Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Deni Didro “Ramonun qardaşı oğlu”

kko_deni_didro_ramonun_qardashi_oghluAnnotasiya

“Ramonun qardaşı oğlu” (fransızca “Le Neveu de Rameau”) – 1760-cı ildə Deni Didro tərəfindən qələmə alınmış, lakin yalnız XIX əsrdə nəşr olunan fəlsəfi-satirik dialoqdur. Müasir tədqiqatçılar onu “Didronun bədii yaradıcılığının zirvəsi” hesab edirlər.
Əsər müəllif və məşhur bəstəkarın real mövcud olan, bacarıqlı diletant, lakin boş və əxlaqsız qardaşı oğlu Ramo arasında gedən dialoqu şəklində qurulub.
“Ramonun qardaşı oğlu” – Karl Marksın sevimli əsərlərindən biri olub.

 

Karandaşın izi ilə

Hava necə olur olsun – yaxşı ya pis, – axşam saat beşdə Pale-Royalda gəzişməyə öyrəşmişəm. Həmişə tək d’Arjansonun skamyasında fikirli halda otururam. Öz-özümlə siyasət, məhəbbət, fəlsəfə, zövq qaydaları haqda danışıram; bu zaman dərrakəm qudurğanlıq etməyə sərbəstdir; ona icazə verirəm ki, ağlıma gələn ilk fikrin, düzgün ya səhv fikrin, axınına düşsün. Fua xiyabanında yüngülxasiyyət kurtizankanı öz təbəssümləri, canlı baxışları, yuxarı dartılmış burunları ilə məftun edən, addım-addım izləyən, sonra onu başqasına görə tərk edən, heç bir qızı gözdən qoymayan və heç bir qızda seçimini dayandırmayan əxlaqsız gənclərimiz kimi. Fikirlərim – mənim üçün həmin əxlaqsız qadınlardır.

***

Tərbiyəmizin, dünyəvi şərtiliyimizin və nəzakət qaydalarımızın gətirib çıxardığı bu cansıxıcı yeksənəqliyi pozurlar.

***

O, bir evdə olurdu. Həmin evin qapılarını ona istedadı açırdı.

***

– Bu oyunda o səhnədəki madmazel Kleron kimidir: o da madmazel Kleron da yalnız öyrəniləsi şeyləri bilirlər.
– Sizə yaramaq da olmur. Və siz, görürəm ki, yalnız dahilərə rəhm edə bilirsiniz.
– Bəli, şahmatda, dama-dama oyununda, poeziyada, natiqlikdə, musiqidə və sair buna bənzər şeylərdə. Bu incəsənət nümunələrində ortabab biri olmağın nəyə xeyri var?

***

– Siz nə edirdiniz?
– Adətən hamının, sizin, mənim başqalarının etdiyi şeyi, – yaxşılıq, pislik və ümumiyyətlə heç nə. Bundan başqa, ac olmuşam və imkan düşəndə yemişəm; yeyib susamışam və bəzən də içmişəm. Bu ərəfədə isə saqqalım uzanıb, lap uzananda isə mən onu qırxmışam.
– Bunu nahaq etmisiniz: saqqal müdrik sima almaq üçün sizdə çatışmayan yeganə şeydir.

***

– Hə, əlbəttə, – alnım enlidir və qırışlıdır, baxışlarım yandırıcıdır, burnum sivridir, yanaqlarım enlidir, qaşlarım qara və sıxdır, ağzım düzgün quruluşa malikdir, qabarmış dodaqlar, kvadrat üz. Və bu böyük çənə sıx saqqalla örtülsə, bilirsiniz, mərmərdə və ya bürüncdə yaxşı görünərdi.
– Sezar, Mark Avreli, Sokratın yanında.
– Yox. Mən özümü Diogenlə Frinin yanında yaxşı hiss edərdim. Birinci kimi abırsızam və böyük məmnuniyyətlə ikinci kimilərin mühitində oluram.

***

Sima…bədənin əks tərəfi ilə dəyişik salına bilən sima.

***

Müdriklərdə bu xüsusiyyəti xüsusilə qiymətləndirirəm. Onlar yalnız nəsə bir şeyə yararlı olurlar, başqa heç nəyə; onlar vətəndaş, ata, ana, qohum, dost nə olduğunu bilmirlər. Öz aramızdır, onlara hər şeydə oxşamaq lazımdır, ancaq bu cinsin yayılmasını arzulamaq lazım deyil.

***

Tarixi bilsəydim, sizə göstərərdim ki, bu dünyada pislik həmişə hansısa bir dahinin ucbatından əmələ gəlib, ancaq mən tarixi bilmirəm, çünki mən heç nə bilmirəm.

***

Nə vaxtsa nə isə öyrənmişəmsə və heç nə öyrənmədiyimə görə özümü azacıq da olsa pis hiss etmişəmsə, allah canımı alsın.

***

“Lehinə” və “əleyhinə” dəlilləri sizi eyni qaydada kədərləndirəcəksə, siz heç vaxt xoşbəxt olmayacaqsınız.

***

Dahilər mənsub olduqları xalqın fəxrini təşkil edirlər; gec-tez onlara heykəllər ucaldılır, onlarda bəşəriyyət havadarlarını görürlər.

***

Amma bununla belə bu nəticəyə gəlməyə hazıram ki, hər hansı ümumi yanlışı təsvir edən və ya nəsə böyük bir həqiqətə yol açan düha həmişə hörmətimizə layiqdir.
Ola bilsin, bu məxluq ya xurafatın, ya qanunların qurbanı olsun; ancaq iki cür qanun var: bəziləri şərtsiz ədalətli və ümumi əhəmiyyətli, digərləri isə mənasız, öz təsdiqini insanların korluğuna və şəraitin gücünə borclu olan. Onların pozulmasında günahkar olanları onlar yalnız ani rüsvayçılıqla örtüllər – vaxt keçdikcə hakimlərin, ya da xalqın üzərinə düşən rüsvayçılıqla, özü də həmişəlik düşən. İndi kim ləkəlidir – Sokrat yoxsa onu su baldırğanı içməyə vadar edən hakim?

***

Ümumiyyətlə cəmiyyətdə pis qanunlar olmamalı idi, yox əgər ondakı qanunlar yalnız yaxşı olsaydı, o heç vaxt müdrik bir insanı təqib etməzdi. Axı sizə deməmişəm, düha ayrılmaz surətdə bədxasiyyətliklə bağlıdır, bədxasiyyətlik də düha ilə. Ağıllı insanla müqayisədə axmaq insan daha tez-tez zalım olur.

***

Məni dəlillərlə yükləməyin: mən ardıcıllığı sevirəm.

***

Nəsə doğru-dürüst bir şey də desək, o da dəli-divanələr kimi, təsadüfən.

***

Lənət şeytana, sizcə varlılar öz pulunu əla stola, əla mühitə, əla şəraba, əla qadınlara – bütün növ həzzlərə və əyləncələrə xərcləmirsə, hara xərcləyir? İmkanım olub, bu həzzlərin heç birinə malik olmamaqdansa, avara olmağı üstün tutardım.

***

O, qonşuluğunda əkilmiş ağacları qurudan, onun dibində yurd salmış bitkiləri öldürən ağacdır; lakin o, zirvəsini buludlara çatdırıb, budaqlarını uzaqlara uzadıb; o öz kölgəsini onun əzəmətli gövdəsinin ətrafında dincəlməyə gəlmiş, gələn və gələcək olanlara verir; o, əla, durmadan yenilənən dada malik bar gətirir.

***

Amma təbiət müdrik olduğu qədər də qüdrətlidirsə, niyə dahiləri böyük olduqları qədər yaxşı yaratmayıb?

***

Heç olmamaqdansa, həyasız boşboğaz olmağı üstün tuturam.

***

Necə düşünürsünüz, xoşbəxt adam başqa cür yatır?

***

İnsan təbiətinə heç kimin boğa bilmədiyi məlum ləyaqət məxsus olmalıdır axı.

***

Nəzərə alaq ki, dalı həm həqiqi, həm məcazi mənada öpmək olar. Bu barədə gonbul Borjeni sorğu-suala tutun, o həm həqiqi, həm məcazi mənada xanım Lamarkın dalını öpür, və bundan, vallah, mənim həm həqiqi, həm məcazi mənada, eyni dərəcədə xoşum gəlmir.

***

Dünyada hesabına mövcud ola biləcəyin bu qədər ağılsız zəngin olduğu halda, yoxsul olmaq acınacaqlıdır.

***

Ramo, bu görünən işdir məgər, – Parisdə əla, hərəsi on beş, ya da iyirmi nəfərlik on minlərlə stol var, və bu yemək dəstlərindən heç biri sənin üçün nəzərdə tutulmayıb. Qızılla dolu ciblər var, onlar sağa-sola axır, və heç bir sikkə sənin əlinə düşmür! Qabiliyyətləri, məziyyətləri ilə fərqlənməyən minlərlə xırda hazırcavablar, cəlbedici olmayan minlərlə xırda həşəratlar, minlərlə bayağı fəsadçılar gözəl geyinəcəklər – sən isə lüt gəzəcəksən! Və sən o dərəcədə axmaq olacaqsan! Məgər başqaları kimi yaltaqlana bilməyəcəksən? Məgər başqaları kimi yalan danışa, and içə, böhtan ata, söz verə, sözünü tuta və sözünü poza bilməyəcəksən? Məgər başqaları kimi arxa pəncələrin üstündə dura bilməyəcəksən?

***

Biz hər saniyə varlanırıq: bir gün az yaşamalıyıqsa və cibdəki pulların sayı bir ekü çoxalıbsa – hər şey bərabərdir.

***

– Məgər bizdə öyrətdiyini bilmək lazımdır?
– Olsa-olsa, oxuduğunu bilmək qədər.

***

– Başqalarını öyrədə-öyrədə özüm də öyrənirdim və bir neçə yaxşı şagird yetişdirmişəm.
– Ola bilər, ancaq musiqi cəbr və həndəsə deyil.

***

– Siz qızınıza müəllim tutmusunuz?
– Hələ yox; onun tərbiyəsi ilə anası məşğul olur: axı ailədə sülhü qoruyub saxlamaq lazımdır.
– Ailədə sülh? Lənət şeytana, onu qoruyub saxlamaq üçün, özün ya nökər olmalısan, ya da ağa, ağa isə olmaq lazımdır ha… Arvadım var idi…yeri behiştlik olsun; hərdən mənə cavab qaytarırdı, onda coşurdum, ildırımlar çaxırdım, tanrı kimi car çəkirdim: “İşıq olsun!” – və işıq olurdu. Əvəzində düz dörd il evimizdə sakitlik hökm sürürdü.

***

– Amma hər halda, zati-ailələri filosofdan qızının yaşının təqribən neçə olduğunu deməsini xahiş etsəm olmaz?
– Tutaq ki, onun səkkiz yaşı var.
– Səkkiz? Barmaqlarını pianinonun dillərində artıq dörd yaşından tutmalı idi.
– Bəlkə mən bu qədər çox vaxt aparan və bu qədər az faydası olan fənni onun tərbiyə planına salmaq barədə heç düşünmürəm.
– İcazə verin soruşum, onda ona nə öyrədəcəksiniz?
– Mümkün olsa, kişilər arasında nadir, qadınlar arasında isə ondan da nadir halda rast gəlinən sənəti, düzgün fikir yürütməyi öyrədəcəm.

***

– Heç rəqsləri də öyrətməyəcəksiniz?
– Reverans etmək, özünü ədəblə göstərmək, təqdim edə bilmək və gözəl yerişə sahib olmaq üçün lazım olacaq qədər.
– Nəğmə oxumaq təhsili də almayacaq?
– Aydın tələffüzə lazım olacaq qədər.
– Musiqini də öyrənməyəcək?
– Yaxşı harmoniyadan dərs deyən müəllim olsaydı, həvəslə ona tapşırardım ki, iki il ərzində, ondan çox yox, qızımla gündə iki saat məşğul olsun.
– Bəs ləğv etdiyiniz bu əhəmiyyətli fənlərin əvəzində nə olacaq?
– Qrammatika, mifologiya, tarix, coğrafiya, bir az rəsm və çoxlu əxlaq olacaq.
– Sizə bizim cəmiyyət kimi cəmiyyətlərdə bütün bu biliklərin faydasızlığını sübut etmək mənə necə asan olardı! Nə danışıram – faydasızlıq? Bəlkə, zərər! Amma hələ ki yalnız bu sualla kifayətlənəcəm: ona bir və ya iki müəllim lazım deyil ki?
– Əlbəttə.
– Bax belə, əsas şey: ümid edirsiniz ki, bu müəllimlər dərd dedikləri qrammatikanı, mifologiyanı, coğrafiyanı, əxlaqı biləcəklər? Boş şeylərdir, əziz ustadım, boş şeylərdir! Onlar bu fənləri öyrədə biləcək səviyyədə bilsəydilər, müəllim olmazdılar.

***

Klassik əsərlər yalnız saçını zəhmətlə ağardanlar tərəfindən yazıla bilər; yalnız orta və sonluq başlanğıcın alatoranlığını dağıda bilər.

***

Doğrudan da, heç nə bilməmək, belə az və belə pis bilməkdən yaxşıdır.

***

– Şayə gəzir ki, guya Volter ölüb.
– Lap yaxşı.
– Yaxşı niyə?
– Yəqin nəsə bir şey uydurur. Nəsə uydurmaqdan iki həftə əvvəl ölmək kimi adəti var.

***

– Cənab filosof, ümumi vicdan olduğu kimi, ümumi qrammatika da var. Və hər bir dildə istisnalar var. Siz alimlər tərəfindən…necə adlanırdı? Deyin görüm.
– Səfehlik.

***

– Qanun nə qədər qədimdirsə, axmaqlıq bir o qədər çoxdur, dövr nə qədər ağırdırsa, axmaqlıq bir o qədər rəngarəngdir. İnsan necədirsə, sənəti də elədir, və əksinə, sənət necədirsə, insan da elədir. Ona görə sənətinin qiymətini qaldırmağa çalışırsan.
– Bütün bu fırıldaqdan mənə yalnız bir şey aydın oldu ki, vicdanla yerinə yetirilən az sənət var, ya da öz sənətləri ilə vicdanla məşğul olan vicdanlı adamlar azdır.

***

Demək olar bütün dövrlərdə bütün ölkələrə xas olan səfehlik kimi bütün təbəqələrə xas olan səfehlik də var. Ümumi axmaqlıq da var. Bu ümumi səfehlik daha geniş təcrübə əldə etmək cəhdlərindən ibarətdir; ümumi axmaqlıq isə ən çox təcrübəyə malik olanın ən bacarıqlı olduğunu deməsidir.

***

Deyirlər, yaxşı ad qızıldan bahadır; bununla yanaşı, yaxşı adı olanın çox vaxt qızılı olmur, gördüyüm kimi bizim dövrümüzdə isə qızılı olan yaxşı ad sarıdan korluq çəkmir.

***

Mən dərs deyirəm, yaxşı deyirəm – ümumi qayda belədir; inandırmağa çalışıram ki, dərslərimin sayı sutkadakı saatların sayından çoxdur – axmaqlıq isə belədir.

***

Amma ehtiyac! Mədə var gücü ilə bağıranda şərəf və vicdan səsi çox zəif çıxır.

***

– Yox əgər zəngin olsanız, nə edərsiniz?
– Varlanmış bütün yoxsulların etdiyi kimi edərəm: dünyanın nə vaxtsa görə biləcəyi ən həyasız yaramazı olardım. Bu yerdə onlardan çəkdiyim hər şeyi yadlarına salardım, yüz qat əvəzini qaytarardım. Əmr etməyi xoşlayıram və mən əmr edəcəm. Tərifi xoşlayıram və məni tərifləyəcəklər. Bütün Vilmoryenova sürüsü qulluğumda olacaq, mən də onlara mənə deyilənləri deyəcəm: “Hə, fırıldaqçılar, əyləndirin məni,” – və məni əyləndirəcəklər; “Abırlı adamları didik-didik edin,” – və əgər hələ məhv olmayıblarsa, onları parçalayacaqlar. Və sonra qızlar olacaq, sərxoş olanda onlarla “sən”lə danışmağa keçəcəyik; içəcəyik, yalan danışmağa başlayacağıq, özümüzü hər cür günah və əxlaqsızlıq içinə atacağıq; bu, çox gözəl olacaq. Volterin istedadsız, Büffonun olsa-olsa heç vaxt sünilikdən düşməyən təşəxxüslü aktyor, Monteskönün eləcə hazırcavab olduğunu sübut edəcəyik; d’Alamberi qovub riyaziyyatına salacağıq. Paxıllıqdan bizdən zəhlələri gedən, qürurlarından təvazökar və ehtiyac gücündən ayıq olan sizin kimi bütün balaca Katonlara paylarını verəcəyik. Musiqi isə! Bax onda biz onla məşğul olacağıq!
– Var-dövlətinizə tapacağınız o layiqli tətbiqdən görürəm ki, yoxsul olmağınız necə acınacaqlıdır. Bütün bəşəriyyətə şərəf hesab olunan, həmvətənləriniz üçün tamamilə faydalı, sizə şöhrət gətirəcək bir həyat sürərdiniz.

***

Siz, cənablar, elə zənn edirsiniz ki, bir xoşbəxtlik hamıya yarayır. Nə qəribə yanlışlıqdır! Sizin fikrinizcə xoşbəxtlik bizə yad olan xüsusi xəyalpərəst ağıldan, qeyri-adi qəlb xəzinəsindən və məxsusi zövqdən ibarətdir. Bu qəribəlikləri ləyaqət başlığı ilə bəzəyirsiniz, fəlsəfə adlandırırsınız, məgər ləyaqət, ya da fəlsəfə hamı üçün yaradılıb?

***

– Bilirsinizmi, yaşasın fəlsəfə, yaşasın Süleyman müdrikliyi: yaxşı şərablar içmək, zərif təamlarla qarnını doldurmaq, gözəl qadınlarla yaşamaq, ən yumşaq yataqlarda yatmaq – qalan hər şey boş şeydir.
– Necə! Bəs vətəni qorumaq?
– Boş şeydir! Daha vətən yoxdur: bir qütbdən o biri qütbə kimi yalnız tiran və qullar görürəm.
– Bəs dostlara kömək etmək?
– Boş şeydir! Məgər dostlarımız var? Yox, əgər olsaydı, onları nankor etməyə dəyərmi? Yaxşı-yaxşı baxın və görəcəksiniz ki, göstərilən xidmətlərin əksəriyyəti adətən buna gətirib çıxarır. Minnətdarlıq yükdür, hər bir yük isə üstümüzdən atılmaq üçün yaradılıb.
– Bəs cəmiyyətdə mövqe sahibi olub, öz vəzifələrini yerinə yetirmək?
– Boş şeydir! Mövqenin əhəmiyyəti yoxdur, əsas varlı olmaqdır: axı mövqeni elə ona görə tutursan. Vəzifələri yerinə yetirmək nəyə gətirib çıxarır? Paxıllıq, həyəcan və təqiblərə. Məgər zirvəyə belə qalxırlar? Lənət şeytana, yaltaqlıq etmək lazımdır. Yaltaqlıq etmək, əsilzadə xanımların yanına getmək, onların zövqlərini öyrənmək, nazları ilə oynamaq, şıltaqlıqlarına göz yummaq, qüsurlarına yarınmaq, ədalətsizliyi təqdir etmək lazımdır – sirr bundadır.
– Bəs övladlarımızın tərbiyəsi ilə məşğul olmaq?
– Boş şeydir! Bu müəllim işidir.

***

Zənginlikdə nə edirsən et özünü rüsvay edə bilməzsən.

***

Səhərimdən məmnun olanda, axşamım da mənim üçün xüsusi əziz olur.

***

– Kübar insanlar öz əyləncələrinin seçimində bu qədər şıltaqdırlarsa, bu bekarçılıqdandır.
– Belə düşünməyin: onlar çox vurnuxular.
– Heç vaxt yorulmadıqları üçün heç vaxt da istirahət etmirlər.
– Belə düşünməyin: onlar həmişə yorğundurlar.
– Onlar üçün əyləncə həmişə məşğuliyyətdir, tələb deyil.
– Lap yaxşı: tələb həmişə ağır yükdür.

***

Və mənim ürəyim və gözlərim var, gözəl qadına baxmaq, əlimin altında onun möhkəm və girdə döşlərini hiss etmək, dodaqlarına qısılaraq, gözlərindəki şəhvəti içmək, ağuşunda donub qalmaq xoşuma gəlir. Bir az səs-küylü olsa belə, dostlarla xudmani məclis məni narahat etmir. Ancaq sizdən gizlətməyəcəm, bədbəxtə yardım etmək, bir pis işi onun xeyrinə müvəffəqiyyətlə bitirmək, xilasedici məsləhət vermək, maraqlı kitab oxumaq, qəlbimə yaxın dost, yaxud qadınla gəzintiyə çıxmaq, bir neçə saatı övladlarımın məşğələlərində keçirmək, yaxşı səhifə yazmaq, ictimai borcu yerinə yetirmək, sevdiyimə əllərini boynuma sarıdacaq bir neçə mehriban və zərif sözlər demək mənim üçün daha xoşdur.

***

– Belə ki, siz deyirsiniz, dürüst olmaq lazımdır?
– Xoşbəxt olmaq üçün, əlbəttə!

***

– Asılıdır, ya deyil, lakin sürdüyüm həyat ən rahatıdır.
– Ən rahatı və ən hörmətlisi.
– Amma mənim avara, axmaq və yaramaz əxlaqıma ən çox uyğun gələndir.
– Razıyam.

***

Xeyirxahı tərifləyirlər, amma ona nifrət edirlər, ondan qaçırlar, o üşüdür, halbuki, bu dünyada ayaqlarını isti saxlamaq lazımdır.

***

Axı niyə mömin insanlar tez-tez belə daşürəkli, belə dözülməz, belə adamayovuşmaz olurlar? Bunun səbəbi ondadır ki, onlar qarşılarına təbiətlərinə xas olmayan məqsəd qoyublar; onlar əzab çəkirlər, əzab çəkəndə isə başqalarını da əzab çəkməyə məcbur edirsən.

***

Yaxşı məcbur edir ki, ona hörmət etsinlər, hörmət isə narahat şeydir; yaxşı məcbur edir ki, ona heyran olsunlar, heyranlıq isə kədərli şeydir.

***

Xoşbəxtlikdən, riyakarlıq etməyimə ehtiyac yoxdur, öz-özü ilə riyakarlıq edənləri nəzərə almasaq, onsuz da riyakarların sayı çoxdur, özü də hər cürəsindən.

***

Bax, öz ehtirasını öldürən qadın məhbuslara baş çəkir, bütün xeyriyyə cəmiyyətlərində iştirak edir, başı aşağı gəzir, heç vaxt kişinin üzünə baxmır, həmişə öz hisslərinə görə günahdan qorxur, – məgər bütün bunlar onun qəlbinin yanmasına, sinəsindən ahların çıxmasına, ehtirasının alovlanmasına, istəyin onu təqib etməsinə və təxəyyülünün gecələr ona “Monastır dalandarı”ndan səhnələr, yaxud Aretinodan pozalar təsvir etməsinə mane ola bilər?

***

Burda təəccüblü heç nə yoxdur: mən əclaf olmağa hazıram, ancaq bunu zorla etmək istəmirəm.

***

O, elə hey nəsə həll edir, hər şeyi həll edir, özü də qəti şəkildə, axşam qərar çıxarır, tualetdə, naharda, şam yeməyində, qəhvə içəndə, oyun oynayanda, teatrda, yataqda və allah mənim günahımdan keçsin, deyəsən, hətta məşuqəsinin ağuşunda da qərar çıxarır. Bu axırıncı qərarları eşitmək imkanım olmur, amma digərlərindən dəhşətli dərəcədə yorulmuşam… Qaşqabaqlı, kədərli, tale kimi sarsılmaz – bax, bizim patron belədir.

***

Yaxşı kök bədən olanda onlardan xoşum gəlir. Ancaq hər şeyin artığı – həmişə artıqlıq. Hərəkət isə materiya üçün elə faydalıdır ki!

***

Etiraf etmək lazımdır ki, təlxəklik istedadını və alçalmaq qabiliyyətini kamillik həddinə çatdırmısınız.

***

Hazırcavablıq və incəsənətin sərhədi var; yalnız allah və bir neçə nadir dühalar irəli getdikcə yol genişlənir.

***

Ən əsası məndə utancaq gəncləri ürəkləndirmək istedadı var; sayəmdə nə ağlı, nə yaraşığı olanlar belə uğur qazanıblar.

***

Protokollara ehtiyacı olanlar uzağa getməyəcək: dahilər az oxuyur, çox iş görür və özləri özlərini yaradır. Götürün Sezarı, Türeni, Vobanı, Markiza de Tanseni, onun kardinal qardaşını, onun katibi abbat Trübleni. Bəs Bure necə? Bureyə kim dərs deyib? Heç kim. Bu nadir insanları təbiət özü yaradır.

***

– Məni axmaqdansa, əclaf kimi qəbul edin. Halbuki sizə bu qədər mənasız şey haqda ya axmaq, ya da aşiqin belə ciddi danışa biləcəyi aydındır.
– Amma belə şeylər danışmaq üçün sizdə bu qədər kobudluq hardandır?
– Buna o dəqiqə yox, yavaş-yavaş nail olursan. Ingenii largitor vented.
– Ola bilər. Ancaq bütün bu cəfəngiyyat sizə nə qədər qəribə görünsə də, inanın ki, biz bunları danışmağa adət etdiyimizdən çox müraciət etdiklərimiz bunları eşitməyə adət etmişlər.

***

Sizlərdən əsl əclaf olmayanlar, yəqin ki, əsl axmaq olmalıdırlar.

***

Ürəyinə yatan yalanı bir nəfəsə içirsən, həqiqət acıdırsa, onu damla-damla.

***

Həqiqəti demək mənə sərf etmirsə, heç vaxt yalan demirəm; yalan demək mənə sərf etmirsə, heç vaxt həqiqəti demirəm. Ağlıma gələni deyirəm; ağıllı şeydirsə, lap yaxşı, mənasız bir şeydirsə, buna fikir vermirlər.

***

Halbuki güzgü də onlara öyrədə bilərdi ki, ağıllı olub, axmağa oxşamaq axmaqlığı ağıl maskası altında gizlətmək qədər adi məsələdir.

***

Məsələ ondadır ki, əxlaqsızlıqdan olduğu kimi pis mühitdən də xeyir götürülür; məsumluq itkisi mövhumat itkisi ilə mükafatlandırılır.

***

“Xəsis”i oxuyanda özümə deyirəm: istəyirsənsə, xəsis ol, ancaq xəsis kimi danışmaqdan özünü qoru. “Tartüf”ü oxuyanda özümə deyirəm: istəyirsənsə, riyakar ol, amma riyakar kimi danışma. Sənə faydası dəyəcək eyiblərini saxla, lakin onlar üçün səciyyəvi olan, səni gülünc vəziyyətə sala biləcək davranış, xarici görünüşdən uzaq dur.

***

Deyəsən, həyasız olmaq, həyasız kimi görünməkdən yaxşıdır: xasiyyətcə həyasız olan insanı vaxtaşırı qıcıqlandırır, həyasız kimi görünən isə həmişə.

***

Zira gülməli olmaq lazım gəlməyən bir hala, xoşbəxtlikdən, güldürmək lazım gələn yüz hal uyğun gəlir.

***

Uzun müddət şah təlxəyi adı vardı, ancaq heç vaxt şah müdriki adı olmayıb.

***

Müdrik yanında təlxək saxlamaz; belə çıxır ki, təlxək saxlayan müdrik deyil; müdrik deyilsə, onun özü təlxəkdir.

***

Bizlərdən o kəs xoşbəxtdir ki, pis havada faytonçuya iyirmi dörd su verməyə pulu var.

***

Vicdanlı adamlar lazım olan şeyi edirlər, nacinslər də həmçinin, günahkar olan sizsiniz ki, onları qəbul edirsiniz.

***

Görəsən, artıq əxlaqsız kimi doğulmuş adamdan namuslu davranış gözləmək nə qədər ağıllı hərəkətdir?

***

Bu dünyada haqq-hesab vaxtı mütləq gəlir. İki baş prokuror var: biri qapınızın ağzında dayanıb cəmiyyətə qarşı törətdiklərinizə görə sizi cəzalandırandır, digəri isə təbiətin özüdür.

***

Qanunların gözündən qaçan bütün əxlaqsızlıqlar ona məlumdur. Qadınla əxlaqsızlıq edirsiniz – hidroposunuz olacaq; sərxoşluq edirsiniz – vərəm olacaqsınız; əclafları evinizə buraxır və onların arasında yaşayırsınız – sizi aldadacaqlar, ələ salacaqlar, sizə nifrət edəcəklər; ən asanı bu hökmlərin ədaləti ilə barışmaq və özünüzə – “Bu da azdır” deməkdir. Ya fikrinizi dəyişib, düzəlməlisiniz, ya da yuxarıda göstərilən şərtlər daxilində olduğunuz kimi qalmalısınız.

***

Nifrətinizdə daha çox sabitlik nümayiş etdirirsiniz.

***

Nədəsə ad qazanmaq istəyirsənsə, hər şeydən əvvəl pis işlərdə qazan. Xırda fırıldaqçıya tüpürürlər, amma böyük cinayətkarı məlum hörmətdən məhrum etmək olmaz; onun mərdliyi sizi heyrətləndirir, onun qəzəbi sizi təşvişə salır. Xarakterdə bütövlük hər yerdə qiymətləndirilir.

***

Əvvəlcə özünə qarşı mərhəmət təlqin etdi, sonra iltifat, nəhayət tam etimad, zira həmişə belə olur: xeyirxahlığımıza o qədər güvənirik ki, şəfqət yağdırdığımız adamdan nadir halda sirlərimizi gizlədirik.

***

Özünü əsl adınla çağırmaqdan yana qəbul olunandan daha çox cəsarət lazımdır.

***

Mahnının sözlərini tələffüz edəndə heç nə başa düşmürəm. Eyni vəziyyət sizin və başqa insanların “ad-san”, “təhqir”, “şərəf”, “ləyaqət”, “həya”, “ismət”, “əxlaqsızlıq”, “masqara” sözlərini söyləyəndə də olur.

***

İndi qayıdaq sizin suala – müğənni yaxud bəstəkar üçün nümunə nədir? Nümunə canlı və düşüncəlidirsə bu nitq, cansızdırsa bu səs-küydür.

***

“Musices seminarium accentus”- intonasiya musiqinin şitilidir.

***

İtalyan simfoniyalarını ifa etmək üçün öz simfoniyalarından imtina etdilər. Öz vokal musiqilərində heç nə dəyişmədən belə qərara gəldilər ki, musiqini duymaq qabiliyyətlərini ona uyğunlaşdıra biləcəklər. Sanki simfoniyanın ifaya münasibəti, ifanın düzgün deklamasiyaya münasibəti ilə eyni şey deyil. Alətin diapozunun və barmaqların hərəkililiyinin simfoniyaya bəxş etdiyi sərbəstlikdən bir qədər fikri yayındırmaq olsaydı. Sanki skripka skripka ilə münasibətdə meymun olacaq ifaçı ilə münasibətdə meymun deyil. Onda çətinlik yerini gözəlliyə verəcək.

***

Onlar italyan nitqinin harmoniyasının, prosodiyasının, ellipsləri və inversiyalarının necə asanlıqla, ustalıqla, zərifliklə incəsənətin tələblərinə, hərəkətinə və ifadəliliyinə, musiqi keçidlərinə və səslərin ritmik növbələşməsinə cavab verdiyini daim hiss edərək, sanki əvvəlki tək öz dillərinin yöndəmsiz, ağır, nəhəng, küt, xırdaçı və yeksənəq olduğunun fərqinə varmırlar.

***

Həqiqət, xeyirxahlıq və gözəlliyin öz hüquqları var; onlara etiraz edirlər, ancaq axırda onlara valeh olurlar; onların möhürü ilə qeyd olunmayanlar bir müddət heyrətə səbəb ola bilər, ancaq nəticədə əsnək gətirər.

***

Gəlmə tanrı fağır-fağır mehrabda yerli bütlə yanaşı dayanır, yavaş-yavaş güclənir və günlərin bir günündə qonşusunu dümsükləyir və tarak! Büt yerə sərilir. Deyirlər ki, yezuitlər Çində və Hindistanda xristianlığı belə yayıblar, yansenistlər nə deyirlər desinlər, siyasətdə öz məqsədini belə – səssiz, qan tökmədən, şəhidsiz və yolunmuş saçlar olmayan metod ilə təqib etmək mənə ən yaxşı variant kimi gəlir.

***

Ya onun zülməti ilə gecə idi, ya da kölgə və sükut idi, zira sükut da səslərlə təsvir edilir.

***

Musiqiyə Laroşfukonun “Maksimlər”ini, yaxud Paskalın “Düşüncələr”ini qoymağı daha üstün tuturam. Yalnız ehtirasın heyvani qışqırığı bizə lazım olanı verəcək; onun ifadələri bir-birini tez-tez əvəz etməlidir; cümlə qısa, mənası aydın və ağır olmalıdır; bəstəkar bir sözü buraxaraq və ya təkrarlayaraq, çatışmayanı əlavə edərək, süngər kimi, məhv etmədən cümləni müxtəlif tərəflərə buraraq onun tam və hissələri ilə istədiyini etmək imkanına malik olmalıdır. Bax, buna görə təbiətən uyuşqanlıq üstünlüyünə malik dillərin poeziyası ilə müqayisədə fransız lirik poeziyası təsir altına gec düşür. Zira onlarda söz ardıcıllığı sərbəstdir.

***

Axı ariya həmişə akt deməkdir. Bizə nidalar, fasilələr, qeyri-müntəzəmlik, təsdiqlər, inkarlar lazımdır; Çağırırıq, yalvarırıq, qışqırırıq, zarıldayırıq, ağlayırıq, ürəkdən gülürük. Hazırcavablıq, həcv, gözəl fikirlər lazım deyil – bunların hamısı sadə təbiətdən uzaqdır.

***

Zira, ümumiyyətlə, uşaq da böyük kimi, böyük də uşaq kimi əyləncəni ibrətamizlikdən üstün tutur.

***

– Necə ola bilər ki, musiqiyə belə incə zövq, belə dərin həssaslıq duyduğunuz halda, əxlaq gözəlliyinə kor, xeyirxahlığa biganəsiniz?
– Görünür, bunun üçün məndə olmayan xüsusi hiss olmalıdır. Ürəyimə məndə olmayan sim verilməyib, ya o, nə qədər tərpətsən də səs çıxarmayacaq qədər zəifdir, ya da bəlkə səbəb həmişə yaxşı musiqiçilərin və zalım insanların əhatəsində yaşamağımdadır. Buna görə yaxşı musiqi duyma qabiliyyətim var, qəlbim isə kardır.

***

Böyük əclaf – böyük əclafdır, heç də nacins deyil.

***

Bilirsinizmi, bəlkə də krallığı idarə edən, böyük kral ola bilən uşaq tapmaq böyük skripka ifaçısı ola bilən uşağı tapmaqdan daha asandır?

***

– Mən tarixi və coğrafiyanı yaxşı bilirəm.
– Övladlarının tərbiyəsini özünə dərd edən valideynlər olsaydı, rifahınız təmin olunardı, lakin belə valideynlər yoxdur.

***

Axmaqlığa yol verməmək və Parisdə yaşayacaq övladıma sparta tərbiyəsi verməmək qərarına gəldim. Tərbiyə uğursuz olsa, günahkar mən yox, xalqımın adəti olacaq. Qoy buna görə kim bacarır o cavab versin. İstəyirəm oğlum xoşbəxt, yaxud – bu elə eyni şeydir – hörmət sahibi, zəngin və nüfuzlu adam olsun. Bu məqsədə çatmaq üçün bir neçə yüngül yol bilirəm. Və əvvəlcədən ona öyrədəcəm. Sizin kimi müdriklər məni mühakimə etsələr, kütlə və uğur mənə haqq qazandıracaq. Onun qızılı olacaq, sizə zəmanət verirəm. Əgər qızılı çox olsa, heç nəyə ehtiyacı olmayacaq, hətta sizin hörmət və ehtiramınıza da.

***

Yaxşı atanın ən çox fikrini çəkməli olduğu ən vacib, ən çətin şey övladında zənginləşdirən qüsurları, adlı-sanlı adamların qiymətləndirəcəyi gülməli xüsusiyyətləri inkişaf etdirmək (bunu hamı edir, sistemə görə olmasa da, mənim kimi başqalarını yamsılamaq və onlardan öyrənmək üçündür) deyil, əndazədən çıxmamağı, rüsvayçılıq, biabırçılıq və qanunlardan qaçmamağı başına yeritməkdir.

***

Əgər zəngin olmaq üçün hər şey edirsənsə və bununla belə, sərvət əldə etmirsənsə, gərək ki, çox bacarıqsızsan. Axı var-dövləti dünyada ən qiymətli şey hesab etməyən mənim kimi adamlar da var, – qəribə adamlardır!

***

Hamı məni görüb gülməkdən uğundu, mən isə onları görüb əllərimi belimə qoydum və gülməyə başladım. Çünki axmaqlar və dəlilər bir-birlərinə baxıb əylənirlər; onlar bir-birlərini axtarırlar, onlar bir-birlərini cəlb edirlər.
Onların arasına düşəndə hazır atalar sözünü: “Axmaqların pulu ağıllıların xeyri” bilməsəydim, gərək onu özüm uydurardım. Hiss elədim ki, təbiət mənim qanuni haqqımı bu idbarların cibinə qoyub və mən onu özümə qaytarmaq üçün min cür üsul fikirləşib tapdım.

***

– Niyə belə vəsait bolluğu ilə daha bir şeyi – sənət əsəri yaratmağı sınaqdan keçirmədiniz?
– Bu, bir kübar adamın abbat Le Blana məsləhət etdiyi şeyə oxşayır. Abbat danışırdı: “Markiza Pompadur əlimdən tutdu, məni Akademiyanın kandarına gətirdi, orada əlini geri çəkdi və mən yıxılıb hər iki ayağımı sındırdım”. Kübar adam ona: “Cənab abbat, gərək ayağa qalxıb, başınızla qapıya vurardınız”. Abbat ona cavab verir: “Onu mən də eləməyə çalışdım, bilirsinizmi nə əldə etdim? Alnımda şiş…”

***

Yalnız təmanna xətrinə görüşmək istədiyin belə insanların arasında yaşadıqda, yalnız belə -“Bu gün bulvar əla idi. Balaca savoyarkanı gördünüzmü? O, misilsiz ifa edir. Filan cənabın atları cins atlardır – xallı boz, təsəvvür belə etməzsiniz. Filan gözəl xanım necə də yaşlanır. Qırx yaşda belə saç düzümü ilə gəzmək olarmı? Gənc bir qız ona müftə başa gələn brilyantların içində idi”-söhbət və qeybətləri eşidib gördükdə hiss etmək, mənən yüksəlmək, fikirləşmək, parlaq təsvir etmək olarmı?

***

İstedad miras qalmış zadəganlıq və babadan ataya, atadan oğula, oğuldan nəvəyə keçərək böyüyən şöhrət deyil. Özü də ulu baba xələflərindən heç bir xüsusi xidmətlər tələb etmir. Köhnə nəsil bütöv bir axmaq sürüsünə şaxələnir, amma bu vacib deyil! İstedadla iş başqa cürdür. Atanın şöhrətini əldə etmək üçün ondan bacarıqlı olmalısan. Onun qabiliyyəti irsən keçməlidir…Qabiliyyət mənə qismət olmadı, əvəzində əlim açıldı, gəzmək imkanım və pilətənin üstündə qazanım oldu. Əgər bu şöhrət deyilsə, hər halda ət şorbasıdır.

***

Dünyada daimi heç nə yoxdur. Bu gün çarxın üstündə, sabah çarxın altında. Bizi lənətə gəlmiş təsadüflər idarə edir, özü də çox pis idarə edir…

***

İnsan hansı işlə məşğul olursa olsun, təbiət həmişə həmin işi onun alnına yazır.

***

Lakin ən pisi ehtiyacın bizi saxladığı bu qeyri-təbii vəziyyətdir. Ehtiyacı olan insan başqaları kimi gəzmir: o tullanır, sürünür, əyilir, quyruq bulayır; öz həyatını müxtəlif pozalarda keçirir.

***

– Lakin pantomimə müraciət etməyən adam var. Bu heç nəyi olmayan və heç nə lazım olmayan filosofdur.
– Bu heyvanı harda axtarmalı? Heç nəyi yoxdursa, əzab çəkir; heç nə istəmirsə, aldığı da heç nədir…və həmişə də əzab çəkəcək.
– Yox, Diogen tələbata gülürdü.
– Axı geyim lazımdır.
– Yox, o, tamamilə çılpaq gəzirdi.
– Afinada hərdən soyuq olur.
– Buradakı kimi yox.
– Yemək də lazım idi.
– Əlbəttə.
– Bəs kimin hesabına?
– Təbiətin. Vəhşi üzünü nəyə tutur? Torpağa, heyvanlara, balıqlara, ağaclara, otlara, köklərə, çaylara.
– Pis süfrədir.
– Əvəzində böyükdür.
– Pis hazırlanıb.
– Lakin bizim süfrələri açanda ondan yığırlar.

***

– Amma mənə yaxşı yorğan-döşək, yaxşı yemək, qışda isti, yayda yüngül paltar lazımdır, əmin-amanlıq lazımdır, pul və bir də çoxlu başqa şeylər. Onları öz zəhmətimlə qazanmaqdansa, xeyirxahlarıma borclu qalmağı üstün tutardım.
– Ona görə ki, siz avara, qarınqulu, qorxaq və düşkün ruhlusunuz.
– Məncə sizə elə bunu demişdim.
– Əlbəttə, dünyavi nemətlərin öz qiyməti var. Ancaq siz hansı qurbanlar hesabına onları qazandığınızı bilmirsiniz. İyrənc pantomimanı rəqs etmisiniz, rəqs edirsiniz və rəqs də edəcəksiniz.

***

Elə buna görə onunla evləndim, öz planlarımı açıb ona dedim, onlara inanmaq üçün o çox ağıllı, onları bəyənmək üçün isə çox ehtiyatlı idi.

***

Ölülər arasında həmişə diriləri ümidsiz vəziyyətə salacaq biriləri tapılır.

***

– Mən elə həmin adamam. Elə deyilmi?
– Bədbəxtlikdən, hə.
– Qoy bircə bu bədbəxtlik bir qırx il də davam etsin: axırıncı gülən yaxşı gülür.

Tərcümə: Lamiyə Göycəyeva

4.2 (84.29%) 14 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram