Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cavid Ramazanov “Amanabənd”

Annotasiya

“Amanabənd” romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir. Hadisələr əsasən Bakının mərkəzindəki “Sovetski” adlanan ərazidə baş verir. Qəhrəman “Sovetski”də doğulur, böyüyür, aşiq olur və sonda yaşadığı məhəllənin sökülməsiylə buranı tərk etmək məcburiyyətində qalır.

Karandaşın izi ilə

Sovetski çirkin və heybətli bir əjdaha kimi şəhərin düz mərkəzində sərilərək mürgüyə dalmışdı.

***

Sakinlər çox şeyə dözümlə yanaşa bilərdilər, aralarında kiminsə sirli qalmasına isə əsla!

***

Dünyada elə adamlar var, heç vaxt dəyişmirlər: simaları, davranışları, hətta paltarları da həmişə eyni cür qalır. Onlar indi necədirlərsə, elə bil, həyata da həmişə belə gəliblər. Zeynəb xala da anasının bətnindən dünyaya sanki başının arxasında topladığı cod, qıvrım, dən düşmüş saçlarıyla, topuğuna çatan rəngi solmuş qara donuyla birgə qədəm qoymuşdu.

Bakıda siqaret çəkən qadına axırıncı pozğun kimi baxıldığı halda, Zeynəb xalanın papiros çəkməyinə adi bir şeymiş kimi bənd olmazdılar. Papirosa yaşı əllini keçən kimi başlamışdı. Deyirdi, bu bir ənənədi, onun anası da, nənəsi də əllini keçən kimi başlayıblarmış, indi də növbə ondaydı. Papiros çəkməklə yanaşı, qadının bir başqa sevimli aludəçiliyi də vardı. Qəribə-qərbə ədvalar sorardı. Ədva sormaqdan dili göyqurşağına dönmüşdü. Evindən çörəkotu qoxusu əskik olmazdı. Dediyinə görə, onun anası və nənəsi ləzzətlə xaş-xaş da çeynəyərmişlər, o vaxtlar qadağan deyilmiş.

***

İlyas düşünürdü ki, düz heç nə yoxdur Sovetskidə, hər şey kələ-kötür, yastı-yapalaq, əyri-üyrüdür, burdan baxanda hətta göy də, günəş də, kainat da adama əyri-üyrü görünür.

***

Sovetskidə yaşamaq heç vaxt xoşuna gəlməmişdi, əksinə onun üçün qatlanmaq məcburiyyətində olduğu əzab-əziyyətiydi. Bir gün mütləq burdan çıxıb gedəcəkdi. Daha gözəl, dinc, insani yerlərə. Elə yerlərə ki, addımını çölə atanda yüz ölçüb bir biçmək məcburiyyətində qalmırsan, ürəyin istədiyi kimi düşünür, davranır, hərəkət edirsən.

***

Payızın gəlişi İlyasa həmişə vaxtın necə etibarsız olduğunu hiss etdirərdi. Sən zamanın heç keçmədiyini sandığın halda, o, coşqun bir dağ çayı kimi sürətlə axıb getməyində idi…

***

İlk dərs günləri. Yenidən məhrəmləşməyə can atan baxışlar. Yadırğanmış xitablar, ehtiyatlı təmaslar, həyəcanlı pıçıltılar, xırda ixtiralar, pəncərədən görünən işıqlı dünya. Hər şey, hər şey başqa cür olurdu bu dövrdə Amma əfsus, qısa çəkərdi. Məktəb tezliklə rutinləşərək adamı cana yığan bir disiplinə, dərslər qurtarmaq bilməyən məşəqqətə, müəllimlər işgəncə alətlərinə çevrilərdi. Hətta pəncərədən görünən işıqlı dünya da köhnəlib bulanıq qab suyuna bənzəyərdi. Ancaq yenə də təkcə sentyabr coşqusuna görə məktəbə getməyə dəyərdi.

***

Bilirdin ki, bir vaxtlar buranın adı Karl Marks meydanı olub, adamlar öz aralarında “Parapet” deyərlərmiş. Karl Marks meydanından əvvəlsə “Quru bağ” deyərlərmiş. Ağac bitmirmiş burada, qupquru yeriymiş, ona görə. İndi bəs bilirsən buranın adı nədi? Rəsmi adını deyirəm: Gənclər Meydanı! Bundan əvvəl nə idi? Fəvvarələr bağı! Alə, bir yerin adını nə qədər dəyişmək olar axı? Təkcə ad dəyişmir e, vid də dəyişir. Hər gələn özünün istədiyi vidə salır. Bizim uşaqlığımızda buranın ab-havası tamam fərqliydi, Bizim atalarımızın uşaqlığında tamam fərqli olub. İndi də ayrı cür fərqlidi. Təsəvvür eləyirsən, o boyda Sovet qurasan, milyonları müharibədə qurban verəsən, milyonları repressiyalarda qırasan, Sibirə sürgün eləyəsən, guya ki, kommunizm qurursan. Axırda da Karl Marks meydanında “McDonalds” restoranı açıla.

***

Geriyə boylanıb keçmişə baxanda ilk sevgidən çox az şey yadına düşər. Ən tez söhbətləri unudarsan. Zəhmət çəkib yaddaşını qurcalasan, küncdə-bucaqda itmiş bəzi xatirələri tapıb təsəvvüründə canlandıra bilərsən, təbii. Bihuşedici qoxudan, işıq saçan gözlərdən, öpülməli dodaqlardan, məxsusi ədalardan, toxunuşlardan, oxşamalardan necə vəcdə gəldiyini xatırlayarsan. Bütün bunlar az deyil, əlbəttə, amma yenə də azdırlar. Həmin dövrdə coşub daşan hisslərinin müqabilində heç nədirlər. Bəzən qədirbilməzlikdən xatirələri yolda salıb itirərsən, bəzən uzunömürlü birlik, əbədi vüsal nəşəni söndürər, bəzən sadəcə ayrılar və unudarsan. Səbəb hər nə olursa-olsun, sevgi çox vaxt öləziyər, oddan-alovdan geriyə ancaq gözlə görünməyən kül zərrələri qalar. Əksəriyyətin qismətinə düşən budur. Amma elə insanlar var ki, sevgilərinə mübtəla olarlar və xatirələrini hədsiz qiymətli bir dəfinə kimi ürəklərinin ən gizlin guşəsində basdırarlar. Eşq onlarda sağalmaz bir zədə, dinmək bilməyən küt bir ağrı kimi qalar…

***

Keçmiş günləri anarkən İlyas bəzən üçüncü şəxs olub hadisələrə kənardan baxar, bəzən birinci şəxsə, bəzən də ikinci şəxsə çevrilərdi. Üçüncü şəxs kimi kənardan baxarkən, özünü Axundov bağına ilk görüşə gedərkən görərdi…

***

Belə olmaz! Güclü olmalıyam. Başa düşməliyəm ki, adamların çoxu dünyaya sırf yola verilmək üçün gəlirlər… Ancaq yola vermək lazımdır! Ancaq Yoxsa bunlara dözmək olmaz. Eşidirsən?! Yola ver. Hər deyilən sözü, hər hərəkəti ürəyinə salsan, təsir altına düşəcəksən. Deyəcəklər ki, hə, bax, bu, zəifdi, toxunan kimi şüşə kimi çiliklənir.

***

Hər bədii əsərdə avtobioqrafik elementlər olur, amma onların yerini yazıçının özündən savayı kimsə bilə bilməz. Heç bir yazıçı da bunu sonacan səmimiyyətlə deməz!

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram