Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nina Stibbe “Sükan arxasındakı adam”

Annotasiya

“Sükan arxasındakı adam” (ingiliscə “Man at the Helm”) – britaniyalı yazıçı Nina Stibbenin 2014-cü ildə işıq üzü görən bu romanında valideynləri boşandıqdan sonra yeni həyatlarına öyrəşməyə çalışan üç uşaqdan bəhs edilir.

Onlar anaları ilə birlikdə Londondakı dəbdəbəli malikanələrindən kəndə köçməli olurlar. Boşanmış qadın olduğu üçün kənd camaatı bu ailəyə pis gözlə baxır, mehriban münasibət göstərmir. Analarını yenidən xoşbəxt görmək istəyən uşaqlar ona sevgili, ailəni idarə edəcək, sükan arxasına keçəcək kişi tapmaq üçün kiçik bir oyuna başlayırlar.

Karandaşın izi ilə

– Ah, kitablar, – o dedi. – İlahi pərvərdigara, xanım Vogel, siz bunların hamısını oxumusunuz?

Anamın “ilahi pərvərdigara” deyən və mənasız suallar verən insanlardan xoşu gəlmirdi. O hesab edirdi ki, təkcə “ilahi” və ya təkcə “pərvərdigara” sözləri kifayətdir.

***

Tezliklə kənd camaatının bizi sevmədiyini hiss etdik. Bunu hiss etmək elə də çətin deyildi. Onlar bizə baxırdılar, amma heç kim üzümüzə gülmürdü, heç kim mehriban labradorumuzu sığallamırdı.

***

Düzünü desək, onlar pis adam deyildilər, əksinə yaxşı insanlar idi. Sadəcə ailə tədbirlərində və kokteyl ziyafətlərində anamızın öz ərsizliyi ilə onları utandırmasını istəmirdilər.

***

Bacım ərdən gözlədiyim üç əsas keyfiyyəti qeyd etməyimi istədi. Çətin tapşırıq oldu, çünki kişilər haqqında çox az şey bilirdim. Təkcə onu bilirdim ki, buxarıda alovdan və omletdən xoşları gəlir, bir də həmişə ağızlarında nəsə çeynəmək istəyirlər.

***

– Ancaq cənab Lonqleydi evlidir, – dedim, – xanım Lonqleydi ilə.

Cənab Lonqleydinin xanım Lonqleydi ilə evli olduğunu dəqiqləşdirmək vacib idi, çünki xanım Lonqleydi ilə evli olmaq başqa biri ilə evli olmaqdan qat-qat ciddi məsələ idi.

***

Həkimlərin özəlliyi budur. Onlara hamı inanır. Yəqin, buna görə hamı həkimlə evlənmək istəyir.

***

Onun anamla bir-birlərinə səmimi qəlbdən nifrət etdiyini vurğulayaraq etiraz etdim. Lakin bacım sevgidən nifrətə yalnız bir addım olduğunu dedi, yəni, laqeyd olduğunuz insana nisbətən nifrət etdiyiniz insanla sevişib ona ərə getmək ehtimalınız daha çoxdur. Bu barədə çox düşündüm və bu fikir mənə məntiqli gəldi. Bu da məni narahat etdi.

***

KEŞİŞ HOUP. Niyə digər möminlərdən ayrı, tək dua etmək istəyirsiniz?

ADEL. Onların hamısı axmaqdır.

KEŞİŞ HOUP. Sizi başa düşürəm.

ADEL. Allahla təklikdə danışmağa üstünlük verirəm.

KEŞİŞ HOUP. Gəlin, birlikdə dua edək.

ADEL. Bəs Allah etiraz etməz?

KEŞİŞ HOUP. Əminəm ki, lazımi məqamda üzünü çevirəcək.

***

Qızların daim sənə qara xəbər gətirirsə, trankvilizator qəbul etməyin nə faydası?

***

Mən təəssüratlarını bölüşməsə, sanki heç nə olmadığını düşünən insanlardan idim (və hələ də onlardan biriyəm).

***

Anam o vaxt demişdi ki, ən çətin şey səbəb olduğumuz pis hadisələrə qatlanmaqdır. Nə də olmasa, bu işdən başı çıxırdı, çünki həyatında olan pis hadisələrin çoxu onun öz günahı ucbatından baş vermişdi.

***

– İki ev, iki qaraj, iki ev, iki qaraj, – Kennet dedi. – Nifrət etdiyim bir şey varsa, o da yuxarı qalxan qaraj qapısının cırıltısıdır. Normal açılıb-bağlanan taxta qapılara nə oldu?

“Nə qəribə nifrət obyekti! – deyə düşündüm – Görəsən, onun yaşına çatanda, təxminən qırx yaşım olanda məni də bu cür şeylər narahat edəcək?”

***

KRAL. Qızım öz şahzadəsini seçəcək.

OĞLAN ŞAHZADƏ. Heç bir şahzadə ayaq üstdə işəyə bilmir.

QIZ ŞAHZADƏ. Xahiş edirəm, izah edin.

OĞLAN ŞAHZADƏ. İpək corablarını bulayır.

QIZ ŞAHZADƏ. Libasını bulamadan ayaq üstdə işəyə bilən şahzadə istəyirəm.

OĞLAN ŞAHZADƏ. Bizim torpaqlarımızda belə bir şahzadə yoxdur.

KRAL. Yad krallıqlarda da.

QIZ ŞAHZADƏ. Onda şahzadə istəmirəm.

***

– Onun bir qadınla qol-qola gəzdiyini gördüm, – dedim.

– Arvadıdır, – bacım söylədi. – Onların evliliyi dağılmaq üzrədir.

– Hardan bilirsən? – deyə soruşdum.

– Sadəcə bilirəm. Bundan başqa, evliliyi bitmək üzrə olmasaydı, kim arvadı ilə qol-qola gəzərdi? Bu bir işarədir, açıq-aşkar işarədir.

– Onda qol-qola gəzmək nəyə lazımdır? – deyə soruşdum.

– Məndən soruşma. Belə qəbul olunub. Ümidsizlikdən doğur. Daha zəif partnyorun təşəbbüsü ilə, – bacım dedi, – bunu təbiətşünaslıq dərsində keçmişik. Heyvani instinklərdir.

***

Sadəcə müəyyən inkişaf mərhələsindən keçən biri ilə təsadüfən evlənə bilərsən. Düşüncəsi belə qorxuludur.

***

Hətta cavan yaşımda da bilirdim ki, vəziyyət nə qədər çıxılmaz olursa olsun, başqasının tavasında qızardılan yeməyi qarışdırmaq olmaz. Və bunu edən insanlar, biabırçı şəkildə başqasının işinə burnunu soxan insanlar tava sahibinə bir qram da olsa hörmət etmirlər.

***

Məsələ onda deyil ki, kişi ilə yaxşıdır, kişisiz pis. İstənilən halda kişi qıcıqlandırır, ancaq onunla birlikdə olmaq onsuz olmaqdan daha yaxşıdır. Və məhz bu – “pis olsa da, özümünküdür” inamı digər ev sakinlərindən öncə qəzet oxumaq üstünlüyü olan, qonaq otağındakı kresloda və avtomobildə donquldanan xoşagəlməz ataların hamısına aydınlıq gətirir. Sadəcə qadınlar və uşaqlar hesab edirdilər ki, kişisiz olmaqdansa kişi ilə olmaq yaxşıdır. Hətta xoşagəlməz vərdişləri də olsa, ağızlarından pis qoxu da gəlsə… Bu da bizim ümidsizcəsinə təkrarlamağa çalışdığımız təkrarlanan davranış modelinin əsasını təşkil edirdi.

***

Bir daha gördük ki, burunlarını başqalarının işinə soxan insanlar çox vaxt eqoist olurlar və guya kömək etmək istədikləri insana qətiyyən kömək etmirlər.

***

Missis Vi, dünya necə amansızdır. Flora və faunaya görə Tanrıya min şükür.

***

– Heç bir sənətim yoxdur, – deyə anam cavab verdi, – heç nə öyrənməmişəm, fiziki əməklə məşğul olmalı olacam.

Cek anamızın onun təsəvvür belə edə bilmədiyi bir işlə məşğul olacağını düşünərək göz yaşlarına boğuldu.

***

Bu kitabı “sükan arxasına keçəcək kişiyə ehtiyacımız qalmadı” sözləri ilə bitirmək istərdim. Necə güclü sonluq olardı: anam özü sükan arxasına keçdi və kənardan heç kimin yardımı olmadan hər şeyin öhdəsindən gəldi! Ancaq iş orasındadır ki, heç kim bu həyatın öhdəsindən təkbaşına gələ bilməz, – əgər həqiqətən təkdirsə. Hər şeyin öhdəsindən gələn bütün qoçaq insanların arxasında onları sevən, onlardan xoşu gələn, onlara yaxşılıq arzulayan, onlara görə narahat olan, onlara xoş sözlər deyən, onları ürəkləndirən və daim onlara kömək edən bir yığın insan dayanır.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram