Annotasiya
“Fərari” (almanca “Der Überläufer“) İkinci Dünya Mühariəsindən sonrakı alman ədəbiyyatının qabacıl simalarından sayılan yazıçı və dramaturq Ziqfrid Lentsin ölümündən sonra çap olunan və nəşrdən dərhal sonra Almaniyada bestsellərə çevrilən romanıdır.
2020-ci ildə eyniadlı film olaraq ekranlaşdırılan əsərdə Şərq cəbhəsində yerləşdirilmiş gənc alman əsgəri Valter Proskanın müharibə şəraitindəki mənəvi əzablarını, əxlaqi dilemmalarını təsvir edilir.
Karandaşın izi ilə
Elə adamlar var ki, iyirmi il bu xatirələrlə yaşayır, hara getsələr, onları özləri ilə aparır, sapa düzüb ən etibarlı ciblərində gizlədirlər.
***
Xatirələr çağırılmamış qonaq kimidir. Baxmırlar kiməsə lazımdırlar, ya yox, özləri istəyəndə gəlirlər.
***
Belə şeyləri xatırlamağın adama faydası olur? Kim bunlardan nəticə çıxara bilirsə, qoy xatırlasın. Bunu bacarmayanlar isə bu gün başlarına gələcəyi barədə düşünsünlər. Bu daha vacibdir…
***
Susdular, çölə baxdılar, qatarın ahəngdar taqqıltısına qulaq asdılar: taq-taraq… Taq-taraq… Taq-Taraq… Proskaya elə gəldi ki, bu ahəngdarlıq bəzi sözlərdə də var. Məsələn, qəm-kədər gətirən sözlərdə, həsrət dolu sözlərdə, itirilmiş məhəbbəti ifadə edən sözlərdə… Elə bil adam onda yumşaq yataqda danışır: “Sev məni, inan mənə, öp məni”.
***
– Camaat qatar qəzasından tez-tez danışır?
– Hər gün…
– Hər gün qatar partladılır?
– Xeyr, ancaq partladılanda camaat bir həftə ondan danışır. Sonra yenə partladılır…
***
Bunlar hamısı keçib-gedəcək. Bir gecədə gəldikləri kimi, bir gecədə də yox olub gedəcəklər. Pəncərəni açacaqsan… Demirəm sabah… Günlərin bir günü… Gözünə gün düşəcək, sənə xoş saatlar arzulayacaq. Qaratoyuq bağda oxuyacaq, sən də ona qulaq asacaqsan və biləcəksən ki, hər şey dəyişib.
***
İnsan ruhu qu quşu kimidir, günəş çıxanda Allahın yanına uçur.
***
Səmada bir ulduz axdı. Sanki Allah onu kiməsə tuşlayıb atdı. O kəslərə atırdı ki, sayca az olsalar da gözlərini göydən çəkmirdilər və onlara xəlvətcə işarə verdi ki, səbirli olsunlar, özü hər şeyi görür, onun həsrətində olduqlarını duyur, ancaq gözə görünə bilməz. Bununla da o həsrətin iztirablarını, ağrı-acılarını bir az yüngülləşdirirdi, ümidləri sınmağa qoymurdu…
***
Müharibə həmişə gülməli olub. Heç kəs həyatın xoşbəxtlik və ya bədbəxtlik olduğunu bilmir. Biri güllə axtarır, tapa bilmir, o biri axtarmır, ancaq güllə gəlib ona dəyir. Müharibə sürpriz deməkdir.
***
İnsan çiynində gəzdirdiyi tale yükünün arasından başını qaldıranda Allah onu ilkin necə yaratmışdısa, elə də görünür: şax, cəsur, xeyirxah.
***
İki əsgər zülmət qaranlıqla yol gedirdi. Tez-tez büdrəyir, lənət yağdırır, ağaclara ilişir, ancaq bütün bunlara baxmayaraq, irəliləyirdilər. Onlara göz qoyan yox idi, istəsəydilər, uzanıb yatardılar, yuxuda hər şeyi unudardılar, heç biri üzə vurmasa da, keçirdikləri qorxu hissindən azad olardılar. Ancaq yollarına davam edirdilər, çünki Villinin əmrinə tabe olmağa öyrəşmişdilər…
***
– Əvvəllər mən də bir-iki dəfə hissəyə qayıtmamaq istəmişəm. Ancaq hamısında da nəsə məni qayıtmağa məcbur edib.
– Adına “borc” dediyimiz şeydir. Onu bizim qanımıza yeridiblər. Bizi çaşdırıblar, asılı vəziyyətə salıblar. Həmişə çalışıblar ki, bu borc zərdabını iynə ilə canımıza yeridib bizi sərxoş eləsinlər.
***
Biz yalnız ayrı-ayrı adamlar deyil, həm də Almaniyayıq və Almaniya ola-ola özümüzü, yəni Almaniyanı Almaniya üçün qurban vermək ən böyük səfehlikdir. Elə bil ayı öz budunu qopardıb ağrıdan qovrula-qovrula onu yeməyə başlayır və özünü inandırır ki, mütləq qurban getməli idi.
***
Adam nə vaxtsa əlinə bıçaq alıb özünü yarmalı olur, bir-iki uğurlu kəsikdən sonra başa düşür ki, o bıçağı heç vaxt əlindən yerə qoymamalıdır. Beləliklə də, bütün həyatı boyu özünü əməliyyat etməli olur. Bilirsən kim özünün ən yaxşı cərrahı ola bilər? O adam ki, sakitliyə çəkilib özünə diaqnoz qoya bilir, içindəki tənhalığa sinib amansız bir dəqiqliklə nəbzinin döyüntülərini sayır.
***
Adamın elə bir gücü olmalıdır ki, iyirmi il dalınca qaçdığı bir işin yalnız mənasız deyil, həm də çox qorxunc bir əclaflıq, hiyləgərlik, qəddarlıq olduğunu başa düşəndə ona tüpürə bilsin!
***
– Yəqin ki, atanız zarafat ustası olub, elədirmi?
– Maşinist olub, cənab serjant.
– Görürsünüz, eyni şeydir.
***
Kaş adam birdən dönüb cansız varlıq ola biləydi. Ya su, ya da torpaq. Özü də biləydi ki, cansız varlıqdır. Su olsaydı, səbirlə bütün gəmiləri, insan qardaşını qoynuna alıb aparardı. Minlərlə Vətən dönüb bircə Vətən olardı. Cansız olanda adam özünü yalnız su kimi hiss eləmir, bu həm də bütün düşmənçilik körpülərini uçurub-dağıtmaq deməkdir. Elə hey getmək, böyümək, sakitləşməkdir. Bu sakitliyi ilə dənizə, bütün dünyaya aparmaqdır. Sakitlik də gözəl şeydir, sadəlik də…
Get, qardaş, suya tərəf get, ona tamaşa elə. Çalış ki, cansız olasan. Pul dili ilə danışmağı da, qərəzli saxtakarlığı da, şöhrətin aldadıcı parıltısını da at getsin. Cahilliyi də ayağını sıxan ayaqqabı kimi çıxar tulla. Biz nə vaxtsa bir-birimizə rasat gələcəyik, qardaş. Mən sənə, sən də mən çevriləndə qarşılaşacağıq. O ağır yükü çiynimizdə daşıyanda, sən mənim, mən də sənin gözünlə görəndə, sən mənim, mən də sənin qulaqlarınla eşidəndə, ürəyimiz bir olanda görüşəcəyik. Biz cansız varlıq – ya torpaq, ya da su olanda və özümüz də bunu biləndə rastlaşacağıq, qardaş!
***
Siqnal səsi eşidilmədi. O, çarxı bir də fırlatdı, ancaq yenə alınmadı.
Baffi söz atdı:
– Deyəsən, cənab qərargah rəisi bərk yatıb.
Kapral dəstəyi tullayıb geri döndü, qəzəblə dedi:
– Gülünc olma! Sizin rəhbərləriniz yatmırlar, dincəlirlər.
***
Müharibə… Müharibə… Müharibə… Qəlblərin parça-parça olmuş güzgüs… Qan fışqıran fəvvarə… Həsrətin qısaqapanması… Müharibə… Axı sən kimsən, nəsən? Yuxunu ölümə çevirənsən! Eybəcərliyin son həddisən!
***
Ömründə ağrımayan adam böyük sevginin nə olduğunu başa düşməz…
***
Məhəbbət saf deyil… Məhəbbət də su kimidir. Hər şey onun içində üzür… Məhəbbət sularında qorxu, ağrı-acı, ümid, şirin şeylər… Çox şey üzür. Orada ölüm də üzür. Hə, hə… Ölümün özü də ən böyük məhəbbətdir.
***
Bəs qanun nə deməkdir? Səliqə-sahmanla cilovlanmış qəddarlıq…
***
Dövlət qarşısındakı borc saxta hay-küydür, tənəkə qutulara doldurulmuş coşqunluqdur, nə qədər istəsən, saxlaya bilərsən, harasa, kiməsə göndərərsən, hara da qoysan, orada qalar. Ancaq ikicə dəfə yüngülcə çırtma vursan, deşiləcək, damcılamağa başlayacaq. Dövlət gərək təbiətin özü qədər əxlaqlı olaydı. Bu dünyada yalnız əxlaqın və vicdanın sadiq təbəələri yaşamalı idi. Konstitusiya da sadə olmalı idi. Birinci maddə: mərhəmət…
***
– Burnuma pis iy gəldi.
– Mənim də. Deyəsən, kimsə burada çürüyür.
– Adam torpağa basdırılanda çürüyür?
– Çürüməlidir, Şenkel.
– Serjantlar da?
– Hə, serjantlar da. Mayordan o yana çürümür.
– Bəs nə olur?
– O cənablar qoxuyurlar.
***
Yatmaq… Uzanıb yatmaq… Heç kəs zamanı tutub saxlaya bilməz. Əgər onu tutub saxlaya bilmirsənsə, yatıb qalmaq daha yaxşıdır. Ən asan yolu budur. Strateji qorxaqlıqdır. Ancaq bəzən bunun da köməyi olur.
***
Ən pis sadizm susmaqdır…
***
Əzab heç vaxt bitməyəcək, o, həmişə mənimlə olacaq. Ancaq günlərin birində bizdən, yəni səndən və məndən soruşulanda ki həsrətində olduğunuz niyyətin həyata keçməsi üçün nə iş görmüsünüz, onda mən küncə qısılası olmayacağam.
***
Yer üzündə şər xislətli adamlardan başqa, bir-birini yaxşı başa düşən heç kim, heç nə yoxdur, çünki şər işlərdə başa düşülməyən şey olmur.
***
Zamanı heç vaxt aldatmaq olmur… İyirmi bir… İyirmi iki… İyirmi üç… Zaman kimdir, nədir belə? Qədim qüllə saatında yuva quran dolaşa? Yoxsa qırqırmızı gözlərindən qəzəb yağan xoruz? Bəlkə, dözümlü, kədərli çaydır?
***
Axı niyə belə biganə, belə səbirli, belə abırsız olmusunuz? Məgər heç nə hiss eləmirsiniz? Mənim ağrılarıma bu qədər biganəsiniz? Məni bu ağrıların əlindən almaq istəmirsiniz? Mən heç nəyəm? Heç kəs heç nəyə fikir verməməlidir? Niyə ürəyiniz dayanmır? Mənim ağrılarım sizinkindən azdır?
***
Pəncərə açıq idi. İçəri xoş gələcək vəd edən bahar havası dolurdu. Hasarın üstündən zərif nəğmə səsi gəldi. O cəsarətli quş bomboz, bapbalaca idi.
***
Sağ çıxanların arasında qəribə bir xəstəlik yayılmışdı: günahkarlıq əzabı…
***
Nə vaxtsa biləcək… Keçmiş o qədər də mərhəmətli deyil… Nə olubsa, hamısının üstü açılacaq… Sulara dediyimiz sözlər də, elədiyimiz hərəkətlər də, baxışlarımız da, fikirlərimiz də… Hər şey, hər şey… Onlar o qədər dərində deyil ki, zaman onları tapıb üzə çıxara bilməsin.
***
Kim kütlə ilə bir yerdə yata bilmirsə, yata-yata soyuqqanlılığını saxlaya bilmirsə, onun nəyə qarşı həssas olduğunu müəyyənləşdirə bilmirsə, ondan heç nə çıxmaz.
***
Yaşamaq hələ nə barədəsə mühakimə yürütmək deyil. Düzdür, yaşamaq mühakimə etməyin məntiqi şərtidir, ancaq yeganə deyil, şərtlərdən biridir. Məlum məsələdir ki, qalan şərtləri də bilmirsən və mən sənin yerinə olsaydım, yaşamaqla kifayətlənər, belə mühakimələr yürütməzdim.
***
Kiminsə pəncərədən mənə baxmasından xoşum gəlmir. Onda özümə çox yazıq görünürəm.
***
Allah bircə səhv eləyib ki, bizi özünə oxşar yaradıb. İndi özü də bunun altını çəkir.
Tərcümə: Vilayət Hacıyev
