“Tam tutulma” (ingiliscə “Total Eclipse”) – irland yazıçısı, ssenaristi və dramaturqu Kristofer Hemptonun bu pyesi görkəmli fransız şairləri Pol Verlen ilə Artur Rembonun qalmaqallı həyatı və münasibətindən bəhs edir. 1995-ci ildə rejissor Aqneşka Hollandın ekranlaşdırdığı filmdə Artur Rembo obrazını Leonardo Di Kaprio canlandırıb.
Karandaşın izi ilə
– Bu dünyada qadınla pis rəftar edən kişidən murdar insan yoxdur.
– Eyni vaxtda iki qadınla pis rəftar edən kişini nəzərə almasaq.
***
Məgər poeziya yalan danışa bilər?
***
Sevgi yoxdur. Eqoizm var. Şəxsi mənfəətə dayanmış bağlılıq var. Təkəbbür var. Sevgi isə yoxdur. Onu yenidən yaratmaq lazımdır.
***
Əgər başqa yazıçılar güzgüyə baxarkən öz əkslərindən razı qalıb onu kağız üzərinə köçürürlərsə, mən istənilən an baxıb özümün sonsuzluğa getdiyimi görmək üçün güzgüdə güzgü tapmaq istərdim.
***
Həmişə demişəm, qətiyyət və axmaqlıq doğma bacıdır.
***
Verlen. İnsanları incitməyi xoşlamıram.
Rembo. Onda incitmə. Yox əgər özünü saxlaya bilmirsənsə, bunu soyuqqanlılıqla elə və qurbanını mərhəmətinlə təhqir etmə.
***
Məncə, ruhdansa, bədəni sevmək daha vacibdir. Ruh ölməzdir, tələsməmək olar, fani bədən isə çürüyür.
***
Ən dözülməzi də odur ki, hər şeyə dözmək olur.
***
Verlen. Bəs sən nədən qorxursan?
Rembo. İnsanların məni mənim onları gördüyüm kimi görməsindən.
***
Rembo. Həmişə payızı sevmişəm.
Verlen. Düzünə qalsa, indi yaydır. Sadəcə İngiltərədə fərq elə də hiss olunmur.
***
Verlen. Beş həftə ərzində çox şey baş verə bilər.
Rembo. On dəqiqə ərzində də çox şey baş verə bilər. Amma nədənsə baş vermir.
***
Mən xoşbəxt olmaq üçün çox ağıllıyam.
***
– Axı şairlər də bir-birindən öyrənə bilər, elə deyil?
– Pis şairlər – hə.
***
Möhkəmlən. Romantizmin üzərindən xətt çək. Ritorikadan vaz keç. Məğzə çat.
***
Yalnız inanclı insan küfr edə bilər.
***
Dünya çox köhnədir, onda heç bir yenilik yoxdur, hər şey artıq deyilib. Fikri sözlərlə ifadə etmək mümkündürsə, deməli, o fikir sözlərə layiq deyil.
***
Verlen. Ejeni, sən gözəlsən.
Ejeni. Bilirəm.
Verlen. Bunun əksini deyənlərə inanma. Əgər mən sənin gözəl olduğunu hesab edirəmsə, deməli, gözəlsən.
***
Rembo. Başa düşməyənlər üçün izah edirəm: daha yazmıram.
Verlen. Axı niyə?
Rembo. Çünki daha deməyə sözüm yoxdur. Düzünə qalsa, əvvəl də yox idi.
***
İlahi, həyatın sonu görünmürdü.
***
Rəng çatışmır, rəng. Dolğun, ətirli, cingiltili. Onsuz hər şey darıxdırıcı və bozdur. Rənglərin çox olduğu yerə, bu bozluqdan uzağa qaçmaq istəyirəm.
***
Artıq özümü bir adam kimi hiss etmək mənə bəs etmirdi – hamı olmaq qərarına gəldim. Dahi olmaq, İsa olmaq qərarına gəldim. Gələcəyi kəşf etmək qərarına gəldim.
***
Gözəl və günahsız yeniyetməlik illərində gələcəyi aydın görürdüm. Əcdadlarımın səhvlərini qeyd edir və onları təkrarlamamaq üçün nə etməli olduğumu bilirdim. Mənə elə gəlirdi. Bilirdim ki, yolum enişli-yoxuşludur, ancaq təcrübəmlə özümü fəlsəfə daşına çevirəcəyimə, yeni boyalar və rənglər, yeni dillər və yeni Tanrı yaradacağıma və hamısını qızıla çevirəcəyimə ümid edirdim. Apokaliptik ifadə ilə özüm-özümə deyirdim ki, hər bir peyğəmbər kimi sən də məzəmmət və təqibi dadacaqsan, ancaq onları dadıb yüksələcəksən. Çox az bir vaxt keçdi və mən anladım ki, peyğəmbər şübhəyə düşə bilməz. Peyğəmbərə ya optimist, ya da pessimist olmağa icazə verilir. O da necə alınmağından asılıdır. Amma ən kiçik qum dənəsi boyda inamını itirmək peyğəmbər üçün yolverilməzdir. Mən isə əzabla içimdə insanların inanmadığı və ya inanmaq istəmədiyi, inansalar da axmaqlıqları ucbatından inandıqları nəsə bir şey axtardığımın fərqinə vardım. Özünərəhmin lirikasına qərq olub güzgüyə yaxınlaşdım və dedim: “İlahi, bilmirəm nə edim, zira yer üzündə sevgi və ümid yoxdur, mən isə heç nəyi dəyişmək iqtidarında deyiləm. İlahi, SƏNİN yaratdığından daha çoxunu yarada bilmirəm. Yerim cəhənnəmlikdir”.
Tərcümə: Lamiyə Göycəyeva