Annotasiya
“Asılmış tülkülər meşəsi” (fincə “Hirtettyjen kettujen metsä“) fin yazıçısı Arto Paasilinnanın 2008-ci ildə işıq üzü görmüş romanıdır.
Əsərdə cəsarətli soyğun təşkil edən, şərikləri ilə birlikdə bankdan qızıl oğurlayan, xainlik edərək yoldaşlarını satan və sudan quru çıxan təcrübəli cinayətkarın üzləşdiyi hadisələrdən bəhs edilir. O, oğurlanan qızıl sikkələri Laplandiyanın sıx meşələrində gizlədir və xəzinənin yaxınlığında məskunlaşır. Ancaq işlər planlaşdırdığı kimi getmir: təsadüfən fin ordusunun keçmiş zabiti quldurun qapısını döyür.
Karandaşın izi ilə
Oyva Yuntunen bu xadimə qadının xətrini çox istəyirdi, çünki qadın səylə işləyir və çox oğurluq etmirdi. Oyva Yuntunen özü oğru olduğu üçün dürüstlüyü yüksək qiymətləndirirdi.
***
Sonra qızlar zabit arvadları olurdular: əvvəl kiçik leytenant, sonra baş leytenant, ardınca kapitan və nəhayət, mayor arvadları. İllər keçdikcə ərlər daha da əsəbi olur, qadınların isterikliyi isə mütənasib şəkildə artırdı. Əgər ərlər vaxtında rütbə almırdılarsa, arvadlar sadəcə xəcalətdən ölürdülər. Fin ordusunun iyerarxiyası qadın ambisiyaları üzərində dayanırdı. Polkovnik arvadları general arvadlarına həsəd aparır, kapitan arvadları isə mayor arvadlarına kin saxlayırdılar.
***
Kim müharibəyə ayıq başla dözə bilər ki?
***
Oyva Yuntunen özü haqqında danışanda bülbül kimi ötürdü. Subay idi, bu yalan deyildi. Helsinkidən idi, bu isə yalan idi. Kitabxanaçı olduğunu deməklə lap ağ eləmişdi. Sonrası isə tamamilə cəfəngiyyat idi: guya uşaqlıqdan herbari toplayırmış, akvariumu var imiş, durbinlə quşları müşahidə edirmiş, məməlilərin izlərini öyrənirmiş. Oyvanı maraqlandıran yeganə məməli qadınlar idi.
***
Bəzən elə olurdu ki, hakimiyyət nümayəndələri Oyva Yuntuneni onun gözlədiyi vaxtda yoxlamağa gəlmirdilər. Onda cinayətkar özünü tənha və atılmış hiss edirdi. Sanki qohumları və dostları baş çəkməyən ağır xəstə idi.
***
– Deməli, sən doğrudan da quldursan, əsl cinayətkarsan?
– Qulduram. Üstəlik, peşəkar cinayətkaram. Baxmayaraq ki, arada universitet kitabxanasında da olmuşam. Kriminalistika üzrə əsərlərin surətlərini çıxarırdım. Bizim kimilər üçün bu, əsl xəzinədir.
***
– Həbsdən çıxandan sonra qərara gəldim ki, işləməyə heç cəhd də göstərməyim. Halal zəhmət, məncə, son dərəcə xoşagəlməz işdir. Başqa birinin üzərində pul da verdiyi bir işi görmək alçaldıcı görünür. Üstəlik, iş insanı taqətdən salır. Həmişə zəhmətkeş insanlara yazığım gəlib.
– Yəqin, vicdanının olub-olmadığını soruşmaq yersiz olar?
***
Yeməkdən sonra folklorşünas Puoli-Tiitto Naskidən nə qədər müharibə gördüyünü soruşdu. Qarı dörd-beş müharibə xatırlayırdı. Bunu nadir nailiyyət olaraq qəbul etdilər.
***
– İndiki dövrdə vanna almağa dəyməz. Duş daha çox sərf edir.
– Vanna rifah səviyyəsinin göstəricisidir. Kasıblar yağış altında yuyunurlar. Meşə heyvanları kimi.
***
Gənclik illərində Hurskainen “Hyvinkään Tahko” komandasının azarkeş-lideri kimi tanınmışdı, ona görə də lazım gəlsə, var gücü ilə söyüşlə qışqıra bilərdi.
***
Ayağına görə pensiya kəsməyiblər, baxmayaraq ki, sağlam ayaqları olan bir çox adam həm müavinət, həm də ömürlük pensiya alırdı. Buna görə də bəzən Piera başqasının maralını vurur, spirtli içki alveri edir, rabitəçilərlə onların daxmasında kart oynayırdı. Arada olurdu ki, tayqa sakini həbsxanaya düşürdü, çünki həyata bu cür baxışlar cəmiyyət tərəfindən xoş qarşılanmırdı.
***
Oyva Yuntunen bərk hirslənmişdi. Gələn dəstənin kim olduğunu zahiri görkəmlərindən dərhal anladı: gözəl və cavan idilər, bahalı geyinmişdilər, deməli, fahişə idilər.
***
Bəlkə mayor dəlidir? Dəlilik özlüyündə cəzalandırılmır. Dəliliyə görə insanları heç cərimələmək də olmaz. Bax, qayda-qanun belədir: sükan arxasında ehtiyatsızlığa görə cərimə edirlər, amma həyatdakı ehtiyatsızlığa görə yox.
***
Bəli, deyə polis düşündü, görünür, insan belə yaradılıb: həmişə qanundan yan keçməyə çalışır, alınmayanda isə birbaşa qanunu pozur. Elə bil Nyu-Yorkdadır.
***
İçindəki qəzəb min feministin qəzəbindən daha çox idi.
***
Bəzən uşaqların və fahişələrin dilindən həqiqəti eşitmək olar (hərçənd, çox vaxt tam əksi olur).
Tərcümə: Lamiyə Göycəyeva
