Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

David Diop “Qaranlıqda hər qan qaradır”

Annotasiya

“Qaranlıqda hər qan qaradır”(fransızca “Frère d’âme“, ingiliscə “At Night All Blood Is Black“) fransız yazıçısı David Diopun 2018-ci ildə çapdan çıxan, 2021-ci ildə Beynəlxalq Buker mükafatına layiq görülən romanıdır.

Əsər Birinci Dünya Müharibəsi fonunda baş verən psixoloji və dramatik hadisələri əks etdirir. Seneqaldan olan gənc əsgər Alfa Ndiaye müharibədə ən yaxın dostu Madembanın dəhşətli ölümü ilə sarsılır. Bu hadisə onun psixologiyasında dərin iz buraxır. Alfa dostunun əzablarını sona çatdıra bilmədiyi üçün vicdan əzabı çəkir və bu günah hissi onu tədricən qəddar, amansız bir varlığa çevirir.

Roman boyu qəhrəmanın daxili monoloqları vasitəsilə müharibənin insan ruhuna təsiri, vəhşilik və insanlıq arasındakı incə sərhəd araşdırılır. Müəllif müharibə şəraitində insanın mənəvi deqradasiyasını, travmanı və kimlik böhranını ustalıqla təsvir edir.

Karandaşın izi ilə

Silah yoldaşlarım tezliklə elə eybəcər hala salınmış, şikəst edilmiş, içalatı tökülmüş halda o biri dünyaya gedəcəklər ki, cənnətə düşsələr, Tanrı utanacaq, cəhənnəmə düşsələr, şeytan sevinəcək.

***

Onlar heç təsəvvür belə edə bilməzlər ki, nə düşünürəm, nə edirəm, müharibə məni nə qədər uzaqlara aparıb.

***

Başa düşdüm ki, istədiyimi düşünə bilərəm, yetər ki, başqaları bundan xəbər tutmasın. Onda fikirlərimi başımın dərinliyində gizlətdim, amma əvvəlcə onlara diqqətlə baxdım. Onlar qəribə idi.

***

Mən isə onları axmaq, səfeh hesab edirdim, çünki heç nə düşünmürdülər. İstər ağlar, istər qaralar bütün əsgərlər həmişə deyirlər: “Baş üstə!” Onlara səngəri tərk edib açıq hücuma keçmək əmri veriləndə də həmişə deyirlər: “Baş üstə!”

***

Biz səninlə yaşıdıq, ikimizin də sünnəti eyni gündə olub. Sən bizim evdə yaşamısan, mən sənin gözünün qabağında böyümüşəm, sən də mənim. Ona görə sən mənə gülə bilərsən, mən isə sənin yanında ağlaya bilərəm. Səndən hər şey istəyə bilərəm. Biz qardaşdan da artığıq, çünki bir-birimizi özümüz qardaş seçmişik.

***

Açıq havada hər insanın, hər heyvanın içalatı çürüyür. Ən varlıdan ən kasıba, ən gözəlindən ən çirkininə, ən ağıllı heyvandan ən axmağına, ən güclüdən ən zəifə qədər.

***

Totemi insan seçmir, totem özü insanı seçir.

***

Əgər istədiyini düşünməkdə azad olduğunu hesab edirsənsə, başqalarının şəkil dəyişmiş fikirləri – ata-ananın qrimlənmiş fikirləri, babanın bəzəkli fikirləri, qardaş-bacılarının gizli fikirləri, dost, hətta düşmənlərinin fikirləri gizlincə beyninə yerləşməsin deyə çox diqqətli olmalısan. Ona görə mən nə şeytanam, nə də ruhyeyən. Belə düşünənlər məndən qorxanlardır. Vəhşi də deyiləm. Belə yalnız mənim ağdərili komandirlərim və alagözlü düşmənlərim düşünür.

***

Müstəqil düşünmək hər şeyi anlamaq demək deyil.

***

Allah şahiddir ki, döyüş meydanında yalnız müvəqqəti dəliliyə ehtiyac olduğunu anladım. Qoy insanlar qəzəbdən, ağrıdan dəli olsunlar, ancaq bir müddətlik. Həmişəlik yox. Hücum başa çatan kimi qəzəbi, ağrını, vəhşiliyi gizlətmək lazımdır. Ağrını yenə də özün ilə apara bilərsən, lakin içində saxlamaq şərti ilə. Qəzəb və vəhşiliyi isə səngərə daşımaq olmaz, yox-yox, onlardan qurtulmalısan, yoxsa daha sənə “dava-dava” oynamağa icazə verməzlər.

***

Mənə elə gəlir ki, anladım: yuxarıda yazılanlar sadəcə insanın burada, aşağıda yazdıqlarının surətidir. Allah şahiddir, məncə, Allah həmişə gecikir. O, özünü yalnız ziyanı qiymətləndirməyə çatdırır.

***

Allah şahiddir, hər şeydə həmin şeyin əksi var. Üçüncü ələ qədər mən müharibə qəhrəmanı idim, dördüncü əldən sonra isə təhlükəli dəli, qaniçən vəhşiyə çevrildim. Dünya belə qurulub: hər şeyin iki üzü var.

***

Müharibədə öz adamlarınla problem yarananda onları düşmənin əli ilə öldürürlər. Belə daha rahatdır.

***

Kapitan Arman gözlərində daim qəzəb olan qaragöz, bəstəboy adamdır. O, müharibə olmayan hər şeyə nifrətlə baxır. Onun üçün həyat müharibədir. O, müharibəni nazlı qadını sevən kimi sevir. Ona bütün şıltaqlığını bağışlayır. Ona hədiyyələr verir. Ona saysız-hesabsız əsgər həyatı bəxş edir. Kapitan həyat yeyəndir. Bilirəm, başa düşmüşəm: kapitan Arman sağ qalmaq üçün qadına — müharibəyə ehtiyacı olan cadugər, iblisdir; eynilə müharibənin də onu saxlayacaq kişiyə ehtiyacı var.

***

Qoca atam həmişə deyərdi: “Səbəbsiz yerə yalnız uşaqlar və axmaqlar gülər”.

***

Madembanın gözləri həmişə mənə deyirdi: “Səni qısqanıram, amma sevirəm.” Onlar deyirdi: “Kaş sənin kimi olaydım, amma səninlə fəxr edirəm.” Bu dünyadakı hər şey kimi onun baxışının da iki üzü vardı.

***

Allah şahiddir, geniş sinən və güclü əzələlərin olanda cəsur olmaq daha asandır. Əsl cəsurlar isə zəif olsalar da döyüşməkdən qorxmayanlardır.

***

Bəlkə də, ağlım artıq o vaxt vəzifə borcunun səsinin doğruluğuna şübhə etməyə başlamışdı: doğru olmaq üçün çox gözəl, çox bəzəkli idi.

***

Kişi dəyişməz mənzərə kimi qoca idi, qadın isə dəyişkən səma kimi gənc. Kişi baobab kimi hərəkətsiz idi, qadın isə küləyin qızı idi. Bəzən ziddiyyətlər sırf uzaq olduqları üçün bir-birinə valeh olur.

***

Bu dünyada başımıza gələn heç nə – nə qədər mühüm, nə qədər faydalı olsa da – yeni deyil. Ancaq hiss etdiklərimiz həmişə yenidir, çünki hər insan eyni ağacın yarpaqları kimi bənzərsizdir.

***

Mademba Sen-Luidə böyük biri olmaq, fransız vətəndaşı olmaq istəyirdi: “Alfa, dünya çox böyükdür, mən onu başdan-başa gəzmək istəyirəm. Müharibə Qandioldan çıxıb getmək üçün bir fürsətdir. Allahın izni ilə, sağ-salamat qayıdarıq. Fransa vətəndaşı olan kimi Sen-Luidə məskunlaşarıq. Tacir olarıq. Topdan satışla məşğul olarıq, Qandiol daxil Seneqalın şimalında bütün mağazaları ərzaqla təmin edərik. Sonra varlanarıq, ananı axtarıb-taparıq və onu qaçıran mavritan süvarilərindən geri alarıq.”

***

Alıcıları yalnız borclulardan ibarət olan dükan sahibinin özü də tədarükçülərə borclu olur.

***

Mən daşları, dağları, meşələri, çayları, heyvan və insan cəsədlərini yeyən kölgəyəm. Kəllələri dağıdır, bədənlərin içalatını tökürəm. Əlləri, ayaqları kəsirəm. Sümükləri qırıb iliyini soruram. Mən həm də çayın üzərində doğan qırmızı ay, incə akasiya yarpaqlarını yellədən axşam mehiyəm. Həm arıyam, həm çiçək. Həm çırpınan balıq, həm sakit qayıq, həm tor, həm balıqçıyam. Həm əsirəm, həm də onun keşikçisi. Həm ağacam, həm kökü. Atayam və oğulam. Qatiləm və hakiməm. Toxumam və meyvəyəm. Anayam və qızıyam. Gecəyəm və gündüzəm. Alovam və onun yandırdığı odunam. Günahsız və günahkaram. Başlanğıc və sonam. Yaradan və dağıdanam. Mənim iki üzüm var.

***

Tərcümə etmək həmişə çətindir. Tərcümə bir az təhrif etmək, fırıldaq gəlmək, bir cümləni o birinə satmaq deməkdir. Tərcümə ümumi həqiqəti çatdırmaq üçün detallarda yalan danışmalı olduğun nadir insan fəaliyyətlərindən biridir.

***

Yara izi olmayan döyüşçü bədəni normal hesab edilmir. Bu o deməkdir ki, bədənim keçmişim haqqında danışa bilmir.

Tərcümə: Lamiyə Göyvcəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram