Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yerji Koşinski “Boyalı quş”

Annotasiya

“Boyalı quş”(ingiliscə “The Painted Bird“) – polyak yəhudisi, amerikalı yazıçı Yerji Koşinskinin 1965-ci ildə qələmə aldığı bu romanda İkinci Dünya müharibəsi balaca oğlanın gözləri ilə təsvir edilir. Müəllif kitabın avtobioqrafil olduğunu qeyd etsə də, roman işıq üzü gördükdən sonra tamamilə uydurma olduğunu elan edib. “Boyalı quş” müharibə və onun dəhşətlərindən bəhs edir. Nasistlərin təqiblərindən qorunmaq üçün ata-anası tərəfindən uzaq bir kəndə göndərilən uşaq sağ qalmaq uğrunda mübarizəyə atılır.

Karandaşın izi ilə

Utopik gələcək haqqında yeddimərtəbəli vədlər verən siyasətdən fərqli olaraq, belletristika insan həyatının daha gerçək təsvirini verə bilir.

***

Roman yazmaqda məqsədim “bu yeni dil”i, amansızlığın dilini, onun nəticəsi olaraq yaranan “əks-dil”i – qəzəb və ümidsizlik dilini araşdırmaq idi.

***

Bütün bunlar mənə uşaqlıq illərimdən yaxşı tanış olan bir kəndli adətini, daha doğrusu, əyləncəsini xatırlatdı. Onlar müxtəlif quşları tələyə salıb tutur, sonra rəngləyib buraxırdılar. Azad olan quş öz küyülünə, qatarına qoşulmaq istəyirdi, amma o biri quşlar onu tanımırdılar. Onlar rənglənmiş quşu dəstəyə soxulmuş yad cinsin nümayəndəsi saydıqlarına görə ona hücum edib dimdikləyir, zavallını öldürürdülər. Qərara gəldim ki, bu mifik əsərin adından istifadə edim, romanımı hadisələrin bəlli tarixi, coğrafiyası olmayan bir əsər kimi yazım. Mənim romanım “Boyalı quş” adlanacaqdı.

***

Onun üçün ən gözəl həyat dünyanın diqqətini cəlb etmədən yaşayıb ölmək idi. Əmin idi ki, dünyanın diqqətini cəlb edən yaradıcı şəxsiyyətlər bütün uğurlarını özünün və sevdiklərinin xoşbəxtliyi hesabına qazanır.

***

Mən indi özümü bir dəfə partizanların öldürdüyü küçük kimi hiss edirdim. Əvvəl onun başını tumarlamış, qulaqlarının ardını qaşovlamışdılar. İt yaraqlıların nəvazişinə həvəslə cavab vermiş, onlara yalmanıb quyruq bulamışdı. Sonra partizanlar ona sümük göstərib uzağa səlbələmişdilər. Küçük quyruğunu bulaya-bulaya, çiçəkləri əzə-əzə, kəpənəkləri perikdirə-perikdirə sümüyün dalınca qaçmış, tapıb qürurla partizanlara göstərdiyi anda güllələnmişdi.

***

Bu kəndin adamları aramla, ölçülü-biçili danışırdılar. Sözü duz kimi qənaətlə işlədir və deyirdilər ki, dil insanın ən qorxulu düşməni ola bilər. Dildən iti adamlara yaxşı baxmır, onları yəhudi, ya da qaraçı falçıların təsiri altına düşmüş azğın, şərəfsiz adam sayırdılar. Az danışmağa, sakit oturmağa alışmışdılar. Danışanda, güləndə ağızlarını örtür, bədxahlarının dişlərini saymasına imkan vermək istəmirdilər. Bircə araq içəndə dilləri açılır, özlərini daha sərbəst aparırdılar.

***

Bilirdim ki, ədalət, adətən, gec bərpa olunan şeydir.

***

Ədalət güclü bir qolun qaldırıb dünyanın başı üstündə saxladığı nəhəng çəkicdir, göy üzündə bir anlıq ləngiyə bilər, amma gec tez zindana çırpılacaq.

***

Necə olur ki, adamların gözünün, saçının rəngi ona başqaları üzərində bu boyda üstünlük verir?

***

Fikirləşirdim ki, böyük sobalar tikib bütün yəhudi və qaraçıları yandırmaqdansa, bütün insanların gözlərinin, saçlarının rəngini dəyişmək daha asan olmazmı?

***

Mən dəhşətə gəldim. Keşiş ömrü boyu mömin həyatı sürmüşdü, kim bilir, nə qədər dua etmişdi, amma o da hamı kimi xəstə halda yatağa düşmüşdü. Bəs bunun xoş günləri nə vaxt olacaqdı?

***

Həyatda uğur qazananlar haqqında çox vaxt deyirdilər: “Şeytanla əlbirdir”. Kəndlilər bir-birini ölülərlə, Lüsifer, Mammon kimi şər qüvvələrlə sövdələşmə hesabına varlanmaqda günahlandırırdılar. Şər qüvvələr kəndlilər üçün bu qədər əlçatan idisə, demək, onlar həmişə insanların böyür-başında dolaşır, dəvətlərini gözləyirdilər.

***

Dua ilə bəddua, kilsə ilə meyxana arasında tərəddüd edənlər bu həyatda sürünür, tənha yaşayır, nə Allahın yardımına ümid edə bilir, nə də şeytanın.

***

Bir var günahsız adamı döyəsən, bir də var onda başqalarına qarşı nifrət oyadasan. Şər qüvvələrin nəzərində ikinci daha dəyərlidir. Amma ən yaxşısı bir qrup adamda, böyük bir kütlədə nifrət yaratmaqdır. Mən bütün sarışın, göygöz adamlarda qarayağız, qarabuğdayı adamlara qarşı nifrət oyatmış adamın şər qüvvələrdən necə böyük mükafat aldığını təsəvvür etməkdə çətinlik çəkirdim.

***

Mən fikirləşirdim ki, Allah günahkar bəndələrini bu qədər asanlıqla duz sütunlarına çevirirsə, duz niyə bu qədər bahadır? Həm də o nəyə görə suçluları ətə, şəkərə çevirmir? Kənd camaatının bunlara da böyük ehtiyacı vardı.

***

Kitablar məndə güclü təəssürat oyatmışdı. Onların səhifələrində həyat o qədər real olurdu ki… Mən kitabları bir növ konserv bankalarındakı ətə bənzədirdim. Konserv əti gündəlik həyatda əlimizə düşən ətdən daha şirəli, tamlı olduğu kimi, kitablar da həyatı mənim gerçək aləmdə duya bildiyimdən artıq boyalarla təsvir edirdi. Məsələn, mən gündəlik həyatda, əslində, tanımadığım adamları görürdüm, kitablarda isə adamların fikirlərini oxumaq, məqsədlərini öyrənmək mümkün idi.

***

Qavrilanın köməyi ilə oxuduğum ilk kitab “Uşaqlıq” oldu. Onun təqribən mənimlə həmyaş olan qəhrəmanı atasını kitabın elə ilk səhifəsində itirir. Kitabı bir neçə dəfə oxudum. O mənim içimi ümidlə doldurdu. Çünki eynilə mənim kimi, onun qəhrəmanının da həyatı ağır keçmişdi. Anasını itirəndən sonra tamam kimsəsiz qalmış, qarşısına çıxan bütün çətinliklərə rəğmən böyük şəxstiyyət – Qavrilanın dediyinə görə, Rusiyanın ən böyük yazıçılarından biri Maksim Qorki olmuşdu.

***

Allaha inanmaq insanlara rahatlıq gətirirdi. Onlar, adətən, övladlarından əvvəl ölürdülər. Amma bu, təbiətin qanunu idi. İnsanların yeganə təsəlli yeri bu idi ki, onlar öləndən sonra övladları bu dünyada başsız qalmayacaq, Allah onları öz himayəsinə götürəcək, doğru yola hidayət edəcək. Övladları da bununla təsəlli tapırdılar ki, ölən valideynləri o dünyada Allahın dərgahına qovuşacaqlar. Allah həmişə insanların ağlında, düşüncəsində idi – hətta Allahın başı çox qarışıq olanda, bəndələrinin dualarına qulaq asmağa, savablarını hesablamağa vaxt tapmayanda belə.

***

Sovet dünyasında insanın şəxsiyyətini onun özü yox, ətrafındakı adamlar qiymətləndirirdi. Bir insanın dəyərini, əhəmiyyətini “kollektiv” deyilən qrup müəyyən edirdi. Kollektiv müəyyən edirdi ki, filankəsin cəmiyyətə daha faydalı ola bilməsi üçün nələri çatışmır, yaxud nələri qədərindən artıqdır. Onun bütün dəyəri başqalarının onunla bağlı rəylərinin məcmusundan ibarət idi.

***

İnsan çox qürurlu məxluqdur. İnsanın özünün daxili müharibəsi, savaşı, öz ədaləti olur. Udduğunu, uduzduğunu yalnız özü müəyyən və mühakimə edir.

***

İnsan başqaları tərəfindən nə qədər sevilsə də, əslində, öz dünyasında yaşayır. Özü ilə dil tapa bilmirsə, görmək istədiyi işi görə bilmirsə, öz aləmində şəxsi ləyaqətini qoruya bilmirsə, bu dünyada Lermontovun sözləri ilə desək, “Cənnətdən qovulan pərişan iblis” kimi dolaşır.

***

Yad adamların aqibətini həll etmək, onların taleyinin ağası olmaq insanda çox güclü hisslər oyatmalı idi. Mən heç bilmirdim ki, adamı xoşbəxt edən bu qüdrətə malik olduğunu dərk etməsidir, yoxsa o gücdən istifadə etməsi.

***

Mənim aləmimdə danışa bilməməyim xüsusi bir əhəmiyyət kəsb etmirdi. Çünki insanlar onsuz da bir-birlərini başa düşmürlər. Onlar bir-birlərini sevir, nifrət edir, qucaqlayır, rədd edirlər, amma, əslində, hər kəs yalnız özünü tanıyır. İnsanın şəxsi təcrübəsi, xatirələri, emosiya və hissləri onunla başqaları arasında sədd çəkir – bir çayın qıjovu ilə bataqlıq sahili arasındakı qamışlıq kimi. Bu kişini necə başa salaydım ki, biz ətrafımızdakı dağ zirvələri kimiyik. Bir-birimizi görürük, amma aramızda dərin dərələr, gen vadilər var. Nə görünməyəcək qədər alçağıq, nə də göy qüvvəsinə dirənəcək qədər yüksək.

Tərcümə: Anar Mahmudov

3 (60%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram