Annotasiya
“Evlilik portreti” (ingiliscə “The Marriage Portrait” ) – irlandiyalı yazıçı Meggi O’Farrelin 2022-ci ildə çapdan çıxan romanıdır.
Hadisələr XVI əsr İtaliyasında, Renessans dövrünün zəngin və təhlükəli saray həyatında cərəyan edir. Əsərin mərkəzində Florensiya hersoqu Kozimo de Mediçinin qızı Lukresiya di Kozimo de Mediçi dayanır. Gənc Lukresiya atasının siyasi məqsədləri naminə hələ yeniyetmə yaşlarında Ferrara hersoqu Alfonso ilə evləndirilir.
Roman Lukresiyanın evlilik həyatını, daxili dünyasında baş verən təlatümləri və azadlıq axtarışını poetik və dərin psixoloji təsvirlərlə işıqlandırır. O’Farrell tarixi reallıqla bədii təxəyyülü ustalıqla birləşdirərək, qadın kimliyi, güc münasibətləri və azadlıq axtarışı mövzularına toxunur.
Karandaşın izi ilə
Şəhər gözdən itəndə Lukresiya atı qamçılamaq, dabanları ilə böyrünə vurmaq, torpaq və daşların üzərindən uçmaq istədi. Təəssüf ki, olmazdı. Lukresiyanın yeri ərinin arxasındadır. Ya da o, çağırsa, yanında, ancaq heç vaxt ərindən öndə olmazdı.
***
– O, mənə bir dərs vermək istəyirdi. Qətiyyət tələb olunan yerdə hisslərə yer yoxdur.
– Onlar bir-biri ilə bağlı ola bilməzmi? Məgər qətiyyət hisslərdən doğmurmu? Belə məsələlərdə qəlbə yer yoxdurmu?
***
Lukresiya barmaqlarını bir-birinə keçirir, nişan üzüyü barmaqlarını alışmadığı bir ağırlıqla sıxır.
***
O, elə hey yatır. Hər zaman olduğu kimi, dərin yuxu bütün kədərləri unutdurur.
***
Arvadının üzərinə əyilərək əlini boynuna qoyur, dodaqlarını ona toxundurur — ötəri, amma israrla. Elə bil atası saraya məxsusluğun nişanı kimi məktubların üzərinə möhür basır.
***
Laqeydlik ən pis cəzadır.
***
O, naxış çərçivəsini çevirir, naxışın tərs üzünü nəzərdən keçirir. Lukresiya ürəyinin dərinliyində həmişə naxışın astar üzünü – düyünlərlə, ipək zolaqlar və dolaşmış saplarla dolu olan tərəfini bəyənib. Mükəmməliyə aparan çətin yolu izləmək daha maraqlıdır.
***
Kvadrat otağın divarındakı asılqandan yubkalar asılıb. Korsaj və qollar isə ayrıca komodun üstündədir. Qapıdan baxanda elə görünür ki, sanki kimsə bir qadını öldürüb: onu dörd hissəyə bölüb və sakitcə otaqlara düzüb.
Tərcümə: Lamiyə Göycəyeva
