Annotasiya
“Vəhşi heyvan” (fransızca “Un animal sauvage“) isveçrəli yazıçı Joel Dikerin 2024-cü ildə nəşr olunan psixoloji trilleridir. Kitab Cenevrənin dəbdəbəli və sakit məhəlləsində yaşayan, iki fərqli sosial sinfi təmsil edən ailədən, keçmiş sirlər və gizli ehtiraslardan bəhs edir.
2 iyul 2022-ci ildə Cenevrədə məşhur zərgərlik mağazasına soyğun planlanır. Bundan 20 gün əvvəl Cenevrə gölü kənarındakı malikanəsində yaşayan Sofi Braun 40 illik yubileyinə hazırlaşır. Bu iki hadisə arasında nə kimi əlaqə var? Müəllif fleşbek effekti ilə oxucuları son anadək həyəcanda saxlayıb, bu suala aydınlıq gətirməyə çalışır.
Karandaşın izi ilə
– Həyat bayramdır.
– Atan haqlıdır. Həyat bayramdır.
– Əgər həyat bayramdırsa, onda niyə məktəbə getməliyik?
– Deyəsən, evimizdə filosof böyüyür.
– Filosof nə deməkdir?
– Məktəbə getsən, bilərsən.
***
Qurucu əl dağıdıcı da ola bilir.
***
Qarət zamanı təcrübə yox, qarşılıqlı etibar önəmlidir.
***
Ov yalnız ölümlə bitir. Yaralı heyvanlardan qorxun.
***
Eyni zamanda həm alçaq, həm yaxşı polis olmaq olar.
***
Bir insanı eyni səbəblərə görə həm sevmək, həm də ondan nifrət etmək mümkündürmü? Paxıllığın ən dəqiq tərifi elə budur.
***
Peşmanlığı sevmirəm. Onda özünə xəyanət edirsən.
***
Mən panteranı ev itinə çevirmək istədim. Ancaq vəhşi heyvanlar insanlar kimidir. Onları sakitləşdirmək, qrimləmək, başqa libasa bürümək olar. Onları sevgi və ümidlə bəsləmək də olar. Amma onların təbiətini dəyişmək olmaz.
***
Axı hisslərlə nə etmək olar? İnsan yalnız hisslərində azaddır.
***
Heç bir qəfəs onu özündən uzaqlaşdıra bilməz. Onun təbiətini sındırmağa çalışma. Bu, onu sevməyin ən yaxşı yoludur.
***
Zaman böyük kədəri demək olar sağaltmır.
Tərcümə: Lamiyə Göycəyeva
