Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Enn Petçett “Ortaq həyat”

Annotasiya

“Ortaq həyat” (ingiliscə “Commonwealth“) amerikalı yazıçı Enn Petçettin 2016-cı ildə işıq üzü görən sayca yeddinci romanıdır.

Əsərdə təsadüfi bir görüşün, ani çılğınlığın dörd böyük, altı uşaq olmaqla iki ailənin taleyini dəyişdirməsindən bəhs edilir. Los Ancelesdə keçirilən xaç suyuna salma mərasimində gözlənilmədən peyda olan yad qonaq iki ailənin həyatını tamamilə dəyişir, bu andan etibarən uşaqlar ayrılmış evlər və gizli incikliklər fonunda yaşamağa çalışırlar.

Karandaşın izi ilə

— Bazar günü nə var ki?
Spenser izah etdi ki, Fiks Kitinqin qızı dünyaya gəlib və bazar günü onun xaç suyuna salınması münasibətilə qonaqlıq olacaq.
— Birinci uşaqdır?
— İkinci.
— Katoliklər. Onlara həmişə azlıq edir.

***

“Pasiyent” sözü ingiliscə elə “səbirli” deməkdir.

***

— Yaxşı görünürsünüz, mister Fiks.
— Həyat üç mərhələdən ibarətdir: gənclik, yetkinlik və “Yaxşı görünürsünüz, mister Fiks”.

***

Sintetika nə qədər pis olsa da, yaxşı yuyulur və ütü istəmir.

***

— Franni, bir az da skotç içərdim.
— Hansından?
— Seçimi müəssisənin ixtiyarına buraxıram. Amma nəzərə alın, ola bilsin ki, mən ofisiantın dabanının hündürlüyünə görə yox, hesabın məbləğinə görə bəxşiş verən başdanxarablardanam. Ona görə meydan sizindir.

***

— Mən Los-Ancelesi sevirəm.
— Ona görə belə deyirsiniz ki, biz Çikaqodayıq və fevral ayıdır.

***

— Heç vaxt Ayova-Sitidə olmamışam.
— Ora elə-belə getmirlər. Qarğıdalı əkirsənsə, donuz alveri ilə məşğulsansa, ya da şeir yazırsansa, onda yolun Ayova-Sitiyə düşə bilər.
— Elə buna görə də orada olmamışam.

***

— Heç yazıçı olmaq istəməmisiniz?
— Yox, — o səmimi cavab verdi.
— Mən həmişə yalnız oxucu olmaq istəmişəm.

***

O, həm də düşünürdü ki, bəlkə müştərilər onun qarşısında sərxoş olduqlarından utandıqları üçün belə çox bəxşiş verirlər?

***

O həddə çatdırmaq olmaz ki, müştərilər sənə sənin vəzifələrini xatırlatsınlar.

***

— Deyin görüm, ora Los Ancelesdən nəyi ilə yaxşıdır?
— Ayovada mən heç kimlə evli deyiləm.
— Ümid edirəm ki, ştatların əksəriyyətində də belədir.
— Bax buna görə sizdən xoşum gəlir. Həyata nikbin baxırsınız.

***

Gör ha. Az qala iyirmi beş yaşı var. Frensis, vallah, sənə on yeddi yaşdan artıq verməzdim. İnsan elə belə anlayır ki, qocalır: ətrafındakıların hamısı getdikcə daha cavan görünür.

***

Onlar həyatlarının əsas iztirab mənbəyi olan məktəbin necə oldusa yalnız şənbə günü olduğu üçün yer üzünün ən cəlbedici məkanına çevrildiyini heç cür izah edə bilməzdilər.

***

Elə bilirdilər ki, odu özləri qaladıqları üçün alov onlara hörmət etməlidir.

***

Kitab həyatın dözülməz yükündən bəhs edirdi: iş, ev, dostluq, evlilik, uşaqlar — sanki insanların arzuladığı və uğrunda zəhmət çəkdiyi hər şey onların xoşbəxt ola bilməməsini sement kimi bərkidirdi.

***

Ən təəccüblüsü də o idi ki, Leo Pouzen Franninin varlığında onun özünün görə bilmədiyi bir məna tapırdı.

***

Frannini bu fikir dilxor edirdi: bütün bu xoşagəlməz və çətin hadisələrin səbəbkarı özü idi. Həyatını başlı-başına buraxmasaydı, heç kim ondan kapuçino hazırlamasını istəməzdi və həyatını başlı-başına buraxmasaydı, böyük məmnuniyyətlə kapuçino hazırlayardı, çünki bu, onun işi olmazdı. Kofeni ürəyiyumşaqlığından hazırlayardı.

***

— Əgər haradasa səni ideal işin gözlədiyini düşünürsənsə, səksən yaşında da “işçi axtarılır” elanlarını oxuyacaqsan.
— Adətən qızları şeytanla da olsa evlənməyə belə razı salırlar ki, təki evdə qalmasınlar.

***

Məlum oldu ki, vəziyyəti qəbul etməklə bağışlamaq eyni şey deyil.

***

Bəzən hər şeyi doğru edirsən, amma faydası olmur. Tereza indi başa düşürdü ki, həyat itkilər silsiləsidir. Əlbəttə, yaxşı şeylər də olur, ancaq itkilər qaçılmaz və qarşısıalınmazdır, dünya elə bil onların üzərində dayanır.

***

Xərçəng şeytanın əl sıxmasıdır.

***

O, Bert Kazinsi sevmişdi, sonra ona öyrəşmişdi, sonra ona görə peşman olmuşdu, daha sonra isə o, dörd balaca uşaqla onu tərk edəndə bütün varlığı ilə ona nifrət etmişdi.

***

Bu dünyada kifayət qədər yaşamışdı ki, Bert də, onun doğurduğu sevgi və qəzəb də keçmişdə qalsın. Ke onunla qalmışdı, Cim Çen də, ancaq Virciniyada sağ-salamat yaşayan Bert yox olmuşdu.

***

Yəqin ki, hamımız dözdük, hər birimiz özümüzə xas şəkildə. Əvvəl həmişə elə gəlir ki, alınmayacaq, sonra birdən görürsən ki, alındı. Həyat davam edir, ürəyin döyünür. Axırda mən də bundan yapışdım: ürəyimin hələ də döyündüyü hissindən. Səninki də döyünür, Elbininki də, Canettinki də. Lakin bu, əbədi deyil, deməli, bununla nəsə etmək lazımdır.

***

On beş yaşlıların bəlası da budur: onlar yalnız istəmədikləri şeylər haqqında düşünə bilirlər.

***

Sənə bu qədər yazığım gəlməsəydi, özümə çox yazığım gələrdi.

***

İnsanlar müxtəlif sürətlə və müxtəlif yollarla qocalır.

***

Franni çiyinlərindən qarı çırpıb yolsuzluq maşınına tərəf getdi. O, bu haqda heç vaxt Leoya danışmamışdı. Danışmaq istəmiş, ancaq nədənsə susmağı seçmişdi. İndi anlayırdı: nə vaxtsa zamanı gələcək, elə bu gecə kimi bir gecə gələcək, o zaman bu hekayə onunla olacaq, dünyada heç kimin bilmədiyi bir hekayə — Elbidən başqa heç kimin. İnsan özünə də nəsə saxlamalıdır.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram