Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Karlos Ruis Safon “Ruhlar labirinti”

Annotasiya

“Ruhlar labirinti” (ingiliscə: The Labyrinth of the Spirits, orijinal: El laberinto de los espíritus) katalon yazıçısı Karlos Ruis Safonun kult əsəri olan “Unudulmuş kitablar qəbiristanlığı” silsiləsinə daxil olan sonuncu romanıdır. Bu silsiləyə “Küləyin kölgəsi”, “Mələyin oyunu” və “Göyün məhbusu” daxildir. Əsərdə bir sirr digər sirlə birləşir, Barselonanın dolanbac küçələrini xatırladan suallar labirintinə doğru gedir.

Qüdrətli və zəhmli nazir Maurisio Valsın müəmmalı şəkildə yoxa çıxır, bu işi araşdıran məxfi agent Alisiya Qrinin keçmişi qarabaqara onu izləyir. Bütün bunların fonunda yenə dahiyanə təxəyyüldən doğulmuş kitablarda Barselona amansız qaranlıq qüvvələrin idarə etdiyi cəhənnəm səltənətinin cizgilərini alır.

Karandaşın izi ilə

Rəvayətçi yalnız ustalığının imkan verdiyi qədərini çatdıra bilir. Oxucu isə yalnız öz ruhu ilə səsləşənə qulaq asır.

***

Bəzən yer üzündəki işlərdən tanrıların başı açılanda, tale isə yolunu azanda, hətta yaxşı insanlara da bəxt gülümsəyə bilər.

***

Şedevrləri bitirmək mümkün deyil. Əsas məsələ onları nə vaxt yarımçıq saxlamalı olduğunu bilməkdir.

***

Müdrik insan vulkanları, inqilabları və hamilə qadınları oyatmağın nə qədər təhlükəli olduğunu bilir.

***

İnsan heç kimin xəbəri olmayan bir-iki sirri özü ilə məzara aparmaq haqqına malikdir.

***

Axmaqlar keçmişi nə qədər unutmağa çalışsalar da, yalançılar onu yenidən “yeni” adı ilə satmaq üçün saxtalaşdırsalar da o yox olmur.

***

Planları adətən hara getdiyini dəqiq bilməyənlər qurur, bu yolla onlar həm özlərini, həm də başqa sadəlövhləri guya düzgün istiqamətdə irəlilədiklərinə inandırırlar.

***

Yazmaq düzəlişlər etmək deməkdir. İnsan özü üçün yazır, başqaları üçünsə düzəlişlər edir.

***

Səhər yeməyi günün ən vacib yeməyidir. Ən azından nahara qədər.

***

İnsanların ölmək kimi bir adəti var, çox vaxt da məhz yaşamağa layiq olanların. Görünür, Tanrı müəyyən sayda alçağa yer açmalıdır, çünki onlarsız yaratdığı dünyanı mükəmməlləşdirmək ona darıxdırıcı gələrdi.

***

İnsana istədiyi şeylər daha lazım olmayanda, yalnız bu halda Tanrı duaları eşidir.

***

– Çox zərif görünürsünüz. Bu gün rəsmi ziyafətdəsiniz?
– Daha maraqlısı. Kitablarla görüşüm var.

***

– Bir gün aşiq olacaqsan.
– Özünü aldatmaq üçün nə gözəl sözdür!

***

Əfsanə ümumbəşəri həqiqəti izah etmək üçün uydurulmuş bir yalandır.

***

– Bəs… bu qanunidirmi?
– Rovira, axı sən polissən. Sənin qanuni hesab etdiyin hər şey qanunidir.

***

Dünya düşündüyün qədər əlxlaqsız deyil. Dünya bizim hamımızın, onun məğzini, onu çevirdiyimiz şeyi təşkil edənlərin güzgü əksidir.

***

Siz kiminsə sizi sevə biləcəyinə inanmırsınız, çünki özününüz özünüzü sevmirsiniz. Və düşünürsünüz ki, sizi heç vaxt sevən olmayıb. Bunu dünyaya bağışlaya bilmirsiniz.

***

Barselona pis zövqdən başqa demək olar ki, hər günahı bağışlayır.

***

– Səni kafeyə dəvət edə bilərəm?
– Alisiya qəfil dedi.
– Hələ də süd kokteylini sevirsən?
– Romlu karaxilyoya keçmişəm.
– Testosteron insanın başına nə oyunlar açırmış…

***

Qadağan olunmuş yerlərə daxil olma qaydaları yoldan çıxarma sənətinə oxşayır: icazə istəyən döyüşü başlamadan uduzur.

***

– Paxıllıq yaxşı hiss deyil.
– Milli idman növümüzdür.

***

O, xatırlamaq üçün içir, unutmaq üçün yazır.

***

– Heç vaxt bioqrafiya yazmaq fikriniz olmayıb?
– Xeyr. Mən fantastika yazıram.
– Belə bir fikir var ki, fantastikaya bioqrafiyadan daha yaxın janr yoxdur.
– Ola bilsin, avtobioqrafiya istisna olmaqla.
– Elədir. Bir romançı kimi bu fikri dəstəkləyin ki, iş həqiqətə gəlib çatanda danışılan hekayə sadəcə hekayə olaraq qalır.
– Romançı kimi yalnız avansı dəstəkləyirəm. Mümkünsə, nağd şəkildə.

***

Siyasət çox vaxt ortabab və uğursuz sənətkarlar üçün sığınacaq yeri olub. Onlar bu mühitdə çiçəklənir, təkəbbürün əsasını təşkil edən, ən əsası isə zəhməti və istedadı ilə özlərinin heç vaxt yaxın dura bilmədikləri zirvələri fəth etmiş yaradıcı insanlardan qisas almağa imkan verən güc sahibi olurlar.

***

Axı bilirsiniz, bizim ölkədə qayda necədir: kim olduğun önəmli deyil, dostlarının kim olduğu önəmlidir.

***

Çıxışın bəlağəti onu formalaşdıran insanın ağlı ilə, ona olan etibar isə dinləyənin axmaqlığı ilə düz mütənasibdir.

***

Həqiqət nadir hallarda ideala yaxın olur və tez-tez gözləntiləri doğrultmur. O, adətən şübhə və suallar doğurur. Yalnız yalan yüz faiz inandırıcıdır, çünki onu real hadisələrə əsaslandırmaq maraqlandırmır, sadəcə insanın eşitmək istədiyini deməlidir.

***

Bütün ağıllı insanların can atdığı xoşbəxtlik, ya da ona yaxın mənəvi dinclik halı inamdan biliyə aparan yolda dağılıb gedir.

***

Müharibədə qolunu və gözünü itirmiş əmisi deyirdi ki, qəhrəman olmaq üçün insan əvvəlcə qorxmalıdır, yalnız axmaq qorxu hiss etmədən həyatını riskə atır.

***

– Əsl kişinin yaşı olmur.
– Əxlaq kateqoriyalarını uroloji anlayışlarla səhv salmaq olmaz.

***

– Yorulmuşam, ətrafımdakı bütün bu çirkabdan bezmişəm.
– Bəs niyə evinizə qayıtmırsınız? Onlara bu zövqü yaşadın. Təqaüdə çıxın, Toledodakı bağ evinizə gedin, Lope de Veqanı oxuyun. Xəyalınız da bu deyildimi?
– Sizin kimi edim? Ədəbiyyatla yaşayım?
– Ölkənin yarısı nağıllarda yaşayır. Daha iki nəfər heç nəyi dəyişməz.

***

Elə ki insan peşə həyatında hər şeyi gördüyünə inanır, Tanrı o dəqiqə ona kiçik bir sürpriz edir.

***

İnciklik yaddaşı möhkəmlətməyin ən yaxşı vasitəsidir.

***

– Günortanız xeyir.
– Ziyarətçilər iş vaxtında bizi narahat etsəydilər, doğrudan da xeyir olardı.

***

– Vacib işdir.
– Bircə deməyin ki, həm də təcilidir. Bizim idarədə bu, bədbəxtliyin təminatıdır.

***

İspan bürokratiyasının ecazkar dünyasında hər şey mümkündür.

***

Üzücü anlardan keçən bir insan üçün zaman həmişə onun arzularına tərs mütənasib sürətlə keçir.

***

Həyat dolu gəncliyi seyr etmək nostaljiyaya qarşı ən təsirli peyvənddir.

***

Elə anlar olur ki, şöhrətin işığında yaşamaqdansa, unudulmuş şəkildə ölmək daha şərəflidir.

***

– Bilirəm, xala. Bilirəm. Narahat olmayın, nə etdiyimi yaxşı anlayıram.
– Dayın da boğulduğu gün eyni sözləri demişdi.

***

– Məni xəstəxanaya aparmayın, Fermin.
– Kim xəstəxanadan danışır ki? Orada axı insanlar ölür. Statistikaya görə, xəstəxanalar dünyanın ən təhlükəli yerləridir. Narahat olmayın, mən xəstəxanaya bir ovuc bitimi belə etibar etməzdim.

***

Yalan danışmağa başlayanda uydurduğun hekayənin inandırıcılığını yox, qarşı tərəfin tamahını, təkəbbürünü və axmaqlığını nəzərə almaq lazımdır. İnsanlar heç vaxt başqalarına yalan danışmırlar, özlərinə yalan danışırlar. Mahir yalançı axmaqlara gümüş sinidə yalnız eşitmək istədiklərini təqdim edir. Bütün sirr də budur.

***

Dünyamız əyninə ipəkdən paltar geyinmiş meymunlar üçün Nuhun gəmisindən başqa bir şey deyil. Buradakı saxtakarlıq isə pəyənin dağılmasına imkan verməyən məhlul rolunu oynayır. İnsanlar qorxudan, acgözlükdən və ya laqeydlikdən o qədər yalan danışmağa və başqalarının uydurmalarını təkrarlamağa öyrəşib ki, hətta həqiqəti söylədiklərinə əmin olanda belə yalan danışırlar. Bu, zəmanəmizin bəlasıdır. Səmimi və dürüst insan plesiozavrlar və ya təkbuynuz at kimi mif deyillərsə, nə vaxtsa mövcud olublarsa, kupletçilər kimi nəsli kəsilməkdə olan bir növdür.

***

Gənclikdə biz dünyanı olması gərəkən kimi görürük, yalnız qocalıqda reallığı ayırd etmək bacarığı qazanırıq. Amma gənclik asan müalicə olunur.

***

Özünü dərk etmək yolunda ilk addım insan əməllərinin əsl səbəbi ilə onları əsaslandırmaq üçün gətirilən arqumentləri ayırd etməyi öyrənməkdir. Ağıllanmaq üçün müəyyən yol getmək lazımdır.

***

Həmişə demişəm: bir işi yaxşı görmək istəyirsinizsə, onu qadına tapşırın.

***

Piyadasız müharibəni udmaq olmaz.

***

– Bəzilərinin bədbəxtliyi digərlərinə sevinc gətirir. Dostum, bəs sizi bura nə gətirib: bədbəxtlik, yoxsa sevinc?
– Ümidsizlik.
– O, heç vaxt etibarlı məsləhətçi olmayıb.
– Əvəzində olduqca inandırıcıdır.

***

Xatirələr insanın mahiyyətini müəyyənləşdirir.

***

Dünyadakı bütün müharibələr kimi bu müharibə də ölkəni viran qoydu və yalnız əvvəllər də pulunu balta kəsməyən az sayda insanı daha da varlandırdı. Müharibələr məhz bunun üçün başlanır.

***

İnsanın üzündən onun həyat tarixçəsini oxumaq olur: yetkin sifətin cizgilərində bir vaxtlar olduğu uşağı tanımaq, həyatın ona zəhərli oxunu atdığı və ruhunun qocalmağa başladığı vaxtı sezmək mümkündür. İnsanlar marionetlərdən və ya qurma oyuncaqlardan elə də fərqlənmirdilər, hər birinin gizli bir yay mexanizmi vardı ki, lazım olan istiqamətdə hərəkətə etdirmək üçün onları həmin mexanizm ilə idarə etmək olardı. Onların təslimiyyəti zövq, lazım gəlsə, ilham mənbəyi olurdu və yalnız hökmranlıq ehtirasını daha da qızışdırırdı, gec-tez onun iradəsinə tabe olaraq güzəştə getməyə, xeyir-dua almağa və bir təqdiredici təbəssüm və inam oyadan baxışa görə canından keçməyə məcbur edirdi.

***

– Aydındır. Mən Bokeriya bazarına gedirəm. Nəsə istəyirsən?
– Sakit həyat.

***

Daxilində nifrət oyanmayınca insan öz mahiyyətini dərk edə bilməz.

***

– Buna bax, yazıq, necə aşiq olub… Hələ görəcəyi günlər qabaqdadır, əzab-əziyyət çəkəcək.
– Sevə bilməyən insan daha çox əzab çəkir.

***

Mənim qismətim incəsənət səviyyəsinə yüksəldilmiş yuxusuzluqdur.

***

– Çətin ki, bu dünyada xilas olunmağa dəyən nəsə qalıb.
– Öz dediyinnizə özünüz də inanmırsınız. Sadəcə hələ də nələrinsə qaldığını etiraf etməkdən qorxursunuz.

***

Yaxşısı budur, səmimi kədərini təkbaşına yaşayasan.

***

– Xatırladıram, şairin sözlərinə görə qisas soyuq yeyilən yeməkdir.
– Yəqin kimsə onu axoblanko ilə səhv salıb. Şairlər adətən acından ölür və kulinariya sənətindən başları çıxmır.

***

Uduzulmuş döyüşlərdə sonuncu müdafiə laqeydlikdir.

***

Mən isə valideynlərimi məyus etmiş, səkkiz yaşımda üsyan qaldırmışdım: heç vaxt ərə getməyəcək və güllələnmə təhlükəsi ilə üz-üzə qalsam belə önlük taxmayacaqdım, yazıçı və ta sualtı gəminin kapitanı olacaqdım. O vaxtlar Jül Vern bu mövzuda mənə yalançı ümidlər verirdi. Atam günahı həmişə hörmətlərini saxladığım Bronte bacılarında görüdü.

***

Bir çox xeyirxah insan kimi David də kinayə və qapanıqlıq zirehinin arxasında gizlənməyə üstünlük verirdi.

***

O, durmadan təkrar edirdi ki, ədəbiyyatda həqiqətən vacib olan yalnız bir şey var: bu isə məzmun deyil, ifadə formasıdır.

***

Barselona möcüzələrin baş verdiyi şəhərdir.

***

İnsanlar ümidlə yaşayır, lakin taleyi şeytan idarə edir.

***

İnsan həqiqətən yaşamayınca varlığının boşluğunu dərk etmir. Bəzən hüznlü, məqsədsiz sürünmə yox, əsl həyat bir saniyəyə, bir günə, bir həftəyə, bir aya sığır. İnsan yaşadığını anlayır, çünki hisslər qəfil güclənir və dərinləşir, ən xırda detal belə məna kəsb etməyə başlayır. Sonra bu qısa an başa çatır, insanlar son günlərinədək xatirələrdə qalmış həmin möhtəşəm dolğunluq hissini ümidsizcəsinə geri qaytarmağa çalışırlar.

***

Əgər yalnız sevgiyə layiq olanları sevsəydik, həyat necə gözəl olardı.

***

Müharibədən sağ çıxmış heç bir insan iddia edə bilməz ki, insanlar heyvanlardan fərqlənir.

***

Bəzən elə gəlir ki, artıq bundan betəri ola bilməz, ancaq tam sərbəstlik verildikdə alçaqlıq sərhəd tanımır.

***

Həqiqət sıravi insanları reallıqla barışmaq məcburiyyətindən xilas edən bir razılaşmadır.

***

Siyasətdə heç vaxt açıq döyüşdə bıçaq zərbəsi endirməzlər. Zərbə həmişə gizlincə, arxadan, ya da qucaqlaşma anında endirilir.

***

Yaxşı jurnalist filə bənzəyir: həssas qoxu duyumu, mükəmməl eşitmə qabiliyyəti və ən əsası möhkəm yaddaşı olur.

***

– Son illər nə işlə məşğul olurdunuz?
– Ölürdüm. Bizim ölkədə ləyaqətli insanları yavaş-yavaş öldürürlər. Tez ölüm yalnız vicdansızlara qismət olur. Mənim kimiləri isə sadəcə öldürürlər: bizi görməzdən gəlir, bütün qapıları üzümüzə bağlayırlar, elə davranırlar ki, sanki biz yoxuq.

***

Kitabın ruhu onu yazanların, oxuyanların, onunla yaşayanların və onun xəyalını quranların ruhlarını özündə cəmləyir. Kitab yeni əllərə düşəndə və kimsə baxışlarını onun səhifələri üzərində gəzdirəndə kitabın ruhu çoxalır, möhkəmlənir və güc toplayır.

***

Həyat xəyal və kəşfləri geridə qoyaraq, adətinə sadiq qalaraq bizə – vaqonun pilləkəninə tullanıb səyahət edənlərə xüsusi diqqət yetirmədən lokomotiv sürətilə irəliləyirdi.

***

Hər gün daha artıq əmin olurdum ki, yaxşı ədəbiyyatın ilham və ya “deyəcək sözünün olması” kimi geniş yayılmış uydurmalarla heç bir əlaqəsi yoxdur. Yaxşı ədəbiyyat daha çox linqvistik incəliklərdən, kompozisiyalardan, cümlə quruluşu ilə əldə olunan rəng, çalar və yarımçalar teksturasından, obrazların zərif işlənməsindən və sözlərdən ibarət orkestrin ifa edə biləcəyi musiqidən yaranır.

***

Onun dərisinin hər santimetrini əzbər bildiyim halda, susqunluğunun mənasını hər zaman anlaya bilmirdim.

***

İnsan səhv edə bilər, bunu başqasının təsiri ilə etməsi pisdir.

***

– İnsan qocalanda harada sığınacaq tapır?
– Xatirələrdə?

***

Yazıçılıq sənətini öyrənmək olar, ancaq onu öyrətmək mümkün deyil. Deyilənlərin mənasını dərk etdiyiniz gün yazıçı olmağa doğru ilk addımınızı atmış olacaqsınız.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram