Annotasiya
“O mənimlə rastlaşmadan öncə” (ingiliscə “Before She Met Me“) “ingilis ədəbiyyatının buqələmunu” hesab edilən Culian Barns tərəfindən yazılan və 1982-ci ildə çap olunan romandır.
Uğurlu, lakin darıxdırıcı evlilik həyatı yaşayan tarix müəllimi Qrehem Hendrik gözəl və cazibədar aktrisa Ennə aşiq olur, həyat yoldaşından boşanıb onunla evlənir. İlk baxışda Qrehem xoşbəxtliyin dadını çıxarır: arzuladığı qadına və şəxsi azadlığına qovuşub. Lakin yeni həyat yoldaşının keçmişi ilə tanış olduqca onun əvvəlki münasibətlərini, filmlərdəki rollarını obsessiv şəkildə araşdırmağa başlayır. Beləliklə sevginin gətirdiyi sevinc hissini yavaş-yavaş qısqanclıq, paranoya və məhvedici düşüncələr əvəzləyir.
Barns bu əsərində insan münasibətlərinin qaranlıq tərəflərindən, sevgi ilə obsessiyanın sərhədlərinin pozulmasından və keçmişin dağıdıcı təsir gücündən bəhs edir. İronik üslubu və dərin psixoloji təhlilləri ilə roman oxucuya həm əyləncəli, həm də düşündürücü mütaliə təcrübəsi yaşadır.
Karandaşın izi ilə
Enn onun rəng spektrini genişlətdi, hər kəsin görməyə haqqı çatdığı, itirilmiş rənglərini geri qaytardı. O, yaşıl, mavi və göy ilə nə qədər davam etmişdi? İndi daha çoxunu görür və ekzistensial səviyyədə özünü daha güvəndə hiss edirdi.
***
Qrem istəsə də görməzdən gələ bilmirdi: Enn ilə özü də daha çox söyüş söyməyə başlamışdı. Əvvəlcə tərəddüdlə, sonra bir az rahatlıqla, daha sonra isə açıq-aşkar zövqlə. İndi o, bunu avtomatik edirdi – sanki nöqtə-vergül qoyurdu.
***
O işə gedən kimi dərhal gündəliyimi çıxarıram və onun işə hansı paltarda getdiyini bir-bir yazıram: ayaqqabılarını, corabını, donunu, lifçiyini, tumanını, plaşını, saç üçün sancaqlarını, üzüklərini, rənginə kimi hər şeyini. Əlbəttə, tez-tez geyimləri təkrarlanır, ancaq mən yenə də yazıram. Sonra gün ərzində arada gündəliyi açıb baxıram. Onun necə göründüyünü yadda saxlamağa çalışmıram, bu, haqsızlıq olardı. Gündəliyi çıxarıram, bəzən dərs vaxtı özümü elə göstərirəm ki, guya esse mövzusu haqqında düşünürəm, ya da buna oxşar nəsə, özüm isə oturub onu geyindirirəm. Bu… çox, çox xoş hissdir.
***
– Bilirdin ki, Narita hava limanı fəaliyyətə başladığı ilk dörd ayda 16 milyon funt zərər edib?
– Səndə artıq kişi menopauzası başlayıb?
***
Sən ki mənim romanlarla bağlı qaydalarımı bilirsən: maksimum sirr, minimum yalan, maksimum diqqət. Niyə də bu prinsipi keçmişə tətbiq etməyək ki?
***
Ertəsi gün Cek qapını açıb Qremi gördü — o, qəzəblə pıçıldayırdı: “Məni burda görməmisən, Ennə demə, yaxşı?” Cek gülməkdən özünü saxlaya bilmədi. Onlar əvvəlcə keçmişi dəyişirdilər, indi də indini.
***
Cek fasilə verdi. Hekayələrdə belə fasilələrdən xoşu gəlirdi. Bu yolla o, özünü sadəcə yazıçı kimi deyil, həmçinin istədiyi kimi tez-tez olmasa da, yenə də nadir hallarda rəylərdə qeyd edildiyi kimi anadangəlmə hekayəçi kimi hiss edirdi. Bir dəfə bir tənqidçi yazmışdı ki, Laptonun əsərlərində həm hekayəni danışana, həm hekayəyə inanmaq olur. Cek ona bir qutu şampan göndərmişdi.
***
İnsanların eynəkləri sadəcə aksesuar kimi istifadə etməsindən xoşu gəlmirdi, eyni zamanda öz içində də eynəklərə qarşı soyuq bir nifrət var idi. Cansız əşyaların öz həyatlarını yaşamasından, insanlardan, heyvanlardan və bitkilərdən sonra dördüncü gücə çevrilmək istəyindən xoşu gəlmirdi. Bunda bir növ absurdluq, hətta təhdid sezirdi.
***
Axı seks belə işləmir, düzdür?! Orada deyilməmiş sözlər hökm sürür. Orana divanəlik və gözlənilməzlik idarə edir. Orada həzz naminə yazılmış çeklər ümidsizlik bankında nağdlaşdırılır.
***
Bu o qədər tez-tez doğru olmuşdu ki, indinin özündə demək olar yalan kimi hiss olunmurdu.
***
«Kimin ağlına gəlib ki, sən məhz belə görünməlisən?» — o, zürafəyə pıçıldayırdı. «Yəni, deməyim odur ki, uzun boyunlu olmağın yuxarıda yerləşən yarpaqlara çatmaq üçün olduğunu bilirəm. Bəs ağacları daha alçaq yaratmaq asan olmazdımı? Ya da torpağın üstündəkilərlə dolanmağı öyrənmək? Məsələn, böcəklərlə, əqrəblərlə?» «Niyə zürafələrə elə gəlir ki, zürafə olmaq zor şeydir?»
***
Təbiət hadisələri məhv olur, xalqlar və qitələr arasındakı nifrət səngiyirdi. Sivilizasiya həqiqətən daha sivil bir hal alırdı. Qrem əmin idi: bu prosesin qarşısını almaq artıq mümkün deyil. Getdikcə bu inancı onun içində dərin kök salırdı. Dünya yavaş-yavaş ümumi rifahın hökm sürdüyü nəhəng dövlətə çevriləcəkdi – əsas ideyası isə idman, mədəniyyət və seksuallığın inteqrasiyası olacaqdı. Qəbul edilmiş beynəlxalq valyuta isə yüksək keyfiyyətli video və audio aparatlar olacaqdı. Zəlzələlər, vulkan püskürmələri baş verəcəkdi, ancaq qisasçı təbiət gec-tez ram ediləcəkdi.
***
Bu fikir heç xoş gəlmirdi. Belə çıxırdı ki, insanların daim can atdığı hər nə var idisə, həmişə avtomatik, istisnasız kimyəvi təhrif olurdu.
***
Mən hər zaman söz adamı olmuşam. Məni ən çox incidən də elə sözlər olub. Rəsmə biganəyəm. Rənglər, geyimlər mənə maraqlı deyil. Hətta kitabdakı illüstrasiyalardan da xoşum gəlmir, kinodan isə zəhləm gedir.
***
Təəccüblü də olsa, tətilin detallarını xatırlamaqda çətinlik çəkirdi, halbuki üstündən cəmi bir ay keçmişdi. Orada xoşbəxt olduğunu xatırlayırdı, ancaq konkret harada xoşbəxt olması ilə bağlı vizual təsdiqi yox idi. Bu duyğunun yaddaşı əvəzsiz görünürdü. Hətta bulanıq ikiqat ekspozisiya da yerinə düşərdi.
***
Zaman keçdikcə Qrem digər kişilərlə müqayisədə gözündə qeyri-adiliyini itirməyə başladı. Ona elə gəlirdi ki, Qrem daha onunla maraqlanmır. Qrem başqa kişilərə oxşayan kişiyə – öz hisslərinə heyranlıqla təəccüblənən, ancaq partnyorunun duyğularını alçaldan birinə çevrilmişdi. Reqress baş vermişdi.
***
O, zəifin tiraniyasından xəbərdar idi. Tədricən inanclıların tiraniyasından, fəzilət sahiblərinin günahkarları itaət edirməsindən xəbər tutdu. İndi isə Qrem ona passivlərin tiraniyasından dərs deyirdi.
***
Əsl sərhəd xətti döyüşdə məğlub olanlarla hələ döyüşə qoşulmayanlar arasından keçmirdi, əsl sərhəd xətti məğlub olsa da, məğlubiyyətini qəbul edə bilənlərlə bilməyənlər arasından keçirdi.
***
Son aylar ərzində izlədiyi filmlərin ən iyrənc xüsusiyyətlərindən biri qəhrəmanların öz hərəkətlərini izah etməli olduğu özündənrazı ənənə idi. “Səni çox sevdiyim üçün öldürdüm” — qanlı mişarı əlində tutan odunçu mızıldanırdı. “İçimdə nifrət okeanı şişib böyüyür, az qalırdı partlasın,” — yanğını törədən, döyüşkən, amma cəzbedici qaradərili gənc izah verirdi. “Görünür, atamın obrazından qurtula bilmirdim… Ona görə səni seçdim,” — artıq peşman olmuş gəlin etiraf edirdi. Həyatla dramatik şərtiliyin arasına bu təkəbbürlü uçurumun ön plana çıxdığı anlarda Qrem diksinirdi. Həyatda izah etmək istəmirsənsə, izah etmirsən. Ona görə yox ki dinləyici yoxdur. Əksinə var, özü də çox vaxt bu səbəbləri bilmək üçün dəridən-qabıqdan çıxırlar. Sadəcə onların belə bir hüququ yoxdur. Sənin həyatına bilet almayıblar.
Tərcümə: Lamiyə Göycəyeva
