Annotasiya
“Kreyser sonatası” (rusca “Крейцерова соната“) Lev Tolstoyun 1887—1889-cu illərdə yazdığı povestdir.
Əsər qatarla səfər edən sərnişinlər arasındakı qızğın bir söhbətlə başlayır. Onlar sevgi, evlilik, məhəbbətin müqəddəs bir anlayış olub-olmaması haqqında qızğın müzakirə aparırlar. Əvvəlcə bu müzakirəni səssizcə dinləyən sərnişinlərdən biri, nəhayət, özünü saxlaya bilməyib başına gələn faciəni danışır.
1890-cı ildə nəşr olunan “Kreyser sonatası” həmin dövrdə Rusiyada böyük mübahisə və müzakirələrə səbəb olur. Müəllifin qadına, cinsi münasibətə baxışı cəmiyyətdə rezonans doğurur, senzura kitabın çap olunmasına qadağa qoyur.
Karandaşın izi ilə
Vəkil deyirdi ki, boşanma məsələsi indi Avropada çox ictimailəşib və bizdə də belə hallara getdikcə daha tez-tez rast gəlmək olur. … – Köhnə vaxtlarda belə şeylər yox idi, elə deyil? – Olurdu, cənab, əvvəllər də olurdu, amma bu qədər yox. İndiki dövrdə isə olmaması mümkün deyil. Artıq camaat çox oxuyur, çox bilir.
***
Bir-birini sevməyən iki adamı evləndirirlər, sonra da baxıb təəccüblənirlər ki, nə olub bunlara, görəsən, aralarındakı bu narazılıq nədəndi.
***
Bütün ömrü boyu bir nəfəri sevmək o deməkdir ki, bir şam ömür boyu sönmədən yanacaq.
***
– İstəyirsizsə, həmin o məhəbbətin başıma açdığı oyun barədə danışım sizə?
– Əgər sizin üçün ağır deyilsə, danışın.
– Xeyr, mənim üçün susmaq ağırdı.
***
Mən pozğunluq, əxlaqsızlıq bataqlığında çabalaya-çabalaya, öz təmizliyi ilə mənə layiq olacaq qız axtarırdım.
***
Qəribə işdi, gözəl adamın gözəl olduğu qədər xeyirxah olması necə də böyük xülya, illüziya imiş.
***
Yalan, riyakarlığa bax! Təkcə bizim mühitimizdə yox, bədbəxtlikdən, xalq arasında da ailə quran min kişi arasında, bəlkə də, bircəciyini tapmaq olmaz ki, evlənənə qədər, heç olmasa, on, bəlkə də, Don Juan kimi yüz, lap min qadınla yatmamış olsun.
***
Bütün romanlarda qəhrəmanların daxili aləmləri, duyğuları, ətrafında gəzdikləri göllər, kollar təfərrüatı ilə təsvir olunur, lakin onların hansısa qıza böyük məhəbbətindən bəhs edilsə belə, bu qəhrəmanın keçmişi: əvvəllər başına gələn hadisələr barədə, onun fahişəxanalardakı sərgüzəştləri, kənizləri, aşpazları, evli arvadlarla olan macəraları haqda bir kəlmə də danışılmır. Əgər belə nalayiq romanlar varsa belə, oxunulması üçün onları ən vacib adamlara – qızlara vermirlər. Əvvəlcə qızların yanında riyakarlıq eləyirlər, şəhərlərimizin, hətta kəndlərimizin həyatının yarısını bürümüş əxlaqsızlığı görə-görə deyirlər ki, belə şeylər yerli-dibli yoxdu. Sonra bu riyaya o qədər alışırlar ki, nəhayət, ingilislər kimi, özləri də öz yalanlarına inanırlar; inanırlar ki, biz hamımız təmiz, əxlaqlı adamlarıq və təmiz bir cəmiyyətdə, təmiz bir mühitdə yaşayırıq.
***
Kimisə özünə əsir etməyi qarşısına məqsəd qoymuş hər hansı bir işvəkar qadından soruşsan ki, ovsunlamaq istədiyin adamın yanında yalançılıq, qəddarlıq, hətta əxlaqsızlıq üstündə ifşa olunmağı üstün tutar, yoxsa elə həmin kişinin qarşısında pis tikilmiş axmaq bir paltarda görünməyi – hamısı birincisini üstün tutduğunu söyləyər, Qadın bilir ki, biz kişilər yüksək hisslərdən bəhs edəndə həmişə yalan danışırıq, kişiyə yalnız bədən lazımdı və buna görə də hər cür alçaqlığı, rəzaləti bağışlayacaq, axmaq, zövqsüz, sönük rəngli paltarı isə bağışlamayacaq.
***
Yəhudilər deyirlər: “Hə, siz istəyirsiniz ki, biz ancaq ticarətçi olaq, yaxşı, olarıq və biz tacirlər pulla satın alarıq sizi”. Qadınlarsa belə deyirlər: “Hə, siz istəyirsiniz ki, biz ancaq şəhvət predmeti olaq, neynək, biz elə şəhvət predmeti kimi sizi əsarət altına alarıq”. Qadının hüquqsuzluğu onun səs vermək və ya hakim olmaq hüququnun olmamasında deyil – bu işlərlə məşğul olmaq heç bir hüquq tələb eləmir – məsələ, cinsi münasibətlər işində bərabər olmamaqda, kişidən istifadə etməmək, istədiyi vaxt onu ata bilməməkdə, kişinin onu seçməsini gözləməkdə, öz istəyinə görə özünə ər seçmək hüququnun yoxluğundadı. Siz deyirsiz ki, bu, biabırçılıqdı. Yaxşı, onda qoy kişinin də o hüquqları olmasın. İndi qadın kişilərə məxsus olan hüquqlardan məhrum edilib. O da həmin itkinin yerini doldurmaq üçün, kişinin hissiyatına təsir göstərir və hissiyyat vasitəsilə onu elə ələ alır ki, nəticədə, kişi ancaq formal olaraq seçir, əslində isə, seçən tərəf qadın olur.
***
Axı elə bir yaramaza rast gəlmək olmaz ki, axtarıb-axtarıb, hansısa bir sahədə daha betər yaramazlar tapmayanda bunu öyünmək, özündən razı qalmaq üçün əlində sübut kimi saxlamasın.
***
Bizim cəmiyyətdə ailə quran yüz kişidən bircəciyi belə tapılmaz ki, toyuna qədər başqa qadınlarla yaşamamış olsun və əlli kişidən birini tapmaq olmaz ki, toydan sonra da fürsət düşəndə arvadına xəyanət etmək niyyətindən əl çəksin.
***
Bir-birimizə qarşı heç vaxt sönməyən düşmənçilik hisslərinə haqq qazandırmaq üçün şüurumuz kifayət qədər bəhanə axtarıb tapa bilmirdi. Lakin barışmağımıza səbəb olan bəhanələrin azlığı daha heyrətləndirici idi.
***
Məhkəmədə soruşurdular ki, arvadımı nə ilə, necə öldürmüşəm. Axmaqlar! Elə bilirdilər ki, mən onu oktyabrın beşində bıçaqla öldürmüşəm. Mən o vaxt yox, ondan xeyli əvvəl öldürmüşdüm onu. Necə ki indi onlar öz arvadlarını öldürürlər, onlar, hamı, hamı…
***
Bir yandan da qadın azadlığından, qadın hüquqlarından dəm vururlar. Bu ona bənzəyir ki, adamyeyənlər əsir götürərək yemək üçün kökəltməyə başladıqları adamların hüquqları və azadlıqlarının qayğısına qaldıqlarını söyləyirlər.
***
Günəşdə, ulduzlarda nə qədər dəmir var, başqa metallar var – bunu tez öyrənmək olar, amma bizim rəzilliyimizi ifşa edən şeyləri öyrənmək çətindi, dəhşətli dərəcədə çətindi…
***
İnsanı xilas edən və öldürən də budu ki, insan düzgün həyat sürməyəndə öz vəziyyətinin ağırlığını görməmək üçün öz ağlını dumanlandıra bilir.
***
Bədbəxt adamlar şəhərdə yaxşı yaşayırlar. Adam şəhərdə yüz il yaşayar, heç dərk də eləməz ki, çoxdan ölüb, lap sümükləri də çürüyüb.
***
Ən dəhşətli şeylərdən biri də bu idi ki, onun bədəninin mənə məxsus olduğunu, yəni mənim şəxsi malım olduğunu etiraf edirdim, elə bil o mənim öz bədənim idi və bununla belə, hiss eləyirdim ki, bu bədənə sahib ola bilmirəm, o mənimki deyil və arvadım öz bədəni ilə istədiyi kimi rəftar edə bilər, onun istədiyisə, mənim istəyimə ziddi.
***
Hər halda, mən onun gözlərində qorxudan və mənə qarşı nifrətdən savayı heç nə görmədim. Bu həmin o qorxu və nifrət idi ki, başqasına qarşı məhəbbət doğurmalıydı.
Tərcümə: Rafiq Ağayev
