Annotasiya
“Data Tutaşxia” (gürcücə “დათა თუთაშხია”) – gürcü yazıçısı Çabua Amirecibinin 1973-1975-ci illərdə qələmə aldığı epik tarixi romanıdır.
Roman inqilabaqədərki gürcü cəmiyyətindən bəhs edir. Əsərin baş qəhrəmanı Data Tutaşxia ədalətsizliyə, zülmə və sosial haqsızlıqlara qarşı çıxan bir obrazdır. Amalı uğrunda hökumətlə və qanunla toqquşmalı olur, nəticədə qaçağa çevrilir, dağlara çəkilir.
Roman təkcə fərdi qəhrəmanlıq hekayəsi deyil, həm də dərin fəlsəfi, sosial və siyasi məsələləri əhatə edir. Əsərdə Data Tutaşxianın taleyi fonunda insan azadlığı, ədalət, vicdan və dövlət arasında olan gərgin münasibətlər araşdırılır.
Kitab Gürcüstanda və SSRİ-də bir neçə dəfə nəşr olunub, bir sıra Avropa dillərinə tərcümə edilib. 1977-ci ildə “Gürcüstan film” kinostudiyası tərəfindən əsərin motivləri əsasında “Sahillər” çoxseriyalı filmi çəkilib.
Karandaşın izi ilə
…Və insana verilmişdir:
Vicdan – səhvlərini özü aradan qaldırması üçün; güc – mənəvi qüsurlarına məğlub olmaması üçün; özünə və yaxın adamlarına göstərilən xeyirxahlıq – hər kəsə səmər verməsi üçün; qadın – nəslin kəsilməməsi və çiçəklənməsi üçün; dost – öz xeyirxahlıq və canıyananlığının qədərini bilməsi üçün; vətən – xidmət etməsi və uğrunda başından keçməsi üçün; üzümlük və torpaq sahələri – alın tərini axıtması və Allahın buyurduğu kimi özünə çörək qazanması üçün; bağlar, naxırlar və var-dövlətin başqa növləri – xeyrini yaxınlarına və doğmalarına paylaması üçün; bütün dünya – sadalananları Allah qədər uca və böyük olan məhəbbətlə həyata keçirməsi üçün.
***
Düzgün istifadə olunması bacarığın özü qədər vacibdir. İki adamın bərabər imkanları və fərqli mənəviyyatları ola bilər. Belə olan halda bu imkanlardan mənəviyyatlarına uyğun şəkildə istifadə edəcəklər. İnsanın əməllərinin dəyəri onun mənəviyyatının dəyəri ilə ölçülür.
***
Elə əməkhaqqı yoxdur ki, adama bəs eləsin.
***
Bəşər cəmiyyətinin tarixi bundan ibarətdir ki, konkret şəxsiyyətlər və insanların nisbətən çoxsaylı qruplaşmaları digərlərinə təlqin edirlər ki, bizim tərəfimizdən təklif olunan həyat və din sizin indiki həyat tərzi və dininizdən qat-qat üstündür.
***
Tamahkardır. Bilir ki, məni uda bilməz, amma bugün-sabah yenə oynayıb uduzacaq. Niyə? Ona görə ki, udmağa ümid edir!
***
– Bütün oyunlarda kələk var!
– Doğrudur! Bunu kimdən öyrənmisən?
– Marudadan. O deyir ki, dünyada hamı bir-birini aldadır.
– Hamı yox, əksəriyyət.
***
Qanun bizdə ən ucuz maldır. Məzənnəsi bir stəkan araqdan başlayır, on tüməndən yuxarı qalxmır. Belə olmasaydı, başqa ölkəyə köçərdim.
***
Keçinin qarnı doyanda canavar ovuna çıxmaq istəyir. Əgər kiməsə yaxşılıq etmək istəyirsənsə, qarnını doldurub qarınqulu eləmə.
***
Camaata desənki, sən adamsan, heç bilirsən nə edər? Bildirər ki, əgər adamamsa, səni əvəz edə bilərəm, oradan belə düş. Düşərsən, gəlib oturar sənin yerində və bədbəxt olar. Onlara at və ya eşşək olduqlarını təlqin etmək lazımdır! Buna çox asan inanırlar və özlərini xoşbəxt hiss edirlər. Bu belədir, ancaq gərək açıq yox, eyhamla danışasan!
***
Sizin inqilaba marağınızda qızılbalıq olmaq istəyən alabalığın arzusuna bənzər nəsə var. Mən otam və ağac olmağa cəhd göstərmirəm.
***
Əgər həqiqəti bilmək istəyirsənsə, deyim: sənin kimi dilənçi ilə tikəmi bölmək ürəyimcə deyil, lakin bu, insanlıq borcudur.
***
Xeyirxahlıq tükəndi, xalq hörmətdən düşdü, hətta ən möminlərin belə qəlbindəki yaxşılıq toxumu məhv oldu, məhəbbət isə quru və qeyri-məhsuldar torpaqdakı buğdaya çevrildi. Bu ona görə baş verdi ki, mühasirəyə alanlar çox, mühasirədə qalanlar isə az idi. Vicdan boş söz və dınqıltı, zülmkarların ağızlarında isə söyüşdür. Xeyirxahlıq – iblis olub mələk donuna girməkdir, dost – rəzilliklərinin şərikidir.
***
Qəlbimizin dərinliyindəki hansısa fikri və ya onun rüşeymini başqa bir adam ifadə edəndə bizə elə gəlir ki, bu, həqiqətdir. Eyni zamanda güman edirik ki, bu həqiqətin “müəllifi” özümüzük.
***
İnsan bir iş görür, sonra elədiyinə bəraət axtarır, tapa bilmir və onu uydurmağa məcbur olur.
***
Fanatiklər səfehliklə dəlilik arasında gedib-gələn adamlardır.
***
Texnika sahəsindəki kəşflərin, böyük hərbi və ya siyasi qələbələrin, dəyərli incəsənət nümunələrinin xəmirində sadəlik var!
***
Yaxşı insan özü də daxil heç kəsin ruhunu təhqir etməməli, mənəviyyatını alçaltmamalıdır.
***
– Yaxşı, Sarçimelia Tutaşxiaya nə edib ki, qəza rəisini bununla qorxudur?
– Sevgilisini əlindən alıb. Beçuni Pertianı!
– Burnufırtıqlı Raja Sarçimelia Data Tutaşxianın sevgilisini əlindən alıb? İnanmaram!
– Nə üçün? Tüfəng və mauzerdən atəş açmağı Sarçimelia Tutaşxiadan pis bilmir…
– Allah xatirinə, səsini kəs! Adamın əlindən sevgilisini tüfənglə, mauzerlə almırlar.
***
Yalan nə qədər böyük olsa, inananı da çox olar.
***
İnsanlardan üz döndərib, onların ah-zarını dinləməkdən imtina etdi, çünki o, Allah deyildi.
***
Mizin üstündəki bəzəkli portsiqarı götürüb qapağını açdım.
– Əgər çəkirsinizsə, buyurun.
– Çox sağ olun. Nadir hallarda çəkirəm, əhvali-ruhiyyəm yaxşı olanda.
– Elə çıxır ki, nadir hallarda yaxşı əhvali-ruhiyyədə olursunuz.
– Əlbəttə! Məgər hamı belə deyilmi?
***
Həyat mənəvi və cismani qida əldə etmək prosesidir, xarakter isə bu prosesi nizamlayan qüvvə…
***
– Mən, sadəcə, qrafam, macar qrafının nəslindəməm. Deməliyəm ki, Macarıstanda hər beş nəfərdən biri qrafdır. Rəsmi statistika belədir.
– Gürcüstanda isə hər iki nəfərdən biri knyazdır. Biz sizi üstələyirik!
***
Ən xeyirxah, sonsuz və amansız mübarizənin sağlığına… İnsanın özü ilə apardığı müharibənin şərəfinə!
***
Gürcülük, həqiqətən də, çətindir, cənablar və çətinlik təkcə onda deyil ki, biz iri piyalələrlə, buynuzlarla içməliyik. Başlıca çətinlik bundadır ki, süfrə arxasında oturan hansısa yazığın sağlığına içməyə başlayırlar, az qala göylərə qaldırırlar, Allahla bərabərləşdirirlər, o bütün bunları dinləməli və eləcə durmalıdır! Başqa çarəsi yoxdur. Böyük dözüm lazım gəlir, çox böyük! Mənə elə gəlir ki, gürcü dözməyi süfrə arxasında öyrənir. Ayrı vaxt bir-birimizi məsxərəyə qoymaqla, söyməklə məşğul oluruq. Bir-birimizi sevmək və nəsə öyrənmək üçün süfrəni düşünüb tapmışıq.
***
Bütün ictimai və dini təlimlər adama bədxah olmamağı məsləhət görür. Ancaq onların heç biri cəmiyyətin elə bir modelini yaratmayıb ki, əsas əlaməti insanların bədxahlaşdırılması yox, qarşılıqlı hörmət və məhəbbət olsun.
***
Nəyəsə ehtiyac duyursan, şənlənirsən, narahat olursan, xoş hisslər keçirirsən və bilmirsən ki, insan üçün daha bir arzuolunan hiss də var: sənin barəndə kiminsə düşündüyünü biləndə keçirdiyin sevinc hissi. Bu sevinc qiymətli daş-qaş kimi nadirdir.
***
Məhəbbət yalnız cəsarəti olanlara xoşbəxtlik və sevinc gətirir, qorxaqlara yox!
***
Xoşbəxtsən ki, məhəbbət barədə on doqquz yaşlı bir oğlan kimi söhbət aça bilirsən. Qəlbin uşaq qəlbi kimidir, həmişə də belə qalacaqsan. Mən isə bunu bacarmaram, buna cürət edə bilmərəm. Otuz dörd yaşım var və sevirəm, otuz dörd yaşlı qadın kimi yazıram.
***
Məktubu iki günə yazdım. Danışmaq ayrıdır, yazmaq ayrı… Kağız dəqiqliyi və və mətanəti sevir. Buna isə vaxt lazımdır. Çox vaxt sərf etdim, dəqiqlik və mətanəti də əsirgəmədim.
***
Düşüncəm Allahın mənə bəxş elədiyi boyunduruqdur.
***
Yəqin ki, balaca adamın işini bilirsən: böyük adam nəsə bir qəbahət edir, altını balaca adam çəkir.
***
Yaxşı adamın düşmənliyindən çox da qorxmaq lazım gəlmir. Pis adamın düşmənliyindən isə oddan qorxan kimi qorxmalısan…
***
İnsanın özündən başqa insan nəslini heç kəs xilas edə bilməz.
***
Həyasızlıqla, sırtıqlıqla qalaları əldə keçirmək olar, lakin bunlar işğaldan sonra əldə saxlamaq üçün kifayət etmir – ağıl, yaradıcılıq lazımdır.
***
İnanırdı ki, güc yoxuşu da şumlayır.
***
Hər bir mübahisə özünə bəraət qazandırmaqdır.
***
Harada ki qazanc var, orada qanun da pozulur.
***
– Əvvəllər bazar oğrusu idi, həmişə ac-yalavac, bitli-birəli gəzib dolaşırdı, kimi onu Bandura, kimi də Çonquri çağırırdı. Mənimlə birgə üç il yatdı, gələcək arvadının donluq parçasını oğurladığına görə.
– Öz nişanlısınınmı, a kişi?
– Nişanlısının. Cəzasını çəkdikdən sonra Kindzisi monastırında monax oldu. Bir neçə il orada qaldı. Sonra necəsə qara mantiyanı soyundu, keşiş kimi xeyir-dua aldı, arxiyepiskop Aleksiy Opotskonu Eqzark təyin edənədək burada, Xaşuridə xidmət etdi…
***
Qafqazda həmişə özünü büruzə verən bir problem mövcuddur və buna müvafiq olaraq gizli polis üçün gündəlik iş yaranır: müsəlmanların, xüsusən də Dağıstan tayfalarının Osmanlıya meyil etməsinə qarşı mübarizə. Həmin meyillənmə XX əsrin əvvəlində məqsədli təlim siması aldı ki, bu da panislamizm adı ilə tanındı. Sultanın rezidentləri və casusları onları qızışdırır, Qafqazda əmin-amanlığa və Rusiya imperiyasının digər maraqlarına qarşı olan hər şeyə şərait yaradırdılar. Buna kifayət qədər böyük məbləğ lazım gəlirdi. Qafqaz spesifikası ilə əlaqədar, əsasən, qızıl ilə. Türklər bu qızılın hərəkəti üçün yeni-yeni yollar axtarmağa məcbur idilər. Burada qısaca şərh vermək lazım gəlir. Türklərin və iranlıların Gürcüstana qarşı Dağıstan tayfalarından istifadə etməsinin hələ imperator I Aleksandrın reskriptinə qədər bir neçə əsrlik tarixi vardı. Ona görə də gürcülər sultan casusları ilə mübarizədə və türk qızılı ilə dolu sandıqların ələ keçirilməsində yaxşı təcrübə qazanmışdılar.
***
– Görəsən, nə üçün məhz mənim yanıma gəlirsiniz? Mütləq gəlirsiniz… Günahım nədir? Heç nə!
– Bizim zəmanəmizdə şübhəli olan məhz budur.
– Günahsız olmağım?
– Bəli.
***
Rusiyanın böyük əsilzadə soyadlarına mənsub ailələrində belə bir adət kök salmışdı ki, necəsə başqalarından seçilsinlər. Romanovlar imperiyada, bəlkə də, bütün dünyada ən yaxşı brilyant kolleksiyasına sahib idilər. Narışkinlərin at fermaları vardı. Kolısinlər büllur və çini qablarla məşhur idilər. Yusupovlar öz nadir saatları ilə fəxr edirdilər və sair. Polkovnik Saxnovun anası Şeremetevlərdən idi. O qədər də yaşlı olmayan həmin qadına xalçaların nağılvarı kolleksiyası varisliklə gəlib çatmışdı və saxlaması və sonradan daha da zənginləşdirməsi üçün toy günündə yeganə oğluna hədiyyə etmişdi.
***
Təcrübə lazım olmayan vaxtda gəldi. Məsələn, 55-60 yaşlarında kişilərlə əlaqələrin sirlərinə bələd olmaq nəyimə lazım idi?!
***
Nə qədər çalışsam da, dünyaya ələkdən baxıram. Ələk mən özüməm.
***
Menqrelcə yaxşı danışırdım, çünki ana tərəfdən menqreləm, dayəm də menqrel idi. Təəssüf ki, orada dili bildiyimi gizlətdim. Bilirəm, bunu etmək başqasının sirrini oğurlamağa bənzəyir…
***
Bədxah adamların hamısı yazıqdır.
***
Ədalətli, düzgün adam çətinlik çəkirsə, deməli, qanun mövcud deyil.
***
Artıq qanuniləşmiş bir institutun ləğv edilməsi beş yeni institutun yaradılıb qanuniləşdirilməsindən daha çətindir.
***
Bununla yanaşı, şayiə ilə həqiqəti seçməkdə böyük səriştəsi vardı. Biz insani şöhrəti ilahi şöhrətdən daha çox sevirdik.
***
Xeyirxahlığa xidmət etməyən istedadlı adam ən qəddar nadandan belə daha təhlükəlidir.
***
– Əgər nəsə kiminsə xoşuna gəlmirsə, ixtiyarı olmalıdır ki, öz sözünü desin və hökumət adamları onu eşitsinlər. Dünyanı fikirlər idarə edir, fikirlər!
– Elə bir hökuməti haradan tapacaqsan? Sən deyəcəksən, o eşidəcək.
***
– Yoldaşlar, biz bu şüarı gətirmişik: “çörək, torpaq və səkkiz saatlıq iş günü!”
– Hə! Şüarı açan kimi dərhal sənə qızartma-bozartma verəcəklər!
– Bunlar duz-çörək dilənçiliyindən əl çəkmədilər!
– Quru çörək nə tələb olunası şeydir, a kişi! Barı böyrünə şərab da yazın. Səkkiz saatlıq iş günündən sonra çoxlu boş vaxtınız olacaq. Yeyin, için və çarın verdiyi torpağa uzanın!
***
Atın belində oturub boynunu qucaqlasan, yalnız qulaqlarını görərsən. Qıraqdan baxanda isə atın hər yerini görmək olar. Elə deyilmi?
***
Bir dəfə mənə dedi: “Sparapetacan, niyə oğurluq edirsən?” Dedim: “Pul lazım olduğu üçün”. Dedi: “O cür pul ki, həbsxanadır?” Dedim: “Məgər mənim üçün elə pul haradadır ki, axırı həbsxana olmasın?” Gülüb cavab verdi: “Elə pul var!” Soruşdum: “Harada?” Dedi: “Aslanın dalında! Bilirsənmi o pulu necə götürmək olar?” Cavab verdim: “Yaxınlaşaram, oturub gözləyərəm, pulu ifraz edər, götürüb gedərəm”. Dedi: “Yox, gərək çənəsini ayırasan… Əlini boğazına soxasan, lap axıra qədər… Sonra dartıb çıxarasan… Həyat budur”.
***
Cəsarət adət etməklə gəlir.
***
Hamımız nə vaxtsa özümüzə “səfeh” demişik, ancaq aramızda, həqiqətən də, səfeh olduğunu düşünən neçə nəfər var?
***
– Arvad-uşağın varmı?
– Yoxdur, heç zaman olmayıb.
– Bəs qadın sevmisənmi?
– Əsl sevgi üçün vaxt lazımdır, Şalva.
– Bircə baxışla da sevmək olar.
– Mahnıda.
***
Xalqın tərəfində ol, amma böyüklər bilməsinlər. Alınmasa, heç nə itirməzsən, alınsa, nə gözəl!
***
İnsana mahnı oxumaq istedadı ana bətnində verilir, ancaq mahnı öyrənməsə, heç nə oxuya bilməz. Bunu xeyirxahlığa da aid etmək olar.
***
İstiqlaliyyət, inqilabi hərəkat xüsusi bir daxıldır. Filan qədər etiraz, qiyam, üsyan lazımdır ki, dolsun…
***
– Yadınızdadırmı, “xalq” ilə “millət” arasında fərq barədə söhbət düşmüşdü…
– Yadımdadır… Fərq çox böyükdür, bunlar ayrı-ayrı, hətta ziddiyyətli anlayışlardır. “Millət” özünün bütün mövcudluğu müddətində müəyyən etnik orqanizmdir. “Xalq” bugünkü “millət”dir. Millət – bir növ uzunmüddətli, sabit fenomendir. Xalq isə müvəqqətidir. Burada müqayisə üçün ağacın gövdəsi ilə onun yaşıl budaqları, çayın məcrası ilə suyun istiqaməti nümunə göstərilə bilər.
– Bəs ziddiyyət nədədir?
– “Millət” ilə “xalq” arasında?
– Bəli.
– Xalq əllər və mədədir. Millət ali mənəviyyat və uzaqgörənlikdir. Xalq mənəvi və maddi dəyərləri yaradır. Tələbat həmişə yaradılanı üstələyir. Xalqda nəinki təkcə özünün yaratdığını, həm də əvvəllər yaradılmış və istehlakdan xilas olunmuşları bütünlüklə həzm etməyə qarşısıalınmaz istək vardır. Millət ayrı-ayrı şəxsiyyətlərdə və yaxud vahid halda təcəlla edən elə bir əbədi ruhdur ki, bütün etnik oqranizmin keçmişinə, bu gününə və gələcəyinə dair məsuliyyəti könüllü olaraq öz üzərinə götürür. Millət tənzimlənmənin başlanğıcıdır, o, mənəvi və maddi sərvətlərin toplayıcısı və keşikçisidir. Həyat ruhi və cismani qidanın əldə edilməsi prosesidir, mənəviyyat bu prosesi tənzimləyən qüvvədir. Millət anlayışı ilə mənəviyyat anlayışı arasında bərabərlik işarəsi durur.
***
İuda onu otuz gümüşə satmasaydı, İsa Məsihin özündən belə heç nə qalmazdı. İsanın faciəvi ölümü ona ölməzlik və böyük şöhrət qazandırdı. İuda bunu şüurlu şəkildə etdi.
***
Uşaqdan nə üçün ağladığını soruşublar, cavab verib ki, ağlamağım işə yaradığı üçün…
***
Kimin başına gəlibsə, təsdiq edər. Uzunsürən qorxunun öz-özünə yoxa çıxmağı var. Necə? Elə bir saat gəlib çatır ki, görürsən ölümdür, yoxsa nədir, ayaqlarına dolaşır, yanında fırlanır, ancaq bu vaxt sən nə barədə fikirləşirsən, bilirsənmi? Məsələn, uşaqlıqda yaxşı aşığın olub və Kürdə çimərkən həmin aşıq suya düşüb. Yaxud barmaqlarına baxırsan və təəccüblənirsən. Dırnaqlarında ləkələr vardı, indi isə yoxa çıxıb. Ölümdür, yoxsa nədir, bu zaman ayaqlarına dolaşır, lakin sənin üçün artıq hamısı birdir, gələcəkmi, yoxsa gəlməyəcəkmi, baş verəcəkmi, yoxsa baş verməyəcəkmi…
***
Anlamışdı ki, çətinliyin gülməli cəhəti qüssəli cəhətindən daha çoxdur. Gülüş və şənlik həmişəlik onun yol yoldaşı oldu.
Tərcümə: Emin Elsevər
