Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Çimamanda Nqozi Adiçi “Amerikanah”

Annotasiya

“Amerikanah” (ingiliscə “Americanah“) – nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin 2013-cü ildə qələmə aldığı sayca üçüncü romanıdır.

Laqosda orta məktəbdə oxuyan iki yeniyetmə – İfemelu və Obinze bir-birinə aşiq olur. Onların Nigeriyası hərbi diktatorluğun idarəsi altında idi. İnsanlar bacardıqları qədər ölkəni tərk etməyə çalışırdılar. İfemelu oxumaq üçün Amerikaya gedir və ilk dəfə orada irqi ayrıseçkiliyi iliyinə qədər hiss edir. Obinze onun ardınca getmək istəsə də, sentyabr hadisələrinə görə Amerikaya viza ala bilmir. Bundan sonra Obinze Britaniyada qeyri-qanuni yaşamağa başlayır. İllər sonra Obinze yeni, demokratik Nigeriyada zəngin insana çevrilir, İfemelu isə Amerikada irqçilik mövzusunda bloger kimi şöhrət qazanır. İfemelu geri qayıtmaq istəyəndə bu ikili həyatlarının ən çətin qərarını vermək məcburiyyətində qalırlar.

Karandaşın izi ilə

Burda ictimai xidmətlərdən narazılıqlarını bölüşən gəlmələr bir-birləri ilə nəzakətlə davranırdılar.

***

…münasibətlərinin onun üçün sanki rahat evdə oturub, daima gözü pəncərədən çöldə qalmaq kimi bir şey olduğunu…

***

Əgər sürücü bir dəfə danışığında Nigeriya aksenti duysaydı, onu səylə magistr dərəcəsi olduğuna, taksini isə əlavə gəlir üçün sürdüyünə, bacısının isə Rutgerin dekanlıq siyahısında olduğuna inandırmağa çalışacaqdı. … Amerikadakı nigeriyalı taksi sürücüləri hamını inandırmağa çalışırlar ki, onlar, həqiqətən də, taksi sürücüsü deyillər.

***

Obinze sonralar öyrəndi ki, “böyük qadınlar və böyük kişilər” insanlarla söhbət etmirlər, onlar heç kəsi dinləmir, yalnız danışırdılar.

***

Bu ölkədə hamı yoxsuldur, hətta varlı adamlar da. Amma heç kim qürurlu deyil.

***

İnsanlar çatışmayan cəhətlərini onlara hiss etdirmədiyinə görə sənə təvazökar deyib tərif vururlar.

***

Bu qeyri-adi əhvalat idi. Alverçi qadınlar, dəli qadınlar dava edir, amma professor qadının dalaşması görülməmiş hadisə idi.

***

Səni laboratoriyanın yanında görmüşdüm. Əlində Ceyms Hedli Çeysin kitabını tutmuşdun. Onu görəndə öz-özümə dedim ki, əla, bizdə nəsə alınacağına ümid var. O da kitab oxuyur.

***

İfemelu bəzən özünü çox xoşbəxt hiss etdiyinə görə qorxardı. Buna görə də kefi pozular və Obinzenin könlünü sındırar, ya da onunla yad davranardı. Hiss etdiyi gözəl duyğular artıq İfemeluya narahatlıq gətirməyə başlamışdı. O, içindəki xoşbəxtliyin hər an uçub getmək üçün yol axtaran qanadlı bir quş olduğundan qorxardı.

***

İfemelu valideynlərinə Qinikagilin axır ki, Amerikaya getməyə hazırlaşdığını deyəndə atası ah çəkib – “Sonunda düzgün qərar verdilər”, anası isə “Allah onlara rəhm etdi” – demişdi.

***

İlk dəfə Londona gedəndə Aunti Yucudan nə istədiyini soruşmuşdum. Aunti Yucu isə mənə bir siyahı verdi. Siyahıya baxmadan onun nə istədiyini bildiyimi zənn edirdim: “Ətir, ayaqqabı, çanta, saat, paltar – istəklərin bunlar deyil?” Laqous qızlarını tanıyırdım. Bilirsən, o siyahıya nələr yazmıışdı? Bir qutu ətir və dörd ədəd kitab! Şoka düşmüşdüm. Onun sayəsində bir saat müddətində Pikadillidəki kitab mağazasında əvəzolunmaz dəqiqələr keçirdim. Onda Aunti Yucuya iyirmi ədəd kitab almışdım. Hansısa laqouslu qızın səndən kitab almağı xahiş etdiyini görmüsən?

***

Əllərində viza müraciət sənədləri ylğılmış zərflər olan cavanlar kilsəyə gəlir, İbinabo bacı onlara müqəddəs əlini çəkirdi.

***

İfemelu kənddəki nənəsigildə qalanda həsirin üstündə də yatmışdı. Amma ən azından bura Amerika idi. Adlı-sanlı Amerika. İfemelu burda yerdə yatacağını gözləməzdi.

***

Amerikada yaşayan nigeriyalılarla Nigeriyada yaşayanlar arasında olan boşanma fərqi niyə belə çoxdur? Delta Mermeyd bunun Amerikada qanunun qadınların hüquqlarını qoruduğunu və bu qanunlar Nigeriyada da qəbul olunarsa, boşanma sayının, ən azı, Amerikadakı qədər olacağını deyərək fikrini izah etmişdi.

***

Gözəl geyimə gələndə, Amerika mədəniyyəti yalnız özünütəqdimetmə nəzakətinin vecə alınmadığı mədəniyyət deyil. İndi Amerika mədəniyyəti hikmətsiz mədəniyyətə çevrilib. Biz hamıdan üstün, çox məşğul, çox əla və kiminsə bizim haqqımızda nə düşündüyünü vecimizə almayacaq qədər rahat insanlarıq. Buna görə də biz məktəbə gecə paltarı ilə, ticarət mərkəzinə isə alt paltarlarımızda gedə bilərik.

***

Ya o, kim olacağına qərar verməli idi, ya da onun kim olduğuna qərar veriləcəkdi.

***

Onun hiss etdikləri ilə hiss etməli olduqları arasında böyük boşluq var idi. Heç nə vecinə deyildi. O, nəyəsə görə narahat olmaq istəsə də, bunu necə etməyin yolunu unutmuşdu.

***

Kimberli başqalarının xoşbəxt olduqlarına inanmaq istəyirdi. Çünki başqalarının xoşbəxtliyi onun da bir gün xoşbəxt ola biləcəyinə ümid yaradırdı. Lauranın bədbəxtliyi isə Kimberlininkindən çox fərqli idi. O, ətrafdakı hər kəsin bədbəxt olmasını istəyirdi. Çünki Laura özünü həmişə indi olduğu kimi, bədbəxt qalacağına inandırmışdı.

***

– Yaxşı kitabdır?

– Hə.

– Bu romandır, hə? Nə haqqındadır?

İnsanlar, görəsən, niyə sanki romanlar yalnız bir şeydən bəhs edirmiş kimi “Nə haqqındadır?” deyə sual verirlər?

***

O, “bu həqiqətən də, bayağı səslənir, amma mən səndən ibarətəm, bilirsən? Sanki nəfəs yerinə səni ciyərlərimə çəkirəm” – deyəndə İfemelu roman yazanların yanıldığını – əsl romantiklərin qadınlar yox, kişilər olduğunu düşündü.

***

O, fala, həqiqətən də, inanırdı. Kurt sehrlərə, pozitiv fikirlərə, filmlərdə olan xoşbəxt sonluqlara, çətinliklərin yer almadığı xəyallara inanırdı. Çünki o, bunlara inanmazdan əvvəl onlar haqqında ətraflı düşünmürdü. Kurt, sadəcə, ümid edirdi.

***

İfemelunun atası axır ki, iş tapdı. Yeni açılmış banklardan birində insan resursları üzrə müdir müavini işləyirdi. O özünə yeni mobil telefon, anasının maşınına isə yeni təkərlər almışdı. İfemelunun atasının Nigeriya haqqındakı monoloqları yavaş-yavaş yumşalmağa başlamışdı. O deyirdi: “Obasanjonun çox yaxşı olduğunu demək olmasa da, ölkə üçün çox şey etdiyini qəbul etmək lazımdır. İndi ölkənin inkişaf etdirilməsi üçün ciddi təşəbbüslər həyata keçirilir”.

***

– Saçını niyə kəsmisən, xanım? Siz lezbiyansınız?

– Yox, xanım Marqaret, hələ ki deyiləm.

***

O, xaricə gedəndən sonra qohumların, dostların kim olduqlarını unudaraq etibar edilməz insanlara çevrildiyini, hətta düşmənləşdiyini eşitmişdi. Amma görəsən, insanlar niyə inadla onların istisna hal təşkil etdiklərini, belə şeylərin yalnız başqalarının başına gəldiyini və dostlarının belə insanlardan olmadığını düşünürlər?

***

O, birdən bədənini yadlıq hissi bürüdüyünə görə titrədiyini hiss etdi. Aleksa da, digər qonaqlar da, hətta Corcina da hamı müharibənin, insanın ruhunu zədələyən yoxsulluğun nə demək olduğunu başa düşürdü. Amma onlar heç vaxt seçim imkanına sahib ola bilməməkdən əziyyət çəkən insanların olduqları yerdən qaçmaq istəməklərini anlaya bilməyəcəklər. Onlar Obinze kimi həmişə yeməyə yemək, içməyə suyu olan, amma narazılıq içərisində boğulan, doğulduğu andan bəri haranınsa, başqa bir yerin həsrəti ilə yaşayan insanların hisslərini anlaya bilməyəcəklər. Bu insanlar daima həqiqi həyatın, hardasa, başqa bir yerdə olduğuna inanırlar. Buna görə də onlar yaşadıqları yeri tərk edə bilmək üçün təhlükəli, qeyri-qanuni yollara getməkdən belə çəkinmirdilər. Onların heç biri təcavüzə uğramamış, aclıqdan əziyyət çəkməmiş, nə də yandırılmış kəndlərdən qaçmamışdılar. Onlar yalnız seçim imkanı və zərurət axtarışında idilər.

***

Görəsən, daha neçə insan Amerikaya gələndən sonra qaradərili olduğunun fərqinə varıb?

***

Kleçiyə demişəm ki, əgər uğur qazanmaq istəyirsə, öz xalqı haqqında dəhşətli şeylər yazmalıdır. Onun Afrikada olan problemlərə görə yalnız afrikalıların günahkar olduğunu, avropalıların Afrikaya vurduğu zərərdən çox yardım etdiyini deməyə ehtiyacı var. Yalnız bu yolla o, məşhurlaşa bilər. Bunları etsə, insanlar onun səmimi olduğunu düşünəcəklər!

***

Üçüncü Dünyada böyüyən uşaq olmaq sənin olduğundna fərqli bir çox seçim sahəsindən, düzlüyün, həqiqətin yalnız yerinə görə istifadə edildiyindən xəbərdar olmaq deməkdir.

***

İrqçiliyin antisemitizmlə eyni şey olduğunu deməyin. Belə deyil. Yəhudilərə qarşı olan nifrətdə paxıllıq ehtimalı da var – onlar çox ağıllıdılar, bu yəhudilər – hər şeyi onlar idarə edirlər, bu yəhudilər – yəhudilərə qarşı nə qədər qərəz, nə qədər paxıllıq olsa da, hamı onlara hörmət edir. Amerikalı qaradərililərə qarşı olan nifrətdə isə paxıllıq olması ehtimalı yoxdur – bu qaradərililər çox tənbəl və çox ağılsızdırlar.

***

Bu ölkədə bədii ədəbiyyat həddindən artıq ideolojidir. Əgər hər hansı bir surət insanlara tanış deyilsə, onda insanlar ona inanmır.

***

Yaranıza plastır vuranda bunların sizin dəri rənginizlə uyuşmadığını hiss etmisiniz?

***

Əlbəttə ki, irq mürəkkəb məsələdir. Köləliyə qarşı olan insanların çoxu qulları sərbəst buraxmağın tərəfdarı olsalar da, qaradərililərin onlara uaxın ərazidə uaşamasını istəmirdilər. İndi insanların çoxu dayənin, ya da “Limuzin” sürücüsünün qaradərili olmasına əhəmiyyət vermir. Amma qaradərili müdirlərinin olmasından çox narahat olacaqları dəqiqdir.

***

Onların – qaradərililərin Obamanı, qadınların isə Hillarinin prezident olmasını istədiklərini deməsi maraqlı deyil? Bəs qaradərili qadınlar kimi istəyir onda?

***

O, seçkilərdə qalib gəlsə, artıq qaradərili olmayacaq. Opranı görürsünüz, o, artıq qaradərili deyil, Opradır. Opra qaradərili insanların sevilmədiyi yerlərə gedib yaxşı qarşılana bilir. Obama da seçilsə, qaradərili olmayacaq, sadəcə, Obama olacaq.

***

Niyə bizim dəfn mərasimlərimiz çox asanlıqla insanın ölümünə heç bir aidliyi olmayan başqa şeylərə çevrilir?

***

İnsanlar dəyişir, bəziləri isə lap çox dəyişir.

***

Dəhşətdir. Bəlkə də həmişə belə olub, amma biz bundan xəbərsiz olmuşuq.

***

Bizim cürətimiz var, amma şərəfimiz yox.

***

Amerikanın ən sevdiyim xüsusiyyəti oranın insana qadağa qoymamasıdır. Mənim bundan xoşum gəlir. Mən xəyallarıma tamamilə inanmağı sevirəm. Sən xəyallara inanırsan və hər şey bundan ibarət olur.

***

– İnsanlar varlananda yaman əcaibləşirlər.

– Bəlkə hamımızın içində əcaiblik var, amma bunu göstərməyə pulumuz yoxdur?

***

Onların arasında hər ikisinə tanış olan qədim bir sükut baş qaldırmağa başladı. İfemelu bu sükutun içərisində özünü etibarlı hiss edirdi.

***

Sabaha ümid bəsləmək sevginin göstəricisi idi.

***

Restorandan çıxanda İfemelunun darvazanın yanındakı su dolmuş çuxurdan yan keçməyə çalışdığını görəndə Obinze Laqosdakı bütün yolları onun üçün hamarlamaq eşqinə düşmüşdü.

***

Hausalılar hausalılarla hausa dilində danışır. Yorubalar isə yoruba görən kimi yorubaca danışmağa başlayır. Amma iqbolar iqbolarla ingiliscə danışır. Hətta sənin mənimlə iqboca danışmağına da təəccübləndim. “Doğrudur” – Obinze dedi – “Çox təəssüfverici haldır. Bu, yenilməyimizin nəticəsidir. Biafra müharibəsini uduzandan sonra bizim insanlar özlərindən utanmağı öyrəndilər”

***

İki fərqli mədəniyyətədn olan insanların münasibəti vaxtı ancaq nələrisə izah etməklə keçirməkdən ibarətdir. Keçmiş sevgilimlə olanda vaxtımı ancaq izahat verməklə keçirirdim. Hərdən düşünürdüm ki, görəsən, eyni yerdən olsaydıq, bir-birimizə deməyə sözümüz olardı, ya yox?

***

Dünyada yoxsul olmağın çox yolu var, zəngin olmağın isə yalnız bir yolu olduğu görünür.

***

Kaş ki, o arzu etdiklərini hiss edə biləydi.

***

Amerikada hələ də tribalizm kifayət qədər mövcuddur. Tribalizmin dörd komponenti var – sinif, ideologiya, region və irq. Birinci komponent olan sinif çox sadədir. Varlılar və yoxsullar. İkinci komponent ideologiyadır. Liberallar və mühafizəkarlar. Onlar siyasi məsələlər haqda razılaşmaya gələ bilmirlər. Hər iki tərəf digərinin şeytan olduğunu düşünür. Müxtəlif millət və irqə mənsub olan adamlar evlənmək istəyəndə onları ruhdan salırlar. Nadir hallarda bu evliliklər baş tutanda isə buna qəribə hal kimi yanaşırlar. Üçüncü isə region məsələsidir. Şimal və Cənub. Bu iki tərəf arasında vətəndaş müharibəsi baş verib. Hələ də müharibənin izləri qalmaqdadır. Şimal Cənuba yuxarıdan aşağı baxır. Buna görə də Cənub Şimala hiddətlənir. Ən sonuncu isə irqdir. Amerikada irqi iyerarxiya pilləkəni mövcuddur. Bəyazdərililər, xüsusilə BAP kimi tanınan bəyazdərili anqlosakson protestantlar həmişə ən yüksəkdə, amerikalı qaradərililər isə ən aşağı pillədədirlər. Ortada qalanlar zaman və məkan fərqlərinə arxalananlardır. (Belə bir əcaib qafiyə də var: if you’re white, you are all right, you’re brown, stick around, if you’re black, get back! – bəyazdərilisənsə, həmişə haqlısan, qəhvəyi rənglisənsə, bizi izləməyə davam elə, qaradərilisənsə gəldiyin yerə qayıt!)

***

Bir qrup vətənə yeni qayıtmış insan həftədə bir dəfə yığışıb, Laqosun Nyu Yorkdan fərqlənən cəhətləri haqqında danışaraq inildəyirlər. Sanki Laqos nə vaztsa, Nyu York kimi şəhər olmağa yaxınlaşa bilib. Məsələyə bir az da açıqlıq gətirək: Mən də onlardan biriyəm. Bizim kimi insanların çoxu Nigeriyaya pul qazanmaq, şəxsi biznesinə başlamaq, hökumətlə müqavilə bağlamaq və əlaqə yaratmaq üçün geri dönüb. Bəziləri isə ürəklərində çoxlu arzu ilə geri dönüb burdakı bir çox şeyi dəyişmək həvəsinə düşür. Amma bizim hamımız Nigeriyadan şikayət edirik. Bu şikayətlər, haqlı yerə edilsə də, mən mədəniyyətsiz adamlar kimi onlara “Gəldiyiniz yerə rədd olun!” – dediyimi təsəvvür edirəm. Əgər aşpazınız yaxşı panini hazırlaya bilmirsə, bu, onun axmaqlığından irəli gəlmir. Bunun səbəbi nigeriyalıların sendviç yeyən millət olmadığından və sonuncu müdirinin günorta yeməyində çörək yeməməsindən irəli gəlir. Buna görə də onun təlimə və təcrübəyə ehtiyacı var. Nigeriyalılar nə ərzağa qarşı allergiyası olan, nə də yeməyə ayrıseçkilik salan mız-mız millət də deyil. Nigeriyalılar şorba kasasında mal, toyuq əti, inək dərisi, bağırsaq, quru balıq yeyən xalqdır. Onlar bunu uyğun edir. Özünüzə gəlin və anlayın ki, ölkədə hər şey uyğundur.

***

– Ah, danış görək, pul insanı necə dəyişir?

– İnsanlar səninlə başqa cür rəftar edir. Mən yalnız yad adamları nəzərdə tutmuram. Dostlar da, hətta xalam qızı Nnioma da. Qəflətən hamı sənə yaltaqlanmağa başlayır. Onlar sənin bütün şişirdilmiş tərifləri, layiq olmadığın hörməti gözlədiyini düşünür. Bunlar çox yalançı və şit, həddindən artıq boyanmış rəsm kimi mənasız hərəkətlərdir. Amma bəzən insan özü də bu haqda bir az düşünməyə və özünü başqalarından fərqli görməyə başlayır. Bir dəfə əyalətə yoya getmişdim. Mən içəri girəndə masabəyi uzun-uzadı tərif yağdırmağa başladı. Onda mən həmişəkindən fərqli yeridiyimi hiss etdim. Mən fərqli olmaq istəmirdim, amma fərqli idim.

***

– Sendviçlə qızardılmış kartof da gətirirsiniz? – İfemelu ofisiantdan soruşdu.

– Bəli, madam.

– Həqiqi kartofunuz var?

– Madam?

– Deyirəm, kartoflar xaricdən idxal olunan dondurulmuş kartoflardır, yoxsa siz kartofu özünüz doğrayıb qızardırsınız?

Ofisiant incik baxışlarla İfemeluya baxaraq dedi:

– İdxal olunan dondurulmuş kartoflardır.

Ofisiant uzaqlaşan kimi İfemelu Obinzeyə dedi:

– Dondurulmuş ərzaqların dadı çox pis olur.

– O sənin həqiqi kartofu nəzərdə tutduğuna inana bilmirdi, – Obinze quru-quru dedi. – Həqiqi kartof onun üçün geridə qalmış bir şeydir. Yadında saxla ki, bura bizim orta təbəqəyə aid dünyadır. Biz hələ inkişafın ilk mərhələsini tamamlamamışıq ki, yenidən əvvələ, südü inəyin əmcəyindən içdiyimiz dövrə qayıdaq.

 

Tərcümə: Sevinc Tahirova

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram