Annotasiya
“Bıçaq” (ingiliscə “The Knife“) hind mənşəli ingilis yazıçısı Salman Rüşdinin 2022-ci ildə məruz qaldığı bıçaqlı hücumdan sonra qələmə aldığı xatirələr kitabıdır.
Avtofikşn janrında qələmə aldığı əsərdə müəllif üzləşdiyi faciəni, yaşadığı qorxuları, hiss etdiyi ağrıları, həm fiziki, həm mənəvi sağalma prosesini bütün çılpaqlığı ilə təsvir edir.
Kitab yalnız sui-qəsd hekayəsi deyil, həm də söz azadlığının, cəsarət və iradənin, mənəvi müqavimətin hekayəsidir.
Karandaşın izi ilə
Mənə yaxınlaşan həmin ölümcül kölgəni görəndə ağlımdan belə bir fikir keçdi: “Bu da sən, sən gəldin”. Deyilənlərə görə, Henri Ceymsin son sözləri belə olub: “Bu da o, əlamətdar hadisə”. Ölüm mənə də yaxınlaşırdı, ancaq gözümə əlamətdar hadisə kimi görünmürdü. Mənə anaxronizm kimi görünürdü.
***
Mənə həmişə xoşbəxtlik haqqında yazmaq maraqlı olub, əsas da ona görə ki, bunu etmək çox çətindir.
***
Müasir dövrdə memuarlar incəsənət sahəsinin mühüm janrına çevrilib. Onlar bizə şəxsi təcrübəmiz, bənzərsiz keçmişimiz, xatirələrimiz prizmasından indiki zamanı dəyərləndirməyə imkan verir.
***
İki yazıçı bir-birilərinin yaradıcılığını bəyənmirlərsə, onların birlikdə yaşaması demək olar ki, mümkün deyil. Və mən burada “bəyənmək” deyəndə “heyranlıq həddində” əsl “bəyənməyi” nəzərdə tuturam.
***
Elə dərin xoşbəxtlik növü var ki, o məxfilik tələb edir. O, insan gözündən uzaqda çiçəklənir və başqalarının təqdirinə ehtiyac duymur. Bu xoşbəxtlik yalnız onu duyanlara məxsusdur və bu, özü-özlüyündə kifayətdir. Qərbdə bir çox insan, xüsusilə gənclər daha bunun qədrini bilmirlər. Əksinə, məxfilik dəyərdən düşmüş, hətta arzuolunmaz bir şeyə çevrilib. İctimailəşdirilməyən şeylər sanki heç mövcud deyil. İtiniz, toyunuz, dənizkənarı istirahətiniz, şam yeməyiniz, yeni kəşf etdiyiniz maraqlı mem – bütün bunları hər gün paylaşmaq lazımdır.
Hindistanda məxfilik varlılara xas dəbdəbə olaraq qalır. İnsan əlindən tərpənmək mümkün olmayan darısqal məkanlara qısılan kasıb təbəqə heç vaxt tək qalmır. Kimsəsiz, himayəsiz hindlilərin çoxu ən intim hərəkətlərdən birini – fiziki ehtiyaclarını küçələrdə etməyə məcburdurlar. Şəxsi otağı olanlar mütləq varlı olmalıdır. İnanmıram, Virciniya Vulf nə vaxtsa Hindistanda olub, ancaq onun məlum aforizmi orada, hətta kişilər üçün də aktual olaraq qalır.
***
Özümə gələndə gözümə bəzi şeylər görünməyə başladı. Bu görüntülər memarlıqla əlaqəli idi. Hərflərdən tikilmiş möhtəşəm saraylar və başqa görkəmli tikililər görürdüm. Bu fantastik konstruksiyaların tikintisində kərpic əvəzi hərflərdən istifadə olunmuşdu, sanki dünya sözlərdən ibarət idi və dil ilə poeziyanın yarandığı əsas materialdan yaradılmışdı. Hərflərdən yaradılmış əşyalarla hərflərdən yaradılmış hekayələr arasında ciddi fərq yox idi. Onların mahiyyəti eyni idi.
***
Səni nifrət obyektinə çeviriblərsə, sənə nifrət edən insanlar da tapılacaq.
***
İncəsənətin gerçəkləşmiş arzu olduğunu demək istəyirdim. Və təxəyyül arzuları reallıqdan ayıran körfəzin üzərindən körpü qura bilir. Biz ona qeyri-reallıq prizmasından baxdığımız üçün reallığı başqa cür anlamağa imkan verir.
***
Bıçaq bir alətdir, onun mənası ondan necə istifadə etməyimizdən asılıdır. Bıçaq mənəvi baxımdan neytraldır. Əxlaqa zidd olan isə bıçağın yanlış istifadəsidir.
…
Dil də bıçaqdır. O, bu dünyanı kəsib yara və mahiyyətini, daxili quruluşunu, sirlərini, həqiqətlərini göstərə bilər. O, bir reallıqdan digərinə kəsik aça, başdan-ayağa cəfəng ola, insanların gözünü aça, gözəllik yarada bilər. Dil mənim bıçağım idi.
***
Azad insan kimi yaşayaraq azadlığa qovuşdum.
***
Ağzından çıxan sözlərin hansı nəticələrə gətirib çıxara biləcəyindən ehtiyat edirsənsə, deməli, azad deyilsən.
***
Alfred Hiçkokun “Psixo” filminin bu qədər qorxulu olmasının səbəblərindən biri də odur ki, burada lazımlı insanlar ölmür.
***
İncəsənət rəssamın ilhama gələrək irəli sürdüyü şəxsi baxışları ilə yaşadığı dövrdə hər kəs tərəfindən qəbul edilmiş ideyaları qarşı-qarşı qoyur. Floberin “Buvar və Peküşe”də dediyi kimi, incəsənət cəmiyyət tərəfindən qəbul edilmiş ümumi ideyaların incəsənətin düşməni olduğunu bilir. Bu ideyalar mahiyyətcə ideologiyalardan fərqlənmir — istər gözəgörünməz tanrıların qadağaları üzərində qurulsunlar, istərsə də yox. İncəsənət olmasa, düşünmək, yenilikçi baxışla baxmaq, dünyaya yeniliklər gətirmək qabiliyyətimiz zəifləməyə başlayacaq və məhv olacaq. İncəsənət dəbdəbə deyil. İncəsənət insan təbiətinin mahiyyətindədir və onun artıq sahib olduğu hüquqdan – var olmaq hüququndan başqa əlavə heç bir əsaslandırmaya ehtiyacı yoxdur. İncəsənət mübahisəni, tənqidi, hətta inkarı qəbul edir. Qəbul etmədiyi zorakılıqdır.
***
Əlimizdən effektiv və faydalı nə iş gəlir? Şeirlə gülləni dayandırmaq, romanla bombanı zərərsizləşdirmək mümkün deyil. Qocalarımızın hamısı qəhrəman deyil. Ancaq aciz vəziyyətdə də deyilik. Orfey parçalanıb tikə-tikə edildikdən sonra belə onun bədənindən ayrılmış başı Maritsa çayı ilə üzmüş, oxumağa davam etmiş və bununla da nəğmələrin ölümlərdən daha güclü olduğunu xatırlatmışdı. Biz həqiqətləri səsləndirə, yalançıları ifşa edə bilərik. Cəbhələrdə olan yoldaşlarımızla həmrəylik göstərə və öz səsimizlə onların səslərinə haray ola bilərik.
***
Uşaqlara dünyaya necə gəldiklərini izah etmək, böyüyəcəkləri mühitdə qaydaları və sərhədləri müəyyənləşdirmək üçün valideyn necə lazımdırsa, əcdadlarımıza da tanrılar elə lazım olub. Lakin elə bir vaxt yetişir ki, böyüyürük, çünki böyüməliyik. Baxmayaraq ki, bir çox insan böyüyə bilmir.
***
Bu kitabı birinci şəxsin dilindən yazacağam, çünki birisi sənə on beş bıçaq zərbəsi endirəndə bu, birmənalı şəkildə birinci şəxs kimi hiss olunur.
Tərcümə: Lamiyə Göycəyeva
