Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Eduardo Mendoza Qarriqa “Tilsimli sərdabənin sirri”

eduardo-mendoza-qarriqa-tilsimli-serdabenin-sirri-la-crypta-kkoAnnotasiya

“Tilsimli sərdabənin sirri” (ispanca ” El misterio de la cripta embrujada”) – Yazıçı və dramaturq Eduardo Mendoza Qarriqa müasir ispan ədəbiyyatının ən yaxşı nümayəndələrindən biri hesab olunur. Bu roman müəllifin ilk satirik əsəridir.
“Tilsimli sərdabənin sirri” qeyri-adi və gözlənilməz romandır. Detektiv əsərlərə parodiya olmaqla yanaşı, eyni zamanda böyük Avropa şəhərinin həyatına karikaturadır.
Monastırın nəzdində fəaliyyət göstərən məktəbdən qəribə şəkildə tələbələr itir. Bu işdə bacarıqsız olduğunu görən polis keçmişdə cinayətkar, hazırda psixiatrik xəstəxanın xəstəsi olan son dərəcə orijinal personajdan kömək istəyir. Yalnız bu ekstravaqant xəfiyyə sirli cinayətin üstünü aça bilər.

Karandaşın izi ilə

Bu demokratik ölkədə dəlilər də faşist olur!

***

Bununla belə, mən heç də axmaq deyiləm və heç vaxt da olmamışam: düzgün sintaktik qaydada ipə düzülmüş gözəl sözlər bir müddət mənə zövq verə, arzulamağa imkan yarada, perspektivlərə sevindirə, həyatın əslində necə olduğunu unutdura bilər. Ancaq bu sevinc uzun çəkmir: mənim özümü qoruma instinktim çox güclüdür, mən həyatdan çox yapışıram və mənim çox acı bir təcrübəm var. Gec ya da tez beynim aydınlaşır və mən anlamağa başlayıram.

***

Və mən razılaşdım. Götür-qoy etmədən. Hətta nəyə razılaşdığımı soruşmadan. Çünki məsələ yuxarı instansiyaların – məhkəmə, elm və Tanrının nümayəndələri tərəfindən həll edilibsə, onda qərarın mənə xeyri olmasa da, ən azından xüsusi ziyanı da dəyməyəcək.

***

– Bu yenə baş verib.
– Nə? – başa düşmədim.
– Daha bir qız itib.
– Başqası yoxsa eyni qız?
– Axmaq, başqası! – komissar hirsləndi. – Sənə axı deyildi ki, birinci qızı məktəbdən qovmuşdular.
– Bu hadisə nə vaxt təkrarlanıb?
– Dünən axşam.
– Hansı şəraitdə?
– Eyni şəraitdə. Sadəcə hadisə iştirakçıları fərqli insanlar olub – həm qızlar, həm rəfiqələri, həm nəzarətçi qadın, əgər onu belə adlandırırlarsa və həm də monastırın başçısı (ana, sələfinizə qarşı sözlərimi geri götürürəm).
– Qızların valideynləri də?
– Aydın məsələdir ki, qızların valideynləri də.
– Elə də aydın deyil. Bəlkə söhbət əvvəl itən qızın balaca bacısından gedir.

***

Başlanğıc çox şey vəd etmirdi. Guya hansı başlanğıc belə olmur ki?

***

Bilirəm ki, bizim şüuraltımız nəinki uşaqlıq xatirələrimizi təhrif edir, bizə əziz olan hər şeyi ən xoşagəlməz şəkildə nümayiş etdirir, unutmaq istədiyimiz şeyləri yadımıza salır, gözümüzü açır, əslində necə alçaq biri olduğumuzu dərk etməyə məcbur edir, – bir sözlə, həyatımızı korlayır, eyni zamanda kompensasiya əvəzi könlünə düşəndə zəngli saat rolunu da oynaya bilir.

***

– Xəbəriniz var, kiminlə danışırsınız?
– Pox parçası ilə.
– Hazırcavablıqdan məhrum olmayan fərziyyə.

***

İstənilən halda, adım heç bir əhəmiyyət kəsb etmir, çünki o yalnız, Baş sığorta idarəsi və təqaüd fondunun arxivlərində qeyd olunub. Həyatda isə məni adətən “siçan”, “sosis”, “pox” və başqa-başqa ləqəblərlə çağırırlar. Ləqəblərin bolluğu və müxtəlifliyi dilimizin zənginliyini, eyni zamanda insan təxəyyülünün hüdud tanımamasını sübut edir.

***

Bir vaxtlar saxsı qarşokumuz var idi. Üstünə göz şəkli çəkilmişdi, onun altından da bu sözlər yazılmışdı: “Mən səni görürəm!” Mənim zavallı arvadım, Allah ona rəhmət etsin, həmişə ondan istifadə edəndə gülürdü. O öləndə qarşokun da onunla birlikdə basdırılmasını təkid etdim: otuz illik evlilik həyatımızda bu, ona etdiyim yeganə hədiyyə idi. Mənə elə gəlirdi ki, onun ölümündən sonra qarşokdan istifadə etmək düz olmazdı.

***

– Yəqin uşaqları sevirsiniz?
– Çox. Onlar Allahın xeyir-duasıdır.
– Axı sizin uşaqlarınız yoxdur.
– Həyat yoldaşımla heç vaxt izdivac hüquqlarından istifadə etməmişik. Ciddi şəkildə özümüzü gözləyirdik. Daha indiki gənclər kimi yox. Gecə-gündüz yataqda mayallaq aşmaq üçün evlənirlər. Nə isə, qınamayın ki, sizi də qınamasınlar… Və yalnız Allah bilir, bizə hərdən necə çətin olurdu. Axı otuz il dar yataqda yaşamışıq! Ancaq Həqq-təala bizə kömək edirdi. Ehtirasımızla baş etməyə gücümüz çatmayanda, həyat yoldaşımı kəmərlə döyürdüm, o da ütünü başıma çırpırdı.

***

– Gözəl günlərin birində monastırın başçısı məni öz kabinetinə çağırdı və dedi: “Kaqomelo, bu gündən siz təqaüdə çıxırsınız. Bu sizin xeyrinizədir”. Və əşyalarımı yığışdırmağım üçün bir saat vaxt verdi.
– Yəqin işdən çıxarıldığınız üçün yaxşı pul aldınız?
– Bir qəpik də almadım. Orden təsisçisi müqəddəs atanın portretini və məktəbin “Mariya üçün qızılgüllər” adlı jurnalına illik abunəlik verdilər.

***

Bütün varlılar əclafdırlar. Bunu mənə nişanlım deyib. O isə kommunist partiyasının üzvüdür.

***

Allah xətrinə, deyin görüm, günahsız bir qızı xilas etməyə və yalnız bircə şey – hörmət edildiyini hiss etmək və nəhayət duş qəbul etmək istəyən cəmiyyətin azmış bir üzvünün həmin cəmiyyətə qayıtmağına kömək edərsinizmi?

***

Əl pulemyotundan “seat”a atəş açdı (xoşbəxtlikdən mən artıq orada deyildim), bundan sonra motor, kuzov və şüşələr qruyer pendirinə oxşadı. Mötərizədə qeyd etməliyəm ki, qruyer pendirində deşiklərin olmadığını bilirəm – onlar adı yadımdan çıxan başqa növ pendirin xüsusiyyətləridir. Ona görə bu müqayisədən istifadə etdim ki, bizim tərəflərdə hər cürə yırtıq səthi məhz qruyer pendirinə oxşadırlar. Bir məqamı da qeyd edim ki, güllələrlə dəlik-deşik edilmiş maşının televiziya seriallarında olduğu kimi partladığını görməyəndə bir balaca məyus oldum. Amma artıq çoxdandır heç kimə sirr deyil ki, reallıqla uydurma arasında uçurum var və incəsənət həyatın dəqiq əksi deyil.

***

Çoxdan bu nəticəyə gəlmişəm. Dövlət müxtəlif insanların eyni soyadı daşımasına imkan verməməlidir: bu tez-tez qarışıqlığa səbəb olur və ümumiyyətlə, soyadı hər hansı mənadan məhrum edir. Müxtəlif yaşayış məntəqələri eyni cür adlandırılsaydı, poçt sistemi necə olardı? Məsələn, bir Seqoviya deyil, deyək ki, iyirmi Seqoviya olsaydı? Bəzi maşınların eyni nömrəsi olsaydı, cərimələr necə toplanardı? Və restoranlarda bütün yeməklər “şorba” deyə adlandırılsaydı, yeməkdən necə həzz alardıq?

***

– Əzizim, axı nə vaxt mənə mənim istədiyimi verəcəksən?
– Həyat yoldaşının düşdüyü ümidsizliyə düşəndə.

***

O, düşünmədiyi şeyləri deyir. Əksəriyyət əksini edir ki, bu daha pisdir.

***

Əvvəlcə arxamca sürü gəzirdi. Sonra kimsə “nimfomanka” sözünü işlətdi və bu, onların qazını aldı. “Sözün sehrli gücü” bax, belə olur.

***

Bu dəfə Mersedesin səssizliyi uzun çəkdi. Dəlixanada çox müalicə almışam və bilirəm ki, bu səssizliyin nə isə bir mənası var. Ancaq hansı mənası olduğunu bilmirdim.

***

Polis bu qızı tapsam, mənə azadlıq vəd edib. Və bu mövzuya laqeyd yanaşa bilmirəm. Etiraz edə bilərsən ki, mənim azadlığım sənin heç vecinə deyil – həyatın qanunu belədir. Ancaq mən cəhd eləmək istəyirəm. Səni həqiqətə məhəbbət, ədalət və sair bu kimi əbədi dəyərlərə çağıra bilərdim, amma söhbət prinsiplərdən gedirsə, yalan danışa bilmərəm. Bilsəydim, həyatda daha çox şeyə nail olardım.

***

Qismət olub oxuduğum həyat kitabında təmiz duyğulara həsr olunmuş fəsil yox idi və Mersedesin sözündən içimdə hər şey sıxılanda, mən axmaq belə qərara gəldim ki, bu spazmdır və nahar vaxtı bu qədər tıxışdırmaq lazım deyildi.

***

– Qaz kamerasına qədər hər şeyə dözmək üçün cəsarətim çatacaqmı?
– İspaniyada qaz kamerası yoxdur. Hələ evlərə qaz yalnız mərkəzdəki evlərə verilir. Yoxsa bunu bilmirdin?

***

Nələrsə çatışmır, nələrsə kifayətdir.

***

Ümumiyyətlə, fikirləşsək, yaddaş qəribə şeydir. O, hər şeyi itirdikdən sonra bizimlə qalan yeganə şeydir. Yaddaş bizim yerimizə qərar verir: yaşadıqlarımızdan nələr ələnib getsin, nələr qorunub saxlanılsın. Tək bir xatirə hərdən bütün həyatımızı məhv edə bilər.

***

Yaxşı yadımdadır, vaxtımı qayğısızcasına sağa-sola xərcləyirdim və əmin idim ki, hər şey qarşıdadır, tezliklə sərin külək gəmimin yelkənlərini açacaq, məni daha yaxşı gələcəyə aparacaq. Axmaq ümidlərdir: biz həmişə olduğumuz kimi qalırıq.

***

Və həmişə olduğu kimi, şirin xəyallara dalıb ətrafımda yaxşı əlamətlər sezməyə başladım: aydın səma, sərin meh, balıqların gözləri, eyni zamanda Barselonanın himayədarı və tevton avtomobil sənayesinin rəmzlərindən biri olan Mersedes adının özünü.

***

Ləngiyirdilər. Başımı qatmaq üçün jurnalı vərəqləməyə başladım. Çoxdandır bir şeyə fikir vermişəm ki, dövrümüzdə siyasət, incəsənət və ictimai problemlərdən gənclər yazdığı halda, qəribə də olsa, qocalar erotika və seks haqda boşboğazlıq edir.

***

Qadınlar sadəlövhcəsinə inanırlar ki, cazibədarlıqları gözlərindən, dodaqlarından, saçlarından və başqa atributlardan ibarətdir. Halbuki oriyentasiyadan məhrum olan nümayəndələri çıxmaq şərtilə, güclü cins daha çox başqa şeylərə, məhz zərif cinsin anatomik xüsusiyyətlərinə diqqət yetirir və yuxarıda sadalanan, qadınlar üçün əhəmiyyətli olan atributlar heç veclərinə də deyil.

***

Onu hədələdim ki, əgər dərhal nişanı qaytarmasa, keçmişdə baş verən hadisələri ortalığa tökəcəm. Sadəcə hirsimi tökmək, psixoloji qisas almaq istəyirdim. Ancaq ömrü boyu Freydi oxumayan İzabel mənim sözlərimi ciddi qəbul etdi.

***

Çantasından uzunsov qutunu, güzgünü və ənlik yastığını çıxarıb makiyajını təzələməyə girişdi. Yadıma düşdü ki, bacım köhnə yun əskinin köməyi ilə bəzənirdi. Düşündüm ki, bax belə əhəmiyyətsiz şeylərdə sosial bərabərsizlik meydana çıxır.

***

– Bu iki maşını izləyin. Mən məxfi polis əməkdaşıyam.
Taksi sürücüsü mənə sənədini göstərdi:
– Mən də. Hansı şöbədən?
– Narkotik, – özümdən uydurdum. – Xidmət illərinə görə sizdə əlavə maaşlarla vəziyyət necədir?
– Həmişəki kimi pis, – “taksi sürücüsü” şikayət etdi. – Bəlkə seçkilərdən sonra nə isə dəyişər. Mən Felipe Qonzalesə səs verməyi düşünürəm. Sən?
– Rəhbərlik kimi desə, ona, – birbaşa cavabdan yayındım.

***

Qəribə mənzərədir – hönkürtü ilə çarəsizcəsinə ağlayan diş həkimi.

***

Qeyd etdiyim kimi, biz çox mübahisə edirdik. Ancaq həyat yoldaşım qadın, mən kişi olduğumdan, o güzəştə getməli oldu. Təbiətin qanunu belədir.

***

– Sən həmişə qələbəyə iradəsi çatmayan şöhrətpərəst, qüdrəti olmayan tiran və cazibədarlıqdan məhrum dəli olmusan. Arzularında həmişə yüksəklərə qalxırdın, həyatda isə heç nəyə nail ola bilmədin. Sən mənim səndən gözlədiyimin heç nəyin bir qramını da mənə vermədim. Heç gözləmədiyimi də vermədin, halbuki buna görə də sənə minnətdar olardım. Mən çox şey edə bilərdim, ancaq sənə mənim itaətkarlığım lazım idi. Səninlə nəinki ehtiras, şəfqət, məhəbbət yaşadım – sən heç mənə dinclik və əminlik də vermədim. Əgər tənhalıqdan və yoxsulluqdan bu qədər qorxmasaydım, səni çoxdan tərk etmişdim.

***

– Siz kişisiniz. Siz məni başa düşərsiniz. Qadınlar belədirlər də… hər şeyi onlara hazır şəkildə verirsən, onlar isə şikayət edirlər. Çox şeyi yola verirsən, onlar şikayət etməyə davam edirlər. Biz hər şeyə cavabdehik, biz qərar qəbul edirik. Onlar isə hökm çıxarırlar: hər şey alınsa, səni heç vaxt tərifləməyəcəklər, yox əgər nədəsə müffəqiyyətsizliyə uğrasan, sonun çatıb: sən əskisən, vecsiz və aciz adamsan. Anaları onların başlarını boş-boş şeylərlə doldurub. Hamısı özünü Qreys Kelli zənn edir.

***

Elə quşlar var ki, yalnız gülləri tozlandırmaq üçün mövcuddur. Sonra bu gülləri başqa heyvanlar yeyir və süd verir. Və insanlar var ki, yuxarıda təsvir edilən zəncir haqqında düşünüb elmi nəticələrə gəlirlər.

***

Və dünya kimsə nəyəsə nail olmadığı üçün dağılmır.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram