Annotasiya
“Atmosferə uyğun mahnı qoy” debüt romanı “Kor nöqtə” ilə 2023-cü il “Proza Oxucu Mükafatı”nın qalibi olan Naiq Babayevin sayca ikinci əsəridir.
Əsərdə “təkbaşına reklam agentliyi” kimi fəaliyyət göstərən Qeysin həyat yoldaşı onu tərk etdikdən sonra düşdüyü vəziyyəti təsvir edilir. Hisslərini mahnılarla ifadə edən baş qəhrəmanımız həyatının musiqisini itirən arvadının və oğurlanan pleylistinin axtarışına çıxır. Bu axtarış onu heç gözləmədiyi yerlərə aparır, ölümlə üz-üzə gətirir, tanış yadlarla qarşılaşdırır və yenidən həyatına məna qatmağı öyrədir.
Karandaşın izi ilə
Səkkiz aydır, çıxmadığım yerə qayıtmıram. Qayıtsam, yaşadığım mənzilə “ev” demək istəyərdim.
***
Məndən asılı deyil, yazmağın üç yolunu bilirəm: hədəf kütləmin qılığına girmək, öz dərdlərimdən yazmaq və xatirələrimi eşələyib yaşadıqlarımdan yola çıxmaq.
***
Eyni mahnıları dinləməyən cütlüklərin əvvəl-axır ayrılacağını düşündüm.
***
Gedərkən makiyaj etməsi xətrimə dəydi.
***
Pleylistlər həyatla paralel dəyişir.
***
Xatirələr xətrimə dəyir.
***
Mahnıların xatirələri oyatmaq bacarıqları var.
***
– Bəlkə də, həyatının ən murdar günləridi, amma əminəm, darıxacaqsan.
– Xatirələri silmək üçün içməyimiz yeni xatirələr yaratdı.
***
Dijitallaşan dünyada trendlərin dəyişmə sürəti artsa da, oxşarlıqları sabit qalır.
***
Bəlkə də, Zappa düz deyir, xəyali izlər və xəyali şifrələr ancaq təsəvvür edənin təxəyyülündə mövcuddur.
***
İnsanlar kimsə danışarkən qulaq asmamaq üçün bir çox səbəblər tapa bilirlər.
***
– Ard-arda beş mahnı göndərmişdi.
– İnsanlar bir-birilərinə durduq yerə mahnı göndərmirlər.
– Mənə mahnı göndərən çoxdu.
– Mahnıların qarşıdakını təsirə salmaq gücü var.
***
Hamısı həyatın ölüm gətirdiyini və istəsələr də, istəməsələr də, mövcudluqlarının başqalarının ölümünə səbəb olduğunu qavrayır.
***
Ürəkdən gülür. Qarşımda ürəkdən gülən bir adamın olması ürəyimdəki sıxıntını daha da böyüdür.
***
Yəqin, başa düşərsən, hər gün, gündə səkkiz saat sakitləşdirici musiqi insanı sakitləşdirmir.
***
Həmişəki yerinə keçib ayağını ayağının üstə aşırdı. Hər dəfə başqa formada aşırırdı. Həmişə eyni cür aşıran etibarlı adamlardan deyildi.
***
İkimiz də susduq. Susqunluqla keçən üç, ya dörd dəqiqədə başa düşdüm ki, mən və “istəklərimi daşıyan mən” eyni adam deyilik. Sevgilimə də elə bu cür dedim. Uzun-uzadı üzümə baxdı. Hiss etdim ki, izah verməliyəm:
– Başa düşürsən nə demək istəyirəm? Heç özüm də bilmirəm, düzü. Yəni bu ağlıma gəlib, amma tərəfləri ayırd etmək çətindir.
– Başa düşürəm. Ayrılmaq istəyirsən.
***
Nizami heykəli Nizami küçəsində deyil. Nizami metrosu da Nizami rayonunda. Nəsimi heykəli Nəsimi rayonunda, ya küçəsində deyil, Lev Tolstoy küçəsində qoyulub, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı Xaqani küçəsində yerləşir. Atam hərbçi olduğu üçün bilirəm, bir şəhər işğal təhlükəsi ilə üzləşərsə, düşmən ordu gedəcəyi yeri səhv salsın deyə küçə adları dəyişdirilir. İşğalla üz-üzə qalsa, Bakı küçələrinin adını dəyişmək lazım deyil. Şair və yazıçıların adları qarışıqlığın yaranmasına bəs edir.
***
Kədər də ən böyük motivatorlardan biridir. Əsas da yaradıcı düşüncədə.
***
Reklamın gücü budu. Həmişə ordadı, mesajı qışqıraraq verir, amma heç kim varlığını hiss etmir.
***
Çünki bu kəmşirin dünyada bir-birimizlə paylaşdıqlarımızdan dəyərli çox az şey var.
***
Amma insan rituallar olmadan yaşaya bilməz; həyat daimi təkrarın dərinliyində gizlənmiş mənadan ibarətdir.
***
Bacarıqsızlıq həmişə diqqət çəkir.
***
Düşünmək izləməyə mane olur.
***
Maraqlı, qorxmaz olmaq qurban tələb edirmiş.
***
Xoşbəxt mahnıların hamısı eyni notlardadı, qəmginlər amma hərəsi bir cür təsir edir.
***
Reklamla ölüm bir-birindən nifrət edən iki qardaş kimidi, nə qədər eləsəm də, bir araya gəlmirlər.
***
Qucaqlamağın işə yaradığı dövr işıq ili qədər uzaqdadır.
***
Onu siqaretə başlatmağım xətrimə dəyir.
***
Tavana uzanan əllərimi görürəm. Əllərim havada asılı qalır. Onları əlim kimi hiss etmirəm. Evim kimi hiss etmədiyim mənzilə “yaşadığım yer” deyirdim. Əllərimə nə deyim, bilmirəm. Adlandıra bilmədiyim orqanlarımın sayı gün keçdikcə artır.
***
Dünyada itmək istəyən birini gizlədəcək çox yer var.
***
Yəqin ki, hər kişi üçün ən azı bir ev var ki, bir qadına çevrilir. O qadın o evdə olur, yataqda, divanda, pəncərə kənarında, mətbəxdə, harada olur-olsun, bütün evi doldurur.
***
Beyin yeni xatirələr üçün can atmayanda zaman yavaşlayır.
