Annotasiya
“Qoca və dəniz” (ingiliscə “The Old Man and the Sea”) 1951-ci ildə amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey tərəfindən Kubada yazılmış əsərdir.
Əsərdə Kuba sahillərində təkbaşına balıq ovlayan Santyaqo adlı qoca balıqçının okeanda nəhəng marlin balığı ilə mübarizəsindən bəhs edilir.
Karandaşın izi ilə
O heç vaxt ümidini itirmir, həmişə gələcəyə inanırdı. Dənizdən əsməyə başlayan sərin meh onun inamını bir az da artırırdı.
***
Qoca yaxşı bilirdi ki, qəsəbədə ona sataşan olmaz, lakin başqalarını şərə salmamaq, günaha batmamaq üçün nəinki yüngül şeyləri, hətta qarmaqlı nizə və harpunu da hər dəfə evə aparar, qayıqda saxlamazdı.
***
Dənizi ürəkdən sevən qoca onu dəniz aşiqlərinin ispanca adlandırdığı kimi xəyalən la mar deyə əzizləyirdi. Dənizi sevən bəziləri hərdən acıqları tutanda onu pisləsələr də, çox vaxt qadın cinsində, qadın kimi yad edirdilər. Bəzi cavan balıqçılar köpək balığının qara ciyərinin yaxşı pula gedən vaxtlarında aldıqları motorlu qayıqda gedərkən öz kəndirlərinə mantar əvəzinə buy bağlayırdılar; onlar dənizə rəqib, hətta düşmən kimi baxır, onu kişi cinsində olan el mar sözü ilə adlandırırdılar. Onlar yeri gəldi-gəlmədi, lazım oldu-olmadı, dənizi yamanlayır, lənətləyirdilər. Lakin qoca üçün dəniz hər şey idi; dəniz onun həyatı idi; qoca dənizə ilahə kimi baxırdı. Bu ilahə bəşər oğluna nələr vermirdi?! Dəniz qəzəblənib qocanı incitdikdə, ondan üz çevirib heç nə vermədikdə belə qoca dənizdən şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay qadını cuşa gətirdiyi kimi dənizi də coşdurur”, – deyə qoca düşünürdü.
***
Mən ipi həmişə düz atıram, amma nədənsə bəxtim gətirmir. Kim bilir, bəlkə, bu gün tale üzümə güləcək, həmişə eyni cür olmur ki. Bəxtin gətirməsi böyük şeydir. İşimdə diqqətli olmalıyam. Belə olduqda, tale üzünə güləndə sən ona hazır olursan.
***
O həmişə tək qaldıqda öz-özü ilə danışardı, buna nə vaxt adət etdiyi yadında deyildi. Əvvəllər tək olanda zümzümə eləyərdi; yelkənli gəmilərdə gecə növbəsinə çıxanda, tısbağa ovuna gedəndə həmişə mahnı oxuyardı. Öz-özü ilə danışmağa, yəqin, oğlan başqa qayığa keçəndən sonra başlamışdı.
***
Yaxşı arzunu bərkdən söyləyəndə baş tutmaz.
***
Təsəvvür elə ki, insan oğlu hər gecə ayı, ya da hər gün günəşi tutub öldürməyə cəhd edir. Onlar da adamdan qaçır. Onda nə olardı? Yaxşı ki, belə olmayıb, əcəb bəxtimiz gətirib.
***
İnsan övladı məğlubiyyət üçün yaranmayıb. İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz.
***
Sən balığı təkcə diri qalmağın üçün və ya satmaqdan ötrü öldürməmisən. Sən onu özünü öymək üçün, bir də balıqçı olduğuna görə öldürmüsən. Axı balıq diri olanda da onu sevirdin, öləndən sonra da sevirsən. Madam ki, sən onu hər vaxt sevirsən, onda onu öldürmək heç də günah deyil. Sevdiyini öldürmək günah sayılmır, ya əksinə, bəlkə bu elə ən böyük günahdır.
***
Yaman yorulmusan, qoca! Nəinki canın, hətta ruhun da yorulub.
***
Xoşbəxtlik adamın qabağına min bir libasda çıxır; məgər onu tanımaq asandır?
***
– Məğlubiyyətdən sonra adam bir yüngüllük duyur.
– Qoca, səni kim, yaxud nə məğlub etdi?
– Heç kim və heç nə. Sadəcə mən həddən çox uzaqlara getdim. Axırı da belə qutardı.
Tərcümə: Manaf Süleymanov
