Annotasiya
“Boy” (hollandca “Boy“) holland müəllifi Vitske Versteqin psixoloji triller janrında qələmə aldığı və 2019-cu ildə işıq üzü görən romanıdır.
Əsər sinif yoldaşları ilə dəniz sahilinə gedən Boy adlı bir oğlanın ölümü ilə başlayır. Günlər sonra onun cansız bədəni qumlar üzərində tapılır. Polis hadisəni intihar kimi qeydə alır, lakin anası bu nəticəni qəbul etmir. O, oğlunun ölümünün arxasında bir sirrin gizləndiyinə əmindir. Həqiqəti tapmaq üçün izlərin dalınca düşüb dram müəllimi Hannanın yaşadığı Bolqarıstanın sakit, kimsəsiz kəndinə gedir.
“Boy” oxucunu sirr, günah və qisas labirintində dolaşdıran, onu son səhifəyə qədər gərginlik içində saxlayan təsirli psixoloji romandır.
Karandaşın izi ilə
Polisi qovmazlar, əksinə, qəhvəyə dəvət edərlər.
***
Ölülər həmişə üzə çıxır. Bəlkə də, elə buna görə onlara başdaşılar ucaldırıq, parlaq və ağır mərmər qəbirdaşılar, birdəfəlik bağlanan qapılar kimi. Bütün o yas ayinləri boş yerə deyil.
***
Onun əlamətlərini soruşdular: kimlərlə dostluq edirdi, hobbiləri nə idi, nədən zöv alırdı? Ancaq hansı ana uşağını bir-iki sözə sığdıra bilər?
***
Birdən dayanıb tamam başqa səs tonu ilə “Olduqca kədərli görsənirsiniz”, dedi. Bu cümləni yad bir adamdan eşitmək alçaldıcı hissdir.
***
Yarısı qurumuş bir gülü küçədən götürüb evə aparan adamlar kimi o da mənə öz həyatında yer ayırmışdı.
***
İndiki dövrdə insanlar elə bilir ki, həyatlarını istədikləri kimi idarə edə bilərlər, amma bəzən əlimizdən heç nə gəlmir.
***
Yenə də məhz buna ehtiyac duyurdum: Boya mənim qədər yas saxlayan bir insanın varlığına, birlikdə dəli olmağa. Bu cür kədəri “qova” bilməzsən, o heç vaxt yox olmur. Lakin onu görməzliyə vura, məhəl qoymaya bilərsiniz, təkrar xoşbəxt olmağa, ya da ən azından xoşbəxt davranmağa qərar verə bilərsiniz. Demək ki, bəzi insanlar kədəri əhliləşdirə bilir.
***
Pul verirsənsə, istədiyin qədər bayağı görünmək hüququn var.
***
Onun həyatdan yapışmağa çalışdığını, hətta bəzən bunu bacardığını görürdüm. Və buna görə onu nifrətlə sevir, sevə-sevə nifrət edirdim.
***
Razılaşma belə idi: Baş verə biləcək şeyləri saatlarla düşünüb narahatlıq keçirəcəkdim, onlar da gerçəkləşməyəcəkdi. Lakin tale mənim düşündüyüm kimi ədalətli hakim deyildi, heç bir razılaşmaya əməl etmirdi (verdiyin sözlərə, onu geri qaytarmaq üçün fəda edəcəyin şeylərə, heç vaxt inanmadığın tanrı ilə sövdələşmələrinə, yuxarıdakı soyuq cənnətə baxmayaraq).
***
Çünki heç nə artıq öz yerində deyildi, Boy daha yan otaqda yatmır və mışıl-mışıl nəfəs almırdı. Əgər orada olsaydı, biz başqa şeylər barədə fikirləşərdik: pasiyentlərim, Keniyadakı vəziyyət, yeni divanın rəngi… Amma o yox idi və indi biz yalnız bunu düşünürdük – bütün gün, bütün gecə.
***
Qəzəbli idim, çünki o, Boyun hələ də sağ olduğuna, hardasa bir yerdə bizi gözlədiyinə məndən bir gün artıq inanmışdı.
***
Bəzi pasiyentlərim düşünürlər ki, dünyanın nizamı onların dişlərini fırçalamaqlarından, əşyalarını səliqəli yığmaqlarından asılıdır, nə qədər ki onlar ayıq-sayıq və diqqətlidirlər, dünya fırlanmaqda davam edəcək. Bizim işimiz isə onları xırda seçimlərinin əhəmiyyətsiz olduğuna inandırmaqdır. Lakin Boy yoxa çıxandan bəri onlara haqq verməyə başlamışam. Bəlkə də, hər xırda şey önəmlidir, çünki heç vaxt əvvəlcədən bilmirsən ki, hansı səhvindən geri dönüş olmayacaq.
***
Övladlıq götürməyin pis tərəfi odur ki, bizə əsl valideynlər üçün əlçatmaz olan seçimlər verilir. Oğlan, yoxsa qız istəmişdik? Neçə yaşlarında? Hər hansı orqanında qüsur ola bilər? Bəs hansı qüsurları ola bilərdi, nə dərəcədə və hansı nahiyədə?
***
Övladlığa uşaq götürməyə uyğun olduğumuzu sübut etmək üçün qatıldığımız bütün axşam dərslərində (hər bir axmaq öz övladını dünyaya gətirə bilər, amma başqasının uşağını xilas etməyə imkanın çatdığı halda bunu gərək isbat edəsən).
***
Oturduğum çarpayı çox yumşaq idi, hisslərimi daşıyacaq gücdə deyildi.
***
İçimdə buz kimi soyuq, sərt bir hiss vardı – məndən asılı olmadan peyda olan bir şey. Keçirdiyim dolaşıq hissləri anlaya bilmirdim. Bunu Markdan soruşa bilməzdim, anlamazdı onsuz. Əksinə ona qalsa, məni də özünə qoşub gülərdi. Sonra deyərdi ki: “Sən nə qəribə adamsan” və mən yenə uğunardım. Əl-ələ tutub içəri gedərdik, mən də elə bilərdim ki, deməyə çalışdığım söz yalandır, elə bir şey yerli-dibli olmayıb.
***
Çoxları elə sanır ki, hər bir intihardan əvvəl onun əlamətlərini görmək mümkündür. Əksinə, bəzi intiharlar heç bir xəbərdarlıq işarəsi olmadan baş verir. Lakin bu o demək deyil ki, xəbərdarlıq edənlər də ciddiyə alınmamalıdır. Sən heç vaxt bilə bilməzsən ki, uzaqdan, suyun içində sənə əl edən bir adam salam verir, yoxsa boğulmaq üzrədir. Kİminsə məhz diqqət çəkmək üçün qışqırdığını, bu qışqırtının nə zaman nə ilə nəticələnəcəyini heç kim dəqiq bilmir.
***
Deyirlər ki, kədəri bölüşdükdə yarılanır, axı belə bir kədər (heç bilmirəm, bu söz doğru kəlmədir, ya yox) çörək deyil ki, bıçaq götürüb kəsəsən, tikələrini paylayasan.
***
Pozulan tarazlıq bərpa olunmalıdır, bəzi əməllər cəzasız qalmamalıdır, gözə göz, dişə diş prinsipində bir həqiqət var – bunu ancaq öz gözümüzü, öz dişlərimizi itirəndə dərk edirik.
***
Bəzən pasiyentlər bizə böyük bir itkidən, əsasən də boşanmadan sonra gəlirdilər. İstəyirdilər ki, onlara övladımız kimi davranaq, valideynlərinin daha yaxşı versiyaları olaq, onları həqiqətən anlayaq. Bu rolu oynaya bilməyəcəyimizi başa salmaq vaxt alırdı, amma bunu dərk edəndə həqiqətən sağalmağa başlayırdılar.
***
Anlamırdım ki, insanlar hisslərinin ipini niyə bu qədər boş buraxırlar?!
***
Başqalarının problemləri şüşənin digər tərəfindən seyr etdiyim leysan yağış kimi idi – mövcud idi, amma məni islatmırdı.
***
Yerimək kəşf etdiyim ən effektiv narkozdur, hətta alkoqoldan da təsirlidir, çünki eyni zamanda həm bədəni, həm də beyni keyidir.
***
Tərpənə bilmirəm, çarəsizliyimə və bu çarəsizliyin yaratdığı təəccübə təəccüblənirəm.
***
Biz “sonra görüşərik” sözünü düşünmədən sadə bir vərdiş kimi deyə bilirik və bu ritmin əbədiliyinə güvənirik: budur məni təəccübləndirən.
***
Xatirələr, düşüncələr paylaşdıqca aşınır, solazıyır, asanlıqla ləkələnir, başqalarının bircə yersiz yozumu hamısını korlayır.
***
Qadın olmaq yaralanmaq kimi bir şey idi, bircə fərq odur ki, yara binti əvəzinə qadın bezindən istifadə edirsən.
***
Nifrət gözəl bir hissdir, açıq-aydındır, kəskindir, inandığım, arxasınca gedib qavraya bildiyim yeganə şeydir.
***
Öncədən təsəvvür edə bilməzdim ki, övladlığa götürmək bu dərəcədə tabu olacaq,sadəcə övladımın mənim bətnimdən çıxmamış olması, bütün yad adamlar üçün böyük bir maneəyə çevriləcək. Təkcə yad adamlar üçün yox, elə mənim özüm üçün də, həm də dəfələrlə. Çünki heç vaxt demədiyin, amma həmişə deməkdən qorxduğun sözlər var: “Sən mənim doğma uşağım deyilsən”. Amma bunu istər-istəməz düşünməli olursan. Məhz düşünməyə icazə verilmədiyinə görə düşünürsən. Və bilirsən ki, o da bunu fikirləşir, ona görə də hər dəfə aranızda mübahisə olanda öz-özünə yalvarırsan ki, o cümləni deməsin: “Sən mənim əsl anam deyilsən”.
***
– Nə vaxt qayıdırsan? – soruşur.
Cavab vermirəm, əvəzinə işlərini soruşuram; biz artıq hisslərimiz haqqında danışmırıq, ancaq həmişə qaydasında olan şeylərdən danışırıq.
***
Keçmişdə ölülər üçün tonqal düzəldirmişlər, hətta bəzən ölənin yaxınları da özlərini odun içinə atarmış. O vaxtlar insanlar yasın nə olduğunu dərk edirmişlər.
***
Ad gününə gəlməyənlərin hamısı dəfninə gəlmişdi.
***
Bundan sonra belə olacaqdı, oğlumun xatirəsi mədədəki şüşə qırıntıları kimi mənə əzab verəcəkdi.
***
Gözəldirlər, çünki özlərini belə hiss edirlər.
***
Yaratdıqları sərhədsiz bacı-qardaşlığın bir parçası deyiləm və ona nifrət etmək məcburiyyətindəyəm…
***
Həmişə olduğu kimi, bu dəfə də ətrafımda görünməz bir ada yaranır; söhbətlər kəsilir, hansı dəstəyə yanaşıramsa, dialoqlar dayanır. Oturduğum xalça tədricən boşalır, insanlar yavaş-yavaş uzaqlaşaraq daha maraqlı həmsöhbət axtarırlar. Vecimə deyil, mən buna çoxdan öyrəşmişəm.
***
Heç kim deyə bilməz ki, oğlu yoxa çıxmış, övladı ölmüş bir qadın mükəmməldir.
***
O üzüm var e, evin yanındakı qalın gövdəli olan, o, adicə bitki deyil. Üzümün o boyda olmaq üçün keçirdiyi illəri fikirləş, elə budayıblar ki, yuxarı doğru uzanmağa öyrəşsin, kölgə salsın, üzüm versin. Heç nə yox, təkcə buraların şaxtasında sağ qalmağını fikirləş. Bu üzüm evin ruhudur.
***
Səssizliyimin səbəbi danışmaq istəməməyim deyil, danışmağa söz tapa bilməməyim idi.
***
Bir gün anladım ki, təsəvvür etdiyimdən daha yaşlıyam.
***
İllərin təcrübəsindən belə qənaətə gəlmişəm ki, əvvəlcə kədər, dərd olub, sirlər isə sonradan onu izah etmək üçün yaranıb.
***
Öz uşağının mühitə uyğunlaşa bilmədiyini görmək və bunu qəbul etmək bir ana üçün nə qədər ağrılıdır, sən bunu anlaya bilməzsən.
***
Aram-aram, sözləri güc-bəla ilə bir yerə yığıb ölmüş oğlunu dünyaya qaytarırsan, yarım qalan həyatını davam etdirirsən. Sözlərlə hərəkətlərinin şəklini çəkir, gözlərindəki işığı canlandırır, dərisinin şumallığını təsvir edirsən. Heç vaxt ağlına gəlməzdi ki, onun ölümü bu qədər uzun çəkəcək, bitmək bilməyəcək. Heç vaxt oğluna indiki kimi analıq eləməmişdin, o yoxa çıxıb və sən itmiş bədəninə can üfürürsən.
***
O yaşlarda uşaqlar həm təhlükəli, həm də saf olurlar, bizim kimi özlərini qorumağı hələ öyrənməyiblər. Hissləri ölməyib, hər şeyi duyurlar, olduğu kimi görürlər. Valideynləri, müəllimləri, hamımız deyirik ki, yeniyetməliklə əlaqədardır, keçib-gedər. Amma heç kəs arzu və istəklərlə coşan yeniyetmələr qədər güclü hisslər keçirmir. Qibtə ilə ideal kimi baxdıqları böyüklərin gerçək üzlərini, acizliyimizi, məyusluğumuzu açıq-aydın görürlər və bununla razılaşmaq istəmirlər. O yaşda müqavimət göstərmək hələ də mümkündür, o yaşda insan inanır ki, müqavimətlə nəyisə dəyişə bilər.
***
O sahildə ilk dəfə anladım ki, emosiyaların hüdudsuzluğu çatışmazlıq yox, əksinə, çox adamda olmayan altıncı hiss kimi bir şeydir.
***
– Bir dəfə oğlumdan nə olmaq istədiyini soruşmuşdum. “İstədiyin şeyi seçə bilsən, həqiqətən nə olmaq istəyərdin?” “Quş”, demişdi, “cənnət quşu”. Bir rəfiqəm var idi, hər çıxışdan əvvəl tamaşaçılardan nə olmaq istədiklərini soruşurdu. Çox keçməmiş bu vərdişindən əl çəkdi. Çünki istisnasız hər kəs pişik olmaq istəyirdi.
***
Pasiyent psixiatrı müvəqqəti olaraq simvolik bir rolda – ata, ana, itirdiyi bir adam kimi – qəbul etməsə, heç bir terapiya effekt verməz.
***
Qorxunun iyi var, təşviş isə üfunətdir.
***
Zəifin qoxusu dözülməz olur.
***
Bəzən birini təlxəyə çevirmək üçün taxma burunla qırmızı parik kifayət edir.
***
Qar məzarların üzərini örtüb; buranın qışı ölümü də görünməz edir.
***
Qisas almaq imkanın olduğunu bilirsənsə, deməli, yaşamaq üçün səbəbin var.
Tərcümə: İmanyar Quliyev