Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yakub Maleski “Od festivalı”

Annotasiya

“Od festivalı” (polyakca “Święto ognia“) müasir polyak ədəbiyyatının parlaq nümunələrindən biridir.

Əsərdə ailə bağları, xəstəliklə mübarizə və gündəlik həyatın görünməyən dərinlikləri poetik və həssas dillə təsvir olunur. Onların həyat hekayələri vasitəsilə müəllif sevgi və qurban, azadlıq və məhdudiyyət, insanın daxili gücü və zəifliyi kimi mövzulara toxunulur. Roman oxucunu kədərli, eyni zamanda işıqlı xatirələrə aparır, gündəlik hadisələrdən böyük mənəvi suallara qədər geniş bir spektri əhatə edir.

Karandaşın izi ilə

…axı hər yerdə gölməçələrdə tullanmaq olar, evdə təkərli oturacaqda da, iyirmi yaşında olsan belə.

***

Göyərçin uçur, deyəsən, onu hürkütdüm, eybi yox, yenə gələcək, o gəlməsə də, bir başqası qonacaq, mənsə heç yerə gedən deyiləm.

***

Düşünürəm ki, bir gün o dəyişəcək, özünün başa düşdüklərini deyil, dediklərimi eşitməyə başlayacaq, yaşım çox deyil, çox az şey bilirəm, amma kişilərin inadkar xasiyyətindən qorxuram.

***

Bayırda, küçələrdə qışdan yaya, yaydan qışa dəyişdirilən təkərlər kimi maraqları, düşüncələri və baxışları dəyişən insanlar gəzir, bu gün belə, sabah başqadırlar, elə hey həyatlarında nəsə baş verəcəyini gözləyirlər.

***

Biz ikimiz də bədənlərimizlə savaşırıq, onlara istəmədiklərini etdirməyə çalışırıq, bilmirəm, bəlkə də, həyat elə bundan ibarətdir.

***

Atam yaşdakı adamlarla gərək diqqətli olasan, çünki yarıbişmiş yumurta sarısına oxşayırlar, vaxtından əvvəl dəysən, o dəqiqə dağılar, sonra nə onları yığıb-yığışdıra bilərsən, nə də təmizləyə, heç xoş hal deyil, özü də hara düşsə, ləkə salır.

***

Məlumdur ki, lazımsız zövqlər bütün əyləncələrdən daha lazımlıdır.

***

Onu məyus edən karyerasından və onu məyus etməyəcəyinə ümid bəslədiyi gələcək həyatından söhbət açır.

***

Mən də onunla danışmaq istəyirdim, demək istəyirdim ki, o, əla görünür, bir neçə kilo artıq çəki dünyanın axırı deyil, amma hər dəfə özümü saxlayırdım, bəlkə də, bu, həqiqətən, onun üçün dünyanın axırı idi.

***

Atam hərdən onun ayaqlarını, belini məsxərəyə qoyurdu, çünki arıqlığına görə narahat olurdu, lakin bunu başqa cür söyləməkdən çəkinirdi, sözünü bütün kişilər kimi zarafata salıb deyirdi.

***

Uşaq vaxtlarında sizə irişə-irişə “Sənin koppuş üzün var” deyiblərsə, ömür boyu hər dəfə güzgüyə baxanda sifətində koppuşluq axtaracaqsan.

***

Polşa poçtu kvant fizikasındakı nöqtələr kimidir, heç vaxt onları təxmin etmək olmur.

***

Baxmaq göründüyü qədər asan iş deyil, ancaq uzun müddət diqqətlə baxanlar bunu anlayar, bunun üçün gərək vaxtınız ola, mənim kimi. Əvvəlcə özünü unutmalısan, daha dəqiq desək, kim olduğunu, adını, soyadını və s., ancaq bu asan iş deyil, sonra bu unutma işinə xeyli dözməlisən, bir vacib məsələ də var: gördüyün şeyin üstünə o dəqiqə atılmamalısan. Yavaş-yavaş yaxınlaşmalısan, gizlik-gizlin, bəzən uzun müddət gözləməlisən və ehtiyatlı olmalısan, çünki ancaq bu şəkildə görə bilərsən.

***

Pəncərədə damcılar, küçədə maşınlar olmasaydı, elə bilərdim, dünyanın sonudur.

***

Əvvəllər məni bu sözlərlə təsvir edirdilər: şən, iddialı, utancaq və idmançı, bir az sirli, bəstəboy çox vaxt üzü taraşlı, çox vaxt xoşbəxt və orta gəlirdi, indi isə sadəcə yorğunam.

***

Uşaqlıqdan küçədə gedə-gedə o üzdə, mənzillərdə nələr baş verdiyini təxmin etməkdən xoşum gəlirdi. O mətbəxlərdə, o otaqlarda insanların hansı mövzularda danışdıqlarını, hansı həyəcanları keçirdiklərini, özləri haqqında nə düşündüklərini, nələrin xəyallarını qurduqlarını, kimlərdən, nələrdən qorxduqlarını təsəvvürümə gətirməyə çalışırdım. Sevgililəri varmı, varsa, kimlərdir? Bunu hələ də edirəm, pəncərələrə baxıram, pəncərələrin arxasında axan həyatları, gözəl, xoşbəxt həyatları, bir vaxtlar mənim həyatıma oxşayan həyatları gözümdə canlandırıram.

***

Dostlarımın hamısı tez-tez deyirdi ki, Lena səni bədbəxt edəcək, mənsə vecimə almırdım. Üstəlik, bilirdim ki, gez-tez həyatda bədbəxt olacağam, madam belədir, onda qoy elə mənə Lenadan ziyan gəlsin.

***

İnsan öz həyatına azca biganəlik edən kimi o dəqiqə dost-aşnasız şişman, eybəcər qadına çevrilir.

***

Çöldə payızdır, səkidə çoxlu yarpaq var və bilirsən, bundan belə ta dünyanın axırınacan hər payız sənə bir şabalıd hədiyyə edəcəyəm. Yəqin, sən bunu vecinə almayacaqsan, çünki başın başqa şeylərə qarışacaq: gəlinciklərə, oyuncaqlara, paltarlara, dostlara və ilk sevgiyə, amma mən yenə də onu sənə hədiyyə edəcəyəm.

***

Biz baletdən çox həyatdan danışırdıq, bu da məndə gərginlik yaradırdı, çünki mən həyatdan çox balet haqqında danışmağı sevirəm.

***

Ona dedim ki, yaxşı rəqqasə ilə böyük rəqqasə arasındakı fərq kağız vərəqin qalınlığı qədərdir.

***

Kimsə mənə vurulanda, adətən bunu vecimə almırdım, çünki başqasını sevirdim, həmin adam da, təəssüf ki, başqasını sevdiyi üçün məni vecinə almırdı… və sair, və ilaxır. Bu hissləri azca sağa, sola tərpətməyə imkan olsaydı, bəlkə də, hamı qarşılıqlı sevgisini tapardı, amma bunu kim düzüb qoşubsa, görünür, onun da heç nə vecinə deyil. Başa düşə bilmirdim, axı necə olur ki, dünyada E=mc2 kimi bir mürəkkəb düstur nöqsansız işləsin, amma sevgi kimi sadə və aydın bir duyğunun ünvanı həmişə səhv düşsün.

***

O, açıq-aşkar yalan danışırdı, bunu hiss edirdim, çünki dürüst insanların yalan danışmaq səriştəsi olmur.

***

Fikirləşdim ki, insanlar bir anlığına növbə ilə həyatlarını onunla dəyişdirsələr, ardınca da sağ-salamat öz bədənlərinə qayıtsalar, dünya çox-çox gözəlləşər.

***

Bilirdim ki, atam Polşa Milli Baletinə qəbul olmağımı arzulayır. Mən də istəyirdim, amma indi artıq əmin deyiləm ki, bu sırf mənim arzum idi, ya məni buna o yoluxdurmuşdu. … Hiss edirdim ki, qorxularımın, tələbkarlığımın ağırlığı içimdə ona qarşı qəzəb cücərdir və o hissi get-gedə böyüdür, amma üzə çıxmasına imkan vermirdim. Bu “yanacağı” məşqlərdə, repetisiyalarda və çıxışlarda yandırırdım.

***

Gözləmək, gözləmək, gözləmək. İmtahanı gözləmək, tərifi gözləmək, karyerada yüksəlişi gözləmək, mövsümi iş üçün müsahibələri gözləmək, yeni premyeranı gözləmək, bazar ertəsi ata ilə naharı gözləmək – Lusiyaya elə gəlir ki, ömrü boyu gözləməkdən başqa heç nə etməyib.

***

…hələ də görünmür, eybi yox, gec-tez gələcək, axırda hamı gələcək, çünki əsas olan həyata nikbin gözlərlə baxmağı bacarmaqdır, bunu hamı bilir.

Tərcümə: Gülər Abdullabəyova, Zeynəb Səmədova

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram