Annotasiya
“Professor və xidmətçi” (yaponca “Hakase no aishita sūshiki“) yapon yazıçısı Yoko Oqavanın 2003-cü ildə nəşr olunan, 2006-cı ildə rejissor Takaşi Koidzumi tərəfindən ekranlaşdırılan kitabıdır.
1975-ci ildə baş vermiş ağır avtomobil qəzasından sonra məşhur riyaziyyatçının yaddaşı cəmi səksən dəqiqəlik müddəti əhatə edir. Keçmişini unutmasa da, hazırda yaşananları yadında saxlaya bilmir və buna görə də gündəlik həyatını pencəyinə sancdığı qeydlərin köməyi ilə davam etdirir. Bir gün onun qulluğunda durmaq üçün yeni işçi cəlb edilir. Bu mehriban və qayğıkeş qadın, həmçinin onun on yaşlı məktəbli oğlu ilə professor arasında getdikcə dərinləşən bağ yaranır. Professor qadına rəqəmlərin sehrli dünyasını tanıdır, riyaziyyatın gözəlliyini öyrədir, əvəzində isə hər gün, hər saat sınaqdan üzüağ çıxan qayğı və dostluq ilə mükafatlandırılır.
Karandaşın izi ilə
Təsəvvürümdəki ata obrazı muzeydəki heykəl kimidir; ona nə qədər yaxınlaşsam da, diqqətini çəkə bilmirəm, elə hey uzaqlara baxır, mənə əlini uzatmır.
***
Tapşırığı verən şəxs artıq cavabı bilir və cavabının olduğunu bildiyiniz problemi həll etmək bələdçi ilə, başqasının çəkdiyi cığırla dağa qalxmağa bənzəyir. Riyaziyyatda isə həqiqət keçilməmiş, məchul bir yoldadır və heç də həmişə dağın zirvəsində olmur, o, bəzən ən hamar uçurumun yarısında, bəzən isə vadinin dərin bir yerində də ola bilər.
***
Musiqi əsəri kimi hər məsələnin də öz ritmi var. Ritmi tutanda tapşırığın mahiyyətini dərk edirsən və tələlərin harada gizləndiyini görə bilirsən.
***
Maraqlıdır, gündəlik həyatımızda işlətdiyimiz sözlər riyaziyyatla bağlı söhbətlərdə niyə bu qədər ekzotik təsir bağışlayır? “Dost ədədlər”, “əkiz sadə ədədlər” ifadələri öz-özlüyündə konkret riyazi keyfiyyəti bildirsələr də, elə səslənirlər ki, sanki hansısa romantik şeirdən götürülmüşdülər.
***
Onu əla müəllim kimi səciyyələndirən cəhətlərdən biri də nəyisə bilməməkdən utanmaması idi. Bu onun öz sahəsinə aid olsa belə.
***
Çətin adı olan bir riyaziyyatçı demişdi: “Riyaziyyat Allahın varlığını sübut edir, çünki o, mütləqdir və ziddiyyətsizdir; lakin şeytan da mövcuddur, çünki biz riyaziyyatın mütləqliyini isbat edə bilmirik”.
***
Professorun sözlərini xatırladım: “Riyazi nizam ona görə gözəldir ki, onun real dünyaya heç bir təsiri yoxdur. Bunun sayəsində həyat daha asan olmayacaq və heç kim varlanmayacaq. Təbii ki, bir sıra ciddi riyazi kəşflərin müəllifləri hər nə qədər bu dünyadan üz döndərsələr də, kəşflərin özü praktikada çoxdan tətbiq olunur. Ellipslər üzərində aparılan tədqiqatlar planetlərin orbitlərini təyin etməyə imkan verib, Eynşteyn kainatın formasını təsvir etmək üçün qeyri-Evklid həndəsəsindən faydalanıb. Hətta, təəssüf ki, müharibə zamanı kod yazmaq üçün də sadə ədədlərdən istifadə edilib. Amma bunlar riyaziyyatın məqsədi deyil. Yeganə məqsəd həqiqəti kəşf etməkdir”. Professor həmişə “həqiqət” sözünü “riyaziyyat” sözü iə eyni tonda deyirdi.
***
Mən gözəgörünməz dünyanı görünən edən, bütün qaranlıqları dəlib keçən, düz xətt kimi sonsuzluq qədər uzun, geniş, sərhədsiz həqiqəti hiss etmək istəyirdim. Yalnız o zaman, bəlkə, daxili rahatlıq tapa bilərdim.
***
Uşaqların sualları böyüklərin suallarından qat-qat vacibdir. O, ağıllı sualları ağıllı cavablardan üstün tuturdu.
***
Valideyn olmağın ən pis cəhəti daimi narahatlıqdır.
***
– Sıfırı kim kəşf edib?
– Hindistanlı riyaziyyatçı. Adı məlum deyil. Qədim yunanlar deyirdilər ki, olmayan şeyi saymağa da ehtiyac yoxdur və sıfır da heç bir kəmiyyəti ifadə etmədiyi üçün onu da işarə ilə ifadə etməyə lüzum yoxdur. Amma həmin naməlum hindistanlı mövcud olmayanı var etdi.
***
Kökaltı möhkəm işarədir. O, bütün ədədlərə sığınacaq verir.
***
Deyilənə görə, axşam ulduzunun aşağı kənarında kiçik çıxıntının olması uğura işarədir.
Tərcümə: Nigar Umaxanlı
