Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Onoro dö Balzak “Vadidəki zanbaq”

Annotasiya

“Vadidəki zanbaq” (fransızca “Le lys dans la vallée“) – fransız yazıçısı Onore de Balzakın 1836-cı ildə işıq üzü görən romanıdır. Kitab “Bəşəri komediya” seriyasına daxil olan “Kənd həyatından səhnələr” bölməsinin bir hissəsidir.

Epistolyar janrda qələmə alınan roman Feliks adlı gəncin özündən yaşca böyük, ailəli qadına olan məhəbbətindən bəhs edir. Əsər məhəbbət romanı olmaqla yanaşı,  dövrün müxtəlif siyasi-sosial hadisələrinə toxunur, eyni zamanda XIX əsr fransız kübar cəmiyyətinə mənsub insanların etika və hissləri dolğun şəkildə əks olunur.

Hekayənin əsasında yazıçı Balzakın Laura de Berni ilə şəxsi münasibəti yatır: həm qadınların xarici görünüşü, həm də qəhrəmanın bioqrafiyaqsından bir çox detal üst-üstə düşür.

Karandaşın izi ilə

Hər şey xarakterdən asılıdır: kiminin sarsılıb küsmək vərdişi sinir hüceyrələrini zəiflədir, onu qorxaq bir şəxsə çevirir, qorxu isə insanı həmişə tabe olmağa sövq edir. İnsanı əzən, onu bir növ köləliyə sürükləyən zəiflik də buradan qaynaqlanır. Bitib-tükənməyən iztirablarım isə mənə əzab çəkdikcə daha da güclənən bir iradə verdilər və ruhumu mənəvi zərbələrlə mübarizəyə hazırladılar.

***

Qəddar cəzalar böyüklərə nisbətən uşaqların istəklərini daha da körükləyir; uşaqların böyüklərdən üstünlüyü ondadır ki, onlar artıq həmin qadağan olunmuş şeydən başqa heç nəyi fikirləşmirlər; həmin şey ahənrüba kimi onları özünə çəkir.

***

Təkcə evdə deyil, məktəbdə də hamının məndən acığı gəldiyini görəndən sonra içimdə özümə qarşı dəhşətli inamsızlıq baş qaldırdı.

***

Səhər yeməyinə bir fincan südlü qəhvə içmək əsl kübar həyat tərzi idi, çünki Napoleonun dövründə müstəmləkələrdən gətirilən ərzaqlar od qiymətinə qalxmışdı.

***

…hissləriylə uşaq, əzablarıyla qadın idi.

***

Mənə mənalı-mənalı nəzər saldı; kübar adamlar adətən bu cür baxışlarla bizim tərbiyəmizə yüngülvari əl gəzdirirlər.

***

Sonradan görənlər meymun kimidirlər, onlarda meymunun diribaşlığı var: yuxarıya dırmaşanda cəldliklərinə heyran qalırsan; amma elə ki zirvəyə çatdılar, onda da ancaq ayıb yerlərini görürsən.

***

Bir şeyi iddia etmək və onu həyata keçirmək güclü insanların şücaətidir; amma böyük yerdən dəm vurmaq, sonra yarı yolda qalmaq həmişə özünü camaata güldürən cılız insanların adətidir.

***

Cinayət qanunlarını bədbəxtliyin nə olduğunu bilməyənlər yazıb.

***

Elə hisslər var ki, insanın ürəyinə sığmır.

***

– Bir xristian kimi sizi bağışlamışam, amma qadın olaraq hələ də əzab çəkirəm.

– Allahdan daha insafsız olmayın.

– Hələ lap sərt olmalıydım, çünki Allahdan daha zəifəm.

***

Ən nəhayət, analığı hər şeydən üstün tutan qadınları həyata, ondan aldıqları həzdən daha çox verdiyi qurbanlar bağlamırmı?

***

Dünənki itaətim həmişə arxasınca sabahkı itaətimi gətirib.

***

Bütün qadınlar ən kəskin mühakimələri də hisslərin süzgəcindən keçirməyi bacarırlar.

***

Ailələr öz dözülməz ixtilaflarını həmişə cidd-cəhdlə gizlətməyə çalışırlar, bəs ailənin gizli həyatına soxulsan, nə görəcəksən? Demək olar ki, hər ailədə təbii hissləri kütləşdirib zəiflədən dərin, sağalmaz yaralar görəcəksən; bu yaralar ya bir-birilə tutuşan xasiyyətlər sayəsində əbədiləşən və ölümü ürəkdə qara yaralar açan hərarətli sevgilər, ya da ürəyi tədricən daşlaşdıran, əbədi ayrılır anında göz yaşlarını qurudan gizli nifrətlər hesabına yaranır.

***

Sevgi ona aid olmayan hər şeydən dəhşətə gəlir.

***

May ayında çəmənliklərdə gəzərkən baharın bütün canlılara bəxş edən təravətli ətrini ciyərlərinizə çəkmisinizmi? Bu elə bir ətirdir ki, gəmidə olsanız, əllərinizi suya salacaq, saçlarınızı küləyin ixtiyarına buraxacaqsınız, düşüncələriniz isə meşənin yaşıllığı kimi canlanacaq.

***

İstəkləri boğmaq insana ölümcül yorğunluq gətirir.

***

Kədər sonsuzdur, sevincin isə hüdudu var.

***

İndiki dövrdə cəmiyyət insandan istifadə edir, yoxsa ona qulluq edir? Məncə, istifadə edir; cəmiyyətdə insanın boynuna düşən öhdəlikləörin və borcların imtiyazlardan qat-qat çox olması və yaxud da üstünlükləri çox baha qiymətə əldə etməsi mövzularına gəlincə isə, bu suallarla fərdlər yox, qanunvericilər maraqlanmalıdır.

***

Bir insanı öldürün, amma ədalət məhkəməsinin əlinə heç bir sübut keçməsə, siz də Makbet kimi tacı qazanarsınız.

***

Zira banallıq zəif adamların xüsusiyyətidir; təəssüf ki, hər bir üzvünə bədənin bir orqanı kimi baxan cəmiyyət zəiflərə nifrət edir; bəlkə də, haqlıdır, hətta təbiət də bir eybi olan varlıqları ölümə məhkum edir. Nə bilmək olar, bəlkə də, qadın zəiflərə ona görə himayədarlıq edir ki, kor qüvvəyə qarşı mübarizə aparmaq, ağılla və ürəklə kobud materiyaya qalib gəlmək ona zövq verir. Amma cəmiyyət doğma yox, ögey ana kimidir; ancaq ona yaltaqlanan övladlarını çox istəyir.

***

… insanları sizin fəzilətləriniz yox, onlara necə xeyir verəcəyiniz maraqlandırır.

***

Gənclər səbirsizdirlər, çünki ağızları isti yerdədir, nə həyatdan, nə də həyatın çətinliklərindən xəbərləri var. Qocaların mühakiməsi yumşaq və mərhəmətlidir, gənclərin mühakiməsi insafsızdır; biri heç nə bilmir, digəri isə hər şeyi bilir.

***

Yalnız özünüzə qarşı tələbkar olun. Taleyiniz sizin öz əlinizdədir, amma bu dünyada heç kəs taleyini başqasının köməyi olmadan qura bilməz;

***

Bütün incə hisslər ruhların bərabərliyinə əsaslanır.

***

Sevginin ən gözəl üstünlüyü odur ki, o özü özünü sübuta yetirir.

***

Xudbinliyin ləkələdiyi sevgilər ürəyimizə yol tapa bilmir;

***

– İraq olsun, Allah məni həkimlərə möhtac eləməsin, – tibbi, həkimləri görən gözü olmayan bütün yalançı xəstələr kimi ikrahla dedi.

***

Güc mərhəmətlidir, göz qabağında olan faktları qəbul edir, o, ədalətli və sakitdir; zəiflikdən doğan ehtiraslar isə qəddar olurlar.

***

Onun öhdəsindən necə gəlim? Öldürəcək məni. Yox, özüm canıma qıyacam, amma bu da cinayətdir axı! Bəlkə qaçım? Bəs uşaqlarım?! Ayrılım ondan? Yaxşı, bəs atama necə deyim ki, on beş illik evlilikdən sonra müsyö dö Morsofla bir damın altında yaşaya bilmirəm; axı anamla atam bura gələn kimi o özünü təmkinli, ağıllı nəzakətli aparır. Bir də ki məgər evli qızların anası, atası olur? Onların bədəni də, malları-mülkləri də ərlərinə məxsusdur.

***

Ta əvvəldən əbədi əzablara məhkum varlıqları dünyaya gətirmək cinayət deyil, bəs nədir?

***

Məgər insanların mübarizəsini vecinə almayan təbiət öz sükunəti ilə bizə təsəlliverici bir ecazkarlıq yaşatmırmı?

***

Hər şey ola bilməyən məşuq heç kimdir.

***

Bədbəxtlik insanları təkcə başqalarından təcrid etmir, həm də cəmiyyətin bayağı qanunlarını da susdurur.

***

Deyilənə görə, mübarizənin qızğın çağında hətta ən mətin döyüşçülərin başına gələn, cəsuru qorxağa, kafiri dindara çevirən, insanı hər şeyə, hətta ləyaqət, sevgi kimi ən ali duyğulara qarşı laqeydləşdirən ruh düşkünlüyünü, bir növ bu etinasız divanəliyi həyatımda ilk dəfə idi ki, mən hiss edirdim; zira şübhə bizim özümüzə olan inamımızı, bələdliyimizi məhv edir və bizi həyatdan iyrəndirir.

***

Firavanlıq varsa, əyləncə də var.

***

İngilislər nə deyir desin, bəlkə, özləri də dərk etmir, amma İngiltərə materialist ölkədir. Dini, mənəvi prinsipləri var, amma bu prinsiplərdə ilahi mənəviyyatdan, katolik ruhda isə elə bir qüvvətli rəhmət var ki, hansı cildə girir girsin, riyakarlıq heç vaxt onları əvəz edə bilməz. İngilislər maddi dünyanın hər zərrəsini abadılaşdırmaq sənətində o dərəcədə püxtələşiblər ki, indi onların qadınlarının evdə geydikləri başmaqları dünyanın ən gözəl başmağıdır, onların camaşırlarından gül iyi gəlir, sidr ağacıyla üzlənmiş dolabları təravət saçır, hər gün eyni saatda ustalıqla dəmlənmiş ətirli çay içirlər, evlərindəki toxu birdəfəlik yox edib, pilləkənin birinci pilləsindən tutmuş ən gözdən iraq künc-bucağınacan evə xalça döşəyirlər, zirzəmilərin divarlarını yuyub təmizləyir, qapının toxmağını sürtüb par-par parıldadır, arabanın yaylarını yumşaldırlar, maddi dünyanı elə bəsləyici, pambıq kimi yupyumşaq, parlaq və tərtəmiz bir mühitə çevirirlər ki, bu mühitin içinə düşən insan ləzzətlə nəfəs alır, amma bununla yanaşı, rifah içində keçən bu həyat onu dəhşətli bir yeknəsəqliyə mübtəla edir, ziddiyyətsiz bir ömür yaşayır, bir sözlə, həmin insan maşına çevrilir.

***

Ledi Arabel vücudun məşuqəsi idi. Madam dö Morsof isə ruhun həyat yoldaşı idi.

***

Əsil-nəcabətsiz qadınların da almazları, bahalı parçaları, atları, hətta bizə məxsus olmalı olan gerbləri ola bilər, çünki adı pulla da almaq olar! Amma başını dik tutub sevmək, qanunların əksinə olaraq sevmək, yatağının mələfələrindən özünə kəfən tikərək seçdiyin büt uğrunda ölmək, Tanrı yaratmaq haqqını Qadiri-mütləqdən oğurlayaraq, yeri və göyü sevdiyin şəxsin ayaqlarının altına sərmək, heç vaxt, hətta xeyirxahlıq naminə olsa da, ona xəyanət etməmək: çünki “borcumdur” deyib üzünü başqa şeyə tutmaq, özünü O olmayan bir şeyə həsr etmək deyilmidir?.. Bu başqa şey insan da ola bilər, fikir də, təfavütü yoxdur, xəyanət xəyanətdir! Adi qadınların heç vaxt çata bilməyəcəkləri ucalıq budur; onlar üçün həyatda iki yol var: ya xeyirxahlığın ulu yolu, ya da əxlaqsızlığın palçıqlı cığırı!

***

Allah bizə xoşbəxtlik hissini və ləzzətini veribsə, bu dünyada iztirabdan başqa heç nə görməmiş məsum ruhların qayğısına qalmalı deyilmi? Belə olmalıdır, əks halda ya Allah yoxdur, ya da həyatımız acı zarafatdır, ayrı heç nə.

***

Məhəbbət odu sönəndən sonra sevgililər görüşməməlidir. Bir vaxtlar hakim olduğumuz yerdə heç kimə çevrilmək! Əvvəllər həyatın sevinc dolu şəfəqlərinin sayrışdığı yerdə ölümün soyuq nəfəsini hiss etmək.

***

Fransız zarafatı qadınların bəxş etdikləri sevincləri və düzüb qoşduqları mübahisələri gözəlləşdirən krujevadır; fransız qadınlarının donları kimi onların zarafatları da ağılın zərif mənəvi bəzəyidir. İngilis zarafatı turşu kimidir, üstünə töküldüyü insanları elə aşındırır ki, onlardan ancaq sanki yuyulmuş və fırçalanmış sür-sümük qalır.

***

Kim nə deyirsə desin, protestant və katolik məzhəblərinin arasındakı fərqlər fransız qadınlarının ruhunun ingilis qadınlarının öz xeyrini güdən, ölçülüb-biçilmiş eşq macəralarını niyə kölgədə qoyduğunu yaxşı izah edir. Protestantlıq inanca şəkk gətirir, onu təhlil edir və öldürür, deməli, bu məzhəb incəsənətin və sevginin qənimidir.

***

Anriyet nə demişdisə, düz demişdi, Arabelin sevgisi məni boğmağa başlamışdı. O vaxtdan sonra əmin oldum ki, yaxşı at çapan qadınların çoxunun nəvaziş göstərməklə arası olmur. Amazonlar kimi onların da bir döşü var və ürəklərinin bir hissəsi – hansı hissəsidir, bilmirəm, – daşlaşıb.

***

İnsanın ədalət məhkəməsi necə zəif, necə gücsüzdür! Bu məhkəmə ancaq aşkar cinayətlərin cəzasını verir. Nəyə görə öz qurbanını bir zərbəyə öldürən, siz yuxudaykən comərdcəsinə başınızın üstünü kəsdirərək, sizi əbədi yuxuya gömən, yaxu da sizə xırıldamağa, can verməyə macal qoymadan xəncəri lapdan, düz sinənizə saplayan qatil ölüm və rüsvayçılıq gözləyir? Zəhəri damcı-damcı ruha axıdan, onu içdən gəmirə-gəmirə, oya-oya məhv edən qatilin qisməti niyə xoşbəxt və ehtiramlı həyat olur? Cəzasız qalan nə qədər qatil var!

***

Nə yaşım var ki?! Vur-tut otuş beş, bəlkə də, məni gözəl illər gözləyir. Xoşbəxtlik adamı cavanlaşdırır, xoşbəxtliyi tanımaq istəyirəm. Heç bilmirsiniz, necə gözəl planlarım var, hamısını Kloşqurdda qoyub birlikdə İtaliyaya gedərik.

***

Görəsən, ölüm ayağında hamı belə olur? İctimai maskaları çıxararaq, hələ o maskalardan xəbəri olmayan uşaqlara çevrilərmi?

***

Tatarların zinakarlara verdiyi işgəncəyə bənzəyirdi: onlar zinakarların bir üzvünü – əlini, ya da ayağını taxta məngənəyə keçirir, yanına da bıçaq qoyurdular ki, acından ölmək istəmirsə, sıxılan üzvünü özü kəsib məngənədən çıxsın. Mənim ruhum da məngənədə əzab çəkirdi, onun ən gözəl üvünü öz əlimlə kəsib atacaqdım.

***

Heyhat! Həyatda hamımızın ürəyimizdən nizə zərbəsi aldığımız, ilk otuz üç ilimizi basdırdığımız, başımızda qızılgül çələnginin əvəzinə tikanlı çələng hiss etdiyimiz Qolqofumuz var.

***

Hamımız, eynən mənim Turdan Kloşqurda gəldiyim kimi, səhər tezdən ürəyimiz sevgiyə susamış halda dünyanı fəth etməyə yollanırıq; daxili zənginliyimiz bərkdən-boşdan çıxıb imtahanlardan keçəndən, biz insanların və hadisələrin axarına qarışandan sonra ətrafımızdakı hər şey hiss edilmədən, yavaş-yavaş kiçilir, cırlaşır, bizə qalan içindən tək-tük hallarda qızıl dənələri tapdığımız bir qalaq kül olur. Həyat bax belə şeydir! Əsl, bəzək-düzəksiz həyat: böyük amallar və cılız həqiqətlər.

***

Sizə necə qısqanc olduğumu deməmişdim? Qısqanclıqdan ölə biləcəyimi də? Gördüyünüz kimi, ölürəm.

***

Qanınızın coşğunluğu mənim qanımda da keçdi; gəncliyiniz mənim gəncliyimi oyatdı, arzularınız ürəyimə işlədi.

***

Bu böyük ürəkli qadının bütöv həyatı təkcə mənə məlum idi, hissələrinin sirrinə təkcə mən bələd idim, ruhunun dərinliyinə təkcə mən baş vurmuşdum, nə anası, nə atası, nə əri, nə uşaqları – heç kəs onu tanımamışdı! Nə qəribədir! Kül topasının içində eşələnir və külləri qarşınıza sərməkdən zövq alıram; onun içindən hər birimiz ən qiymətli xəzinələrimizin zərrəsini tapa bilərik.

***

İnsan həyatı belədir: analar uşaqlarını nə qədər tanımırlarsa, uşaqlar da analarını o qədər tanımırlar.

***

Sizi xristiana layiq mərməhətlə sevməyimi istəyirsiniz. İnanın, mərhəmətimdən çox şey edə bilərəm, sevməyi çıxmaq şərtilə.

***

Qadınlar sevgilərinin toxumlarını qayaların üstünə səpməyi, nəvazişlərini bir yaralı ürəyi sarımağa xərcləməyi xoşlamırlar.

Tərcümə: Çimnaz Vəliyeva

1 (20%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram