Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bernhard Şlink “Gecikmiş həyat”

Annotasiya

“Gecikmiş həyat” (almanca “Das späte Leben“) alman yazıçısı və hüquqşünası Bernhard Şlinkin 2023-cü ildə çapdan çıxan bədii kitabıdır.

Romanın qəhrəmanı yetmiş altı yaşlı Martin Brem hüquq elmləri üzrə professor kimi fəaliyyət göstərir. Sonuncu tibbi müayinədən sonra həkimi ona mədəaltı vəz xərçəngi diaqnozu qoyur. Məlum olur ki, Martinin ömrünün sonuna bir neçə ayı qalıb. O, taleyi ilə barışmağa, aid olduğu yerə qayıtmağa çalışır, bu vaxt özünü, hisslərini, keçmişini və gələcəyini, arvadı və oğlu ilə münasibətlərini götür-qoy edir.

Karandaşın izi ilə

O, yenə yöndəmsizcəsinə aşiq olmuşdu, ilk dəfə, hələ məktəbli ikən aşiq olduğu kimi.

***

Ölüm hər şeydən daha qorxulu, daha betərdir, çünki ölümdən fərqli olaraq qalan hər şeyə tab gətirmək, hər şeyi sınaqdan keçirmək, hiss etmək olar. Qalan hər şey düşüncənin, xatirənin, hekayənin mövzusu ola, bioqrafiyanın bir hissəsinə çevrilə bilər.

***

Həyatı düşünmək onu hiss etmək demək deyil.

***

O, oğlunu sevirdi. Ona görə kədərlənirdi ki, sevgisi də ölümü ilə birlikdə sona çatacaq.

***

Suallar cavabsız qalmayanda, biz insanlar həyatımızın mənasını özümüz müəyyənləşdirmək, xeyirlə şərin meyarlarını yaratmaq və razılaşdırmaq məcburiyyətində olmayanda, onları hazır şəkildə alanda yaşamaq daha asan olur.

***

Sevgi ədalətsizdir.

Sevginin ədalətsiz olması o demək deyil ki, sevgi ilə ədalətin bir-biri ilə əlaqəsi yoxdur. Bəlkə bir gün sən də ədalətin məhz sevginin fonunda məna kəsb etdiyini anlayanda mənim tez-tez təəccübləndiyim kimi təəccüblənəcəksən.

***

Martin uzun müddət birlikdə olduğu və onu tərk edərkən “sən sadəcə mənimlə yaşamağa vərdiş etmisən” deyən qadını xatırladı. Həmin vaxt Martin düşünmüşdü: məgər sevgiyə öyrəşməkdə, ona həyatında möhkəm və etibarlı yer ayırmaqda pis nə isə var ki?

***

Sevgi insanı dəyişə, onu əslində olmalı və olmaq istədiyi insana çevirə bilər. Amma bu, məhz sevgi olmalıdır; sadəcə vurulmaq kifayət deyil. Fərq ondadır ki, vurulanda birinci yerdə özün olursan, sevəndə isə həmişə o birincidir. Sevgidə əsas olan sən deyilsən, odur; özündə qalmırsan, onun üçün açılırsan. Buna görə də sevgi səni dəyişə bilər.

***

Onun dəyişib sənin istədiyin kimi olacağını gözləmək əbəs, bədbəxt sevginin başlanğıcı və hərəkətverici qüvvəsidir. Deyirlər, sevginin gözü kordur. O, seçdiyin insanın necə olduğunu deyil, onun necə olacağını görmək imkanını əlindən alır. Sevəndə gözü kor olan laqeydi qayğıkeşlə, etibarsızı etibarlı ilə, düşməncəsinə soyuğu səmimi ilə səhv salmır. Amma düşünür ki, sevgisinin qarşılığını almaq, sevdiyi insanın gözünü açmaq üçün səy göstərsə, laqeydlik qayğıya, etibarsızlıq etibara, soyuqluq isə səmimiyyətə çevriləcək. Kor görənə görməyi öyrətmək istəyir!

***

Bəlkə onun təvazökarlığı sadəcə şöhrətpərəstliyin başqa bir növüdür?

***

Sevildiyini bilmək onu bütün sınaqlarda qanadlandırmalı idi, sınaqlardan sonra verilən mükafat olmamalı idi.

***

Bu gün “work-life balance” deyilən şeydən çox danışırlar. Ancaq iş də həyatın bir hissəsidir. Kimi bütün gücünü işinə verir, kimi ailəsinə, kiminsə həyatında xor və ya orkestr birincidir, kimdə isə seçki kampaniyası. Heç bir balans yoxdur. Bu həyatda biz daim eyni vaxtda dörd toyda rəqs etməli oluruq.

***

Hər zaman ölümdən daha yaxşı bir şey tapmaq olar.

***

Böyüklər heç vaxt sevgiyə yüz faiz etibar etmirlər.

***

– Niyə onun arxasında kəllə var?
– Ölüm skripkada ifa edir. O, insana öləcəyini xatırladır.
– Niyə?
– Niyə? Çünki insanlar tez-tez öləcəklərini unudurlar.
– Bəs niyə unutmamalıdırlar?
– Ona görə ki, onlara verilmiş zamanı düzgün istifadə etməli, ikinci dərəcəli deyil, vacib şeylər haqqında düşünməlidirlər.

***

Xeyr, həyata yekun vurmaq olmur. Birinci şeyi edirsən, ikinci şeyi edirsən, üç-dörd-beş, sonda isə buna həyat deyilir. Vəssəlam.

***

O, həddən artıq yumşaq idi, həyat isə belələrini sevmir. O, elə uşaq olaraq qalmışdı. Ömrü boyu uşaq qalanlar isə hamıya yük olur.

***

Yalnız dirilər dirilərə nəsə verə bilər.

***

Davidin həyatında olmayacağını, o xəstələnəndə başı üstündə otura bilməyəcəyini, uğurlarına sevinə, uğursuzluqlarına zarafat edə, köməyə ehtiyacı olanda yardım göstərə bilməyəcəyini düşünmək ona əzab verirdi. Davidə olan sevgisi ona əzab verirdi.

Davidə olan sevgisi kimi, Ullaya olan sevgisi də ona əzab verirdi. Səbəbini anlamırdı. Ullanın gələcəyini özü olmadan düşünmürdü, birlikdə artıq heç vaxt görməyəcəkləri və yaşamayacaqları şeylərə görə yas tutmurdu. Məgər əzab verməməsi üçün sevgi kor olmalıdır? Onun sevgisi kor deyildi. O, Ullanın gözəlliyini və özünə inamını, rəssamlıq qabiliyyətini, müdrikliyini və praktikliyini, xeyirxahlığını görürdü. Onun eqosentrizmini, işgüzarlığının və ayıqlığının hisslərə və empatiyaya qoyduğu sərhədləri də görürdü. Mübahisə və incikliklər zamanı üzünün qəzəbli və kobud hala düşdüyü xoşagəlməz dəyişimi də tanıyırdı, onun artıq əvvəlki kimi gənc olmadığını bilir, sallanan döşlərini, tədricən itən bel xəttini də görürdü. Amma bütün bunlara görə ona olan sevgisi azalmırdı. Bunlar sevdiyi obrazın, sevgisinin bir hissəsi idi. Bəlkə sevgisi ona görə əzab verirdi ki, gördüyü hər şeylə – yaxşı və pis tərəfləri ilə dolub-daşırdı?

***

Uşaqların harada oynamasından asılı olmayaraq — istər həyətdə, istər uşaq bağçasında, məktəbin qarşısında və ya hovuzda, Almaniyada və ya başqa bir ölkədə, başqa bir qitədə — hər yerdə eyni səslənən bu səs-küy onu sevindirirdi. Bu səs başqa, daha yaxşı bir dünyanın mövcudluğundan xəbər verirdi.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram