Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Paulo Koelyo “Veronika ölmək qərarına gəlib”

PauloKoelyo_VeronikaOlmekQerarinaGelir_kkoAnnotasiya

“Veronika ölmək qərarına gəlib” – Veronika doğrudan da ölməyi qərara alır. Dünya ona lazım deyil və yaddır. O, hər bir insanın həyat yolunda kifayət qədər olan uğursuzluqlardan, çətinlik və maneələrdən çəkinir.
İntihar cəhdindən sonra xilas edilmiş kəslərin müalicə olunduğu psixiatrik klinikada Veronika öz sevgisi ilə qarşılaşır. Və öz ölümü ilə. Həkim deyir ki, o çarəsizdir. Və yalnız onda o, həyatın hər anını hiss etməyi və ondan zövq almağı öyrənir.

 

Karandaşın izi ilə

Qadınlar intiharın daha romantik üsullarını seçir.

***

Həyat – həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir.

***

İnsan mübarizə aparmaq üçün yaşayır, təslim olmaq üçün yox. İnsan tayfası mövcudluğunu davam etdirməlidir. Cəmiyyətə işçi qüvvəsi lazımdır. Ailəyə birlikdə yaşamaq üçün bəhanə lazımdır, hətta sevgi ölmüş olsa belə. Dövlətə əsgər, siyasətçi, artist və rəssamlar lazımdır.

***

İnsanların olduqlarından daha yaxşı görünməkdən xoşu gəlir.

***

Sırf buna görə onun özü kimi, xoşbəxt olmaq üçün başqalarına ehtiyacı olan dünyadakı bütün insanlar kimi olmağa gücü çatmırdı.

***

Əgər başına heç bir bəlanın gəlməsini istəmirsənsə – öhdəliklərini həmişə paylaş.

***

– Özünə nifrət etməyə insanı nə vadar edir?
– Yəqin, qorxaqlıq.

***

Və bir də başa düşdü ki, həyatında həmişə yetərincə sevgi, nəvaziş, şəfqət olmuşdur, amma bütün bunları xoşbəxtliyə çevirmək üçün onda yalnız bir şey çatmırdı – azca dəlilik.

***

Anlamağa başladım ki, həyatımın mənasının olmaması yalnız öz günahımdır.

***

Başqa cür olmağa cürət edin, amma bunu edərkən başqalarının diqqətini çəkməməyi öyrənin.

***

Onlar gecələri, gündüzləri, həftələri, illəri müzakirələrdə hər bir ideyanın arxasında duran yeganə həqiqəti qəbul etmədən keçirmişdilər : doğru yada yalnış olsa da , o(ideya) yalnız təcrübədə sınaqdan keçirildikdə həqiqidir.

***

Sevilməkdən utanma. Heç nə istəmirəm, bircə icazə ver səni sevim.

***

Əgər yaşayırsansa, tanrı da səninlə yaşayacaq. Əgər risk etməkdən imtina etsən, O uzaq göylərə qayıdacaq və yalnız fəlsəfi quruluşların mövzusu olacaq.

***

Həmişə eyni suyu saxlayan qab kimi yox, coşqun fəvvarə kimi ol.

***

Amma bilirdim ki, mən lazımam və hər bir macəranın riski min gün əmin-amanlıq və rahatlıqdan daha qiymətlidir.

***

Dəlilik – dərk etdiyini başqalarına çatdıra bilməməkdədir.

***

– Lap əvvəldən hərşey səhvdir. Çünki hər kəs qadağan edilmiş bir şeyi xəyal etdiyi və yalnız bəzilərinin bu xəyalları reallaşdırdığı vaxt qalan hamı özünü qorxaq hiss edir.
– Hətta bu bəziləri haqlı olsa da?
– Güclü olan haqlıdır. Nə qədər ziddiyətli olsa da, indiki vəziyyətdə qorxaqlar ən cəsurdurlar və öz ideyalarını inadkarcasına yeridirlər.

***

Krallığı məhv etmək istəyən bacarıqlı cadugər insanların su içdiyi bulağa sehrli zəhər məhlulu tökür. Sudan bir qurtum içən ağlını itirir.
Səhəri gün sudan içmiş bütün əhali dəli olur. Təkcə şah və onun ailəsindən başqa. Çünki onların su içmək üçün şəxsi quyuları var və cadugər oranı ələ keçirə bilməmişdi. Narahat olmuş şah tabelilərini yola gətirməyə çalışır. Təhlükəsizlik və səhiyyə tədbirləri üçün bir sıra əmrlər verir. Amma artıq sudan içmiş polislər və müfəttiş şahın qərarını mənasız hesab edir və ona görə onu yerinə yetirmirlər.
Ölkədə şahın əmrləri haqda xəbər tutanda hamı düşünür ki, o ağlını itirib və boş-boş əmrlər verir. Onlar qışqıraraq qəsrin ətrafına gəlib şahın taxt-tacdan imtina etməyini tələb edirlər.
Şah çarəsizcəsinə tacını təhvil vermək istəyəndə kraliça onu saxlayır və deyir: “Gəl, biz də o çeşmədən su içək. Onda biz də onlar kimi olacağıq”.
Onlar elə də edirlər. Şah və kraliça ağılsızlıq bulağından su içirlər və dərhal boşboğazlıq etməyə başlayırlar. Elə həmin vaxt əhali öz tələbini geri götürür : “Əgər şah belə müdriklik göstərirsə, niyə ona gələcəkdə də ölkəni idarə etməyinə icazə verməyək?”
Baxmayaraq ki, əhali özünü qonşularından tamamilə fərqli aparır ölkədə əmin-amanlıq hökm sürür.
Və Şah son günlərinə qədər ölkəni idarə edir.

***

Nə vaxtdan ruhi xəstələr notla ifa etməlidir?

***

Yaşamağı öyrədən kitablarla dolu kitabxana, bütün gecələri cəbr oxumalı olduğun kollec – özüdə bu, riyaziyyat professorundan başqa tam xoşbəxtlik üçün cəbr lazım olan bir nəfər də tanımadığını bildiyi bir vaxtda.

***

Həbsxana canini islah etmədiyi, yalnız yeni cinayətlər törətməyi öyrətdiyi kimi, psixiatriya klinikası da xəstələrə təkcə hər şeyin icazə verildiyi və öz hərəkətlərinə görə məsuliyyət daşımadığın xəyali dünyada yaşamağa alışdırır.

***

İnsan nə qədər çox xoşbəxt ola bilərsə, bir o qədər bədbəxt olur.

***

Bu yaxınlarda aparılan təcrübələr göstərdi ki, insanlar müharibədən çox mənəvi gərginlik, üzüntü, anadangəlmə xəstəlik, tənhalıq və məzlumluqdan dəli olur.

***

Axı hətta ən gözəl xatirələr də gec ya da tez eyni şeyin dəfələrlə təkrarlandığı və hər günün dünənə oxşadığı, həyat adlanan ümidsiz və tükənməz faciəvi komediyaya çevrilir.

***

Kaş seçimim olardı, kaş daha əvvəl başa düşərdim ki, özüm istədiyimdən günlərim bir-birinə oxşayırdı. Bəlkə onda ola bilsin ki…

***

Gözəl günlərin birində qurtarmaq bilməyən öyüd-nəsihətdən bezib, onu razı salmaq üçün həqiqətən birini sevdiyimə özümü inandırıb ona ərə gedecəm. Ətrafdakıların hamısı hər yerdə olduğu kimi burda da xoşbəxtliyin arxasında kədər və üzüntünün, elə həmin ümidsiz tənhalığın gizləndiyini duymadan bizi xoşbəxt cütlük hesab edəcək.

***

Həyatı boyu Veronika dəfələrlə bunun şahidi olmuşdu. Əksər insanlar başqalarının bədbəxtliyindən elə danışırlar ki, sanki var qüvvələri ilə onlara kömək etmək istəyirlər. Həqiqətdə isə gizlicə həsəd aparırlar – axı başqalarının əzabları fonunda özlərini daha xoşbəxt, taleyin mağmun etmədiyi adam kimi hiss edirlər.

***

Cavan olanda ona elə gəlirdi, seçim etmək hələ çox tezdir. İndi böyüyüb əmin oldu ki, nəyisə dəyişmək çox gecdir.

***

Nəyin bahasına olursa olsun, hər kəsin yaşamağa can atdığı bu dünyada ölmək qərarına gəlmiş insanları necə mühakimə etmək olar? Hər kəs əvvəl-axır həyatın mənasını məhv edən əzablarının dərinliyini özü bilir.

Tərcümə: Elçin Kərimov
Tərcümələrə əlavələr etdi: Lamiyə Göycəyeva

5 (100%) 6 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram