Annotasiya
“Azel” yazıçı Amin Orucun 2022-ci ildə çapdan çıxan sayca altıncı kitabıdır. Dostluqdan, cəsarətdən, sevgidən bəhs edən bu əsər doğulub-böyüdüyü yerə aid olmayan birinin həmin yerdən qaçmaq, keçmişindən separasiya etmək hekayəsidir.
Karandaşın izi ilə
Deyirlər unut, unut! Daha sual vermə. Burda heç kimə cavab vermirlər, burda ancaq əmr edirlər. Unut!
***
Cavablara cavabdeh idim.
***
Çalış tərəddüddən qaç, “gedim, getməyim?” dediyin yerə getmə, “yeyim, yeməyim?” dediyin şeyi yemə, “qalım, qalmayım?” dediyin yerdə qalma, “deyim, deməyim?” dediyin şeyi demə. Ancaq yaxşı işlərdə tərəddüd etmə. Çalış geridə qalma, geridə qalanı keçməyə çalışma. Çalış yıxılma, yıxma da… Çalış səhv etmə…
***
Keçmişi xatırlayanda ən çox sizə rast gəlirəm, siz həmişə oradasınız, sizsiz keçmiş nəyimə lazımdır, gələcəyi də sizi xatırlamaq üçün istəyirəm.
***
Mən sürətlə uçmağı öyrənmişəm, ancaq səndən gizli. Çünki öyrənəndə səhv edə-edə öyrənirlər, mənsə bundan çəkinirəm. Ona görə göz qabağında öyrənməkdən qaçıram.
***
Mən, məndən də çox sən həmişə çalışmışıq ki, çox fikri az sözlə deyək.
***
Müjdə nədir? … Sən “mən” dedin.
***
Bütün sözlər addır.
***
“Bağışla” deyir ki, sən bütün qəlbinlə “bağışlamağa” inanırsan.
***
Uduzmaq geri çəkilməkdən yaxşıdı, ya qazanırsan, ya öyrənirsən.
***
Yarışların ən yaxşısı özünlə olan yarışdı.
***
Günəş çıxmasa, istisi bilinməz, söz deməsən yiyəsi.
***
Mən ürəyimi sənə açmamaqda ustalaşmışam.
***
Yolda sən mənə dedin: “Sanki çətin şeylərin başlanğıcı asan imiş”. Mən onda sənə ancaq “sanki” dedim.
***
Bir dəfə biz ağacın ən hündür budağında idik, mən az qala yıxılacaqdım, sən “yavaş, yıxılarsan” dedin qanadı olan birinə.
***
Hər kəsin bir guşəsi olmalı imiş.
***
– Gecə bizim dostumuzdu.
– Başqa?
– Sakitlik.
– Başqa?
– Suallar.
– Başqa?
– Başqa… başqa söz, başqa diqqət, başqa sevgi, başqa qayğı.
– Başqa?
***
Əlbəttə, sevməlisən, sevdikcə də başqalaşırsan.
***
Gərək torpağı çirkləndirməyəsən. Addımlarınla, hirsinlə, hətta sözünlə, varlığınla belə…
***
Dəyişməkdən can atırıq, ancaq bizi dəyişən şeylərə diqqət etmirik.
***
Qum daşın kəpənəkliyidir?!
***
Həyat məşğulat deyil ki, başını qatasan.
***
Ortaq dərdlər toxtaqlıq verir.
***
Xəbər gözləyənlər həyatlarına ciddi yanaşmırlar.
***
Pis şeylər həmişə yaxındır, ancaq yaxşılığa tərəf getməliyik.
***
“Qalsın, başqa vaxt gedərik,- demişdin.
– Qalsın, başqa vaxt. “Bəzən “başqa vaxt”ın zamanı heç vaxt gəlmir… Bunun necə kədərli olduğunu gözləyən bilər, “başqa vaxt”çı heç vaxt bilməz.
***
Səninlə mənim arama “və” də girməsin. Eləcə sən mən.
***
Ömrümün astar günü idi.
***
Pərvanə yaxşı dostdur. Sən susanda o danışmağı, sən danışanda o susmağı bacarır.
***
Bilirsən, sən cəsur olanda nəyisə bilmədiyin vaxt da cəsur olursan, etiraf edirsən ki, “bilmirəm”.
***
Mən qarışqalara baxmışam, onlar oturub bizim kimi iş barəsində günlərdə müzakirə eləmirlər.
***
Özünü sakit apar, ancaq dalğalarını da sahildən əsirgəmə.
***
Sürüyə qoşulan “xoşbəxt” olur.
***
– Qaranlıqdan qorxursan?
– Bilmirəm.
– Yox, qaranlıqdan qorxma, qoy qaranlıq səndən qorxsun.
– Niyə?
– Axı sən işıqlısan…
– Niyə?
– Çünki sən baxırsan, görürsən, düşünürsən, hiss edirsən, eşidirsən…
***
Əzbərlədim üzünü o sonuncu görüşdə…
