıxmayıb.

***

– Uşaqlar, bu çimərliyi görürsünüz?

– Bəs Kainatda tutduğunuz yeri bilirsinizmi?

– Hamınız birlikdə bircə qum dənəsindən belə böyük deyilsiniz. Bax, bu balaca qum dənəsindən.

Vəssalam.Biz isə ona inandıq. Nə deyim, zərəri özümüzə oldu.

***

Filosofluq etmək ölümü öyrənmək deməkdir.

***

Bəlkə mən lazım olan döngəni ötüb keçmişəm? Bəlkə haradasa səhv etmişəm, yanlış tərəfə dönmüşəm? Görəsən, məni haradasa hələ də gözləyən biri varmı?

***

Çünki həyat, nə deyirsən de, həmişə bir az blef deyilmi? Bu oyun masası həddindən artıq balacadır, oyun daşları isə hamıya çatmır. Əlimizdəki kartlar da oyunu uğurla davam etdirmək üçün həddindən artıq pisdir… Böyük arzuları və hər ayın beşində ödəməli olduğumuz kirayə pulu kimi öhdəliyi olan bizim dörtlük də çoxdan bununla barışmışdı. Ona görə də cəsarət üçün ikinci şüşənin ağzını açdıq!

***

İstənilən turist üçün tanımadığı kafeyə girmək adi haldır. Ancaq bir yerli üçün bu, ciddi addımdır. Çünki səhərin ilk kofesi müqəddəsdir, günün ilk kafesinin ilk piştaxtası isə az qala məbəd sayılır.

***

Sizin üçün incəsənət sadəcə varlı ruslara neft pullarını yumağa və həmin pullarla fahişə saxlamağa kömək edən bir vasitədir. Onlar heç Vermeyeri yoqurt bankasından ayırd edə bilmirlər…

***

Sonralar o, Simon, Vensan və Lola ilə keçirdiyi həmin həftəsonunu tez-tez xatırlayacaq və bunun sonrakı həyatına necə təsir etdiyini düşünəcək. Onların bu görüşünün, bu qaçışının, bu etiraflarının, bu qarşısıalınmaz gülüşünün – qohum olduqlarını sübut edən bu kiçik şeylərin onu necə canlandırdığını, ona necə yeni bir həyat gücü bəxş etdiyini yad edəcək.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram