Annotasiya
Naiq Babayevin “Kor nöqtə” romanında valideyn qayğısından məhrum, küçələri özünə ev edən və qaranlıq tərəflərini kəşf edən yeniyetmə məktəbli ilə işinin mahiyyətini sevsə də, bürökratik əngəllərdən dolayı həvəsdən düşən pedaqoqun yolları kəsişir. Pedaqoq oğurluq edən, bıçaqla gəzən bu uşağı pedaqoq cəmiyyətə qazandırmağa çalışır. Lakin düyünlənib mürəkkəbləşən münasibətləri tezliklə təhlükəli bir müstəviyə keçid edir.
Karandaşın izi ilə
İnsanın qayıdacaq yeri olmalıdır, xüsusən də qış aylarında. Mənim isə yoxdur.
***
Bıçaqlı uşaqlardan bıçaqlı böyüklərdən qorxduğundan daha çox qorxurdu.
***
Zaman idealları yox etməyə davam edirdi.
***
Yol insanı sırtıqlaşdırır.
***
Kölgəsinin arxasınca düşmüşdü Firuz. Hər addımını qaranlığa atırdı.
***
İnsan anası haqda yazmamalıdır. İki anası haqda heç yazmamalıdır. Mümkündüsə, heç fikirləşməməlidir. Yoxsa çox ağlayar. Çox ağlayanların dalını dağıdarlar.
***
Narahat gözlər yoluxucu xəstəlik kimidilər.
***
Kassaya gedərkən həmişə qarşılaşdığı mənzərə daha çox ürəyini sıxdı. Kassirin oturacağı yox idi. Halbuki əməliyyatları oturaraq işləyə bilərdi. Geri qayıdıb daha br ikilitrlik götürdü – bütün yorulan ayaqların sağlığına!
***
Xoşbəxtlik axtarışının konstitusion hüquq sayıldığı ölkə – dərdim mənim.
***
Onlar bizi basdırmağa çalışdılar. Bilmədilər ki, biz toxumuq.
***
Xəstələnmək nə pisdi! Hamı qayğı göstərir, adamın ürəyi yumşalır.
***
– Nə çəkirsiz?
– Kino.
– Su çəkin də ondansa.
…
– Nə kinosu çəkirsiz?
– Çoxhissəli bədii film.
– O nədi elə?
– Serial.
– Utanırsan serial deməyə?
***
Xəstəxanaya gəldi. Gəldiyini bilmədim. Həkim gözümə işıq saldı, nəbzimi yoxladı. Xəbərim olmadı. Anama “oyanacaq, qorxma” dedi. Eşitmədim. Anam bütün gecəni ağladı. Hiss elədim. Səhər oyandım. Anam oyanmadı.
***
Tanımadığın adama məsləhət vermə, yaxşı? Basıb bağladığın bir şeyin məsləhətini heç vermə!
***
Ölümə yaxınlaşmaq ölməyin xəyalını qurmaqdan fərqli, yaşamaq isə sağ qalanların göz yaşı axıtmasından daha təskinedici idi.
***
Həmin gün elədiklərimin qarşılığını alacağım gün idi. Belə günlərdə insanın qarşısında iki seçim olur. Birincisi, səhvlərini başa düşüb mərifətli adam olmaq yoludur. İkincisi, daha da qəddar, kinli olmaq yolu. Mən yol-zad hərləmirəm. İtlərin sıçdığı otların üstü ilə gəzəcəm.
***
Qəndqabı boyda ölkəni birləşdirə bilməyən adamların nəyi tarixə düşüb baş açmıram.
***
İnsan sevdiyini itirəndə ən sevdiyi kitabı belə oxuya bilmir.
***
Bir iş yerində – istər şirkət olsun, istər layihə – baş ofisə “idarə” deyilirsə, rəhbərə “ad müəllim soyad”la xitab edilirsə, haqsız olanda da haqqın yeyiləcək.
***
Pişikləri, uşaqları və bütün dərdliləri hündürlükdən qorumaq lazımdır.
***
Necəsə belə qənaətə gəlinib ki, mühacirət gedənlər – fikirləriylə həyatını təhlükəyə atanlar, müharibələrdən, işsizlikdən qaçanlar, getmədən çürük dişlərini düzəltdirmək istəyənlər – üçün qurtuluş qapısıdır. Bu qapı hamıya asanlıqla açılmır. Gərək qırasan.
Əslində isə, mühacirət yalnız seçilmiş azlığın üzünə açılan qapı deyil; hamı mühacir ola bilər. Vizaya, BMT sənədinə, qayığa, məftilkəsənə ehtiyac yoxdur öz ölkənin mühaciri olmaq üçün. Özünün mühaciri olmaqsa ancaq özündən qaçan bədbəxtlərin qismətidir.
***
Gələcək xəyalları keçmişin səhvlərində batmışdı.
***
İnsan deyilən canlı mexanizm itirməyə öyrəşdikcə sırtıqlaşır. Onlar da dəniz mənzərəsi əvəzi, şüşəli binadan əks olunan gün batımını izləyirdilər.
***
Oxuduqca uşaqlığımı xatırlayırdım. O qədər uzaq idi ki, yuxu kimi gəlirdi. Qırıntılar şəklində, əvvəlini xatırlamaq istəyəndə ucu gəlməyən, sonrasını düşünəndə də nəticə verməyən. Ancaq qırıq anlar. O anlarda da nə hiss etdiyim, nə elədiyim bulanıq idi. Amma ucundan-qulağından sevincli olduğumu sezə bilirdim.
***
Qüsurları vardı, bu qüsurları gizlətmədim. Gizlətsəm, öz qüsurlarım daha qabarıq görünərdi.