Annotasiya
“Yay kitabı” (isveç dilində “Sommarboken”) finlandiyalı yazıçı və rəssam Tove Yanssonun 1972-ci ildə çapdan çıxan kitabıdır.
Əsər fin körfəzində kiçik bir adada yayı birlikdə keçirən və ananın ölümünə səssizcə yas tutan bir ailədən bəhs edir. Romanın əsas qəhrəmanları altı yaşlı nəvə və onun nənəsidir. Onlar birlikdə qayalıq sahilləri kəşf edir, küləkli meşələrdə gəzir, xəyallara dalır, əhəmiyyətli mövzulardan – həyat və ölüm, sevgi və inam, qorxu və arzulardan danışırlar.
Tove Yansson həm yay mövsümünün ötəri sehrini, həm də gəncliklə qocalıq arasındakı sarsılmaz bağları təsvir edir.
Roman 2023-cü ildə teatr səhnəsinə uyğunlaşdırılıb, 2024-cü ildə isə Çarli Makdauellin rejissorluğu və baş rolda Qlen Klouzun iştirakı ilə ekranlaşdırılıb.
Karandaşın izi ilə
Axı hər şeyi axarına buraxan insanlara elə də inanmaq olmaz.
***
Dəniz quşları da dənizçilər kimi dənizə aiddirlər.
***
Bu sahillərdə hər şey qaya kimi möhkəm, dəyişməz ayinlər kimi təkrarlanır, amma onlar da bu adada günlərini elə şıltaqcıl, elə təsadüfiymiş kimi yaşayırlar ki, sanki cahan dənizin səma ilə birləşdiyi yerdə bitir.
***
– Çox orijinal şəkildir.
– Yəni şəkil çəkə bilirmiş?
– Yox, çox güman ki, yox. O da yalnızca bir dəfə yaxşı iş görməyi bacaran insanlardan biridir.
***
– Allah cəhənnəm yaratmaq kimi mənasız bir işi heç vaxt tutmaz.
– Əlbəttə, edib!
– Yox, etməyib.
***
Özün də görəcəksən ki, içində olduğumuz həyat o biri dünyada da cəzalanmağa ehtiyac olmadan da yetərincə çətindir.
***
Bilirsən, bəzən hər şey qaydasında olanda düşünürəm ki, lənətəgəlmiş hər şey yeknəsəqdir.
***
– Alpinistlər kimi dırmaşdın. Görmək olurdu ki, qorxmusan, amma cəsarətli davrandın. Bunu atana deyim, yoxsa lazım deyil?
– Yəqin ki, deməsən, yaxşı olar. Amma ölüm yatağında olanda deyə bilərsən. Hədər olmasın.
***
Sevgi çox qəribə şeydir. Kimisə nə qədər çox sevirsənsə, bir o qədər az sevgi ilə qarşılanırsan.
***
Dəniz müstəsna hadisələrə dəvətkardır – gecələr külək qalxdıqca nələrsə dalğalara qapılıb sahilə çıxır, ya da sahili tərk edir. Dəyişikliklərin fərqinə varmaq təcrübə, təxəyyül və qeyri-adi aydınlıq tələb edirdi. Necə deyərlər, gərək gözünü dörd açasan.
***
Bir insan vaxt ayırarsa, yəni axtarmağa imkan taparsa, istədiyi hər şeyi tapa bilər.
***
Bəzən insanlar çox təxmin ediləndir: məsələn, iyun ayında pişik balası istəyirlər, sentyabrın əvvəlində isə pişiklərini azdırmağa adam axtarırlar.
***
“Necə də qəribədir, – nənə düşündü, – mən artıq hadisələri təsvir edə bilmirəm. Sözləri tapa bilmirəm, ya da kifayət qədər cəhd etmirəm. Axı bunlar çoxdan olub. Onda burdakıların heç biri doğulmamışdı. O günlərdən söz açmasam, sanki heç vaxt baş verməyiblər kimi qalarlar. Keçmişdəkiləri unutsam, birdəfəlik silinib gedəcəklər”.
***
Əvvəllər mənə əyləncəli gələn şeylərin indi dadı qaçıb. Özümü aldanmış hesab edirəm. Yəni mənası nə idi ki, bu şeylərin? Elə şeylər eləməlisən ki, sonra onlar haqqında danışa biləsən.
***
… amma ağrı verən şeyləri ağrısızlaşdırmaq üçün bu barədə danışmamaq illər boyunca buralarda vərdişə çevrilmişdi.
***
Adada yaşayan insanların gözləri həmişə üfüqdə olur, tanış qayalıqların tanış xətlərini, çıxıntılarını izləyir, sabit mayakları nəzərdə saxlayır və üfüqün aydınlığından, hər şeyin olduğu kimi qalmasından güc alır.
***
– Təklik. Hə, tənhalıq əsl nemətdir.
– İnsanın ruhu təzələnir. Elə deyil?
– Hə, elədir. Amma çətin olsa da, tünlükdə də tənhalığı tapmaq mümkündür.
***
Bəzən insanlar önəmli şeylərin fərqinə varmağa gecikirlər və başdan başlamaq üçün daha taqətləri qalmır. Ya da məqsədlərini unudurlar və unutduqlarının fərqinə də varmırlar.
***
Qoxu önəmlidir. Qoxu insana yaşadığı hər şeyi xatırladır. Qoxu xatirələrin, təhlükəsizliyin pənah yeridir.
***
Sofiya çətinliyə düşəndə əlçatan ən asan həll yolunu seçdi: yatdı.
***
Avqust ayı idi, hava hərdən fırtınalı, hərdən mülayim keçirdi. Amma nə baş versə də, nənə üçün fərqi yox idi: gün üstünə gün yığılırdı, hər şey fani və küləyi əllə tutmağa çalışmaq qədər mənasız idi.
***
– İllər öncə sən heç vaxt at gücündən, gübrələrdən danışmazdın.
– Bunların da maraqlı ola biləcəyini bilmirdim ki. Bəzən adi şeylərdə də heyrətamiz nəsə tapmaq olurmuş.
***
Gizlətməyə ehtiyac duyulan hər şey adama əsl yükdür.
Tərcümə: Anar Rəhimov
