Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Arne Svingen “Sınmış burunun nəğməsi”

Annotasiya

“Sınmış burunun nəğməsi” (norveç dilində “Sangen om en brukket nese“) – Norveç yazıçısı Arne Svingenin 2012-ci ildə çapdan çıxan kitabıdır.

Əsərin baş qəhrəmanı 13 yaşlı Bartdır. O, ideal bir ailədə böyümədiyindən artıq həyatın bir çox keşməkeşləri, qayğıları ilə tanış olub, amma buna baxmayaraq, həmişə optimistdir, bədbinliyi özünə yaxın buraxmır.

Anası Bartı çox istəyir, onu boksa qoyur ki, oğlu özünü müdafiə eləyə bilsin. Ancaq Bartın öz müdafiə mexanizmi var: o, həddən artıq pozitivdir, həm də melomandır. Musiqi sayəsində probləmlərin ağır yükü altında əzilmir. Amma qəhramanımız utancaqdır, gizli hobbisini üzə çıxarda bilmir. Yaxşı ki yanında sinif yoldaşı, sirsaxlamaz Ada var.

“Sınmış burunun nəğməsi” qəhrəmanlıq, qorxu, sevgi, bullinq, idman və musiqi haqqında yumoristik və bir o qədər də qəmli əhvalatdır.
Kitab 2012-ci ildə Norveç Mədəniyyət Nazirliyinin Uşaq Ədəbiyyatı mükafatının qalibi olub. 15-dən çox dilə çevrilib.

Karandaşın izi ilə

Kristian gözümün qarşısında titrəyir. Pis işləyən televizor kimi.


***


Deyir ki, əgər mən ürəkdən istəsəm, yaxşı döyüşçü ola bilərəm. Onun bu sözlərinə inanıram. Amma bu axşam yox. Nə də ki, sabah inanacağam. Heç məktəbdə olanda da inanmıram. Xüsusilə də beləcə, arxası üstə uzanıb ürəyim bulananda onun sözlərinə heç qulaq asmaq istəmirəm.


***

Həyatın gözəlliyi ondadır ki, heç vaxt bilmirsən bir dəqiqə sonra başına nə iş gələcək. Sanki hər yeni gün bir hədiyyədir. Bağlamanı aç və sənə nə hədiyyə etdiklərini özün gör.


***

Zərfi evdə, döşəyimin altında gizlədirəm. Anam tapsa, başım ağrıyacaq, amma yaxşı ki, mələfələri özüm dəyişirəm.


***

Tənəffüs zamanı şalvarımın paça yeri sökülür, amma bunu heç kəs görmür. Əgər heç kəs fərqinə varmayıbsa, hər şeyin qaydasında olduğunu demək olarmı?


***


Dərindən nəfəs alıb evə yollanıram. Görürsən də, bəzən evə getməzdən öncə dərindən nəfəs alıram.


***

Mənim müsbət cəhətim odur ki, həyatda hər şeyin yolunda olmadığını qəbul edə bilirəm. Yalnız axmaqlar bütün işlərin yağ kimi getdiyinə inanır.


***

Anam mənə elə baxır ki, sanki ayaqqabısının altına yapışmış bir zibiləm.


***

Sanki iki nəfərəm: qulaq kanallarını zədələyən mən və anaları qürurlandıran mən. Zənnimcə, bu iki şəxs, əslində, heç vaxt bir-birilə görüşməyib.


***

İsti qalmaq üçün şalvara da işəmək olar.


***

– Sənin əzmkarlığına qibtə edirəm. Ancaq boks elə bir idman növüdür ki, mütləq vurmalısan.

– Yəni?

– Sən isə vurmursan.

– Amma mən yaxşı müdafiə oluna bilirəm.

– Bu, öz yerində. Ancaq aradabir hücuma da keçməlisən.


***

Bir istedadı gizləmək elə də asan iş deyil. İstedad – özünəməxsus bir gücdür. Tez, ya gec üzə çıxmalıdır.


***

Nə üçün axı həmişə rəqabət olmalıdır? Olmazmı ki, biz sadəcə əlimizdən gələni edib hamının bəyənəcəyinə ümid edək?


***

– Dərslərimi oxumalıyam, – deyirəm.

– Sən bir gün dahi olacaqsan. Buna əminəm.

– Bəs dahi olmasam necə?

– Yox, sən dahi olacaqsan. Bilirəm bunu.


***

Məktəbdə heç kəsin xəbəri olmadığı müddətcə sosial evlərdə yaşamaq problem yaratmır.


***

Məktəbdə özümə dost qazananda köçməyi o qədər çox arzulayıram ki, qarnıma sancı dolur.


***


Əgər qonaqlar çıxhaçıxda gülürlərsə, onda onlara elə gəlir ki, bütün qonaqlıq yaxşı keçib.


***

– Bağışla məni, – deyir.

– Nəyə görə?

– Burada yaşadığımıza görə və … qonaq qəbul etməyə, bəlkə də, münasib olmadığımız üçün.

– O heç kəsə deməyəcək.


***

– Onunla danışa bilərəm?

– Hə, birbaşa otağına get. Dəhlizdə, soldan dördüncü qapı.

Soldan dördüncü qapı? Bizim məzildə yalnız bir qapı var, o da ayaqyolunun qapısıdır.


***

Bu gün natamam cümlələr günüdür. Bütün sözləri demədən böyük məna ifadə edən cümlələr günü.


***

Hə, mən də boks haqda bir film kirayə götürmüşəm ki, axşam birlikdə izləyək. Buna bir bax.
Diskin qutusunun üstündə havada tullanan bir oğlan təsvir edilib. Oğlanın adı “Billi Elliot”dur.

Görünür, bu oğlan daha çox baletlə məşğul olmaq istəyir.

Nə? Balet?


***

Görəsən, adam yeniyetmə olanda həyata baxışı dəyişir? İməcilik təşkil edib hamının əlini sıxandan sonra özümü yetkin adam kimi hiss etdim. Ancaq velosipedi yalnız burnu fırtıqlı uşaqlar sürə bilmir.
Məncə, mən həm ondanam, həm də bundan. Belə də yaşamaq olar.


***

Amma məhz bu anda azacıq istirahətə ehtiyacım var, mümkünsə, bir neçə illik.


***

Yeni ideyaların axmaq cəhəti odur ki, yatmağa imkan vermirlər.


***

Necə bir vəziyyətdə olursan ol, hər zaman səndən də betər vəziyyətdə olanlar var.


***

– Sən başqaları kimi deyilsən, Bart. Məncə, sən…

– Qəddar ?

– Yox, sadəcə fərqlisən.

– Fərqli olmaq yaxşıdır?

– Qəddar olmaqdan yaxşıdır.


***


Şayiə yaymaq küləyin əsdiyi istiqamətdə tüpürmək kimi bir şeydir.


***

Bilirəm, bəzən başımdan böyük vədlər verirəm. Ancaq sənə yaşayan… bir ana lazımdır.

Hə, yaşayan analar ən gözəl analardır.


***

– Sən daha yaxşı bir anaya layiqsən, Bart.

– Mən öz anamdan məmnunam.

– Gözəl sözlərdir, Bart. Ancaq mən daha yaxşı ana olmalıyam. Və indi bunun əvəzini çıxacam.

– Ağacda bir quş var, – deyib əlimlə göstərirəm.

– Söz verirəm.

– Bax, uçdu getdi.


***

Evdəki divanda əyləşib böyük-böyük vədlərin necə axmaq bir şey olduğunu düşünürəm. Televizorda kimsə qızınmaq üçün şalvarını islatdığını deyəndə, anamı düşünürəm. Ona görə yox ki, o, şalvarını isladır, sadəcə əməl edə bilmədiyi çox sözlər verib.


***

– Həyatda uğur qazanmağın sirrini bilirsən ? – o qəfil soruşur.

– Yox.

– Heç mən də bilmirəm.


***

– Bacaracam, – deyib yoluma davam edirəm.

– Optimizm yaxşı şeydir. İnsanın ömrünü uzadır.

– Bu, optimizm deyil. Mən sadəcə bacaracam.


***

Sözləri ilan kimidir, təhlükəsiz olduğunu düşünürsən, amma qəfil adamı çalır.


***

Nənələr haradan peyda olur, görəsən ? Sanki onlar müşkül məsələləri yoluna qoymaq üçün gəliblər. Televizorda kralın həyatda xüsusi bir nailiyyət qazanmış insanlara medal verdiyini göstərirdilər. Məncə, nənələr bu medallarla təltif olunmalıdır. Xüsusi Nənə medalı ilə!


***

– Təşəkkür edirəm.

– Xoşdur, Bart. Mənim kimi olma.


***


Paltarlarımın hamısı artıq balacalaşıb.
Bu həmişə belə olur.
Amma bir gün bunun mənim də başıma gələcəyi ağlıma gəlməmişdi.

Tərcümə: Vüsalə Əfəndiyeva, Aytən Məmmədova

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram