Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Siril Massarotto “Onun unutduğu ilk adam”

siril-massarotto-onun-unutdugu-ilk-adam-cyril-la-premier-oublie-kkoAnnotasiya

“Onun unutduğu ilk adam” (fransızca “Le Premier oublié”) – Müasir fransız yazıçısı Siril Massarotto yaradıcılıq fəaliyyətinə “Saint-Louis” qrupunun mahnılarına söz yazmaqla başlayıb. Müəllif indiyədək bu qrupun üzvlərindən biridir.

Psixoloji roman janrında qələmə alınmış “Onun unutduğu ilk adam” əsərində Alsheymer xəstəliyindən əziyyət çəkən altmış yaşlı Madlenin son illəri təsvir edilib.

 

Karandaşın izi ilə

– Salam, ana.
– Siz kimsiniz?
Dünyam beləcə dağıldı: bir cümlə və mən onun unutduğu ilk adam oldum.

***

Şirniyyat möcüzələr yaradır: onun sayəsində böyük insan uşağa çevrilir.

***

Yaşamaq istəyib-istəmədiyimlə bağlı məndən heç nə soruşmayan, ancaq həmişə sabahkı günü görmək istəyimin olması üçün əlindən gələn hər şeyi edən anama

***

Ertəsi gün sizə gələndə etiraf etdin ki, yaradıclıq sənin uşaqlıq arzun olub, həmişə rəssamlıqla məşğul olmaq istəmisən, amma çox kasıb olmusunuz, yoxsulluq isə şəkil və fırçaları sevmir!

***

Az sevilən, tez unudulur.

***

“Alsheymer xəstəliyi” diaqnozu rəsmi şəkildə qoyulduqda, ağlıma gələn ilk fikir bayağılığı ilə məni təəccübləndirdi: heç nə əvvəlki kimi olmayacaq.
Əvvəlki.
Anamın məni tanıdığı zamanlardakı kimi. Ən qorxulu şey onun məni tanımaması deyil, bütün dəhşət ondan ibarətdir ki, o daha mənim kim olduğumu bilmir.

***

Budur, elə bir gün gəlib çatır ki, ayağınızı kəsirlər: atanız ölür. İl yarımdan sonra xəbər verirlər ki, o biri ayağınızda da qanqrena var, başqa çarəniz yoxdur: tezliklə onu da kəsəcəklər.
Cəmi on səkkiz ay və həyatdakı əyləncəli səyahətiniz başa çatır. Daha gedəsi bir yeriniz yoxdur, axı hələ bir müddət əvvəl qarşınıza sərilən imkanların sayı-hesabı yox idi. Və hər bir imkana aparan yol da dəhşətli dərəcədə cəlbedici görünürdü.

***

Biri mənə bunu izah etsə, sübut etsə ki, işarələr mövcuddur və onların bir mənası var, onda ən yaxşı qələmimi əlimə alıb kitab yazardım. Bu kitabda anam xəstələnməz, qocalanda, təbii ki, çox qocalanda yox, məsələn götürək, doxsan bir yaşında yuxuda ölərdi. Onun üçün diqqətlə ölüm və dəfn günü seçərdim – mənim üçün uyğun tarixi, ailəmiz üçün heç bir əhəmiyyət kəsb etməyən bir gün, məsələn, fevralın iyirmi doqquzunu. Fevralın iyirmi doqquzu heç birimizin ad günü deyil. Bundan başqa, bu tarixi seçsəydim, yalnız dörd ildən bir kədərlənərdik.

***

Bir balaca vəziyyətim yaxşılaşan kimi özümü saxlaya bilmirəm və başlayıram müxtəlir tibbi rəyləri və hesabatları oxumağa. Bilmək istəyirəm, qarşıda məni nə gözləyir. Bu dəhşətdir, amma özümü saxlaya bilmirəm. Əyləci basıb baş vermiş qəzaya – yerdə uzanan, üstü mələfə ilə örtülü motosiklet sürücüsünə baxmaq istəyən insanlar kimi. Mən də baxmaq üçün əyləci basıram. Ancaq verilmiş halda mələfənin altındakı motosiklet sürücüsü elə mənim özüməm.

***

Zaman bir neçə fizik tərəfindən icad edilmiş hesablama elementidir. Bizlər üçün isə heç bir zaman yoxdur, yalnız yaxınlaşan ölüm var. Və hələ ki, o gəlib bizi haqlamayıb xatirələri toplamaq, yığmaq lazımdır. Xatirələri – əlimizdən heç kimin ala bilməyəcəyi xəzinəni.

***

Tanrı gəlir… çırtma vurur və sən bir otağa düşürsən. Otaq köhnədir, ortasında beşik var, onun içində isə körpə.
Tanrı yenə çırtma vurur və sənin əlində bıçaq əmələ gəlir. Qəssab bıçağı kimi böyük, ülgüc kimi iti. Və Tanrı sənə deyir: “Biz Avstriyadayıq, indi 1889-cu ildir. Bu körpənin adı Adolf Hitlerdir. Dövrümüzə qayıtmaq üçün on saniyən var”. Nə edərsən? On saniyən getməyə başladı.

***

Yalnız bu – vaxtaşırı dəlilik tutmaları olsaydı, bununla yaşamaq olardı. Amma ən dəhşətlisi bu deyil. Ən çox əzab verən şey, uşaqlarımın gözlərində oxuduqlarımdır. Ağrı, qorxu, kədər, hərdən mərhəmət: sevginin ala biləcəyi ən acınacaqlı formalar.

***

Ölümcül xəstəliyin bir üstünlüyü var ki, daha riyakarlığa ehtiyac qalmır. Heç vaxt ölməyəcəksənmiş kimi yaşamaq məcburiyyətində deyilsən. Öləcəyini bildiyində həqiqətin gözünə dik baxmaq olur. İndi bunu bilirəm, görürəm. Nə olsun ki? Guya bununla düşündüyümü ifadə etmək asanlaşır?

***

Elə hey ağlayırıq. Buna dözmək olmur. Dayanmadan ona deyirik: “Səni sevirik, səni sevirik”. Hətta mən də. Hərçənd heç vaxt bir-birimizə bunu deməmişik. Heç buna ehtiyac da yox idi. Çünki sözlərsiz də bir-birimizi sevdiyimizi bilirdik. Bundan başqa, son zamanlar görüşüb ayrılanda heç öpüşmürdük də. Sadəcə əl sıxışırdıq. Sanki nə qədər çox sevirsənsə, bir o qədər bu hissdən utanırsan.

***

Doktor Alsheymer doktor Frankenşteynin əksidir: birinci tamamilə canlı bədəndən ruhu çıxardığı halda, ikinci ölü bədənə ruh qoyurdu.

***

Nə fərqi var, o nə cavab verəcək. Onsuz dərhal o cavabı da unudacam. Bu dəhşətdir, çünki bu artıq pis yaddaş deyil: sanki hansısa hissiyat orqanlarımdan birini itirmişəm. Daha zamanı qiymətləndirə bilmirəm, o mənim üçün ətrini, rəngini, dadını itirib. Görəsən niyə zaman hissiyat duyğularının sırasına aid edilmir? Mən zaman qabiliyyətimi itirmişəm.

***

– Çünki sən belə bir şəraitdə yaza bilməzsən. Tomb, sən əlindən gələni eləmisən. Anamızı harasa yerləşdirməliyik.
Anamızı yerləşdirmək. Dərhal bu sözə nifrət etdim. Və bu sözün arxasında duran bütün riyakarlığa, yalana, rüsvayçılığa. Bu söz arxasında gizlənə biləcəyiniz pərdədir. Anaları “yerləşdirmirlər”, onları atırlar.

***

Tanımadığı insanlar arasında anam özünü necə yalnız hiss edəcək… Əminəm ki, unutduğu insanlar arasında o, özünü daha yaxşı hiss edərdi.

***

Hiss edirəm ki, tezliklə yenidən yazmağa başlayacam. İçimdə nəsə yüksəlməyə başlayır, çünki yazmaq yüksəlişdir. Əvvəl fikirləşirdim ki, yazmaq enişdir. Mənə elə gəlirdi ki, hər şey yuxarıda baş verir. Hər şeyin səbəbi gurultulu axınla düz başıma tökülən naməlum ilham mənbəyidir. Sonradan başa düşdüm ki, bu belə deyil. Ədiblik daxildə qaynayan vulkandır, onun çıxmağına icazə vermək lazımdır. Yazıçı ondan çıxan lavaya istiqamət verə bilməlidir. Lava qarından ürəyə, daha sonra yuxarıya ələ və nəhayət, barmaqların ucuna tökülməlidir. Lava başdan keçməməlidir, əks təqdirdə beyin onu soyudacaq və o donacaq. Yazıçı öz daxili alovunun bələdçisidir.

***

Klara məni sevir. Bunu kor gözlə də görmək olar. Baxmayaraq ki, bu barədə bircə dəfə də olsun mənə bir kəlmə belə deməyib; mən də onu sevirəm və tez-tez ona onu sevdiyimi söyləyirəm, çünki bilirəm ki, üzümə baxanda bu hiss olunmur. Düşünürəm ki, bu düzgün tarazlıqdır.

***

– Arvadı qırx ildən çoxdur ki, ölüb, o isə hər gün onun qəbrinə gül aparır?
– Hə.
– Xəstə.

***

Hər dəfə telefon zəng çalanda ürəyim sıxılır: düşünürəm ki, bu həmin zəngdir. Bu zəngi gözlədiyim kimi, ondan qorxuram da. Elə hey fikirləşirəm ki, görəsən, hansı güclü çıxacaq? Rahatlıq duyğusu yoxsa kədər?!

***

Utanıram.
İnsan sevdiyi birinə necə ölüm arzulaya bilər? Nə vaxt, hansı şəraitdə buna haqqı çatır? Bu nə zaman mümkün olur? Bu xeyirdir yoxsa şər?

***

Ətri və dadı yadda saxladığımız kimi ağrılarımızı da unutmuruq.

***

Dəli olmaq olar. Sevdiklərimiz bizə nə qədər qəm-kədər bəxş edir.
Elə bil qarğışdır. Sevdiyimiz insanlar özləri də istəmədən bizim ən amansız zülmkarımıza çevrilirlər, bizi tərk etməklə bizə ən güclü əzabı yaşadırlar.

***

…əsas konkret bir adamla olan bağ deyil, ümumiyyətlə bağın olmasıdır. Bunun nəyə yönəlməsinin, əsasını nəyin təşkil etməsinin, yeganə və ya dəyişkən olmasının heç bir əhəmiyyəti yoxdur: bu bağ var olduqca, həyat da olacaq…

***

İnsan nə ölü, nə diridirsə, onda o nədir?

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram