Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İrvin Şou “Gecə işi”

irvin-sou-gece-isi-nightwork-irwin-shaw-kkoAnnotasiya

“Gecə işi” (ingiliscə “Nightwork”) – XX əsrin görkəmli amerikalı yazıçılarından biri İrvin Şounun qələmindən çıxan “Gecə işi” romanı 1975-ci ildə işıq üzü görüb.

Bir zamanlar müvəffəqiyyətli və perspektivli pilot olan Duqlas Qrayms xəstəliyinə görə işindən ayrılmalı olur. İndi o, ucuz bir mehmanxananın gecə gözətçisidir. Və belə bir zamanda tale başgicəlləndirici dönüş edir – mehmanxana sakinlərindən biri qəfildən ölür və Duqlas onun pulları ilə Avropaya qaçır. Beləliklə, qəhrəmanın parlaq, dəbdəbəli, bəzən macəralı və təhlükəli həyatı başlayır.

 

Karandaşın izi ilə

Pəltəkliyimi müalicə etməyimlə bağlı durmadan baş-beynimi aparmasaydı, yəqin ki, ona evlilik təklifi edərdim.

***

İ-işçi adamı başdan çıxarmayın.

***

Məni öpdü. Məktəbin pəncərələrindən kiminsə görəcəyindən ehtiyat etmədən. Göz yaşı axıtmadan. Bir kəlmə xoş söz söyləmədən. Halbuki mənim onun üçün dəyərli olduğumu və məni sevdiyini söyləsəydi, hər şey daha fərqli ola bilərdi.

***

Sənin xarakterin sənin taleyindir, uğurların məziyyətlərinin, uğursuzluqların isə çatışmazlıqlarının nəticəsidir.

***

Görünür, Nyu-Yorkun tarixi polis kitabçalarında daha düzgün əks olunmuşdur. Zəhmət olmasa, bunu maraqlı arxeoloji kəşflər sırasına daxil edin.

***

– Klara, mənim telefonum yoxdur.
– Bəxtəvər.

***

Doğrudan da, dolaşıq vəziyyətə düşən hər bir kəs şəxsi detektiv hekayəsinin qəhrəmanına çevrilir.

***

– Mədəsində problem olan insan gərək bukmeker olmaya.

***

Yadımdadır, həmin günü Arlinqton qəbiristanlığında keçirmişdim. Bura mənə Riçard Niksonun ABŞ prezidenti postuna çıxışını qeyd etmək üçün ən münasib yer kimi görünürdü.

***

– Hər şey lazımlı insanlarla əlaqələrinin olub-olmamasından asılıdır.
– Tapılar, – cibində yüz min dollar varsa, lazımlı əlaqələrin də cibində olacağını düşənərək dedim.

***

Həqiqətən əmin olduğum yeganə bir şey var idi: Vaşinqtonda prezidentdən tutmuş qapıçıya kimi hamıya öz vəzifəsini yerinə yetirmək üçün cəmi-cümlətanı ildə iki həftə vaxt verilsəydi, Amerika dünyanın ən qüdrətli ölkəsinə çevrilərdi.

***

Otuz üç il yaşayıb əslində necə bir insan olduğunu bilməmək mümkündürmü?

***

Bu necə bir ölkədir ki, oğlun olmadığına görə Tanrıya şükür edirsən?

***

Ancaq atam mənə pis məsləhət verdi. Bu məsləhəti də ötən əsrdən qalma idi. Elə hey deyirdi: “Oğul, tez evlən”.

***

O, açıq-aşkar mənə nifrət edir. Səbəbini bilmək istəyirsən? Ona görə ki, onun yüksək Amerika standartlarına əsasən, mən vecsiz bir uğursuzam. O, özünə yeni donlar ala bilmir, rəfiqələri isə alır. Evimiz on ildən çoxdur ki, təmir edilməyib. Televizora görə borcumuz var. Maşınımız köhnədir. Şirkətin ortağı deyil, mühasibiyəm. Başqalarının pulunu sayıram – bu qədər. Bəs bilirsən ki, bu dünyada ən pis şey nədir? Başqalarının pulu…

***

Hələ bu vaxta qədər məşhur jurnalist, yaxud konqresmenlə tanış olmaq mənə nəsib olmamışdı. Sosial nərdivanda yuxarıya qalxıram yoxsa aşağıya düşürəm?

***

Siz qeyri-ciddi adamlarsınız. Sizin üçün bu sadəcə bir oyundur. Amma təmiz adlandırdığınız o insanlar üçün bu artıq bir oyun deyil, həyatın özüdür. Sizin üçün var olmayan vergilər və başqa çətinliklər onlar üçün mövcuddur… Sizin fikir ayrılıqlarınızın beysbol komandaları formalarının rəngindən heç bir fərqi yoxdur. O yalnız hansı komandanın hesabda irəlidə olduğunu bilmək üçün lazımdır. Əslində isə sizin hamınız eyni oyunu oynayırsınız. Sizi tovlayıb başqa komandaya aparsalar, əvvəlki formanızı üstünüzdən çıxarıb yenisini geyinirsiniz və daha yüksəklərə qalxmağa çalışırsınız.

***

Əslində isə mən qüsursuz geyinmiş yalançıyam. Hökümətimiz yalançılar hökumətidir və hər birimizin zəngin təcrübəsi var.

***

Səhər yuxudan ayılanda o artıq yox idi. Stolun üstünə kağız qoyub getmişdi. Xətti səlis və bir qədər mail idi.
“Budur, bayram sona çatdı. Adi günlər başladı. Bir qadının ağzından çıxan sözləri ciddi qəbul etməyin. Ev.”

***

Axı pul həm dərddir, həm də dərman.

***

O, təbəssümü ilə məni mükafatlandırdı. İyirmi səkkiz yaşı var idi. Hələlik təbəssümünü mükafat hesab etmək üçün əsası çox idi.

***

Pul güc demək idi. Bunu çox gözəl başa düşürdüm. Ancaq heç ağlıma da gəlməzdi ki, onun itkisi arxasınca belə gücsüzlük gətirəcək.

***

Həmin gün o mənə iri bir saat hədiyyə etdi. Saatın zəmanəti var idi: suda yüz metr dərinlikdə və ya yüksəkmərtəbəli binalardan düşdüyü halda dəqiqliklə işləyəcəkdi. Onun saniyə əqrəbinin dayandırılması üçün mexanizmi, il, ay, gün və sair bu kimi şeyləri göstərən fərqli siferblatları var idi. Deyəsən saat İsveçrənin milli himnindən başqa dünyadakı hər şeyi nümayiş etdirə bilirdi.

***

Florensiyaya günaha batmağa gəlmişəm. Batacam da.

***

Kədərli insanlarla iş görmək darıxdırıcıdır.

***

– Heç Luvrda olmusunuzmu?
– Parisə ilk addımımı dünən atmışam.
– Sizə paxıllığım tutur: sizdə hər şey hələ qabaqdadır.

***

– Yaxşı, – Fabian mehribancasına razılaşdı, – hələlik pul barəsində danışmayaq. Ancaq icazə verin, xatırladım ki, pornoqrafik filmlərin əksəriyyəti, ən açıq-saçıqları da daxil olmaqla, İsveç və Danimarkada istehsal olunub. Yəni, sizin verdiyiniz təyinə görə, sosialist ölkələrdə.
– Skandinavlar! – tənqidçi nifrətlə fınxırdı. – Sosializmə parodiya yaradıblar. Onların sosializminə tüpürüm.

***

– Seks, sevgi, hər nə cür olur olsun, bunların hamısı heç vaxt yalnız çılpaq vücuda, ehtirasın təmin olunmasına gəlib çıxmır. Həmişə işin içinə təxəyyül qarışmalıdır. Hər bir dövr özündə rəssam üçün sadə sevgi aktını inanılmaz yüksəkliklərə qaldıran təxəyyül, sirr gizlədir.

***

– Əziz dost, qorxuram ki, sizdə bəxtsiz instinkti yüksək səviyyədə inkişaf edib.

***

– Nə vaxtsa qanqsterlərlə işləmisiniz?
– Yox, heç vaxt.
– Elə mən də. Yəqin bu bizim üstünlüyümüzdür.

***

– Necə gözəl incəsənət xəzinəsidir! Burada nə qədər sakitləşməyən enerji, mübarizə, dəlisov yumor mücəssəməsi toplanılıb! Xoşunuza gəldimi?
– Qorxuram ki, mənə heç nə çatmadı.
– Heç olmasa düzünü danışırsınız, – Fabian güldü. – Tez-tez sərgi və muzeylərə baş çəkməliyik. Sonunda adi qavrayış və hisslərin sərhədini aşacaqsınız. Yalnız çox diqqətlə baxın. İstənilən başqa nailiyyət kimi bu da səy tələb edir.

***

– Duqlas, siz mənəvi sevincləri lazımınca qiymətləndirmirsiniz. İnsan yalnız qara kürü ilə yaşamır.

***

Artıq çoxdan bu qərara gəlmişəm ki, bu dünyada yalnız sonsuz bir ədalətsizlik var. Nə görmüşəm? Nə yaşamışam? Milyonlarla günahsız insanın öldüyü müharibələr, dağıntılar, quraqlıqlar, aclıq. Bunlarla yanaşı yuxarıların satqınlığı, oğruların varlanması və qurbanların dayanmadan artması. Və demək olar ki, çıxış yolu, yaxud heç olmasa əzablarını azaltmaq imkanı yoxdur. Fikir verdim ki, pulu olan qurbana çevrilmir. Pul sənə özün olmaq azadlığını gətirir. Yoxsul isə labirintdə dolaşan siçan kimidir. Onun çıxış yolu yoxdur, yol axtarışında onu hərəkət gətirən aclıqdır. Əlbəttə, bu və ya digər siçan labirintdən sıçrayıb çıxa bilər. Ya təsadüfən, ya da bəxti gətirə bilər. Sizinlə mənim kimi. Bundan başqa hakimiyyət hərisi olan insanlar var. Bu gücü əldə etmək üçün onlar alçalmağa, hər şeyi və hər kəsi satmağa, öldürməyə hazırdırlar. Bu gün dünyanı idarə edən bəzi prezidentlərə və istənilən polkovnikə baxın.

***

Pul və təvazökarlıq bir araya sığışa bilməz. Diqqət etdiyiniz kimi, mən pulu sevirəm, ancaq onları toplamağa, bunun üçün ən gözəl illərimi sərf etməyə ərinirəm. Vaxtaşırı mənim kimi müəyyən edilmiş qanunlara və əxlaq normalarına yad insanların soxulduğu əlçatan yerdə olan pulları tapmaq lazımdır.

***

Pul barəsində nə qədər az fikirləşsən, ondan aldığın zövq bir o qədər çox olur.

***

– Razısınızmı? Özünüzü təhlükəsizlikdə hiss edirsinizmi?
– Hər şeydən təhlükəsizlikdə. Bircə sizin nikbinliyinizdən başqa.

***

Avropada Bramsa qulaq asmaq lazımdır.

***

Fabian məni Sürixdə vəfat edən Ceyms Coysun dəfn edildiyi qəbiristanlığa da apardı. Yazıçının heykəli ucalan məzarın başında Fabiana etiraf etməli oldum ki, “Uliss”i oxumamışam. Şəhərə qayıdan kimi məni düz kitab mağazasına apardı və bu romanı aldı. Burada ağlıma ilk dəfə belə bir fikir gəldi: həbsxanalar heç də qəddar quldurlarla deyil, Platonla maraqlanan, musiqi, ədəbiyyat, müasir rəssamlıq, şərab və cins atlardan başı çıxan ədəbli insanlarla da dola bilər.

***

Keçmiş dövrlərdə qəhrəmanın şücaəti adətən cəsurluq, alicənablıq, zirəklik və düzlükdən asılı idi. Bu siyahıda təşəxxüsə heç cür yer yox idi. Lakin indiki dövrdə, əksəriyyətin çətin ki, nəyə uymalı olduğunu bildiyi, əminliklə qalxdığımızı və ya düşdüyümüzü, irəli və ya arxaya getdiyimizi, sevdiyimizi və ya nifrət etdiyimizi, həqarətlə baxdığımızı və ya baş əydiyimizi deyə bilmədiyi belə bir dövrdə, ən azından mənim kimi insanlara təşəxxüs həyatın son dərəcə mühüm vasitələrindən biri kimi görünür.

***

– Oğlum, əxlaq bölünməzdir. O, bayram piroqu deyil ki, dilimlərə ayırıb boşqablara paylayasan.

***

Səyahət o zaman əsl sevinc bəxş edir ki, doğma eviniz sizin yolunuzu gözləyir.

***

Üç dil bilərək necə lazımsız insan olmaq olar. Və bu mənə çox baha başa gəlir.

***

Fransız təmiz ingilis dilində Fransadan şikayət etdi:
– Fransanın xarici siyasətində qollizmin ən pis xüsusiyyətləri özünü göstərir: eqoizm, qərarsızlıq və reallıqdan uzaqlıq.
İngilis ona züy tutdu:
– İngilis fəhlələri işləməyi yadırğayıblar. Ancaq mən onları günahlandırmıram.
Və nəhayət amerikalı dedi:
– Birləşmiş Ştatlar Sovet İttifaqına iki milyon ton buğda satdığı gün kapitalist sistemi öz hökmünü imzaladı.

***

Bu dünyada ədalət deyilən bir şey varsa, o, arvadını vəsiyyətindən rədd etməlidir.

***

– Əvvəlvə bütün klassik yerlərə baxın: Vatikan, Sikstin kapellası, San-Ancelo qəsri, Musanın heykəli, Forum və sair. Əbəs yerə onlar yüz ildən çoxdur bütün soraq kitabçalarında qeyd olunmayıblar. Sonra isə bu əbədi şəhərlə tanış olmaq üçün öz yolunuzu tapacaqsınız. Deyək ki, Stendalı oxuyacaqsınız. Fransızca bilirsiniz?
– Yox.
– Təəssüf.
– Məktəbə qayıdıb hər şeyi əvvəldən başlamaq istərdim.
– Məgər bizim hamımız bunu istəmirikmi?

***

– Gözəldirlər, elə deyilmi?
– Kimlər?
– Bu heykəllər. Bu, Romanı, deyək ki, Nyu-Yorkdan üstün tutmağımın səbəblərindən biridir. Burada sizi sığorta şirkətləri və birja maklerlərinin çoxmərtəbəli binalarının polad və şüşəsi deyil, incəsənət və ziyarətgahlar özünə ram edir.

***

Oruell 1984-cü il haqqında xəbər verməklə səhv edib. Bu, artıq 1973-cü ildən başlayıb.

***

Asta-asta qəhvəmi içib hesabı ödədim, yavaş-yavaş mehmanxanaya doğru getməyə başladım və əmin oldum ki, piyadanın gördüyü Roma avtomobil pəncərəsindən görünən Romadan tamamilə fərqlənir və müqayisə edilməz dərəcədə daha gözəldir.

***

Ölkəmiz son dərəcə gözəldir, sürprizlərlə doludur. Bu sürprizlərdən bəziləri xoş da ola bilir.

***

Həmin günlər gözəl günlər idi, qayğısız və şəhvətli. Heç nə ilə – nə saatlarla, nə təqvimlərlə təşvişə düşməyən günlər. Dilini bilmədiyimiz və kədəri bizi narahat etməyən gözəl bir ölkədə. Nə qəzet oxuyurduq, nə radio dinləyirdik, nə də gələcəklə bağlı planlar qururduq.

***

– Mənim daha yaxşı təklifim var. Gəlsənə, evlənək, uşağımız olsun və boşanmayaq?

***

– Mərcə girərəm ki, o polkovnikdir. Bilmirsən?
– Yox, heç vaxt soruşmamışam.
– Mənə elə gəldi ki, siz onunla çox yaxınsınız.
– Elədir ki var.
– Və heç vaxt rütbəsini öyrənməyə çalışmamısan?
– Yox.
– Qəribə dostluğunuz var.

***

– Prissila Dinin namusunu qoruyaraq ölmək axmaqlıq olardı.

***

– Əziz dost, bu sadəcə puldur. Biz isə səninlə daha qiymətliyik.

***

– O sizi aldatmışdı?
– Bir balaca.
Boğuq səslə güldü.
– Məni də aldatmışdı. Əziz və köhnə dost Mayls. Onu vicdanlı adlandırmaq olmazdı, ancaq həmişə şən insan olub. O, başqalarına sevinc bəxş edib. Əlbəttə, bununla bağlı mühakimə etməyə cəsarət etmirəm, amma bəlkə insanlara sevinc bəxş etmək hər şeydən daha önəmlidir.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram