Annotasiya
“Çoçara”(italyanca “La ciociara“) yəhudi əsilli İtaliya yazıçısı Alberto Moravianın İkinci Dünya müharibəsində qızını və özünü qorumağa çalışan Çezira adlı dul qadının sağ qalma hekayəsidir.
Müharibənin dəhşətindən dağ kəndinə sığınan ana-bala burada da müharibənin amansızlığı, təhlükənin ən sərt üzü ilə qarşılaşır. Moravia oxucuya müharibənin həm fiziki, həm də insan ruhunda gedən görünməz tərəflərini təsvir edir: cəmiyyətin dağıntılar içində necə dəyişdiyini və müharibənin hər kəsdən bir şey aldığını göstərir.
Karandaşın izi ilə
– Bizim evə qayıda bilməyimiz üçün kim qələbə çalsa yaxşıdır: almanlar, yoxsa ingilislər?
– Kim nə danışır, özü bilər, mənim bildiyim odur ki ingilislər də, almanlar da bir bezin qırağıdır… Bir-birini qırırlar, bizim kimi sadə adamların fikri isə onları maraqlandırmır. Bilirsən bizə nə lazımdır? Qoy biri əməlli-başlı qələbə çalsın, bu müharibə qurtarsın. İngilis, ya alman – fərqi yoxdur, təki biri o birisindən güclü çıxsın.
– Hamı deyir ki, almanlar pisdir, onlar nə pis iş görüblər, ana?
– Bundan artıq neyləməlidirlər? Öz evlərində oturmaq əvəzinə, gəlib buralara doluşublar… Odur ki hamının onlardan zəhləsi gedir. – Bəs biz getdiyimiz yer kimin əlindədir: almanların, yoxsa ingilislərin? – Orada alman, ingilis-filan yoxdur, çəmənliklər, inəklər, kəndlilər, xoş gün-güzəran var.
***
Daş döşənmiş şehli küçə parıldayırdı, sanki metaldan idi. Küçələrdə itlərdən savayı heç kəs gözə dəymirdi. Ac-yalavac gəzib dolaşan bu kirli, bu eybəcər itlər evlərin künc-bucağını qoxlayır, arabir ayaqlarını qaldırıb divarlara yapışdırılmış müharibə plakatlarını isladırdılar.
***
Bir Neapol mahnısında deyildiyi kimi: “Mən günəşi tanıyıram…”
***
Yanında müdafiəyə ehtiyacı olan zəif adam olanda istər-istəməz özünü güclü hiss edirsən.
***
Bu dünyada insanlar yalnız iki kateqoriyaya bölünür: axmaqlar və ağıllılar. Bunu hamı bilir və heç kim özünü birinci kateqoriyaya aid etmək istəmir. İnsan bəzi məsələlərin mahiyyətinə varmalı və imkan verməməlidir ki, başqaları onu barmağına dolasın. Axmaqlar qəzetlərdə yazılanlara inanır, vergi verir, müharibəyə gedir və hətta həlak olurlar. Ağıllılar isə… bir sözlə, hər şeyi tərsinə eləyirlər, vəssəlam.
***
Yalnız qorxaqlar verdiyi sözə əməl edir.
***
Özünü axmaq yerinə qoya bilərsən, çünki bizim evdə ağıllı olmaq sərfəli deyil.
***
Məncə, insanlara təhsil vermək azdır, gərək onlara biliklərlə davranmağı da öyrədəsən.
***
Əminliklə söyləyə bilərəm ki, müharibə zamanı nə insanlara, nə pul-paraya, ümumiyyətlə, heç kimə, heç nəyə inanmaq olmaz. Müharibə hər şeyi alt-üst edir, məhvə sürükləyir – gözümüzlə gördüklərimizi də, görə bilmədiklərimizi də.
***
İş-güc, pul-para, əlbəttə, çox vacib məsələlərdir, ancaq insanlar yalnız bu barədə danışanda adamın ürəyi sıxılır.
***
– Ona haqq olur.
– Nə danışırsan? Yazığı soyublar, üstəlik, özünü də öldürə bilərlər.
– Onlar hər şeylərini itirməsələr, heç nə qanmayacaqlar!.. Yalnız hər şeydən məhrum olandan sonra ağıllanacaqlar, itirdiklərinin fikrini çəkə-çəkə qanlı göz yaşları tökəcəklər.
– Mikele, axı o, qaz vurub, qazan doldurmaq niyyətində deyildi, sadəcə, ailəsinin dolanığını təmin etmək istəyirdi.
– Ailə! Ölkədə törədilən bütün yaramazlıqlara bununla haqq qazandırırlar. Belə deyə-deyə ailənin də axırına çıxacaqlar.
***
– Atam pis adam deyil… Amma bir neçə mələfə və bir-iki bəzək əşyasına görə az qala adam öldürəcəkdi… di gəl ki öz ideyalarımız uğrunda bir cücəni belə öldürmək iqtidarında deyilik.
– Mikele, bilmirsən ki, insan öz malını-mülkünü bütün ideyalardan üstün tutur?.. Məsələn, elə keşişi götürək. Əgər kilsədə ona etiraf etsən ki, oğurluq eləmisən, sənə cəza kəsəcək, müqəddəs Cüzeppeyə bir neçə dəfə dua oxumağı tapşıracaq, sonra günahını bağışlayacaq. Amma onun evinə gedib bircə dənə gümüş qaşıq oğurlasan, haray-həşir salacaq, karabinerləri çağırıb səni həbsxanaya saldıracaq. Din xadimi, keşiş bu cür hərəkət edirsə, adi insanlardan nə gözləyəsən?
***
Tək qalanda maraqlı xəyallara qapılırdım, mənə elə gəlirdi ki, zaman dayanıb və mən ətrafa rahatca nəzər sala bilirəm; əslində isə vaxt aəvvəlki qaydada keçib gedir, amma mən bunu hiss etmirdim.
***
Uşaqlıqda beləcə məni həm qorxudan, həm də sirli bir qüvvəylə özünə cəzb edən quyulara baxmağı xoşlayardım. Onda mənə elə gəlirdi ki, quyular – yerin təkinə, başqa bir dünyaya aparan dəliklərdir; quyuya atılıb pərilərin, cırtdanların yaşadığı həmin dünyaya düşmək istəyirdim. Bəzən o qədər baxırdım ki, gözlərim qaranlığa alışırdı və suda öz əksimi açıq-aydın görə bilirdim; onda yerdən daş götürüb suya atır, suyun üzündə əksinin necə dalğalandığına tamaşa edirdim.
***
Yeri gəlmişkən, müharibə insanlar üçün böyük sınaqdır: müharibədə onları daha yaxşı tanıyırsan. Adi vaxtlarda insanalr qanun-qaydaya riayət edir, Tanrının yolundan çıxmır, başqalarına hörmət edir, amma müharibə insanların çoxunu dəyişdirir, onların ən pis xüsusiyyətlərini üzə çıxarır.
***
Siz və mən, ikimiz də insanıq, bizə bir insan kimi əməllərimizə görə qiymət verilməlidir, aldığımız diplomlara, ordenlərə görə yox… Amma sözləriniz və davranışınız göstərir ki, siz qeyri-ciddi adamsınız və vicdanınız çox elastikdir… vəssəlam.
***
– Sənin atam ac olduğuna görə yeməkdən danışır, qıtlıqdır, hamı yemək barədə düşünür.
– Ola bilsin, bədbəxtlik ondadır ki, hamının hər şeyi bol olduğu vaxtlarda belə, atam yemək haqqında danışırdı.
***
Bircə dəfə oğurluq edən, adam öldürən insan həmişə oğru və qatil olaraq qalacaq. Hərbi forma geydiyi, sinəsi medallarla dolu olduğu vaxtlarda belə…
***
Nəhayət, kişiyə dedim ki, qiyməti aşağı salsa, ondan bir baş pendir ala bilərəm. Bilirsiniz, mənə nə cavab verdi? Aşağı salmaq? Bundan ucuz sata bilmərəm. Bacı, yaxşısı budur, məndən pendir almayasan. Çünki pendiri mən dediyim qiymətə alsan, sonradan peşman olub məni söyəcəksən; mən ucuz satsam, sənə hirslənəcəm. İncil isə bizə bir-birimizi sevməyi buyurur. Odur ki gəl sən bu pendiri alma.
***
Bir sözlə, yaylım atəşləri əynimizdəki cır-cındır, aclıq və təhlükələr kimi həyatımıza girmişdi, onlara elə öyrəşmişdik ki, sakitlik çökəndə təəccüblənirdik. Sən demə, hər şeyə, hətta müharibəyə də öyrəşmək olurmuş, çünki insanları nadir hallarda baş verən qeyri-adi hadisələr yox, vərdişlər dəyişdirir. Vərdiş – insanın ümumi gedişata təslim olduğunu göstərir.
***
Uşaqlıqda ata-anamdan eşitmişdim ki, çörək müqəddəsdir, çörəyi yerə atmaq, tapdalamaq olmaz, hətta onu arxası üstə stolun üstünə qoymaq da günah sayılırdı.
***
Dindar olsaydım, fikirləşərdim ki, dünyanın axırıdır. Amma mən dindar deyiləm, ona görə də başqa cür deyəcəyəm: nasistlər meydan sulayır. Əslində, bunların ikisi də eyni şeydir.
***
Orasını da deyim ki, yerlilərlə kobud davrananların çoxu elə italyan mənşəli amerikalılar idi. Əsl amerikalılar bizimlə soyuq, etinasız davransalar da, ədəbli, gülərüz idilər. İtalyan əsilli amerikalılar bizi boğaza yığmışdılar. Yəqin, bununla göstərmək istəyirdilər ki, bir almanın yarısı kimi bizə oxşasalar da, fərqlənirlər, bizdən üstündürlər, odur ki hamıya yuxarıdan aşağı baxırdılar. Ola bilsin, vaxtilə ayaqyalın, başıaçıq Amerikaya qaçmaq məcburiyyətində qaldıqları üçün indi İtaliya ilə hesablaşmaq istəyirdilər. Bəlkə də, Amerikada onları adam yerinə qoymamış, zülm etmişdilər, indi bizdən amerikalıların heyfini çıxırdılar.
***
Günəşi və azadlığı bir-birindən ayrı təsəvvür etmirdilər – sanki azadlıq olmadan günəş işıq saçmaz, dünyanı isitməz, azadlıq isə günəş buludların arxasında gizləndiiyi vaxtlarda, qış zamanı əldə edilməzdi.
***
Həyatımda ilk dəfəydi ki, nifrət hissi ruhumu sarmışdı, belə ki, insanların ölümünə də sevinirdim. Adətən, insan bahar gələndə, güllər açanda, havalar xoş keçəndə belə sevinir…
***
O qədər zillət çəkmişdik ki, artıq başqalarının müsibəti eynimizdə deyildi. Sonralar bu qənaətə gəldim ki, etinasızlıq – müharibənin doğurduğu ən dəhşətli nəticələrdən biridir: müharib qəlblərdəki mərhəmət hissini öldürür, ürəkləri daşa döndərir.
***
Biz dirilər həyatın mənasını dərk edə bilmirik, ölülər üçünsə hər şey gün kimi aydındır.
Tərcümə: Etimad Başkeçid
