Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İldiko von Kürti “Ay işığına tarif”

kko_ildiko_von_kurti_ay_ishighina_tarifAnnotasiya

“Ay işığına tarif” (almanca “Mondscheintarif”) – tənqidçilərin qızğın reaksiyasına səbəb olmuşdur. “Bütün görüşlərinizi ləğv edin, vannaya uzanın və oxuyun. Vaxtın necə keçdiyini hiss etməyəcəksiniz, axırda isə vannadan şad və quru çıxacaqsınız”. Bəli, bu roman qadınlar üçündür – ancaq yazıçının baxışı dərin, stili isə gözəldir. Müasir qadın sərbəst də olsa, dəhşətli dərəcədə tənhadır. Onun ən “ağrılı yeri” kişi olaraq qalır.

Karandaşın izi ilə

Pəncə qadın problemlərinin öyrənilməmiş sahəsidir.

***

Dostlar, gəlin sözün düzünü deyək: qadının ən-ən-ən yaralı yeri kişidir.

***

Biri zəhmət çəkib hesablasın görək, bir xanım həyatının neçə ilini kişilərdən zəng gözləməyə həsr edir.

***

Onlar həm qamətlərini, həm dişlərini və bunlarla yanaşı şənbə axşamı həsrətində olduqları telefon zəngini eşitmək üçün istənilən real şansı da məhv edirlər.

***

Yohanna deyir ki, kişinin qadından əsas fərqi, hamının fikirləşdiyi kimi, kişinin öz avtomobil salonunu təmiz saxlamasında və onun dəhşətli dərəcədə darıxdırıcı filmlərdə gizli məna tapmağında deyil. Kişinin qadından əsas fərqi odur ki, kişi qadından zəng gözləmir.

***

Özləri və vəzifələri arasında bərabərlik işarəsi qoyan insanlar haqda yüksək fikirdə deyiləm.
**
Özümü belə qısa yupkaya soxuşdurmaq. İstənilən kişi elə düşünəcək ki, mənlə keçirdiyi gecəyə görə pul verməlidir.

***

Əbədi müəmma: kişilər bir-birlərinin yanında necə işəyə bilirlər? Bunu necə edirlər? İş əsnasında danışırlarmı? Nə haqda? Yanlarında özünü boşaldan birdən direktorları oldu? İfrazat ləngliyi? Məvacib müzakirəsi?

***

Sosial düşüncəm üsyan etdi. Bu haqda Marks nə deyərdi? Heç bir fikrim yoxdur, heç vaxt Marksı oxumamışam. Amma onun haqda kifayət qədər eşitmişəm və əminəm ki, bu hadisədən xəbəri olsaydı, öz ağ saqqalını bir-bir yolub küləyə verərdi.

***

Tualet nəzarətçilərinin Janna d’Arkı! Rədd olsun kapital! Biz xalqıq!

***

Xanım yaşıl gözlərini açıq-aşkar elə ağartdı ki, heç bir şübhəm qalmadı: bu rəngli kontakt linzalar idi.

***

Lazım olan vaxt münasib ibarə yada düşməz.

***

Saşa nikellənmiş eynək taxmışdı; çox ağıllı görünürdü – və məlum oldu, həqiqətən, təəssüf ki, elə ağıllı idi.

***

Cavablandırmaq istəmədiyiniz sualları həmişə məqsədli şəkildə sual verənin özünə ünvanlamaq lazımdır.

***

Ümumiyyətlə, kişilər yanlarında özləri özlərinə maraqlı görünəcək qadınları bəyənirlər. Və onda istənilən qadını ağıllı hesab edəcəklər – yetər ki, qadın onlara qulaq assın.

***

Bilirdik ki, tale bizi bir-birimizə yazıb. Zira çətin axtarışlardan sonra hər ikimizə aid bir şeyi kəşf etdik. Məlum oldu ki, nə Saşanın, nə mənim limonlu dondurmanı görən gözümüz yoxdur. Və biz bunu çox şey vəd edən başlanğıc kimi qəbul etdik.

***

Digər tərəfdən, otuz üç yaşım var və azadfikirliyəm. Bu o deməkdir ki, dekoderi televizora qoşmağı bacarmasam da, ustaya işinin müqabilində pul ödəmək imkanındayam.

***

Ən azı yüz ildir ki, kişi olmaq üçün bu dünyada səbəb yoxdur.

***

Nə olar, indi özümü belə hallar üçün təyin edilmiş qaydalara uyğun aparacam: ona zəng etmək istəyirsənsə, istənilən halda əvvəl ən yaxın rəfiqənə zəng elə. Əgər o, doğrudan da sənin ən yaxın rəfiqəndirsə, deyəcək: “Ona zəng etmə”. Və əgər sən həqiqətən onun ən yaxın rəfiqəsisənsə, “O’key” deyib başlayacaqsan yaxşı bir kitab oxumağa.
Beləliklə, hansı rəfiqələrin və hansı kitabların yaxşı olması müəyyənləşəcək.

***

Başa düşdüm o, niyə zəng vurmur. Mən çox kökəm.

***

Klaudiya Şiffer haqda dəhşətli bir şey oxudum: onun çəkisi əlli altı kiloqramdır! Baxmayaraq ki, məndən on iki santimetr uzundur!
Ancaq, ümid etmək lazımdır ki, pis xasiyyəti və kədərli həyatı var. Çemodanlarda zavallı mövcudluq! Bu gün Mayami, səhəri gün Paris, ertəsi gün Sidney.

***

Arıqlayanda tamam yaramayan yerlərdən çəki itirən qadınlar sinfinə aidəm. Döşüm yerli-dibli yox olub.

***

Qadın incəliyi ruh yüksəkliyi tələb edir!
Öz piy toxumamı qürurla gəzdirməliyəm. Fikirlərimi pozitiv məcraya istiqamətləndirməliyəm. Ümid bəxş edən, məni bədənimlə barışdıran xoş bir şey haqda düşünməliyəm.

***

Özün də istəmədən kataklizmin səbəbi olmaq başqa məsələdir. Kontakt linzalı bir ağılsız tərəfindən cəzalanmaq və təhqir edilmək isə mənim qəlbimi sındırdı. Özüdə dərindən.

***

Elə əvvəldən başa düşdüm ki, bu kişiylə mənimki uzun çəkməyəcək. Zarafatlarımı başa düşmürdü. Zarafatlarıma gülən olmayanda isə heç xoşum gəlmir. Axı onlar heç də pis deyillər. Ən azından, çox hissəsi.

***

Niyə özüm özümlə belə rəftar edirəm? Niyə mənzildən çıxmamış duş qəbul etmirəm, bəzənib-düzənmirəm? Oxumuşdum ki, Verona Feldbuş kosmetikasız heç poçtu yoxlamağa da çıxmır. Halbuki məndən fərqli olaraq o, bəlkə də, bunu özünə rəva görə bilər.

***

Həkim Daniel Hofman mənə baxdı. Buna dostsayağı baxış deməzdim. Sanki dəhşətli dərəcədə böyümüş düz bağırsağa baxırdı.

***

Yo hər şeyə praqmatik yanaşır. Bu hərdən çox faydalı olur, ancaq məlum vəziyyətlərdə alçaldıcıdır.

***

Yo tanıdığım qadınlar içində ən dəlisovudur. “Ən böyük problemim normal kişi tapmaqdır” deyən Şeron Stounu düşündürən məsələ onu da düşündürür. Yo, nəinki, normal bir kişi, hətta özünə münasib psixoterapevt də tapa bilmir.

***

Yoya ağıllı və sərbəst kişi lazımdır.
Həqiqət isə belədir:
a) onlar nadir tapıntıdır,
b) əsas etibarilə, artıq öz katibələri ilə evlidirlər.

***

Qadınlar məqsədlərini dəyişir, kişilər qadınları.

***

Doğrudanmı Yo sadəlövhcəsinə inanırdı ki, Yonun ondan beş dəfə çox qazanmasının onun üçün fərqi yoxdur? Gəlin vicdanlı olaq, etiraf edək ki, belə məsələlərə münasibətimizdə daş dövründə qalmışıq. Kişi öldürdüyü mamontları sürüyüb evə gətirmək istəyir. Qadına isə ondan dadlı şorba bişirmək tapşırılır. Yo istəyir ki, öz mamontlarını özü öldürsün. Buna görə Yo kişilər üçün problemdir.

***

Qadın comərdcəsinə öz telefon nömrəsini kişiyə verir, sonra o, zəng edəndə iddiasını nümayiş etdirərək evdə olmur. Bunda əzəmətli bir etinasızlıq var.

***

Ənənəvi şəkildə təşkil olunmuş bütün ailələrdə olduğu kimi, atam ailəni dolandıran şəxs olaraq televizor və telefonun üstündə ali hakimiyyətə malik idi.

***

Dəhşət həyəcanlı olduğumdan reseptdə öz nömrəmi deyil, Yonun nömrəsini yazmışam. Məncə bağışlanası diqqətsizlikdir. Axı özüm özümə heç vaxt zəng etmirəm. Yonun nömrəsini isə gündə təqribən beş dəfə yığıram. Məncə doğum sancılarından əziyyət çəkəndə də onun nömrəsini əzbərə deyə bilərəm.

***

Birinci sekslə növbəti telefon zəngi arasında keçən saat və günlər erkəyin vəziyyətə ağalıq elədiyi yeganə vaxtdır.

***

O, artıq üç ildir ki, single-dir. Təqribən elə o qədər də magistratura dissertasiyasını yazır.

***

Ürəkdən danışa, kədərlənə və sevinə biləcəyin başqa single-lərlə dostluq edirsənsə, single olmaq dərd deyil.

***

– Bu tip, daha doğrusu bu insan, sənin kimi deyil. Başa düşürsən? O daha çox…necə deyim, uzun sözün qısası…tipik kişi.
– Başa düşürəm. Eqoist zibil, fədakarlıq qabiliyyəti sıfır olan mənsəbpərəst, başına bir sürü qadının fırlanmasına adət etmiş biri?
– Təxminən.

***

Demək olar bütün kişilər Van Morrisonu sevir. Yohannanın eks-dostu bir dəfə belə demişdi: “O, bizim hiss etdiklərimizi oxuyur”. “Doğrudan? – o, tam səmimi şəkildə təəccüblənərək soruşdu – elə bilirdim, onun musiqisi ağıl tələb edir! ”

***

Hələ üç dəqiqə əvvəl, əfkari ümumiyyə əsasən, kifayət qədər hazırcavab qadın idim. Bəs hazırcavablığım hara itdi? Təxəyyülüm? Və ən nəhayət, lüğət ehtiyatım?

***

Bir dəfə Yo ilə “Uno”ya getmişdik. Sərbəst mühit, yaxşı yemək. Ofisiantlar da elə təkəbbürlü idilər ki, o dəqiqə başa düşmək olmurdu, restorandasan ya teatrda.

***

Deyirlər, kritik günlər və doğuşdan azad olduqları üçün kişilər özlərini xoşbəxt hiss etməlidir. Boş sözlərdir! Kişilər ayaqlarını epilyasiya etmədiklərinə görə özlərini xoşbəxt hiss etməlidir.

***

Yetkinliyə addım atan qadının həyatındakı gizli təşəbbüs mərasimləri – menstruasiyadır, cinsi yaxınlıqdır, restoranda xörəyin keyfiyyətinə şikayətdir, sərbəst götürdüyünüz ilk kreditin ödənməsidir, ayaqların ilk epilyasiyasıdır, doğuşdur, özündən on beş yaş kiçik kişiylə cinsi münasibətə girməkdir, özündən on beş yaş kiçik iki kişiylə eyni vaxtda cinsi münasibətə girməkdir, boşanmadır.

***

Birinci dəfə cinsi əlaqədə olduğu qadına kişi, adətən, üç gündən sonra zəng edir. Bir qayda olaraq, axşam. Əgər tez zəng edirsə, o, ya cındırdır, ya da anasına əvəz axtaran homoseksual.
Ən geci növbəti həftəsonu cinsi əlaqədə olmaq üçün zəng edir. Əgər intim əlaqə cümə, şənbə və ya bazar günü baş tutubsa, onda o, növbəti cümə, ya da şənbəyə kimi zəng etməyə elə də tələsmir.
Seks və zəng arasında
a) həftəsonu və ya
b) üç iş günü
keçibsə, onda sən
a) bu oğlanı yaddan çıxarıb, özünə təzəsini tapmalısan
b) ona zəng etməlisən.
Ona zəng edirsənsə, deməli, iki məqsədin var:
1) heç nəyə baxmayaraq, onu ələ keçirmək. Müvəffəqiyyət ehtimalı 0,5 faizə yaxındır. Bu halda o, iş cədvəlinin ağzına kimi dolu olmasından, hələ üç il yarım boş vaxtının olmamasından, təəssüf ki, heç olmayacağından çərənləyəcək. Tüpür. Oyun yanan şama dəyməz; axı sonra özün-özünü başdan ayağa poxun içində hiss edəcəksən. Onsuz belə olmasa da özünü elə hiss edəcəksən, ancaq burda nüanslar vacibdir.
2) zəng vurub, onun axmaq və göt olduğunu deyirsən. Və bununla da ürəyini boşaldırsan. Müvəffəqiyyət ehtimalı 98 faizə yaxındır. Frustrasiyanın çölə çıxmasına şərait yaradırsan, eyni zamanda, dostlarının yaxın səkkiz ay ərzində sənin “Gərək, ona belə deyəydim…” tipli şikayətlərinə qulaq asmaqdan canlarını qurtarırsan.

***

Özünə bənzərlərin təsiri altında kişi kobud erkəyə çevrilir. Həvəssiz və yalnız rəfiqəsinin nəcib təsiri ilə o yadına salır ki, hələ dünən mehriban pudel kimi divanda uzanıb, qarnını qaşımağa və özünü “sərçə” adlandırmağa icazə verirdi.

***

Zalın ən içəri hissəsində, pəncərənin yanında gözdən-könüldən uzaq bir yerdə stol sifariş etdim. Və düz girişin yanında balaca stol verdilər.

***

– İkimiz də bu fikirdəyik: İzabel Ancani elə görünür ki, sanki bu saat qusacaq.
– İkimiz də bu fikirdəyik: ançous, kapers və brüsel kələminin dadı İzabel Ancaninin görünüşünə oxşayır.

***

Payız və qışda insan özünü yalnız və məyus hiss edirsə, bu təbii şeydir. Heç kim buna görə onu qınaya bilməz. Ancaq yayda! Yazılmamış qanun əmr edir ki, şənlənməli və gündən qaralmış ayaqlara sahib olmalısan.

***

Düşünürəm ki – və yəqin, belə düşünən tək mən deyiləm, – çətir altında kişi öz heysiyyətini itirir. Saç düzümünün qeydinə qalmaq – qadınların imtiyazıdır. Kişi yağışa sakit yanaşmalı və saç formasını korlamaqdan qorxmamalıdır. Çətirli kişi ağızlıqlı it kimidir. Acınacaqlı mənzərədir.

***

O, heç vaxt heç kimə lağ etmir və ona lağ edəndən də incimir. Yalnız buna görə o, mənim kimi qonşuya və Rüdiqer kimi ərə dözə bilir.

***

Otuz yaşı keçmisən və camaata bu yaxınlarda sevgilinlə ayrıldığını deyəndə, onlar sənə elə baxırlar ki, sanki onlara gizlicə ölümünə bir-neçə gün qaldığını xəbər vermisən.

***

Kişi qazını saxlamağa çalışan götə oxşayırdı.

***

Bu işlərdən öncə kişilər dişlərini ikiqat nanəli „Kolqeyt“lə yuyur, sonra bir az viski içib ağızlarını onla qarqara edirlər. Kazanovanın qədim resepti!

***

Tünd göy rəngdə cins və ağ futbolka. Öz-özümdən soruşdum ki, belə hazırlıqsız görünmək üçün o, neçə saat hazırlıq görüb?

***

Onun məni bəyənib-bəyənməməyi sualına o qədər aludə olmuşdum ki, özümdən onu bəyənib-bəyənmədiyimi soruşmaq tamam yadımdan çıxmışdı.

***

İtaətkarcasına başımı yana əydim. Qadın jurnallarının birində oxumuşdum ki, çılpaq qadın boynu kişilərdə ibtidai instinktlər oyadır. İşə yaradı. “Kosmopoliten”ə təşəkkür!

***

Dəyərli olmaq istəyirsənsə, qoyma milçək səni qovsun.

***

Seksin olmamağından yaxşı seks ola bilməz. Gözəl günlər məni gözləyir. Mən hormonlarıma qalib gəldim.

***

Seksdən imtina edilsə, münasibətlər daha uzunmüddətli ola bilər.

***

O, özünü qalib kimi hiss etməlidir, eşşək kimi yox. Gülməli də olsa, bu rol çox kişinin xoşuna gəlmir, halbuki çoxu bundan ötrü yaranıb.

***

Mənim saç düzümüm yoxdur, mənim saçlarım var.

***

Etinasız yanaşdığım insanlar məni sevəndə xoşuma gəlir. Bu, dəyərimi artırır.

***

Saat on biri keçən kimi sənə zəng edəcəm. Əgər iş tamamilə yoluna qoyulmasa, uşaqlıq şəklinin «Ekspress» jurnalının üzqabığında düşməsinin qeydinə qalacam.

***

– Uşaq sahibi ola bilmərik.
– Niyə ki?
– Axı tutuquşu tərbiyə etməyimlə də də səni razı sala bilmirdim.
– Etiraf et ki, bir heyvan kimi German degenerasiyaya uğradı. Onda olan bütün heyvani instinktləri məhv elədin. Və nəticədə,bu onun həyatına bais oldu.

***

Dərrakə nəyimə gərək? Mənə individuallıq lazımdır!

***

Əziz rəfiqələrim, yaşınız otuzu keçib və hələ də dərinizin cavan olduğuna inanırsınızsa, heç vaxt böyüdücü aynalara baxmayın.

***

Bəzi kişilər özlərini apara bilmirlər. Darıxdırıcı, yumor hissindən məhrum, yaraşıqsız və evlidirlər. Məndən soruşurlar ki, işdən sonra onlarla gedib pivə içmək istəyərəmmi. Belə bir məqamda istənilən qadın şübhəli səhv çağırış siqnalları göndərib-göndərməməsi haqda fikrə gedər.

***

Məni istəmədən qaydalarını da kişilər diktə edən kişi dünyasına tullayıblar.

***

Avtomobil, stereoaparat və cinsi orqan – kişiylə işi olacaqsa, qadının həmişə tərifləməli olduğu şeylər.

***

Kişi əllərini şəhvani hesab edirəm. Ələxüsus, onlar «BMV»nin ötürmə qutusunun linginə davamdırsa.

***

– Ştefaninin iyirmi səkkiz yaşı var. Və bu onların ikinci uşağıdır, – onun səsində məzəmmət eşitdim. Geniş şaxələnmiş ailəmizin qadın xeylaqları fasiləsiz olaraq törəyib artanda əsəbiləşirəm. Bu hərəkətləri ilə sanki mənə mənəvi təzyiq göstərirlər.

***

– Bir əyyaşın qabağına müxtəlif çeşidli şampan şərabı qoy. Səncə o, hansını seçəcək?
– Bilmirəm.
– Probkası asan çıxanı.

***

Təklikdə darıxmaqdansa, ikilikdə darıxmaq yaxşıdır.

***

Məncə insanlar iki qrupa bölünür: dişinin arasında nəsə qaldığını deyənlər və deməyənlər.

***

Bu necə alçaqlıqdır! Fövqəladə idiot! Küt! Hər şey necə də düz gəlir, qorxaqcasına, nalayiq tərzdə və necə də kişisayağı.

***

Arzularda da olsa necə təsəvvür edə bilərdim ki, belə boy-buxunlu, oxumuş, yaraşıqlı, hazırcavab, yaxşı qazanan bir insan mənə ciddi yanaşa bilər! Mənə! Bu ki gülməlidir. Yalnız tənbəlin xəyanət etməyəcəyi bir qadını.

***

Özünəhörmətin yerli-dibli yoxluğu yavaş-yavaş insanı istənilən təhqirə laqeyd edir. Bu təhqirlərin müəllifi qulluqçular olsa belə.

***

Düzünü deyəndə başqalarının qiymət və fikrindən qorxmağa ehtiyac yoxdur. Bu, təxminən, qarnı yığmamağa oxşayır.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram