Annotasiya
“Qoyun-keçi məsələsi” (ingiliscə “The Trouble with Goats and Sheep”) britaniyalı yazıçı və keçmiş psixiatr Coanna Kennonun 2016-cı ildə işıq üzü görmüş detektiv romanıdır.
1976-cı ilin nəfəskəsən yay aylarında İngiltərənin sakit bir məhəlləsində qonşulardan biri – xanım Krizi qəfil yoxa çıxır. On yaşlı Qreys və rəfiqəsi Tilli böyüklərin izahatları ilə kifayətlənməyib, itkin qadını özləri axtarmağa qərar verirlər. Onların “Allahı tapmaq” niyyəti ilə başladıqları bu uşaqsayağı axtarış getdikcə küçədə yaşayan insanların gizli həyatlarını, illərdir üstü örtülmüş sirrlərini ifşa edir.
Müəllif romanında qonşuluq, aidiyyət, dostluq, günah, mühakimə kimi mövzulara toxunur, əsərin adındakı “qoyunlar və keçilər” ifadəsi ilə insanların yaxşılar və pislər, “bizimkilər” və “özgələr” adı altında nümayiş etdirdiyi ayrıseçkiliyə göndərmə edir. Əsər əsas mesajı ilə oxucuları dilemma qarşısında qoyur: kiminsə pis olduğuna qərar vermək bizi avtomatik olaraq yaxşı insan edirmi?
Karandaşın izi ilə
Qadın evli olsa belə, özünü tənha hiss edə bilər.
***
Anam deyir ki, bəzən isti hava insanları ən qəribə hərəkətlər etməyə vadar edir.
***
– İnsanlar niyə hər şeyi istinin üstünə atırlar?
– Çünki belə daha asandır.
– Nədən asandır?
– Əsl səbəbləri dilə gətirməkdən.
***
– Anam bu Forbsları həddindən artıq köhnəfikirli hesab edir.
– Yox, onlar kifayət qədər müasirdirlər. Hətta sifonları da var.
***
Bəzən təkcə xatirələr kifayət etmir. Bəzən keçmişə toxunmaq lazım gəlir ki, insan özünün də onun bir parçası olduğuna əmin olsun.
***
– Bəs anan sənin burada olduğunu bilir, Qreys?
– Ona demişik, xanım Forbs.
“Maraqlıdır, – deyə düşündüm, — görəsən, xanım Forbs başa düşürmü ki, anama nəsə deməklə onun bundan xəbərdar olması tamam başqa şeylərdir?”
***
İnsanı alçaltmaq üçün onu mütləq döymək lazım deyil.
***
O, “səni sevirəm” demək əvəzinə, “ehtiyatlı ol” və ya “nə vaxt qayıdacaqsan?” deyirdi. “Səni sevirəm” demək əvəzinə, onun çətirini pilləkənin başına qoyurdu ki, evdən çıxanda götürməyi unutmasın. Qışda isə əlcəklərini qapının yanındakı stulun üstünə qoyurdu, yenə də gedərkən onları geyinməyi unutmasın deyə.
***
– Qızların başını hər cür cəfəngiyyatla doldurma, ana.
– Sadəcə öz fikrimi deyirəm, Brayan. Sənin baban da elə buna görə müharibədə döyüşüb ki, mən öz fikrimi azad şəkildə söyləyə bilim.
***
– O, sərmayə barədə düşünürdü.
– Başa düşürəm, cənab Bennet. Ancaq nədənsə əri onun belə bir niyyətindən heç söz açmadı.
– Düşünmürəm ki, xanım Krizi bu məsələni əri ilə müzakirə etmiş olsun, konstebl Qrin. İndi yetmişinci illərdir. Bizim dövrümüzdə qadınlar öz qərarlarını özləri verə bilir.
***
Buradan qatı açılmamış səhifələrin və hələ yaşanmamış macəraların qoxusu gəlirdi. Hər bir rəfdə heç vaxt rastlaşmadığım insanlar, heç vaxt getmədiyim yerlər yaşayırdı. Bura hər gələndə kitab dəhlizlərində, cilalanmış ağacla üzlənmiş otaqlarda itib-batır və hansı səyahətə çıxacağımı seçirdim.
***
Nə seçim ediriksə edək, onun bədəlini ödəyirik.
***
– Bəli, dinləməyi bacarırdı, buna söz ola bilməz.
– Elə məsələ də budur. Onun kimi insanlar bəzən elə məsələləri öyrənirlər ki, həmin məsələlərin gizli qalması daha yaxşı olardı.
***
Tillisiz hər şey başqa cür idi. Hara gedirdiksə, elə bilirdin ki, uzun bir tətildən sonra evə qayıtmısan. Hər şey bomboş görünürdü.
***
Onun sözləri başqasının nitqindəki durğu işarələrinə, qarşısındakının öz fikrini söyləməsi üçün söykənib sıçradığı bir tramplinə bənzəyirdi.
***
– Sizcə, bağ üçün ən vacib şey nədir?
– Su?
– Günəş?
– İplər?
– Ən vacib şey bağbanın kölgəsidir.
***
Çox şey insanın baxış bucağından asılıdır. Birinin alaq otu hesab etdiyi şey başqasına gözəl bir çiçək kimi görünə bilər. Çox şey insanların böyüdüyü yerdən və böyümə tərzindən, dünyaya baxışından asılıdır.
***
– Bəs siz qaydalara inanırsınız, xanım Morton?
– Çox vacib qaydalar var. Qalanları isə, məncə, yalnız bir məqsədlə yaradılıb: insanlara eyni tərəfdə olduqlarını hiss etdirmək üçün.
***
Mən hələ sözlərin gücünü tam anlamırdım. Onların ağızdan çıxan kimi öz həyatlarını yaşamağa başladığını bilmirdim. Başa düşmürdüm ki, bir dəfə sözləri dilindən çıxardınsa, onlar artıq sənə məxsus deyil. Bilmirdim ki, onları azadlığa buraxandan sonra bəzən özləri səni əsir ala bilirlər.
***
– Mənə elə gəldi ki, kifayət qədər mehriban davranırdılar.
– Qəzet müxbirləri? Mehriban? Sənin qırx üç yaşın var, Brayan.
***
Stressin öhdəsindən gəlmə strategiyası. Marqaret Krizi bunu belə adlandırırdı. Problem ondadır ki, insanın bütün həyatı bir şeylərin öhdəsindən gəlməkdən ibarətdir. Və bir gün qəfil geriyə baxıb anlayırsan ki, vaxtilə sadəcə bir strategiya olan şey artıq həyat tərzinə çevrilib.
***
Şeyla əllərinə baxdı. Solğun, titrəyən, başdan-ayağa piqment ləkələri ilə örtülmüş əllərinə – alınmayan həyatın bir nişanəsi.
***
– Yəqin, o, ağır cinayətlərin araşdırılması şöbəsindəndir.
– Məgər bütün cinayətlər ağır deyil?
***
– Tilli tezliklə sağalacaq, düzdür?
– Əlbəttə.
– Həmişə yaxşı olacaq, eləmi?
– Elədir ki var.
Bəzən böyüklərlə danışanda verdiyin suallarla aldığın cavabların arasında elə böyük uçurum yaranır ki… bütün qorxularını, narahatlıqlarını gizlətmək üçün ən yaxşı yer məhz o uçurum olur.
***
– O, autsayder idi, Tilli. Yad idi. Ona görə də onu çarmıxa çəkdilər.
– Belə çıxır ki, onda İsa da bir növ keçi imiş, eləmi?
– Hə, yəqin ki, elədir. Əslində isə, çox güman, onların hamısının içində ən böyük keçi elə o olub.
***
Bəzən qəribə gəlir: keçmiş nə qədər tez-tez icazəsiz şəkildə bu günümüzə soxulur – çağırılmamış, təhlükəli və arzuolunmaz bir qonaq kimi. Amma keçmişi özün bilərəkdən bu günə dəvət edəndə sanki əriyib yoxa çıxır, heçliyə çevrilir və səni bir anlıq şübhəyə salır: görəsən, bütün bunlar həqiqətən olubmu?
***
Qəribədir, həyatının ən pis gün çox vaxt ən adi gün kimi başlayır.
Tərcümə: Lamiyə Göycəyeva
