Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Məmməd Əmin Rəsulzadə “Stalinlə ixtilal xatirələri”

kko_memmed_emin_rezulzade_stalinle_ixtilal_xatireleriAnnotasiya

Kitab Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrindən ibarətdir. Buraya böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələr xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

 

Karandaşın izi ilə

Keçmişini bilməyən bu günün dərki edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqları illərlə qılınc və qələm çaldılar. Lakin elə həmin nəslin özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən, sonsuzdur.

***

Almaniya Xarici İşlər nümayəndəsi fon Fulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir.

***

Bakı o zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir şəhər idi.

***

Məlum olduğu üzrə “Koba” İosif Vissarionoviç Cuqaşvilinin ilk istifadə etdiyi uydurma addır. Qafqazda ikən bu adı götürmüşdü; Stalin adını isə sonra, Rusiya daxilində çalışmağa başlarkən qəbul etmişdi. Yenə məlum olduğu üzrə “Koba” bir güclü romanından alınmış çarlığa qarşı mücadilə edən bir çete qəhrəmanının adıdır.

***

Mən, dedi, bir qrup işçilərlə konspirasiya şəraitində arada-sırada tapışır, təşkilat və təbliğat işlərilə məşğul olurdum. Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaşlara şübhələndiyimi söylədim, bu adam mənim heç xoşuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra bir neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə oldu bu yoldaş, dedim, niyə gəlmir, deyə soruşdum. İşçilər:
– Koba yoldaş, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal təmizliyə verdik!.. dedilər.
İlk tanış olduğu bizlərə “proletariat sədaqəti” haqqında anlatdığı bu əhvalatdan çıxarılacaq nəticə aydındır.

***

Bolşevik görüşünü Koba, yəni Stalin, menşevik görüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan Andrey Vışinski müdafiə edirdi. O zaman azərbaycanca intişar edən çarlıq əleyhdarı milli müxalifət orqanı “Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus olmayan bir çoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və qramer xətası da yapmamış deyildim. Müzakirədə iştirak ilə təmsil etdiyim milli müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran bolşevik görüşünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:
– Yoldaş, ədəbi deyil!.. – deyə üslubuma taxıldı (sataşdı).
Koba isə dərhal:
– Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim daha ədəbi danışır?.. – deyə ona qarşı çıxdı.

***

Sonraları, İstanbulda eşitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili olduğundan burada zikr edim:
Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı.

***

Lenin iş başına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiş ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının konqresini finansə etmək üçün yapılan borcu dərhal ödəmiş, “İnqilab öz borcunu ödəyər!” deyə lovğalanmışdı.

***

Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmırdı.

***

Ümumi əfkar onu “bolşevik casusu” deyə tanıyır. İndi bu “casus” bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir “rekomendasiya” almaqdır. Şəhərdə hər kəs onu bizə qarşı pis rəftar etməklə ittiham edirmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə şəxsən biz şahidik. Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muştuluqlamaq üçün gəlibmiş. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o bunu onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxşılıq yapmış olduğunu isbat etsin.

***

Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta
gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.

***

Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) deyə məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli şahın baş naziri məşhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi Təbrizdə yenə məşrutiyyət mücadilələri əsnasında şah tərəfdarı, məşhur irticaçı Şücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə partladan da odur.

Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca, İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış dostluq naminə həmən hərəkətə keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu şəxslərinə baş vuraraq, “Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!” demişdi.

***

Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaşıq suyu andıran şorbalar və sairə üzərində də durmaq istəmirəm.

***

Qaranlıq koridorlardan keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa yandırılmaz).

***

Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:
– Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, – dedi.
– Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, – dedim.
Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı.

***

– Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, – dedi.
Mən bir ləhzə gözünün içinə baxdım.
– “Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını düşünəcək qədər sadə deyiləm.

***

Şaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə komissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ bolşeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama eyni zamanda Şərqi Anadoluda hənuz rus orduları işğalı altında olan vilayətlərdə Böyük Ermənistan təşəkkülü məqsədilə bir referendum təşkil etmək vəzifəsi də bir dekretlə bu Şaumyanın öhdəsinə buraxılmışdı. 1905-ci ildən bəri tanıdığım Şaumyan 1918-ci ilin başlarında Bakıda mənimlə görüşərək öz missiyasından bəhs etmiş və “Müsavat” firqəsinə əməkdaşlıq təklifində bulunmuşdu. Bizdən hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.

***

– Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz.

***

– Dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz? – deyə məndən cavab gözləyirdi.
Ona:
– Hadisələri müşahidə ilə məşğul idim, – cavabını verdim. Qane olmadı.
Məni daha çox danışdırmaq istəyirdi, dedi ki:
– Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana bilərəmmi? Biz sizin həbsxananızda ikən düşünür, özümüzə görə bəzi planlar qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir şey düşünmür, sadəcə, müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? – deyə müstəntiq üzümə baxdı, ona:
– Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş olar, – cavabını verdim.

***

Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün Azərbaycandan keçid istəmək şüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı aldadırsınız. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey bir “ətalət” deyil, bir “intizar” idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik. Stalin:
– Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz? – deyə soruşdu.
– Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq, – dedim.
– Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır, – dedi; mən:
– Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox, – dedim.
Stalin güldü:
– Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! – dedi.

***

1911-ci ildə Bakıda “Müsavat” firqəsinin təşəkkülündə bu iki dost mərhum Nağı oğullarından Nağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü təşkil etmişdilər.

***

Stalinin salon-vaqonuna bağlanmış dəftərxana vaqonunda bizə bir kupe ayrılmışdı. Bu vaqonda bizdən başqa vaxtilə Polşanın kiçicik qəsəbələrinin birində silah zavodunda dəzgahdar işləmiş, indi Stalinin dəftərxana müdiri olan Berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər dəftərxana katibliyi vəzifəsini daşıyırdı. Yanında əvvəlki ərindən 8 yaşlarında bir qızı da var idi.

***

Uzun sürən yolçuluğumuzun yeknəsəq olduğunu söyləsək həqiqətə çox da uyğun olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək tualetimizin zəruri işlərindən idi.

***

Dağlardakı “adətlərə”, buradakı “namus” anlayışına hörmət hökumətə etibar baxımından əsasdır.

***

– İranı sovetləşdirməyə başlamaq yanlış bir hərəkətdir. Orada nəinki cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir işdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə girişmək macəraçılıqdan başqa bir şey deyildir, – dedi.
– Yaxşı, İran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz; oradakı şərait İrandakı şəraitə bənzəmirmi? Niyə “İran taktikasını” oraya tətbiq etməyəsiniz? Stalin bir az düşündü:
– Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmış ziyalılar var, – dedi.
– Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? – deyə etiraz etdim.
Mübahisəni dərinləşdirmədi.

***

– O zaman iki yırtıcı qarşı-qarşıya durmuşdular; indi isə (bir müstəmləkəçiyə qarşı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa fürsət vermədən):
– İndi isə iki xilaskar durur, – dedim.
Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz özümüz bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim.

***

– Mamed Saltan kimdir? – dedi.
– Mamed Saltanmı? Bu adı harada gördünüz? – deyə soruşdum. Yadına sala bilmədi.
Plexanovda görmüş olduğunu sonradan başa düşdüm. Demə Mamed Saltan dediyi şəxs Sultan Məhəmməd Fateh imiş.
Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu sayılan Müdhiş İvan (İvan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd Fatehin idarəsini xülasə edərək yazılmış bir əsər vardır. Rus sosial-demokratlarının məşhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heç cür tanımadığı və öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd Fateh!

***

– Yox, – dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixindəki rolu mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir, – deyə davam etdi.
– Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürmək ki, kütləvi bir təsiri olsun, – dedi və əlavə etdi: “Biz tərbiyə etmək üçün
xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.

***

– Xomeriki yoldaşı çox sevirik, illərdir bizə başçılıq edir, onunla bərabər işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik. Düşündük-daşındıq; ən yaxşısı bu iki yoldaşı bir otağa salaq, qarşılıqlı anlaşmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək, – deyə
qərar verdilər.
Bu hekayəni danışdıqdan sonra Stalin bizə xitabla:
– Xomerikiyə bu da sənin demokratiyan! dedim, – deyir.

***

Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olunur, müğayir şərtlər ortaya ataraq tətil edərsə də onu zorla işlətmək olmaz kimi düşüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə “proletar əfəndilərə” təlqin olunmuşdu.

***

Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli:
– Yoldaş Stalin, bu niyə? – deyə soruşdu.
– Bayırdakılar masamızı görməsinlər, – dedi.
– Görürlər görsünlər, nə olar ki?..
– Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?

***

Bu arada bir münasibət gətirərək özünə Leninin nədən daima Lenin adı yanında bir də Ulyanov adını qeyd etməyi unutmamasının səbəbini soruşdum (görünür, Lenin bunu özünün yəhudi deyil, əsl rus olduğunu göstərmək üçün edirdi). Bir az düşündü və: “Bunun səbəbini bilmirəm”, – dedi.

***

Gürcü və rus dillərindən başqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə Leninlə görüşmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa mədəniyyəti deyilən şey haqqında yüksək bir fikir sahibi deyildi. Onun üçün bu mədəniyyət slavyanofillərin düşündükləri kimi çürümüş bir mədəniyyət idi. Əsl yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir işıq yayılacaqdı.

***

“İşçi dəftəri” deyilən bir şəhadətnamə verilmişdi. Bu dəftər sayəsində biz ümumi yemək yerlərindən birinə qeyd olunur, oradan şorba ala bilirdik. Aldığımız bu şorbanın Bakının “Osobı otdel” deyilən həbsxanasında aldığımız şorbadan fərqi yox idi. Onun qədər bir bulanıq suya bənzər və eyni qoxunu verərdi.

***

Haqqımda Moskvaya verilən raportda edamım tələb olunurmuş. Fəqət oraya “Stalin yoldaş gəlincəyə qədər saxlayın”, – deyə teleqram vurulubmuş…

***

– O, – dedi, – xoşniyyətli bir inqilabçı deyildir. Onun üçün başlıcası ideya deyil, sadəcə, hakimiyyətdir. O, idealist sosialistlərdən çox, dəliqanlı terroristlərə istinad etmək istər. Bolşevik inqilabını cığırından çıxaran bu kimi demaqoqlardır. Görəcəksiniz, o, fəhlə sinfinin başına bəla olacaqdır. Nə cahpərəst, nə intriqan, nə qorxunc adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı olmayan birisi həqiqi revolyusioner ola bilməzmiş, heç təsadüfi deyil ki, ətrafını bu cür qafqazlılarla doldurmuşdur.
Biz Stalinin hər halda başqaları kimi çox da şöhrət sevən bir adam görünüşündə olmadığına, xüsusi həyatında təvazökar davrandığına, fotoqrafiyalarının belə digər komissarlar kimi heç bir yerdə görünmədiyinə işarə edincə, o, əlilə başı üzərindən bir jest edərək: – Eh… – dedi. – Ona görə ki, kifirdir.

***

Kontr-revolyusioner müsavatçı Məhəmməd Əlini aralarında Orconikidze, dr. Nəriman Nərimanov, Qorxmazov, Ter-Mikaelyan və sairləri kimi bolşevik başçıları olan 8-ci Kommunist Partiyası nümayəndələrini aparan xüsusi qatar gözləyib durmalıdır; çünki… Yoldaş Stalinin əmri icra ediləcək!..

***

Abbasqulunun işi ilə əlaqədar görüşdüyüm əsnada Stalin:
– Necə yaşayır, nə düşünür, nə edirsiniz? – deyə hal-əhval tutdu.
– Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, – dedim.
– Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda bir perspektiviniz vardır, – dedi.
– Moskvada qaldıqca bir perspektivim yoxdur, – dedim.

***

– Lüzumsuz bir təvazökarlıqdır bu! – dedi.
– Sizinki isə mübaliğəli bir iltifatdır, -dedim.

***

– Mən səlahiyyət sahibi dünyaca məşhur şərqşünasların toplaşdıqları bir cəmiyyətə sədr olmaq ədəbsizliyini boynuma götürə bilmərəm.

***

Bu, Moskvada yeni təsis olunan “Şərq millətləri kommunist universiteti” tələbələri adından göndərilmiş xüsusi bir heyətdir. Bu universitet Şərq məmləkətlərində kommunizmi yaymaq üçün propaqandistlər yetişdirmək məqsədilə yaradılmışdır. Heyətin üç üzvündən biri bakılı, biri gəncəli, biri təbrizli idi. Demək, “bütün Azərbaycan” bizimlə görüşməyə gəlmişdi.

***

Mən bu təşəbbüsün müsbət bir nəticəyə varacağına inanmır, inanmadığım və öncədən nəticəsiz qalmağa məhkum olduğuna şübhə etmədiyim bir təşəbbüsdə faktiki iştirakda da bir məna görmürəm, dedim.

***

Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazırdı. Masada çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək, nəfis Gürcüstan şərabı, Azərbaycanın qara kürüsü və sairə vardı. Həm yeyir, həm də danışırdı. Söhbətin təşəbbüsü Stalinin əlində idi. Bir vaxt bizə xitabla:
– Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışdır, – dedi və sonra üzünü şəxsən mənə çevirərək:
– Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? Deyə soruşdu.
– Millətçilik deyilən başqa bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdlərlə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, – dedim.
– Yox, – dedi, – məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli ziyalıların öz mənfəərlərini qısqanmaqdan başqa bir şey deyildir, – dedi.

***

Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı fikirlərinizi yayar və yerlərdə özəklər də təsis edərsiniz, – dedi. Üzünə mənalı-mənalı baxdım, içimdən Azərbaycan xalq şivəsilə aldada bilməzsən mənasına gələn “Keçəl suya getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni iltifatı” üçün təşəkkürlə dedim.

***

Məqaləni eynən nəşr edən bu qəzet sonunda özündən bir-iki cümlə əlavə etmiş və bu əlavə cümlələrdə “əlifbanı” islah xüsusundakı fikirlərimizin kommunizmi müvəffəqiyyətlə yaymaq niyyətindən irəli “gəldiyi” də göstərilmişdir.

***

Günün ən sensiyalı hadisəsi Ənvər paşanın da bu münasibətlə Bakıya gəlməsi idi. Paşanın müsəlman əhali tərəfindən qarşılandığına dair dastan və rəvayətlər saxladığımız həbsxananın səskeçməz divarlarından nüfuz edərək bizə qədər gəlirdi. Paşanın minmiş olduğu avtomobilin ətrafını bürümüş qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini, ətəyini, maşınını öpənlər olduğunu hər kəsin “aman paşam, nə zaman qurtaracayıq?” deyə ona xitab edildiyi kameradan-kameraya danışılırdı. Şərq millətləri qurultayında paşaya söz verməmiş, əksinə keçmişdəki siyasi fəaliyyətini acı-acı tənqid edən bir nitqlə qarşılamışlarsa da, lojada görünər-görünməz bütün qurultay ayağa qalxmış, onu əzəmətli bir şəkildə, gurultulu alqışlarla qarşılamışlar.

***

– Paşam, – dedim, – qaye özü-özlüyündə mükəmməldir. Şərq millətləri və o cümlədən müsəlman millətləri hürr və müstəqil olmalıdırlar. Biz azərbaycanlılar və dolayısı ilə biz müsavatçılar bu dava uğrunda yanmış insanlarıq. Fəqət, məncə, diqqət ediləcək mühüm bir nöqtə vardır. Sizin təsəvvür etdiyiniz müsəlman millətlərini qurtarma təşkilatı ona görə bir növ internasionaldır. Sosialist internasionalının mərkəzi Moskvadır; çünki Moskva sosializmin hal-hazırda vuruşan bir mərkəzidir. Milli istiqlal internasionalının mərkəzi də analoji olaraq bu ideyanın həyata keçməsi üçün hal-hazırda mübarizə halında olan bir yerdə, məsələn, Ankarada olması lazım gəlir. Yoxsa mərkəzi qırmızı Moskvada olacaq bir müsəlman hərəkatı ümumi kommunist hərəkatının bir silahı olar. Belə olmaqdan çıxmaq istədiyi gün isə mövcud şərtlər daxilində məhv olduğu gündür, – dedim.

***

Türküstanda Ənvər paşanın sonu 1922-ci il avqustun 4-də intihara bənzəyən bir igidlik içində yalın qılınc pulemyot atəşinə hücum edərək şəhid düşməsinə müncər olacaq faciələr cərəyan edərkən, dostu ilə müzakirə etmək üçün Rusiyaya dönməkdə idi.
Ənvər paşanın Türküstanda bolşeviklər əleyhinə üsyan bayrağı qaldırdığı xəbərini Tiflisdə eşidən Camal paşa İran yolu ilə təkrar Əfqanıstana getmək üzrə idi. 28 iyun tarixli “İzvestiya” qəzetinə göndərdiyi məktubunda paşanın bu hərəkatını “aləmi-islamın müttəhid cəbhəsində açılan bir rəxnə” deyə təsvir edirdi. Fəqət Camal paşanın dostu Ənvər paşanın macərasından bu şəkildə üz döndərməsi bolşeviklərin ona qarşı əhəmiyyət və etimadını cəlb etmədi və Ənvər paşanın şəhadətindən iki həftə öncə 21 iyulda Tiflisdə küçədə arxadan atılan bir güllə ilə öldürüldü. Ənvər paşa hadisənin cərəyan etdiyi günlərdə Stalin “Pravda” qəzetində bir məqalə yazır, bu yazısında paşa ilə bərabər Türküstan millətçilərini imperializmin bir uşağı olaraq tənqid edirdi. Stalinin Ənvər paşa haqqında cəsur olduğu qədər səbirsiz və ötkəm bir adam olduğu haqqındakı fikrini bilirdim. Bununla bərabər, o, paşanın idealizmini də etiraf edirdi.

***

Yunanların bir ara Əskişəhərə qədər gələrək Ankaranı Mustafa Kamal hakimiyyəti günlərinin sayılmış olduğunu düşünürdü. Stalin başçılıq etdiyi Millətlər Komissarlığının orqanı “jizn nasionalnostey” qəzetində əfkari-ümumiyyətlə Ankaranın süqutuna hazırlayan bir məqalə dərc etdi. Məqalə Türkiyənin məğlubiyyətinin səbəbini Kamal siyasətinin milliyyət məsələsində göstərdiyi geriliyə, şovinist prinsiplərindən ayrılmasına və zəhmətkeş siniflərin mənafeyini təqdir edən acizliyinə hücum edir, vəziyyəti xilas etmək üçün hakimiyyətin daha əzmkar və idealist əllərə keçməsi lüzumunu irəli sürürdü. Eyni zamanda siyasi dairələrə yaxın olanlar arasında Ənvər paşanın komandanlığı altında Qafqazın Türkiyə sərhədində sərhədi aşmağa hazır hərbi hissələrin fürsət gözlədiklərini əhəmiyyətlə təkrar edirdilər.
Fəqət bu dairələrin bəlkə də daxilən arzu edib gözlədikləri fəlakət yerinə türkün dönük taleyinə enən zəfər günəşi bütün görkəmi ilə parladı; bir gün sonrakı qəzetlər türk istiqlal ordusunun qaçan işğalçıları Aralıq dənizinə tökmək üzrə İzmiri hədəf alaraq irəlilədiyini xəbər verdilər.

***

Bir hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur.

***

Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım.

***

Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.

***

Moskva yolunda bəzi stansiyalarda qatarımız dayanır, biz bəzən bayıra çıxır, ətrafı seyr və tədqiq edirik. Bir dəfə Don çayı üzərindəki Rostovdakı böyük şose yolunu gəzmiş, zəruri ehtiyac Məhəmməd Əlini sıxışdırdığından su tökməyə məhrəm bir yer axtararkən rostovlulardan birisi bizə Marksın müvəqqəti heykəli arxasına getməmizi tövsiyə etmişdi. Öncə şübhə ilə qarşılaşdığımız bu təklifdə sonradan şübhəli heç bir şey olmadığını şəxsən görmüş, heykəlin arxa tərəfinə yaxınlaşınca buranın həqiqətən də bir həla olduğuna heyrət etmişdik.
Xarkovda gördüyümüz mənzərə isə daha əcaibdi. Stansiya ətrafında marksizmin böyük mürşüdü və bolşevik inqilabının ən çox sitayiş olunan ideoloji simvolu Marksın gipsdən yapılmış qoca büstünün ağacdan olan əsasının yanları Qızıl Ordu nəfərlərinin ifrazatı ilə pislənmişdi.
Bu mənzərə kommunist inqilabı ünsürləri ilə kommunist idealı arasındakı mənəvi rabitə haqqında bizə qəti və aydın bir fikir verirdi.
Finlandiya Sovetlərə qarşı istiqlal mübarizəsi aparmışdı və bu mücadilədə öz istiqlal və hürriyyətini Lenin hökumətinə qəbul etdirmişdi. Finlandiya istiqlal hərbində şəhid düşənlərin qardaş məzarları üzərində Finlandiya paytaxtı Helsinkinin mərkəzində bu məmləkətə xas qranitdən bir abidə qoyulmuşdu…
Finlandiyaya çıxdıqdan sonra Helsinkidəki çox sevimli və müsafirpərvər tatar koloniyasına qonaq qaldığım bir ay əsnasında hər gün yolum bu şəhidlikdən keçirdi. Hər dəfə keçəndə burada etinalı və minnətdar əllərin qoyduğu yeni çeşidli saxsılar tapırdım.
Sovetlərdə gördüyüm Marks abidəsinin halı ilə Helsinkidəki bu şəhidliyin vəziyyətinin müqayisəsi təfsirə möhtac olmasın gərək!..

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram