Annotasiya
Aydın adlı ssenaristin qələmə aldığı personaj yazılanlara qarşı çıxır, təhkim olunduğu dünyadan qurtulmaq üçün çıxış yolları axtarır. Bu da yaradanla yaradılanın arasında münaqişəyə səbəb olur. Onlar bir-birini üstələməyə çalışır, bir-birinə tələlər qurur və quyular qazırlar. Azad iradə marionet iplərini qırmağa cəhd göstərir, seçimlər qəhrəmanların niyyətini ortaya çıxarır, nəticədə qiyam və islahın tarazlığı pozulur.
Xan təxəllüslü Orxan Həsənlinin “Hürr” romanı “TEAS Press” Nəşriyyat Evinin təşkil etdiyi “Gənclərin roman müsabiqəsi – 2″nin qalibidir.
Karandaşın izi ilə
Peşmanlığın cəzaya yerləşmədiyi, cəsarətin ümidə dar olduğu kimi, haqlı olmaq da bəzən xoşbəxtliyin tarazlığını pozur.
***
Siqaretin ən pisi ümumiyyətlə olmayan, ən yaxşısı isə damağında olandır.
***
Dostlar uzun müddət susdular – toyda dava edib evə qayıdan ərlə arvad kimi…
***
Danışanda yox, düşünəndə özünü çox yaxşı ifadə edirdi.
***
Yenə peşmanlığın gözlərə işi düşdü.
***
Necə də sevirdi verdiyi sözlərin üstündə durmamağı.
***
Bakıda “strateji əhəmiyyəti” olmayan məkan yoxdur.
***
“Qiyam”. Necə də qəribə sözdür! Ayağa qalxmaq, qalxmaq… Qalxmaq üçün ayılmaq lazımdır, qalxırsansa, oyaqsan. Aydına bəzən elə gəlirdi ki, yazmaq onun qiyamıdır, o ayılıb, gözünü açıb, indi yazdıqları ilə qalxmalıdır. Haradan bilə bilərdi ki, ayılan təkcə o deyil, yazdıqları da ayıla bilər? Özü də yazdıqların ayıq deyilsə, oxuyanı necə ayılda bilər?
***
Pis düşmən ömürlük, yaxşı dost müvəqqəti olur.
***
Hürr yaşamaq üçün qiyam qaldıran obraz yaradanı sevindirərmi, yoxsa qəzəbləndirərmi?
***
Həyat seçimlərin yumurtasıdır, seçimlər də həyatın toyuğu.
***
İnsanların demədikləri dediklərindən daha öldürücüdür.
***
Təsadüflər həyatımızın lokomotividir, zərurətlər isə relslər…
***
Azad olduğunu hiss etmək seçimlərdəki özbaşınalığa zəmin yaradır. Onlar da belə hiss edirdilər. Müstəbidlər həmişə istəyirlər ki, azadlıq özünü ləkələsin.
***
Yazılanı pozmaq yazanınmı işidir, yazılanınmı?
***
Əşyalar insanların ən sadiq qulluqçuları, həmçinin ən xain düşmənləri ola bilər.
***
Qisasın başqa tərifi yoxdur. Qisas soyuq çəkilən siqaretdir.
***
Bilirsən, bilirsən… Hekayənin sonunu yazmaq ən çətindir. Çox adam sonu düşünür, sonra yazır, bəziləri isə yazır, yazır, bezəndə son qoyurlar.
***
Allahın yeganə ehtiyacı əyləncədir. Qırğınların sonrasına “dərs” deyəcək, əvvəlinə “xəbərdarlıq”, məsumların ölümünə, zülmə “məsləhət” donu geyindirəcək, baş verən hər şeyi “axirət” və “qiyamət” pərdəsinin arxasında gizlədəcək, duaları isə, sadəcə, “təvəkkül” adlandıracaq. Nə baş verirsə versin, Allahın əmri ilə baş vermiş olacaq. Aqibət, fələk, qəza və qədər…
***
İnanma öz yaratdığına.
***
Öz dünyasının Allahı, özgə dünyaların qulu…
***
Gözəllik, əlbəttə, belə bir şeydir. Onunla hələ rastlaşmamısınızsa, hər şey gözəldir, onunla qarşılaşmısınızsa, yalnız o, gözəldir.
***
Təəssüf ki, möcüzə deyəndə hamının ağlına sehr gəlir. Amma möcüzə elə daş-qayadır, intəhasız səhradır, ümmandır, meşədir, səmadır. Möcüzə israrla gözümüzə girən işarələrdir. Düşdüyün çətinliklər və yolsuzluqda cığırdır. Sualdan daha böyük möcüzə varmı? Cavbdan, şüurdan, iradədən, ağıldan və məntiqdən daha böyük…
***
Yaxşı adamın ruhunu yaxşı hisslər bürüyəndə həqiqət dəyişilmir. İki həqiqət, ümumiyyətlə, uydurulan, yaradılan bütün dünyalarda (yalançılar istisna olmaqla) eyni qanunauyğunluqla fəaliyyətdədir: dirilər həmişə ölür və ölülər heç vaxt dirilmirlər.
***
Dünyada itirməyə heç nəyi olmayan cəsarətli adamın pis niyyətindən daha təhlükəli çox az şey var.
***
Yazıqlıq təkcə yaxşı insanlara xas xüsusiyyət deyil.
***
Allahın sevimli bəndəsi olmaq üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur. Bəzən adamınkı gətirəndə gətirir.
***
Dünyada iki məhkəmədən qorxmaq lazımdır: hakimin şahid olduğu və hakimin qatil olduğu.
***
Tələyə düşməkdən daha pisi tələ quranın səni azad etməsidir. Zira ən təhlükəli məhbəs hiyləgərin verdiyi azadlıqdır.
***
Həyatda iki cür insan olur: döyənlər və dözənlər. Mən dözənlərin çempionuyam.
***
Diri Baba belə demişdi: “Yaddaş dərd gətirir, dərd xəstəlik, xəstəlik axirət… Biz unudaq, bizi unutsunlar. Nə dərd gətirək, nə dərd götürək”.
***
Polis üçün ən mükəmməl xəbərçilər məhz məhəllə dəliləridir.
***
Fəqət tanıdığın, xasiyyətinə bələd olduğun adamların hər davranışı, hər baxışı bir hərfdir. Onları oxuyursan, mənalar yaranır. Cümlələr qurusan, niyyət yaranır.
***
Qətiyyən qızla eyni dalğada deyildi. O, kədərli idi, qız gözəl; o, yaraşıqsız idi, qız ünsiyyətcil; o, yazmaq istəyirdi, qız içmək; qız çoxluq idi, o təklik.
***
Yaşayanlarla yaşamayanların ən əsas fərqi nədir, səncə? Yaşamayanların seçimləri yoxdur.
***
Yaşamayanların seçimləri yoxdur. Dirilər türmədədir, ölülər azadlıqda, yaradanlar məhkəmədə – hakim kürsüsündə.
***
Yağış dayanır ki?! Bələdiyyəmiz yox, nazirimiz yox… Kimə şikayət eləyək? Məcburən əlimizi qaldırırıq ki, ya Rəbb, yağdır, ya Rəbb, dayandır. Ya Rəbb, isit, ya Rəbb, soyut…
***
Seçimlər həmişə seçdiklərimiz deyil. Biz özümüz də bəzən seçim oluruq.
***
Məsələn, silah sözünü mən düşünmüşəm. İslah sözünə oxşayır. Silah islah edir. Amma əvvəlcə əsl silahın nə olduğunu bilməliyik. … Sənin silahın ağlındır, seçimlərindir, azadlığındır. O silahdır səni islah edən. Günahlardan yayındırır, vicdanını yaşadır, nəfsini öldürür, səni sən edir.
***
Amma ağıl inam kimidir. İşlətmədikcə paslanır. İnanmadıqca inanmamağa öyrəşmək və bundan zövq almaq ağılsızlıqdır.
***
Arxayınlıq xoşbəxtlikdir. Amma “bu gecə heç bir təhlükə yoxdur” deməkdən daha acınacaqlı nə var? Axı zaman dayanmır. Bu gecə bitəcək. Hamin yanında deyilsə də, döyüşə hazır olmalısan. Silahınə tapmalısan. Ürəyin istəyəndə yox, ancaq məcbur olanda atəş açmalısan. Mənim tərbiyəm budur.
***
Yaşamadığını yaza bilməzsən.
***
Bu tamaşanı bitirməyin yalnız bir yolu var. Bütün tamaşalarda olduğu kimi ya igid ölməlidir, ya da ona inam…
***
Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir.
