Annotasiya
“Qadınlar danışır” (ingiliscə “Women Talking“) kanadalı yazıçı Miriam Teyvzin 2018-ci ildə çapdan çıxan sayca yeddinci romanıdır.
Real hadisələrə əsaslanan əsərdə mennonitlər dini icmasında baş verən dəhşətli hadisədən bəhs edilir. İcmanın üzvləri olan yüzdən çox qadın və qız gecələr zorakılığa məruz qalır. Bu kabus illərlə “yalan”, “fantaziya”, “günahların cəzası” kimi ört-basdır edilir. Lakin bu əməlləri icma kişilərinin törətdiyi məlum olduqdan sonra zərərçəkmişlər çətin seçim qarşısında qalır: susmaq, getmək, yoxsa mübarizə aparmaq?
İllərlə zorakılığa məruz qalan, susdurulan qadınlar nəhayət bir araya gələrək talelərini dəyişdirmək üçün gizli bir “məhkəmə” qururlar, danışmağa başlayırlar. Onların qərarı yalnız öz həyatlarını deyil, bütün icmanı sarsıda bilər.
Karandaşın izi ilə
Gerçək budur ki, səlis danışmaq bacarığım yoxdur, digər tərəfdən, təəssüf ki, dilə gətirə bilmədiyim düşüncələr mənə elə hey əzab verir.
***
“Heç nə eləmə” əslində həqiqi seçim variantı deyil, lakin qadınlara bu varianta səs vermək hüququ tanımaq ən azı onları gücləndirəcək.
***
Çox adam özünü dəyişdirmək məsuliyyətindən qaçmaq üçün keçmişini sentimentallaşdırır. Və beləcə azad, xoşbəxt ömür sürür, ən pis halda, xoşbəxt olmasa da, dözülməz əzabları da olmur.
***
Salom yenə də danışacaq, hisslərini ifadə edəcək və haqsızlıqdan doğan hər bir duyğuya – qorxulu da olsa – həyat verəcək.
***
Əgər Moloçnanı tərk eləsək, İsa zühur edəndə bizi necə tapacaq?
Salom qeyzlə onun sözünü kəsib istehza ilə deyir: Əgər İsa yenidən dirilməyə, min illərlə yaşamağa və daha sonra ümmətini başına yığmaq üçün Cənnətdən yerə enməyə qadirdirsə, deməli, icmadan qovulmuş bir dəstə qadını da tapmağı bacaracaq.
***
Həbsxanada olanda bir dəfə qələt eləyib məhbus yoldaşlarıma ördək vaqqıltısının (həmçinin ördəyin toppuş, yastı dimdiyinin) ürəyimə hüzur, rahatlıq verdiyini demişdim. Bir var səhv, bir də var qələt. O vaxtdan öyrəndim ki, hər şeyi hər yerdə demək olmaz.
***
Qara dənizin əsrarəngiz dərin suları səthdə atmosferdən oksigen alan sularla qarışmır, dənizin dibi oksigensiz qalır, buna görə də orada həyat olmur. Oksigensiz şəraitdə isə heyvan qalıqları çürümür, necə varsa, o cür bizə gəlib çatır. Həmin qalırların üzərində yumşaq toxumalar gözə çarpır. Bəs orada həyat yoxdusa, bu qalıqlar haradan çıxdı? Qabarma və çəkilmə olmadığına görə Qara dənizin səthi həmişə sakit və durğundur. Dərində isə çay axır, bu əsrarəngiz çay alimlərin fikrincə, Qara dənizin oksigensiz dibində canlı həyatın qorunmağına kömək edir.
…
Yumşaq toxuma nə olan şeydir?
Dəri, əzələ, vətərlər, Aqata cavab verir. Mən bilən sərt toxumaları, yəni sümükləri, ümumiyyətlə, hərəkətsiz hər şeyi qoruyana yumşaq toxuma deyirlər.
…
Onda belə çıxır ki, icmamız bədəndir, biz qadınlar Moloçnanın yumşaq toxumasıyıq, bir də…
Ya da, Salom deyir, icma Qara dənizdir, biz də onun “əsrarəngiz dərin sularıyıq”.
***
Bəzən insan hər şeyi və ya birini bir əhvali-ruhiyyədə tərk edir, amma heç gözləmədiyi, tamam başqa əhvali-ruhiyyə ilə başqa yerə gedib çıxır.
***
İnstinktiv olaraq çox şeyi bilirik, amma kimsə onları müəyyən bir hekayə ilə dilə gətirəndə həm xoş olur, həm də maraqlı.
***
Biz səsi olmayan qadınlarıq. Nə vaxtı bilirik, nə yerimizi, heç məskunlaşdığımız ölkənin dilini də bilmirik. Biz vətənsiz mennonitlərik. Heyvanlar belə öz yuvalarında bizim qədər təhlükə ilə üzləşmirlər. Biz qadınların əlində xəyallardan başqa bir şey yoxdur, ona görə də, bəli, xəyalpərəstik.
***
İqtidara inanmır, vəssəlam, çünki iqtidar insanı qəddarlaşdırır.
***
Zaman qəlbimizdəki yaraları sağaldacaq, deyir. Azadlığımız və təhlükəsizliyimiz əsas amalımızdır və bizi bunlardan məhrum edən də məhz kişilərdir.
***
Onu bu hala salan birbaşa özləri üçün xəritə çəkmək qorxusu yox, o, fikrini izah edir, bunun məntiqi nəticəsidir, taleyimizin ağası olmaq, bilinməzliyə doğru yola çıxmaq fikridir.
***
Yazarkən gözü məndədir. Qələmim titrəyir. Onsuz da oxuya bilmir, bura yazsam ki, Ona, ruhum sənindir, ruhu da duymayacaq.
***
Azadlıq doğru yoldur, deyir. Köləlikdən yaxşıdır. Bağışlamaq da doğru yoldur, intiqam almaqdan yaxşıdır. Və bilinməyəni ümid etmək də doğrudur, bildiyin şeyə nifrət etməkdən yaxşıdır.
***
İndiyə kimi heç birimiz kişilərdən heç nə istəməmişik. Bircə dəfə də deməmişik ki, süfrədəki duzu ötür, xərcləməyə qəpik-quruş ver, məni beş-on dəqiqə rahat buax, ipdəki paltarları yığ, pərdəni aç, dayçalarla kobud rəftar eləmə, ya da mən on ikinci-on üçüncü dəfə uşağı dünyaya gətirəndə əlimdən tut. Sizə də qəribə gəlmir? Kişilərdən vur-tut bircə xahişimiz var, o da çıxıb getmələridir.
***
Bütün ömrü boyu bu vəziyyətdə olsaydın, yəni fikirlərin heç vaxt, heç bir əhəmiyyət daşımasaydı, nə hisslər keçirərdin?
***
Hökm eləməyə təbəən yoxdursa, gücün heç bir mənası qalmır, biz isə həmin o təbəəyik.
***
Aqatanın yenə hövsələsi daralır. Ona, o deyir, sevgi başqa günün mövzudur.
Bəs təhlükəsizlik?.. Ona soruşur.
Qreta onun sözünü kəsir: Əslində, elə hər günün mövzusudur.
Nədir hər günün mövzusu? Aqata soruşur.
Sevgi, Qreta deyir.
Hər gün aktual və ədəbi olan bir məfhum Onanın dediyinə görə, həm də qeyri-müəyyəndir, dərkolunmazdır, bu necə olur? Mariş sual verir.
***
Amma bir şeyi ürəkdən sevəndə dilə gətirməmək olmur, düz demirəm?
***
Ana, yuxumda gördüm ki, ölmüsən, öz-özümə dedim ki, anam olmasa, yıxılanda məni kim tutacaq. Sonra sən dirildin, çox yorulmuşdun, ayaqların ağrıyırdı, amma son dəfə bu dünyaya qayıtdığın üçün sevinirdin və dedin ki: Onda sən də yıxılma.
***
Bəlkə də, günahkarlıq hiss keçirəcəyik, amma biləcəyik ki, günahkar deyilik. Biz, bəlkə də, adam öldürmək istəyəcəyik, amma biləcəyik ki, qatil deyilik. Biz, bəlkə də, yolumuzu azmış kimi hiss edəcəyik, amma biləcəyik ki, məğlub olmamışıq.
***
Avqust, səncə, Mikelancelo işə başlamadan əvvəl rəsminin necə alınacağını bilirdi?
Bilmirəm, deyirəm.
Yəqin bilmirdi, Mariş cavab verir.
Olsun fotoqraf, Ona deyir. Fotoşəkli çəkən adam onun necə görünəcəyini əvvəldən bilir?
Söhbət fotoşəkildən gedirsə, fotoqraf yəqin ki, şəklin necə çıxacağını rəssama nisbətən daha çox təsəvvür edə bilər.
Biz qadınlar da rəssamıq, deyir.
Təşvişin rəssamları.
***
“Sənə daha yaxın, Tanrım” ilahisi “Titanik”də sərnişinlərin gəmi batarkən oxuduğu ilahidir.
***
Həqiqətlər isə aid olmadığımız, ola bilmədiyimiz, ya da yox, bəlkə də, aid olduğumuz dünyada bizdən gizlədilir və beləcə, həqiqət mifik bir dəyər qazanır, müqəddəslik donu geyinir, çünki bu ya ilahi vergidir, ya samizdatdır, ya valyutadır, ya yevxaristiyadır, ya qandır, ya da haramdır.
***
“List” sözünün kökü Orta ingiliscədə “liste”dir, mənası isə “arzu”, “istək” deməkdir. İngilis dilində “dinləmək” sözü də bu kökdən gəlir – “listen”.
***
Anam mənə bir zamanlar adı Flobert olan, fransız yazıçısı Floberin on beş yaşında yazdığı “Qəzəb və iqtidarsızlıq” əsərindən bəhs eləmişdi. Bu əsəri mənə əvvəl fransız, sonra isə ingilis dilində oxudu. Hər iki cəhdi kəsib-doğranmış sözlərlə, boşluqlarla dolu idi. İşə bax, boşluqlar da nəyisə doldurarmış.
***
Bu samanlıqdakı qadınlar mənə şüurun dirəniş, imanın hərəkət olduğunu, zamanın durmadan tükəndiyini öyrətdi.
Tərcümə: İmanyar Quliyev, Niyazi Xıdırov
