Annotasiya
“Zamanın övladı” (ingiliscə “The Daughter of Time“) britaniyalı yazıçı Cozefina Teyin 1951-ci ildə çap olunmuş, “Müfəttiş Alan Qrant” seriyasının sayca beşinci romanıdır.
Skotland Yardın əməkdaşı olan Alan Qrant növbəti cinayətkarı təqib edərkən çuxura düşür və ayağını sındırır. Müvəqqəti olaraq hospitalda yataq xəstəsinə çevrilən Qrant təsadüfən tarixi bir hadisəni araşdırmalı olur: kral III Riçard öz qardaşı uşaqlarını, Qal şahzadələrini həqiqətən öldürübmü, yoxsa bu, sadəcə mifləşdirilmiş uydurmadır?
Karandaşın izi ilə
Həqiqət zamanın övladıdır.
***
Tavandan başqa hər şey əlindən alınmışdı və o, bütün qəlbi ilə bu tavana nifrət edirdi.
…
Buna dözə bilməyən Qrant Çökükburundan çarpayısının yerini dəyişdirməyi xahiş etdi ki, tavanın başqa hissəsi ilə başını qata bilsin, lakin məlum oldu ki, bu, palatanın simmetriyasını qəti bir şəkildə pozacaq, xəstəxananın dəyərlər sistemində isə simmetriya təmizlikdən bir balaca aşağıda gəlir, əvəzində mərhəmətdən öndə gəlir. Hər şeydən qabaqda isə cəhalət gəlir.
***
Tamaşaçılara əsl yenilik lazım deyil.
***
— Şahmatı həmişə sırf estetik cəhətdən sevmişəm.
— Estetik?
— Çox gözəldir. Fillər, piyadalar… Çox zərif…
***
Tarixin ən böyük faciələrindən biri budur ki, rəssamlar məşhur insanların portretlərini çox gec çəkirlər.
***
— Axı rəssam onun qozbel olduğunu çəkməyib, elə deyilmi?
— Elədir. Saray rəssamları ədəbli insanlar olublar. Yalnız Kromvelin dövründə portretləri “bütün eyibləri ilə birlikdə” çəkməyə başlayıblar.
***
Məncə, qəddarlıq da gözəllik kimidir, tamaşaçısız mövcud ola bilmir.
***
Yaşa və başqalarına da yaşamağa icazə ver.
***
Çox-çox əvvəl qəzet oxucuları bir şeyi başa düşdülər: bəşəriyyətin fəlakətləri bir insanın faciəsi ilə müqayisə oluna bilməz. Kütləvi müsibət haqqında xəbər oxuyanda belimizdən soyuq bir titrəmə keçə bilər, amma ürəyimizi buz kimi saxlaya bilirik. Çində min nəfər həlak olub — bu, sadəcə bir xəbərdir; bir uşaq göldə batıb — bu isə artıq faciədir.
***
Əgər kimsə polisin xüsusilə şahid ifadələri məsələsində digərlərindən daha çox gördüyünü və anladığını düşünürsə, deməli, həmin kəs yanılır.
***
Məsələ oxşarlıqda deyil, şahidlərin səssiz qalmasındadır. Zaman keçir və heç nəyi dəyişmək olmur. Əfsanə ilə mübahisə etmək olmur.
***
Deməli, həqiqi tarix tarix üçün nəzərdə tutulmayan kitabda yazılır. Tarix paltar siyahısında, pul kisəsinin içində, qeyri-rəsmi məktublarda, ev dəftərlərindədir.
***
Qəribədir, hansısa bir əfsanə haqqında həqiqəti söyləyən kimi insanlar səndən küsürlər. Onlar ideallarının sarsılmazlığına inanmaq istəyirlər. Çox güman, daxili rahatlıqlarını itirməmək üçün. Onların qəzəbinin səbəbi də budur. Onlar biganə qalsaydılar, təəccüblənməzdim. Amma yox — cavab verirlər, özü də necə. Qıcıqlanırlar.
Qəribədir, deyilmi?
***
Məlumdur ki, hər kəs insan öldürə bilər, lakin bir insanın axmaqlığa meyilli olub-olmadığını söyləmək, demək olar ki, dəqiq mümkündür.
***
— De görüm, harada görülüb ki, bir qadın uşaqlarının qatilinə dost münasibəti bəsləsin?
— Yalnız Yunanıstanda. Qədim Yunanıstanda.
— Heç orada da belə birini xatırlamıram.
— Onda ancaq ruhi xəstəxanada.
***
Bundan sonra nə qədər ömrüm olsa da, bir də heç vaxt heç bir tarix kitabına inanmayacağam, düz sözümdür.
***
— Tarixçilər kitab yazmadan öncə psixologiya öyrənməlidirlər.
— Heç bir faydası olmaz. Əgər bir insanı ilk növbədə insanlar maraqlandırırsa, o tarix kitabı yazmayacaq. O, roman yazacaq, psixiatr olacaq, hakim olacaq…
— Ya da fırıldaqçı.
— Bəli, fırıldaqçı, falçı. İnsanları anlayan adam tarixlə məşğul olmayacaq. Çünki tarix oyuncaq əsgərlərdir. — Aman, bu artıq bir az çox oldu. Axı tarixçilər savadlı, erudit insanlardır…
— Mən tamam başqa şey deyirəm! Tarixdə daima insan fiqurlarının yerini dəyişirsən. Bu isə, bir az düşünsək, əslində daha çox riyaziyyata oxşayır.
— Əgər həqiqətən riyaziyyata oxşayırsa, onda onların mətbəx qeybətlərindən istifadə etməyə haqları yoxdur.
Tərcümə: Göycəyeva Lamiyə