Annotasiya
“Hamnet” (ingiliscə “Hamnet“) irland yazıçısı Meggi O’Farrel tərəfindən tarixi fikşn janrında qələmə alınmış və 2020-ci ildə çapdan çıxmış romandır.
Əsər ingilis dramaturqu Uilyam Şekspir və onun həyat yoldaşı Aqnes (Anna) Heteueyin 1596-cı ildə on bir yaşlı oğlanları vəfat etdikdən sonra yaşadıqları yas dövrünə diqqət çəkir. Roman məşhur faciə ustasının şəxsi faciəsini əks etdirir, amma hadisələr daha çox onun yox, ailə üzvlərinin prizmasından işıqlandırılır (romanda Şekspirin adı faktiki olaraq çəkilmir).
Karandaşın izi ilə
O öz fikirlərini qarşısındakından gizlətmək, amma onun fikirlərini oxumaq, hansı addımları ata biləcəyini düzgün təxmin edib çətin vəziyyətdən çıxmaq bacarığı ilə fəxr edir. Ağırtəbiətli valideynlərin himayəsində böyüyən adam belə bacarıqları erkən yaşlarından əxz etməli olur.
***
“Meşənin söykəyində bir qız yaşayır!”
Bu cür başlayan mükalimələrdə həmişə danışan dinləyənə nəsə maraqlı bir söhbət vəd etmiş olur – elə bil kimsə xəlvətə salıb sənin cibinə bir məktub dürtür, ona baxmadan da bilirsən ki, nəsə olacaq, nəsə dəyişəcək. Bu cümlə deyildisə, yaxınlıqda olan hər kəs üzünü danışana çevirəcək, qulaqlarını şəkləyəcək və hələ söhbət başlamadan onun gözləri qarşısında ağacların arası ilə hərəkət edən, ya da yaşıl meşə divarı önündə dayanan bir qız canlanacaq.
***
Ümid edirdi ki, nə vaxtsa əsl sevgiyə rast gəlsə, onu tanıya biləcək. Rast gəlsə, tərəddüd etməyəcək, o fürsəti əldən verməyəcək, ondan ikiəlli yapışacaq. Başqalarının etirazına baş qoşmayacaq, onların dəlillərinə məhəl qoymayacaq. Bu onun yeganə fürsəti, dəlikli daşdan keçən tək yolu olacaq və heç kim onun yolunu kəsə bilməyəcək.
***
Eliza sükutun necə böyük güc olduğunu anlayır. Qardaşı isə susmağı öyrənə bilmir ki bilmir.
***
Adamları olduqları kimi qəbul eləyir, olmaq olduqları kimi yox. Bu çox nadir keyfiyyətdir, hə?
***
– Bax, budur, yazıram, Aqnes. A.
Mətbəxin sobasından götürülmüş çubuğun yanıb kömürə dönmüş ucunun altında bir A peyda olmuşdu. Bu, Aqnesin hərfi idi. Həmişə onun olacaqdı.
Aqnesin təzə evi də quruluşunu, iti bucaq altında birləşən damına, ortada üfüqi xətt əmələ gətirən döşəməsinə görə o hərfə oxşayır. Aqnes bunu bir əlamət kimi qəbul edir. Təzə ev onda yaxınlıqda ulayan bayquş, qayınanasının sürəkli, ağrılı baxışları, ərinin gənclik çağları ilə bağlı təəssüratlar oyatmır, darıqqallığı, boşluğu, süstlüyü də onu tərpətmir, yox. Bu ev ona A hərfini ilk dəfə nəm torpağın üstündə gördüyü anı, anasının güclü, yalın ayaqlarını, hamar saçını xatırladır.
***
Aqnesin indi başqa qayğıları var, amma çayın sahillərindən boy verən çiçəkləri görür (başqa cür mümkün də deyil – Aqnes onları görməyə bilməz). Pişikotu, quğuotu, həmərsin, dovşankələmi, ayısoğanı, sarı süsən… Başqa vaxt olsaydı, dizlərini yerə atıb onların çiçəklərini, ləçəklərini toplayardı. Amma başqa vaxt olsaydı.
***
– Bilirsənmi sənin kimi qadınla evli olmaq nə deməkdir? İnanmıram ki, biləsən.
– Mənim kimi qadınla?
– Əri haqqında hər şeyi, hətta onun özünün belə bilmədiyi şeyləri bilən qadınla… Sadəcə, ərinin üzünə baxmaqla onun ən nihan sirlərindən də agah olan qadınla… Ərinin nə deyəcəyini, yaxud nə deməyəcəyini qabaqcadan bilən qadınla… Bu bir kişi üçün həm xoşbəxtlikdir, həm də bəla.
Tərcümə: Anar Mahmudov
