Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Orhan Pamuk “Məsumiyyət muzeyi”

orhan-pamuk-masumiyyet-muzeyi-kkoAnnotasiya

“Məsumiyyət muzeyi” (türkcə “Masumiyet müzesi”) – Türkiyənin Nobel mükafatı laureatına sahib olan yazıçısı Orxan Pamukun altı ilə yazdığı gözəl eşq romanı “Məsumiyyət muzeyi”ni oxuyarkən yalnız eşqlə deyil, evlilik, dostluq, intim münasibətlər, şəhvət, ailə və xoşbəxtliklə bağlı bütün düşüncələrinizin dəyişdiyini və hekayənin cazibəsindən heç ayrılmaq istəmədiyinizi görəcəksiniz.

Karandaşın izi ilə

Onlar yoxsulluğun pul qazanmaqla unudulacaq bir günah olduğunu düşünəcək qədər məsum insanlardı. (Celal Salik)

***

Ölkədə bir televiziya kanalı olanda tanınmaq asandır.

***

Diqqət də zəkanın bir parçasıdır.

***

İnsan ancaq itirməkdən çox qorxduğu bir şey üçün yalan söyləyir.

***

İnsan ağlının sevgili və ya sevgili namizədi ilə durmadan məşğul olması eşqin ən əhəmiyyətli əlamətidirsə, onda Füsuna aşiq olmaq üzrəydim.

***

Əslində heç kim həyatının ən xoşbəxt anını yaşayanda həyatının ən xoşbəxt anını yaşadığını bilmir.

***

İnsan həyatının ən xoşbəxt anını yaşadığını xəyal edə biləcək qədər xoşbəxtdirsə, gələcəyin də gözəl olacağını düşünəcək qədər xeyirxah olur.

***

Həyatımızın sanki bir roman kimi artıq son şəklini aldığını hiss etdiyimiz günlərdə mənim indi etdiyim kimi ən xoşbəxt anımızın hansı olduğunu seçə bilirik. Yaşadığımız bütün bu anlar içərisindən niyə məhz bu anı seçdiyimizi izah etmək bizi məcbur edir ki, öz hekayəmizi bir roman kimi yenidən danışaq. Amma ən xoşbəxt anımızın hansı olduğunu göstərəndə onun çoxdan keçmişdə qaldığını, bir daha gəlməyəcəyini, buna görə bizə əzab verdiyini də bilirik. Bu əzabı dözüləsi edən tək şey həmin andan qalma bir əşyaya sahib olmaqdır. Xoşbəxt anlardan qalan əşyalar o anların xatirələrini, rənglərini, toxunma və görmə zövqlərini bizə o xoşbəxtliyi yaşadan şəxslərdən daha sədaqətlə saxlayırlar.

***

Bir insanın başqa fürsətləri olmasına rəğmən, həmin fürsətləri rədd edib, elə hey eyni adamla sevişmək istəyinə, bu xoşbəxtlik bəxş edən duyğuya “eşq” deyilir.

***

Oğlum, vaxtında, iş işdən keçmədən, qadına yaxşı davranmağı bilmək lazımdır.

***

Belə vəziyyətlərdə sözlər deyil, davranışlar, acımızın həqiqiliyi hətta gücü deyil, ətrafdakı şəraitə uyğunlaşmaq bacarığımız daha əhəmiyyətlidir. Bəzən düşünürdüm ki, siqaretin o qədər sevilməsi, nikotinin gücündən deyil, bu boş və mənasız aləmdə insana mənalı bir şey etmə duyğusunu asanlıqla verməsidir.

***

Anladıq ki, zarafatla yola verilməyəcək, danışmaqla azalmayacaq, paylaşmaqla yüngülləşməyəcək bu kədərdən ancaq sevişməklə qaça biləcəyik. Amma kədər sevişməmizi də yavaşladıb zəhərlədi.

***

Atam üç gözəl qızı seyr edərək dedi: “Hər ağıllı insan həyatın gözəl bir şey olduğunu, məqsədinin də xoşbəxtlik olduğunu bilir. Amma sonra yalnız axmaqlar xoşbəxt olur. Bunu necə izah edək?”

***

Bu ölkədə evlilikdən əvvəl yaxınlıq etdiklərinə görə illər sonra arvadlarını təhqir edən nə qədər kişi var.

***

– Cəlal bəy, məhəbbət qəzet məqaləsinə oxşamır, eləmi?
– Yaxşı köşə yazısı ilə məhəbbətin oxşar cəhətini tapdım, Kamal bəy.
– Nədir?
– Məhəbbət də, köşə yazısı da, təbii ki, bizi indi xoşbəxt etməlidir. Amma ikisinin də gözəlliyi və gücü ağıldan heç çıxmaması ilə ölçülür.

***

Məncə insanlar dublikat məhsulu saxta olduğu üçün deyil, “ucuza alındığı bilinər” qorxusu ilə istifadə etmək istəmirlər.

***

Bu xatirələrinin hər birinin təsəllisi keçincə arxalarından gələn sarsıdıcı əzaba dözə bilməyəcəyimi artıq bildiyim üçün xəyal qurduqca yataqdan çıxa bilmir, yataqda olduqca da ətrafımdakı hər şey mənə xəyal qurdurur və xatirələrimizi bir-bir geri gətirirdi.

***

Bir riyaziyyatçı kimi desəm, cəm əzab heç azalmır, ümidlərimin əksinə, artırdı.

***

Artıq mənim üçün xoşbəxtlik doğuşdan Allahın mənə bəxş etdiyi və haqq kimi söz-söhbət salmadan mənimsədiyim bir şey olmaqdan çıxmış, bəxtəvər, ağıllı və diqqətli insanların çalışaraq əldə edib qoruya bildikləri nemətə dönmüşdü.

***

İnsanın hər an fala baxa bilməsi üçün dünya, həyat, hər şey Allahın bizə yolladığı işarələrlə dolub daşırdı. “Küçədən keçən ilk qırmızı maşın soldan gəlsə, Füsundan bir xəbər alacam, sağdan gəlsə, daha gözləməyəcəm”, deyir və Satsatın pəncərəsindən yoldan keçən maşınları sayırdım. “Gəmidən körpüyə ilk atlayan mən olsam, Füsunu yaxında görəcəm,” deyər və kəndir atılmadan körpüyə tullanardım. “Yuxarı keçiddəki pilləkanın pillələrin sayı tək olsa, Füsunu yaxında görəcəm”, deyərdim. Pillələrin sayının cüt olması əzabımı artırır, uğurumun tutması isə məni bir anlıq rahatladardı.

***

Cəmiyyətimizi ayaqda saxlayan bir çox sağlam evlilik belə fırtınalı və bədbəxt eşqləri unutmaq üçün yaradılmışdı.

***

Artıq məhəbbət əzabımı formalaşdıran şey Füsunun yoxluğu deyil, əzabın sonunun heç cürə görünməməsidir.

***

– Problemim başqa bir qadına aşiq olmağın deyil, problemim mənə aşiq olmamağındır.

***

– Avropada zənginlər kübarcasına zəngin deyilmişlər kimi hərəkət edirlər… Mədəniyyət budur. Məncə mədəni və sivil olmaq da hamının bir-biri iə bərabər və azad olması deyil, hamının digərləri ilə bərabər və azad imiş kimi davranmasıdır. Belə olduğu təqdirdə, heç kim vicdan əzabı çəkməz.
– Hmmmmnnn…Sorbonnada boş durmamısan.

***

Əsl məhəbbət əzabı varlığımızın ən təməl nöqtəsində yerləşir, bizi ən zəif yerimizdən möhkəm tutur və digər əzablara dərindən bağlanaraq bütün bədənimizə və həyatımıza heç cürə qarşısı alınmayacaq bir şəkildə yayılır.

***

Pişik sevməyən qadın onsuz da kişisini xoşbəxt edə bilməz.

***

Mənim dünyamda yaşayan və mənim vəziyyətimə düşən türk kişilərinin çoxu kimi mən də dəlicəsinə aşiq olduğum qadının ağlından nələr keçirdiyini, xəyallarının nə olduğunu anlamaq əvəzinə onun haqda xəyallar qururdum.

***

Xoşbəxtlik insanın sevdiyi şəxsə yaxın olmasıdır.

***

Həyat və əzablar haqda olan bir film səmimi olmalıdır.

***

Mədəmdə günorta yeməyi, boynumda günəş, ağlımda eşq, ruhumda təlaş və qəlbimdə sızıltı var idi.

***

Radio, televiziya, azanlarla xəbərdar olduğumuz çöldəki “zaman” var idi və vaxtı öyrənmək çöldəki dünya ilə münasibətimizi tənzimləmək demək idi.

***

Saatlar və təqvimlər unutduğumuz Zamanı xatırlatmaq üçün deyil, başqaları ilə olan münasibətimizi və bütün toplumu tənzimləmək üçün düzəldilmişdir, belə də istifadə edilirdilər.

***

Əşyaların gücü içlərində yığılmış xatirələr qədər, əlbəttə, bizim xəyal və xatırlama gücümüzün cilvələrinə də bağlıdır.

***

İnsanın evi qarnının doyduğu, qəlbimin olduğu yerdədir.

***

Onsuz da romanın və muzeyin məqsədi xatirələrimizi səmimiyyətlə anladıb xoşbəxtliyimizi başqalarının xoşbəxtliyi halına gətirmək deyilmi?

***

Baxışmaq, əlbəttə, heç bir kəlmədən istifadə etmədən özümüzü baxışlarımızla başqalarına anlatmaq yoludur.

***

Əlbəttə, əhəmiyyətli olan sevdiyimiz adamı anlamaqdır. Bunu edə bilmiriksə, heç olmazsa, anladığımızı sanmaq da yaxşı şeydir.

***

Bizimki kimi bədbəxtlər aləmində film gerçəkliyin və bədbəxtliyimizin doğru rəsmini vermək əvəzinə, başımızı qatacaq, xoşbəxt edəcək yeni bir aləm yaratmalıdır.

***

Bir dəfə Muzaffer bəy mənə demişdi ki, türk tamaşaçısı həm həyatda, həm də filmdə məşhur və varlı olan birindən bezəcək.

***

Filmin gizli gücü ulduz şəxsin həyatdakı mövqeyi ilə filmdəki mövqeyi arasındakı fərqə əsaslanır. Zatən filmin hekayəsi də bu fərqin aradan qaldırılmasıymış.

***

Bəzən Zamanı bütünlüklə unudur, sanki yumşaq bir yatağa yatar kimi “indi”nin içinə yayılırdım.

***

Bəzən ona “Səni sevirəm!” demək üçün qarşıalınmaz bir istək duyar, amma yalnız çaxmağımla siqaretini yandıra bilərdim.

***

İnsan ən çox sevdiyi şeyləri mövzu edərsə, sənətdə uğurlu olarmış.

***

– Məhəbbət nədir?
– Nədir?
– Füsun magistral yolları, küçələr, evlər, bağçalar və otaqlarda gəzişəndə, çay bağçalarında, yeməkxanalarda və axşam yeməyi süfrəsində oturanda ona baxan Kamalın hiss etdiyi bağlılıq duyğusuna məhəbbət deyilir.
– Hmmm…gözəl cavabdır. Məni görməyəndə məhəbbət olmur?
– Onda dəhşət bir vəsvəsə, bir xəstəlik olur.

***

Sürücülük vəsiqəsi kurslarında və imtahanlarında saçlarını ağartmış yaşlı və xeyirxah polis bu vəziyyəti Füsuna izah etmişdi: “Qızım, imtahanda həm maşın sürəcəksən, həm də guya sürürsən kimi davranacaqsan. Birincisi özün üçündür, ikincisi dövlət üçün”.

***

Bəzən zamanın nə qədər keçdiyini dağıdılan bir binadan, balaca qız uşağının nəşəli, iri sinəli qadın olmasından, ya da gözümün çoxdan alışdığı dükanın bağlanmasından anlayar, təlaşlanırdım.

***

Qadınla kişinin yan-yana gələ, bir-biri ilə görüşüb danışa bilmədiyi məmləkətdə məhəbbət olmaz.

***

Xoşbəxt sonluqla bitən bütün eşq hekayələri onsuz da bir-neçə cümlədən daha çoxunu haqq etmir.

***

Səbir, təvəkkül ilə insanın qazana bilməyəcəyi qəlb, fəth edə bilməyəcəyi qala yoxdur, elə deyil?

***

Dünya cənnətə bənzər, yarı qaranlıq bir yerdir.

***

– Həyatımın sonuna kimi bu maşınla eyni damın altında yaşamaq istəyirəm, – dedim.
Bunu gülümsəyərək söyləmişdim, amma Çətin Əfəndi istəyimin səmimiliyini anladı, başqaları kimi “Kamal bəy, ölənlə ölünməz” demədi. Desəydi, ona Masumiyyət Muzeyini ölənlə yaşamaq üçün düzəldilmiş bir yer olduğunu deyəcəkdim.

***

Utancaqlar isə toplamaq üçün toplayırlar. Məğrur toplayıcılar kimi başlanğıcda əşyaları yığmaq onlar üçün də həyatdakı bir əzaba, bir dərdə, qaranlıq bir vəsvəsəyə cavab, təsəllidir, hətta dərmandır. Amma Utancaq kolleksiyaçıların yaşadığı toplum kolleksiyalara və muzeylərə əhəmiyyət vermədiyi üçün toplamaq bilgiyə, öyrənməkdə payı olan etibarlı bir şey olaraq deyil, gizlədilməsi lazım gələn utanılası bir şey kimi yaşanır. Çünki Utancaqların ölkəsində kolleksiyalar faydalı bir bilgiyə deyil, yalnız Utancaq kolleksiyaçının yarasına işarədir.

***

İnsanın gecələri dərin, duyğusal münasibətlər və xatirələrlə bağlı olduğu əşyalarla eyni məkanda yatmasından gözəl nə ola bilər!

***

Əsl muzeylər Zamanın Məkana çevrildiyi yerlərdir.

***

– Orxan bəy, yəqin, Floberin məktublarından oxumusunuz ki, o, “Madam Bovari”ni yazanda ilham pərisi və eynilə romandakı kimi qəsəbə otellərində, faytonlarda sevişdiyi sevgilisi Luiza Koletin saçlarından bir tel, dəsmal və başmağını bir rəfdə saxlayıb, arada onları çıxarıb, sevib oxşayıb, başmaqlara baxıb necə yeridiyini xəyal edirmiş.
– Xeyr, bilmirdim. Amma çox xoşuma gəldi.
– Orxan bəy, mən də bir qadını saçlarını, dəsmallarını, toqqalarını, bütün əşyalarını toplayacaq, illər boyu onlarda təsəlli axtaracaq qədər çox sevdim. Hekayəmi səmimi qəlbimlə sizə danışa bilərəmmi?
– Əlbəttə, buyurun.

***

Məsumiyyət Muzeyinin qapıları İstanbulda öpüşəcək bir yer tapmayan aşiqlərin üzünə həmişə açıq olacaq.

***

Millət olaraq rəsm sənətində bilgimiz, zövqümüz və heç bir istedadımız yoxdur. Türk milləti öz muzeylərində Qərb rəsminin pis təqlidlərini deyil, öz həyatını nümayiş etməlidir. Bizim muzeylərimiz zənginlərimizin özlərini qərbli hiss etmə xəyallarını deyil, həyatımızı göstərməlidir.

***

Bu əşyaları həyatımdakı bir çox şey kimi bir hekayənin, bir kitabın parçası ola biləcəyi üçün sevərdim.

***

Əşyaların bizdə duyğusal təsir bağışlaması, xatirələrimizi canlandırma gücü daşıması üçün ən uyğun vəziyyət, təbii ki, məhəbbətdir.

***

Romandakı ilk hədəfim muzey deyil, məhəbbət dediyimiz qarışıq, psixoloji, mədəni, antropoloji şeyi soyuqqanlılıqla anlatmaqdır. Məhəbbəti yüksək bir yerə qoyub, sevilən mahnılarda edildiyi kimi “aman, nə gözəl hissdir” demək istəmirəm. Bu hissi – avtomobil qəzası kimi – həyatda başımıza gələn və çox zaman bizə istəmədiyimiz qədər əzab verən bir şey olaraq anlatmaq istəyirəm. Məsumiyyət Muzeyi hər şeydən əvvəl məhəbbət haqqında düşüncədir.

***

Onsuz romancı olmaq öz duyğularımıdan bir başqasının duyğuları kimi və başqalarının duyğularından da öz duyğularınızdan kimi söz açmaq bacarığıdır.

Tərcümə: Lamiyə Göycəyeva

4.4 (88.57%) 7 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram