Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Con Uilyams “Stoner”

Annotasiya

“Stoner” (ingiliscə “Stoner”) amerikalı yazıçı Con Uilyamsın 1965-ci ildə işıq üzü görən romanıdır.

Əsərin baş qəhrəmanı Uilyam Stoner fermer ailəsində böyüyür, universitetə daxil olduqdan sonra ədəbiyyata olan sevgisi bütün həyatını və gələcəyini dəyişir: o, özünü universitet müəllimliyinə, pedaqogikaya həsr edir. Sakit müəllim həyatı kimi görünən bu ömür yolu uğursuz evlilik, ailə münasibətlərindəki soyuqluq və məyusluqların müşayiəti ilə keçir.

Müəllif adi bir insanın taleyi üzərindən sevginin, əməyin, seçimlərin, özünə və prinsiplərinə sadiq qalmaq cəhdinin əhəmiyyətini araşdırır.

Karandaşın izi ilə

Hərçənd o, dünyaya gələndə valideynləri gənc idilər. Atası iyirmi beş, anası isə cəmi iyirmi yaşında idi. Bununla belə, Stoner uşaqlığında da onları qoca kimi təsəvvür edirdi.

***

Stoner heyranlıq duyurdu, lakin bu müqəddəs həyəcanının altında qəfil bir sakitlik doğdu, indiyədək tanımadığı təhlükəsizlik duyğusu. Artıq gec idi, ancaq o, kampusun ətrafında uzun müddət dolaşdı, sanki yaxınlaşmağa haqqı yoxmuşcasına uzaqdan baxırdı.

***

O, material üzərində baş sındıranda, ədəbiyyat nümunələrini analiz edib, onların mahiyyətinə varmağa çalışanda, söz sənətinin gücü ilə hesablaşmaq istəyəndə hiss edirdi ki, daxilən daim dəyişir. Bunu hiss edəndə isə xəyalən özündən ətraf aləmə keçir, oxuduğu əsərin – Miltonun şeirinin, Bekonun essesinin və ya Ben Consonun pyesinin müəllifə mövzu verən və ilham mənbəyi olan dünyanı dəyişdiyi, dünya ilə qarşılıqlı bağı sayəsində dəyişdiyi fikrinə qapılırdı.

***

Böyük dünyada başına gələ biləcəkləri anlayacaq qədər ağıllısan. Bu dünyada sənin heç bir şansın olmazdı və sən bunu bilirsən. Əclaflıq edə bilərsən, ancaq o qədər qəddar deyilsən ki, bunu mütəmadi şəkildə edəsən. Həyatımda gördüyüm ən vicdanlı adam olmasan da, səni ən yaxşı alçaqlıq nümunəsi də adlandırmaq olmaz. Bir tərəfdən işləmək qabiliyyətin var, lakin dünyanın tələb etdiyi kimi işləmək məcburiyyətində qalmayacaq qədər də tənbəlsən. Digər tərəfdən o qədər tənbəl deyilsən ki, özünü dünyaya əhəmiyyətli biri kimi sırıyasan. Üstəlik, bir o qədər də şanslı deyilsən. Heç bir auran yoxdur, çaşqın üz ifadən var. Böyük dünyada dəfələrlə uğura yaxınlaşar, dəfələrlə uğursuzluğa düçar olardın. Ona görə də, hesab et ki, seçilmisən, əfv edilmisən.

***

Pambıqda uzunburun böcəkləri, lobyada qurd, qarğıdalıda tırtıl yaşayır. Sən nə bununla barışa bilərdin, nə də bununla döyüşə, çünki həm çox zəifsən, həm də çox güclü. Böyük dünyada özünə yer tapa bilməyəcəkdin.

***

Mən müharibənin nəyə gətirdiyini görürdüm, görməyə də davam edirəm. O, təkcə minlərlə, yüzlərlə gənci məhv etmir. O, xalqın özündə nəyisə məhv edir, bunu isə sonra bərpa etmək mümkün deyil. Və bir xalqın keçdiyi müharibələrin sayı həddindən artıq çoxdursa, sonda yalnız vəhşi heyvan, biz, siz və bizə bənzər başqa insanların çabaladığı palçıqdan çıxarmaq istədiyi ibtidai məxluq qalır.

***

Öz uğurunu yetərsiz sayan bir çox kişi kimi o da son dərəcə lovğa idi və öz əhəmiyyətinə həddindən artıq inanırdı.

***

Bundan başqa, o, yorğun bir kədər hiss edirdi, çünki bilirdi ki, qadının görünüşü artıq onda əvvəlki istəyi alovlandıra bilməyəcək, bilirdi ki, qadının varlığı bir də heç vaxt ona əvvəlki kimi təsir etməyəcək.

***

O, getdikcə daha əmin danışır, danışdıqca daxilində möhkəm, ciddi(qətiyyətli) istilik hiss edir. On il gecikmə ilə də olsa, kim olduğunu anlamağa başladığını hiss edir: və ortalığa çıxan fiqur vaxtilə xəyal etdiyindən həm daha böyük, həm daha kiçikdir. O, nəhayət müəllimə çevrildiyini, daha doğrusu, kitablarının səviyyəsinə yüksələn, söz sənəti ləyaqətindən pay qoparan, insani axmaqlıq, zəiflik və acizliklə heç bir əlaqəsi olmayan insana çevrildiyini hiss edir.

***

– Təkcə görünüşüm yox, özüm də artıq başqa insanam. Doğrudan.

Amma Uilyam Stoner bilirdi ki, qadın bu sözləri ona deyir. Necəsə dərhal anladı ki, bu qadın özü belə fərqinə varmadan, ona yeni müharibə elan edir.

***

Bəzən özünü hansısa bir bitki, bir tərəvəz kimi hiss edir, onu deşib keçəcək, parçalayacaq, hətta ağrıtsa belə yenidən həyata qaytaracaq hər şey üçün darıxırdı.

***

Onun qırx iki yaşı vardı, qarşıda ona sevinc vəd edən heç nə görmürdü; geridə isə xatirə olaraq dəyər verə biləcəyi demək olar ki, heç nə yox idi.

***

Ömrünün qırx üçüncü ilində Uilyam Stoner bir çoxuna xeyli əvvəl bəlli olan bir həqiqəti dərk etdi: sevdiyin insanla sonda sevəcəyin insan eyni adam deyil; sevgi məqsəd yox, insanın başqa bir insanı anlamağa çalışdığı bir prosesdir.

***

Stoner erkən gənclik illərində sevgini bəxti gətirən azsaylı insanlara nəsib olan, varlığın mütləq bir halı kimi təsəvvür edirdi. Yetkinləşdikcə onu saxta dinin cənnətinə oxşatmağa başladı: ağıllı insanlar həmin səmaya ya xoşməramlı inamsızlıqla, ya yüngül, səmimi qərəzlə, ya da pərt və nostalji kədərlə baxırdılar. İndi, ortayaşlı halında isə anlamağa başlayırdı ki, sevgi nə ilahi bir lütfdür, nə də bir illüziyadır; o, sevgini insanın özünü formalaşdırdığı bir əməl, iradə, ağıl və qəlbin hər an, hər gün yenidən qurub kamilləşdirdiyi bir hal kimi görürdü.

***

Bütün aşiqlər kimi onlar da bir-birləri və özləri haqqında çox danışırdılar: sanki bu yolla sevgilərini mümkün edən dünyanı anlamağa ümid edirdilər.

***

Tərbiyəsizliyə səbəb olmayanda özümüzə necə də tərbiyəli görünürük! İnsan özü haqqında nəsə bilmək üçün üçün gərək sevsin.

***

– Sevgi və kitablar, – deyə Ketrin bir dəfə söylədi.
– Başqa nə lazımdır ki?
Stoner düşündü ki, doğrudan da belədir. Bu, onun artıq dərk etdiyi həqiqətlərdən biri idi.

***

– Yadındadır, Deyv Masters sənin haqqında nə demişdi? Demişdi ki, sən elə böyük əclaf deyilsən ki, əsl uğura nail ola biləsən.
– Bəlkə də haqlı idi. Ancaq nədənsə mən özümü tez-tez əclaf kimi hiss edirəm.

***

Gündəlik etika ifadəsiz, sərt və qaşqabaqlı üzü qəddar dünyaya çevirməyi tələb edirdi.

***

O, həm utanırdı, həm qürur duyurdu, bütün bunların üstündə isə acı bir məyusluq yatırdı; bu hissləri özünə, yaşadığı zəmanəyə və onu, Stoneri belə formalaşdıran şəraitə qarşı hiss edirdi.

***

Təhsil həyatın özüdür, dünyəvi bir məqsədə çatmağa kömək edən vasitə deyil.

***

– Yazıq ata, sənin üçün çətin olub.
Bir qədər düşündükdən sonra o cavab verdi:
– Hə. Ancaq heç asan olmasını da istəməmişdim.

***

Onların arasında nəsə yeni bir sükut hökm sürməyə başlamışdı. Sevginin başlanğıcını xatırladan bir sükut. Və Stoner demək olar ki, düşünmədən bu sükutun səbəbini anladı: onlar bir-birlərinə vurduqları zərəri bağışlayıb, birlikdə yaşaya biləcəkləri həyatın necə ola biləcəyini seyr edirdilər.

***

O düşünürdü: kaş daha güclü olaydım… kaş daha çox biləydim… daha dərindən anlaya biləydim… Və sonda amansız bir fikir gəlirdi: kaş onu daha çox sevəydim…

***

Barmaqlarında bir güc hiss etdi və onlara qalaqdan bir cildi çıxarmağa icazə verdi. Bu, onun yazdığı kitab idi, elə axtardığı da o idi. Kitabı götürdü, illər ərzində solmuş, aşınmış tanış qırmızı üz qabığını görəndə gülümsədi. Bəli, bu kitab unudulmuşdu, çox az adamın işinə yaramışdı, ancaq nə fərqi var idi ki? Onun keçmiş, ya da indiki əhəmiyyəti barədə məsələ boş və mənasız görünürdü. O, bu solğun hərflər arasında bütünlükdə özünü tapacağını düşünmürdü; amma əminliklə bilirdi ki, şəxsiyyətinin kiçik bir parçası buradadır və burada da qalacaq.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram