Annotasiya
“Bitna, Seul səmasının altında” (fransızca “Bitna, sous le ciel de Séoul”) 2008-ci il Nobel Ədəbiyyat Mükafatı laureatı olan Jan-Mari Qustav Le Klezionun 2019-cu ildə işıq üzü görən romanıdır.
Kənddə balıqçı ailəsində böyüyən on səkkiz yaşlı Bitna Seulda universitetə qəbul olur və paytaxta köçür. Qohum evinə sığınır, maddi sıxıntılardan keçir. Günlərin bir günü gənc oğlandan iş təklifi alır: xəstəliyi ucbatından hərəkət edə bilməyən Salomeya adlı qadına hekayələr danışmalıdır.
Karandaşın izi ilə
Yalan danışa bilmirəm, çünki gözlərim ala rəngdədir, yalan danışsam, dərhal gözlərimdən bilinər.
***
Şəhər o qədər böyükdür ki, “Seul səmasının altında gec-tez bir gün görüşəcəyik” deyən məsəlin əksinə, burada əsrlərlə dolaşsan belə, tanıdığın bir nəfərlə qarşılaşmaya bilərsən.
***
O dəqiqə xarici ədəbiyyat bölməsi qəlbimə yatdı. Rəfdən kitabı təsadüfi seçir və dərhal oxumağa başlayırdım. Beləcə, Dikkensin bütün romanlarını oxudum. Xüsusilə “Ocaqdakı sisəy”i bəyəndim. Oxumağa başlayan kimi ətrafım hər şey yox olurdu. Ocaq üstündə qaynayan böyük qazanın səsini, haradasa külün içində gizlənmiş gözəgörünməz sisəyin nəğməsini eşidirdim, özümü sanki o böyük otaqda, ocağın qarşısında oturmuş kimi təsəvvür edirdim və elə bil, Çarlz Dikkens özü bu hekayəni ingiliscə təkcə mənə danışırdı.
***
— Niyə bu quşlara ad qoyursunuz? Məgər göyərçinlər ad bilirlər? Onlar ki it deyil.
— Əlbəttə ki, öz adlarını tanıyırlar, xanım Li. Əgər fikrimi bilmək istəyirsinizsə, onlar sizin itinizdən qat-qat ağıllıdırlar.
— Çoxdan bu qədər gülməli bir şey eşitməmişdim. Görəsən, sizin göyərçinlər itimdən hansı cəhətləri ilə üstündür?
— Onlar uça bilirlər, xanım Li.
***
Onların interneti var, mobil telefonlarında, kompyuterlərində mesaj yazırlar, messencerlərdən istifadə edirlər. Artıq çoxdandır ki, məktub yazmırlar. Halbuki cəmi bir neçə il əvvəl Soo Mi məktub yazmağı çox sevirdi. Cənab Çonun yaxşı yadındadır: o, hətta kiçik şeirlər də yazardı ki, atası onları siqaret kimi büküb göyərçinlərin ayaqlarına bağlasın. Sonra bu vərdişini unutdu. Onlar bu böyük şəhərin mərkəzindəki bu evə köçəndə Soo Min göyərçinlərə və onların gətirdiyi ismarıclara olan inancını itirdi, hamı kimi oldu.
***
Cənab Pak deyirdi ki, insan xəstə olanda ətrafındakı dünya tamamilə uydurma bir şeyə çevrilir. Məncə, o, haqlıdır.
***
— Frederik, doğrudurmu ki, aşiqləri hər zaman su cəzb edir?
— Bunu hardan bilirsiniz?
— Bilmirəm. Mən heç vaxt aşiq olmamışam.
— Mənə elə gəlir ki, bunda bir az həqiqət var, çünki su romantik bir ünsürdür. Sevgidən bəhs edən bütün hekayələrdə su olur. Ya çay, ya göl, ya da heç olmasa nohur.
— Üzgüçülük hovuzu da gedər.
***
Meymunlar — hətta qəfəsdə olsalar belə — əyləncəlidirlər. Onlar dalaşırlar, qışqırırlar, sevişirlər, bir-birlərindən yemək oğurlayırlar. Eynilə insanlar kimi. Şəhərdə də eyni cür yaşaya bilərlərdilər.
***
Yalanda həmişə həqiqət payı gizlənir.
***
Salomeya kresloya söykənmiş halda oturub, başını bir az yana əyib, gözləri yaşla dolub. Ancaq niyə ağladığını bilmir. Sevincdənmi, yoxsa kədərdənmi? Hekayə bitdi. Səyahət də bitdi.
***
Cənab Ço arzusunu həyata keçirdi, artıq o, heç nə istəmir, dünya onun üçün yenidən mükəmməlləşdi. Lakin burada, başqa bir dünyada yaşayan bizlər üçün heç nə mükəmməl deyil. Xoşbəxtlik yoxdur. Sadəcə bir neçə xəyal, bir neçə söz var. Dənizdən əsən külək böyük çayın mənsəbindən uçan quşların lələklərini oxşayır. Gerçəklik isə öldürür.
***
Əgər bir siçan gördünsə, demək ondan on dənədir, əgər bir tarakan gördünsə, demək ondan yüz dənədir.
***
— Ardını danış, xahiş edirəm, onni.
Salomeya mənə “onni” — “böyük bacı” — dedi. Necə ki, mən də vaxtilə Mi Gyona deyirdim. O, mənə balaca bir qızın acizanə səsi ilə müraciət edirdi. Birdən başa düşürəm ki, o, mənim sözlərimdən, hekayələrimdən asılı vəziyyətə düşdükcə, doğrudan da kiçik bacıma çevrilib — mənim yaratdığım bir varlığa. Niyə belə olduğunu bilmirəm, amma şəstimi oxşamalı olan bu kəşf nədənsə məni çaşqınlığa saldı. Hətta başım gicəlləndi.
***
Mən inanıram ki, həyat hamımızı yuyan bir okeandır və ölüm gəldikdə hamımız varlığın bizə məlum olmayan başqa bir formasına keçəcəyik. Həmçinin inanıram ki, hamımız bir-birimizlə bağlıyıq. Uşaqlar valideynlərlə, valideynlər öz nəsliylə, hələ doğulmamış olanlar bu gün yaşayanlara toxunur və artıq olmayanlara əl uzadırlar.
***
Düşünürəm, tezliklə azad olacağam, artıq hekayə danışmaq məcburiyyətində qalmayacağam. Bu nəhəng şəhərdə, yalnız indiki zamanın və canlılar aləminin önəm daşıdığı bir yerdə, öz həyatımı yaşaya biləcəyəm.
***
– Bu hekayə, əslində, heç hekayə deyil.
– Bəs nəql olunan bir hekayə necə hekayə olmaya bilər?
– Əgər həqiqətdirsə, olmaya bilər.
– Bəli, əlbəttə. Ancaq əgər inanmırsansa, həqiqət də yalan ola bilər. Yaxşı danışsam, yalan da həqiqət kimi görünə bilər.
***
O, bir də heç vaxt əvvəlki kimi olmayacaq, çünki artıq bədən və ruh yaşamaq istədiyi halda, ölməyin nə qədər çətin olduğunu bilir.
Tərcümə: Lamiyə Göycəyeva