Annotasiya
“Yalnız Roza” (fransızca “Une rose seule“) fransız yazıçısı Müriel Barberinin 2020-ci ildə nəşr olunan romanıdır. Kitabda atasının ölümündən sonra Yaponiyaya gedən qırx yaşlı Rozadan bəhs edilir.
O, atasının vəsiyyətini yerinə yetirmək üçün Kiotoda qalmalı və onun uzun illər gizli saxladığı həyatının izlərini araşdırmalıdır. Yapon bağları, çay dəstgahları və qədim ənənələr fonunda Roza atasını tanıdıqca, əslində özünü və həyatla münasibətini yenidən kəşf etməyə başlayır. Barberi bu əsərində tənhalıq, itki, ailə bağları kimi mövzulara, həmçinin gözəlliyin insan həyatını dəyişdirə bilən gücünə toxunur.
“Yalnız Roza” sakit təhkiyə tempi və zərif poetikası ilə oxucunu həyatın görünməyən tərəflərinə diqqətlə baxmağa dəvət edir.
Karandaşın izi ilə
Onun içində nəsə peşmanlığın, ya da əldən çıxmış xoşbəxtliyin ətrini yayaraq ötüb keçdi. Adətən insanın içindəki bu cür hərəkətlər yuxu kimi yoxa çıxmazdan öncə ürəyi cızıb keçir, ancaq bəzən dəyişmiş zaman zehnə yeni bir aydınlıq bəxş edir.
***
– Yaponiya elə bir ölkədir ki, burada insanlar çox əzab çəkirlər, lakin buna fikir vermirlər, – ingilis qadın dedi.
– Və belə laqeydliyin əvəzində tanrıların gəlib çay içdiyi bağlara sahib olurlar.
– Mən belə düşünmürəm, – deyə Roza etiraz etdi. – Əzabın mükafatı olmur.
– Doğrudanmı belə düşünürsünüz? – ingilis qadın soruşdu.
– Həyat əzab verir, – Roza cavab verdi. – Bunun müqabilində heç bir mükafat gözləməyə dəyməz.
***
Əzab çəkməyə hazır deyilsənsə, yaşamağa da hazır deyilsən.
***
Gecə düşən kimi romanlar oxuyurdu, odur ki, ruhu cığırlar və hekayələrdən yoğrulmuşdu. Sonra gün doğdu və o, burun dəsmalını itirən kimi xoşbəxtliyə hazır olmaq qabiliyyətini itirdi.
***
Biz bu dünyada çiçəklərə tamaşa edə-edə cəhənnəmin damı ilə addımlayırıq.
***
– Bu, donma temperaturu məsələsidir. Bu temperaturdan bir balaca yuxarıda maddə hələ maye haldadır. Bir qədər aşağıda isə bərkiyir, özünün əsirinə çevrilir.
– Nə deməkdir ki bu? İstənilən halda əzab çəkməliyik?
– Xeyr. Yalnız bunu demək istəyirdim ki, donma həddi keçildikdən sonra hər şey donur – əzab da, həzz də, ümid də, çarəsizlik də.
***
Ona nəsə rahatlıq vermirdi. Düşündü ki, görəsən, insan atasını atasının bir vaxtlar olduğu uşaq halı ilə tanıya bilərmi? Təəccüblənmiş, həyəcanlanmış, hətta bir qədər qəzəblənmiş halda hiss etdi ki, özünü daha yaxşı hiss edir.
***
Nənəmin dəfnində də yağış yağırdı. Palçığı xatırlamıram, yalnız yağışı xatırlayıram. Hamı bunun cəfəngiyyat olduğunu dedi, amma mən bilirəm ki, yağış qara idi.
***
– Burada ən çox nəyi sevirsiniz?
– Poeziyanı və gələcəyi görən sərxoşları.
– Yaşamaq üçün bu kifayətdir?
***
Yalnız sevgi var, sonra isə ölüm.
***
Samuraylar dövründə, Yapon dənizindəki Sado adasında bir zahid yaşayırmış, səhərdən axşama qədər üfüqə baxırmış. Ömrünü bu seyrə həsr edəcəyinə, bütün varlığı ilə ona qərq olacağına, dənizlə göy arasındakı bir xəttə çevrilməyin məstliyini dadacağına and içibmiş. Lakin həmişə mənzərəni tam görməsinə mane olacaq şam ağacının arxasında dayanırmış. Ondan bunun səbəbini soruşanda zahid belə bir cavab verib: çünki heç nədən uğur qazanmaq qədər qorxmuram.
***
Həyat şəkil dəyişməkdir. Bu bağlar melanxoliyanın sevincə, kədərin həzzə çevrilməsidir. Burada baxdığınız hər şey gözəlliyə çevrilmiş cəhənnəmdir.
***
Xoşbəxtliyin saflığı ilə arzunun qəddarlığı arasında tarazlıq axtarmaq elə həyatın özüdür.
***
– Səhər çayı, demək olar ki, dadsız idi, ancaq eyni zamanda özündə hər şeyin dadını daşıyırdı.
– Yaponiya üçün yaxşı tərifdir.
***
– Şəhərin qərb tərəfində imperator ailəsinə məxsus bir malikanə var. Adı Katsura villasıdır.
– Və?
– Girişdə bağın və gölməçələrin mənzərəsini bir şam ağacı gizlədir, ona görə də onları bir baxışda bütövlükdə görmək mümkün deyil. Bəlkə də həyat sadəcə bir ağacın arxasından baxdığımız mənzərədir. O, özünü bizə bütöv şəkildə təqdim edir, ancaq biz onu yalnız baxış bucağımızın ardıcıl dəyişməsi ilə qavraya bilirik. Depressiya isə insanı kor edir, baxış bucağını dəyişməyə imkan vermir. Beləcə, həyatın bütövlüyü insanın daşıya bilməyəcəyi bir yükə çevrilir.
***
– Həyat onsuz da sonda bizi əzib keçəcək. Əsir alınmışıqsa, niyə cəhd edək?
– Nəyi riskə atırıq ki? Yaşamaq faktının özü ilə biz artıq bütün riski üzərimizə götürmüşük.
***
Hansı yas daha ağırdır? İtirdiyin bir şeyə tutduğun yas, yoxsa heç vaxt sahib olmadığın bir şeyə?
***
Yaponiya elə bir ölkədir ki, burada insanlar çox əzab çəkirlər, lakin buna fikir vermirlər.
***
Əslində ən çətini başqasız xoşbəxt olmaq deyil, dəyişməkdir, bir vaxtlar başqası ilə olduğun insan olmaqdan çıxmaqdır.
***
Hərəkətsiz hərəkət, saf və titrəyən, şeylərin mütləq mövcudluğu, dünyanın son dərsi. Bu hər şeyi əhatə edən, yalnız indidən ibarət anın yaranması üçün neçə əsr lazım olub?
***
Özünü tənha və kor hiss edirdi. Həddindən artıq sentimentallığına, həmçinin ümid bəslədiyinə görə özünü qınayırdı.
***
Mən sadəcə camaşırxanadan camaşırxanaya daşınan bir çamaşır səbətiyəm.
***
Ölümün bütün gücünə baxmayaraq, aura yaşayır.
***
Hətta ən uca gözəlliyin mərkəzində belə bir vaxtlar olduğun uşaq sənin yanında dayanır.
***
– Dostun nə olduğunu bilirsən?
– Atan deyirdi ki, birlikdə sönməyə razı olduğun adamdır.
***
Hiss etdi ki, sanki tanımadığı bir materiyada kök salmağa çalışır və yenidən bir fırtınanın onu kökündən qoparıb atacağından qorxdu.
***
Elə bilirdim, sağ qalmaq lazımdır. Sən demə, yenidən doğulmaq üçün ölmək lazımdır.
***
– Albalı çiçəyi güclü çiçəkdir. Onun gözəlliyi yalnız maskadır. Onun coşqun ehtirası amansız bir yaşamaq, sınamaq və ya ölmək yanğısı doğurur.
– Amma axırda ölür.
– Axırda hamı ölür. Elə buna görə də həyatın improvizə etdiyi partituranın qarşısında vaxtından əvvəl müqavimət göstərməyə dəyməz.
– Yoxsa, bu, cəhənnəmdən öncəki cəhənnəm olar.
***
Cəhənnəm odur ki, hətta ölüm belə səni istəmir.
Tərcümə: Lamiyə Göycəyeva
