Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Robert Pirsiq “Zen və motosiklet təmiri sənəti”

Annotasiya

“Zen və motosiklet təmiri sənəti” (ingiliscə “Zen and the Art of Motorcycle Maintenance: An Inquiry into Values”) – amerikalı yazıçı Robert Pirsiqin müxtəlif dillərdə 4 milyondan çox nüsxəsi satılan bestseller əsərində 17 günlük səyahətdən bəhs edilir. Avtobioqrafik romanda ata ilə oğlun Minneapolisdən San Fransiskoya motosikletlə səyahəti təsvir edilib. Bütün səfər boyu fəlsəfi müzakirələr aparılır, epistemologiya, etika və fəlsəfə elminin problemlərinə toxunulir. Müəllif bu müzakirələr vasitəsilə əşyaların gizli mahiyyəti kimi “keyfiyyət” haqqında fikirlərini oxucuya çatdırır.

Karandaşın izi ilə

Avtomobildə həmişə qapalı kupedəsən. Öyrəşdiyin üçün heç fərqinə də varmırsan ki, maşının pəncərəsi elə televizordur. Sən passiv müşahidəçisən və hər şey darıxdırıcı bir şəkildə çərçivənin daxilində cərəyan edir. Motosikletdə isə belə bir çərçivə yoxdur. Ətraf aləmlə əlaqədəsən. Elə-belə mənzərəyə baxmırsan, onun içindəsən. İştirakın səni heyrətləndirir.

***

Həqiqət qapını döyür və sən ona deyirsən ki, rədd ol, mən həqiqəti axtarıram. O da çıxıb gedir.

***

“Nə var, nə yox?” maraqlı sualdır. O, düşüncəni genişləndirir. Ancaq yalnız bu sualın arxasınca qaçanda o, saysız-hesabsız boş, dəbdə olan ləvazimatlara, ya da ertəsi günə gətirib çıxarır. Mən isə başqa şeylə maraqlanmaq istərdim. “Yaxşı nə var?” – bu sual hissələrə ayırmır, dağıdır və ona verilən cavablar axınla lili yuyub aparır. Bəşər tarixində elə dövrlər olub ki, həmin dövrlərdə düşüncənin məcrası çox dərin olub və buna nəsə etmək mümkün olmayıb. Yeni heç bir şey baş verməyib. “Yaxşı” isə doqma tərəfindən diktə edilib. Ancaq indi hər şey başqa cürdür. Elə bil, indi ümumi düşüncə axını sahillərini yuyub aparır, əsas istiqamətlərini itirir, alçaq əraziləri su basır, yüksəkliklər bir-birindən ayrılır – və bütün bunlar xüsusi ehtiyac olmadan baş verir, yalnız daxili impulsa çıxış imkanı vermək üçün. Deyəsən, məcranı dərinləşdirməliyik.

***

– Trasdakı maşınlı insanlar. Birinci elə kədərli idi ki. Ardınca gedən də eynilə onun kimi idi, sonra biri də, biri də – hamısı bir-birinə oxşayırdı.

– Sadəcə onlar işə gedirdilər.

***

Doğuşa nəzarət haqqında danışanda söhbət dünyaya daha çox və ya daha az uşaq gətirməyə görə çətinləşmir. Bu, sadəcə məsələnin görünən tərəfidir. Məsələnin arxa tərəfində inanc münaqişəsi dayanır: cəmiyyətin empirik planlaşdırma inancı katolik kilsəsinin öyrətdiyi Allahın nüfuzuna olan inanca qarşı çıxır.

***

Kranı düzəltməyə çalışırsan və təmir uğursuz nəticələnirsə, deməli, damlayan kranla yaşamaq sənin alnına yazılıb.

***

Bundan əlavə, qayalıq dağlara təyyarə ilə gedəndə onları yalnız bir kontekstdə – gözəl mənzərə kimi görürsən. Günlərlə çöllərdən keçmək isə çətindir. Və sonda onları tamamilə fərqli şəkildə – hədəf kimi, bəni insan ayağı dəyməmiş torpaq kimi görürsən.

***

Gördüyün işə laqeyd münasibət ya əhəmiyyətsiz, ya da məqbul hesab edilir.

***

Andıra qalmış XX əsrdə düz getməyən nə oldu? Hadisələri tələsdirmək istəmirəm. Tələskənliyin özü XX əsrin zibilidir. Nəyisə tez-tələsik başından etmək istəyirsənsə, deməli, həmin iş sənin vecinə deyil və başqa işlə məşğul olmaq istəyirsən.

***

– Ruhlara inanırsan?

– Yox.

– Niyə?

– Çünki onlar qeyri-elmidirlər.

***

Bu, mənim şəxsi fikrimdir: müasir insanın intellekti o qədər də mükəmməl deyil. Onun intellekt əmsalı çox dəyişməyib. Hindular və orta əsrlər insanı bizdən axmaq olmayıb, lakin onlar tamam fərqli kontekstdə düşünüblər. Müasir insan üçün atom, hüceyrə, foton və kvant nə qədər realdırsa, ruhlar və kabuslar da həmin düşüncə kontekstində real olub. Müasir insanın da öz ruhları, kabusları var.

***

– Başqalarının kabuslarını qınayanda hamımız çox təkəbbürlü və özümüzdən razı oluruq, özümüzkülərə isə cahil, barbar və mövhumatçı kimi yanaşırıq.

– Onda niyə hamı cazibə qüvvəsinə inanır?

– Ortodoksal formada “təhsil” adlandırılan kütləvi hipnoza görə.

***

Mən həmişə çalışıram onun səviyyəsindən yuxarı kitablar seçim. İstəmirəm, elə-belə oxuyaq. İstəyirəm ki, müzakirə mövzumuz olsun. Bir-iki cümlə oxuyuram, gözləyirəm Kris sualları ilə üstümə hücuma keçsin, cavab verirəm, sonra yenə bir-iki cümlə oxuyuram. Klassik əsərləri belə oxumaq yaxşıdır. Bəzən onunla bütün axşamı belə oxuyub söhbətləşirik, axırda görürük ki, cəmi iki-üç səhifə oxumuşuq.

***

– Axı nə vaxt yola düşəcəyik?

– Hara tələsirsən?

– Sadəcə getmək istəyirəm.

– Qarşıda burnunun dibində olanlardan daha yaxşı heç nə yoxdur.

***

Bəzi şeylər kiçik olduğu üçün yanınızdan keçir. Sadəcə bunu hiss etmirsiniz. Bəzi şeylər isə çox böyük olduğu üçün onları görmürsünüz.

***

Səbəb və nəticə düşüncənin yekunudur. Mənə elə gəlir ki, ruhi xəstəlik düşüncədən əvvəl baş verir.

***

Axır vaxtlar demək olar heç nədən əmin deyiləm. Bəlkə elə buna görə belə çox danışıram.

***

Təsəlli sözləri daha çox yadlar, xəstəxanalar üçündür, qan qohumları üçün deyil.

***

Dərk etməni iki növə ayıraq: klassik və romantik. …

Klassik dərk dünyanın daxili formasını görür. Romantik dərk isə onun birbaşa xarici görünüşünü. Əgər romantik insana maşın, mexaniki çertyoj və ya elektron sxem göstərilsə, o, çox güman həmin sənədlərdə maraqlı heç nə görməyəcək. Onlar onu cəlb etməyəcək. Çünki romantik səthi reallığı görür. Darıxdırıcı çətin ad, xətt və rəqəm siyahısı. Burda maraqlı nə var ki? Əgər həmin çertyoju və ya sxemi klassik insana göstərsək, ya da həmin instruksiyanı ona versək, o, həmin sənədlərə baxacaq, ona valeh olacaq, çünki xətlərdə, formalarda və simvollarda daxili formanın möhtəşən zənginliyini görəcək.

Romantik üsul ilk növbədə ilhamlandırır, təxəyyül gücünü, yaradıcılığı, intuisiyanı oyadır. Onda faktlardan daha çox hisslər dominantlıq edir. “Elm”ə qarşı qoyulan “İncəsənət” çox vaxt romantikdir. Romantik üslub ağıla və ya qanunlara tabe olmur. O, hisslərə, intuisiyaya və estetik düşüncəyə tabe olur. Şimali Avropa mədəniyyətində romantik üslub adətən qadın başlanğıcı ilə assosiasiya olunur, lakin bu, əlbəttə ki, mütləq deyil. Klassik üsul, əksinə, ağıl və qanunlarla idarə olunur. Onlar da öz növbələrində daxili düşüncə formaları və davranışları ilə. Avropa mədəniyyətlərində bu, əsasən kişi üsuludur. Elm sahələri, hüquqşünaslıq və tibb bir qayda olaraq məhz bu səbəblərdən qadınları maraqlandırmır. Motosikletdə gəzinti romantik işdir, motosikletin təmiri, ona qulluq etmək isə klassik işdir.

***

Romantik yüngülxasiyyətdir, irrasionaldır, fikri dağınıqdır, etibarsızdır. Onun üçün əsas məsələ zövqdür. O, alçaq insandır. Heç nəyi yoxdur. Çox vaxt bir iş görmək istəməyən və ya bunu bacarmayan parazitdir. Cəmiyyətin əyləcidir.

***

Fiqurlara əhəmiyyət vermədən peyzajı görmək elə peyzajı görməməyə bərabərdir.

***

Analitik düşüncə təcrübəyə tətbiq edildikdə, mütləq bir şey ölür. Bu, az-çox hamıya aydındır. Ən azından incəsənətdə belədir. Mark Tveni yada salaq: o, gəmiləri Missisipi çayında idarə etmək üçün analitik biliklərə sahib olan kimi çay öz cazibəsini itirdi. Həmişə nəsə məhv olur. Lakin incəsənətdə başqa bir məqam da gözə çarpır: doğulan bir şey də olur. Ölümə fokuslanmaq lazım deyil. Doğuşu görmək və həyat-ölüm davamlılığını nəzərdən keçirmək daha vacibdir. Bu arasıkəsilməz proses nə yaxşıdır, nə pis – sadəcə bu var, mövcuddur.

***

Dahi insanlar xəstəliklərlə mübarizə aparırlar ki, insanlar daha çox yaşasın. Və yalnız divanələr belə bir sual verir: nəyə lazımdır? Uzun yaşamaq üçün uzun yaşayırlar. Başqa məqsəd yoxdur.

***

Biri şikayət edəndə yerdə qalanlara daha çətin olur.

***

Bəlkə də zəkanı elə tənhalıq yaradıb. Ya da o zəkanı yaradıb. Ancaq onlar həmişə yanakı gəzirlər. Qorxunc tənha rasionallıq.

***

Fotoqrafiya zamanın statik olduğu fiziki obrazdır, güzgü isə zamanın dinamik olduğu fiziki obrazdır.

***

İnsanlar fabriklərə gedir və sorğu-sualsız saat səkkizdən beşə kimi mənasız tapşırığı icra edirlər, çünki bunu struktur tələb edir. Onların mənasız həyat sürməsini tələb edən heç bir yaramaz, “mənfur insan” yoxdur. Bunu struktur, sistem istəyir. Və heç kim öhdəsindən gələ bilməyəcəyi işi üzərinə götürmək, mənasız olduğu üçün strukturu dəyişmək istəmir. Ancaq zavodu yerlə bir etmək, hökumətə üsyan etmək və ya sistem olduğu üçün motosikleti təmir etməkdən imtina etmək səbəbə deyil, nəticəyə hücum etmək deməkdir. Təkcə nəticəyə hücum edildikdə heç bir dəyişiklik mümkün deyil. Həqiqi sistem, əsl sistem bizim sistematik düşüncəmizin, rasionallığın hazırkı quruluşudur. Zavod yerlə bir edilibsə, buna səbəb olan rasionallıq isə qalıbsa, o, sadəcə növbəti zavodu yaradacaq. İnqilab sistemli hökuməti məhv edirsə, hökuməti yaradan sistemli düşüncə şablonları qalırsa, həmin şablonlar növbəti hökumətdə özlərini büruzə verəcəklər.

***

Polad? Lənət şeytana, polad da kiminsə beyninin məhsuludur. Təbiətdə polad yoxdur. Bürünc dövrün insanlarından soruşun. Təbiətdə yalnız polad potensialı var. Vəssəlam.

***

Çətinliklə qarşılaşırsan, hər şeyi yoxlayırsan, baş sındırırsan, amma alınmır. Onda başqa düşürsən ki, bu dəfə Təbiət şıltaqlıq etmək qərarına gəlib. Onda deyirsən: “Yaxşı, Təbiət, xoşluqla istəmirsən, onda pis yola əl atarıq”. Və formal elmi metodu işə salırsan.

***

Elmi metodun əsl məqsədi Təbiətin sizi yanlış yola yönəltmədiyinə əmin olmaqdır.

***

“Problemi həll etmək: elektrik qidalanma sisteminə nə olub?” sualındansa, “Problemi həll etmək: motosiklet niyə işləmir” sualını vermək daha yaxşıdır. Düzdür, bu, axmaq səslənir. Halbuki problemin qidalanma sistemində olduğuna əmin deyilsən. Belə yazmaq lazımdır: “Problemi həll etmək: motosikletə nə olub?”, sonra birinci bəndi daxil etmək lazımdır: “Bir nömrəli hipotez: elektrik qidalanma sistemində nasazlıq”. Ağlına gələn fərziyyələri sadalayırsan, sonra onlardan hansının doğru, hansının yalan olduğunu yoxlamaq üçün təcrübələr qoyursan. … Məhz bu səbəbdən elmi suallar axmaq sual təsiri bağışlayır – onları ona görə verirlər ki, sonradan axmaq səhvlərə yol verilməsin.

***

Hipotezlərin meydana çıxması elmi metodun ən müəmmalı kateqoriyasıdır. Heç kim hipotezlərin haradan gəldiyini bilmir. Biri oturur, işi ilə məşğul olur və birdən – bam! – əvvəllər başa düşmədiyi şeyi başa düşür. Hipotez sübut olunmayanadək doğru deyil. Çünki sınaqlardan meydana çıxmır. Onun mənbəyi tamam başqa şeydir.

***

Bütün elm tarixi köhnə faktların daim dəyişən və hər dəfə yeni bir şəkildə izah edilən aydın süjetidir.

***

Elmin özü ictimai xaosun əsas istehsalçısıdır. Elmi yolla istehsal edilən anti-elm xaosdur.

***

İndiki ictimai böhranın səbəbi ağlın təbiətindəki genetik qüsurdur. Və bu qüsur düzəlməyənə qədər böhranlar davam edəcək. İndiki düşüncə tərzimiz cəmiyyəti daha yaxşı gələcəyə doğru aparmır, əksinə onu belə bir gələcəkdən uzaqlaşdırır. Bu rejimlər İntibah dövründən işləyir. Və yemək, geyim, ev ehtiyacı üstünlük təşkil etdikcə, bu, işləməyə davam edəcək. Lakin indi – böyük insan kütlələri üçün bu ehtiyacların yerdə qalan ehtiyacları kölgədə qoymadığı bir vaxtda qədim dövrlərdən bizə miras qalan bütün düşüncə strukturu artıq adekvat deyil. Getdikcə onu daha çox nominal üzrə qiymətləndirirlər – emosional cəhətdən açıq, estetik cəhətdən mənasız və mənəvi cəhətdən boş bir şey kimi. Onun bu gün gəldiyi vəziyyət belədir və uzun müddət bu vəziyyətdə qalacaq.

***

İlk uğursuzluq onu tamam azad etdi: o, daha qaydalar çərçivəsində düşünmək məcburiyyətində deyildi və onun fikirləri müstəqillik əldə etdi. Fedr başa düşürdü ki, qurumlar – məktəblər, kilsələr, hökumət və siyasi təşkilatların bütün növləri – fikirləri həqiqətdən fərqlənən məqsədlərə – öz funksiyalarını əbədiləşdirməyə və həmin funksiyalara xidmət edənlər üzərində nəzarətə yönəlməyə çalışırlar.

***

Motosikletin metal və digər substansiyalardan hazırlandığını deyirəm. O isə metalın nə olduğunu soruşur. Mən cavab verirəm ki, metal möhkəmdir, parlaqdır, soyuqdur və daha bərk materialın təsiri altında sınmadan deformasiyaya uğrayır. Yum isə cavab verir ki, bütün bunlar görünüşdür, səsdir və hissiyyardır, substansiya yoxdur, metalın bütün bu hisslər xaricində nə olduğunu mənə denən. Və mən bu məqamda ilişib qalıram.

***

Kant tezisini “Kopernik cəsarəti” adlandırdı. O, bu tezis altında Kopernikin “Yer Günəş ətrafında fırlanır” bəyanatını nəzərdə tuturdu. Bu çevriliş heç nəyi dəyişmədi, lakin hər şey dəyişdi. Ya da Kantın təbirincə desək, hissi məlumatlarımızı istehsal edən obyektiv dünya dəyişmədi, ancaq onun haqqında ilkin düşüncəmiz alt-üst oldu. Son dərəcə heyrətləndiricidir: müasir insanı onun orta əsrlərdəki sələfindən məhz Kopernik cəsarətini qəbul etməyi fərqləndirir.

***

Xatirələrimdən yola çıxaraq deyə bilərəm ki, Fedr DeVizi yüksək qiymətləndirirdi, çünki onu başa düşmürdü.

***

Hər bir müəllim özünə oxşayan tələbələrin qiymətini yüksəltməyə meyilli olur. Əgər özün qısa yazırsansa, elə düşünürsən ki, tələbə üçün də bu, hər şeydən önəmlidir. Əgər boş ifadələri xoşlayırsansa, bu cür şeylərə həvəs göstərən tələbələrdən xoşun gələcək.

***

– Bütün bunları hardan bilirsən?

– Axı hər şey göz qabağındadır.

– Onda mən niyə görmürəm?

– Bir balaca bilmək lazımdır.

– Deməli, göz qabağında deyil, düzdür?

***

Məntiq subyektin obyektdən ayrılmasını nəzərdə tutur; məntiq sonuncu təyinat məntəqəsindəki müdriklik deyil. Subyektin obyektdən ayrılma illüziyası ən yaxşı fiziki, əqli və emosional fəaliyyətin istisna edilməsi ilə silinir.

***

Fedr daha dərslərə getmədi, Hindistanı tərk etdi, hər şeyi atdı. Mərkəzi Avropasına geri qayıtdı, jurnalistika üzrə təcrübi dərəcə aldı, evləndi, Nevada və Meksikada yaşadı, imkan düşdükcə işlədi – repetitorluq elədi, elm haqqında məqalələr yazdı, sənaye reklamı hazırladı. İki uşaq atası oldu, ferma, at, iki avtomobil aldı və piylənməyə başladı. O, “ağıl kabusu” deyilən şeyin ardınca qaçmağı tərgitdi. Bunu başa düşmək son dərəcə vacibdir. O təslim oldu. Təslim olduğu üçün kənardan baxanda həyatı rahatlaşdı.

***

Fedr daha da yetkinləşdi. Sanki daxili hədəfləri unutmaq onun qocalığını tezləşdirdi.

***

Fedr dedi ki, Əsl Universitetin konkret yeri yoxdur. O, mülkiyyət sahibi ideyil, əmək haqqı ödəmir, maddi ianə qəbul etmir. Əsl Universitet zehni vəziyyətdir. Əsrlərdən keçib bizə çatan rasional düşüncənin böyük mirası hardasa konkret yerdə mövcud deyil. Əsrlər boyu bu zehni vəziyyət adəti üzrə professor adı daşıyan insanların cəmiyyətində bərpa edilib. Ancaq bu adlar da Universitet deyil. Əsl Universitet idrakın fasiləsiz axınıdır. Bu zehni vəziyyəti, bu “ağlı” isə müəyyən hüquqi məna tamamlayır. Bədbəxtlikdən, bu da eyni cür adlanır. Reallıqda isə tamam başqa şeydir. Bu, qeyri-kommersiya korporasiyası, müəyyən ünvana malik dövlət müəssisəsidir. O, mülk sahibidir. Onun əmək haqqı ödəmək, maddi dəstək qəbul etmək və qanunverici təzyiqə cavab vermək qabiliyyəti var. Lakin bu ikinci universitet, hüquqi korporasiya təhsil, yeni bilik verə bilməz. O, ideyaları qiymətləndirmir. Bu, ümumiyyətlə Əsl Universitet deyil, sadəcə kilsə binasıdır, dekorasiyadır, həqiqi məbəd üçün əlverişli şəraitin yaradıldığı məkandır.

***

Fedr ağla inanmırdı, ona görə də fanatik şəkildə ona sadiq idi. Əgər tam əminsənsə, sadiq ola bilmirsən. Heç kim ucadan fəryad edib, səhər günəşin doğacağını demir. Hamı bilir ki, günəş sabah doğacaq. İnsanlar fanatik şəkildə siyasi və ya dini inanclara, ya da istənilən başqa doqma və ya məqsədə sadiqdirlər. Çünki doqma və məqsədlər həmişə şübhə altına alınır.

***

Qorxulu olan texnika deyil. Qorxulu olan, texnikanın insanlar arasında – məsələn, abunəçilərlə operatorlar arasındakı münasibətə təsiridir.

***

Dinclik, əslində, keçici, müvəqqəti deyil. Əsas məsələ də bundadır. O, yaxşı qayğı ilə meydana çıxır, pis qayğı ilə pozulur. Maşının iş qabiliyyəti adlandırdığımız şey sadəcə bu mənəvi rahatçılığın obyektivləşdirilməsidir. Sonuncu sınaq həmişə sənin şəxsi dincliyindir. Əgər işin başında o yoxdursa, sən isə heç nəyə məhəl qoymadan davam edirsənsə, onda çox güman, şəxsi problemlərini həmin maşına quraşdıracaqsan.

***

İstər motosiklet olsun, istərsə də tava, maddi müşahidə obyekti doğru və ya yanlış ola bilməz. Molekul elə molekuldur. Onlar etik kodeksə əməl etmirlər, insanların onlara verdikləri istisna olmaqla. Maşının sınaqdan çıxarılması onun sənə bəxş etdiyi məmnunluqdur. Maşın səni sakitləşdirirsə, bu, doğrudur. Əgər ya maşın, ya sənin ağlın dəyişməyənədək, o səni narahat edirsə, bu, yanlışdır.

***

Ümumiyyətlə, təlimatlarda insanı əsəbiləşdirən bir məqam var. O da müəyyən əşyanın, məsələn, tavanın məhz bir üsulla, onların təklif etdiyi üsulla quraşdırılmasının nəzərdə tutulmasıdır. Bu, bütün yaradıcılığı məhv edir. Əslində tavanı quraşdırmağın yüz üsulu var. Problemi bütövlükdə sənə göstərmədən yalnız bir üsulu sənə sırıyırlarsa, təlimatın səhvlərsiz həyata keçirilməsi mümkün olmur. İşə olan bütün marağını itirirsən. Və bir məqamı da qeyd etmək lazımdır: çətin ki, sənə ən yaxşı üsulu təqdim ediblər.

***

Hara getdiyinə və harda olduğuna baxırsan və bir məna görmürsən. Sonra geri boylanırsan, müəyyən nizam meydana çıxır.

***

Böhranın səbəbi mövcud düşüncə formalarının vəziyyətin öhdəsindən gələ bilməməsidir. Problem rasional vasitələrlə həll edilə bilməz, çünki pisliyin kökü rasionallığın özündədir. Bunu yalnız şəxsi səviyyədə həll edirlər – bütün “kvadrat” rasionallığı başlarından rədd edirlər və yalnız hisslərlə hərəkət edirlər. Con və Silviya kimi. Və milyonlarla başqaları kimi. Məncə, belə də olmaz. Problem rasionallığı başdan eləməklə deyil, həll yolu görünənədək rasionallığın təbiətini genişləndirməklə həll olunur.

***

Kosmik əsr düşüncəsini “Yuxarı haradır?” sualı maraqlandıran kimi “Yuxarıdakı” mənasını itirir.

***

Səfərin pis başa çatacağını bildiyin halda onu zövqlə başlamaq daha yaxşıdır.

***

Məktəblər təqlid etməyi öyrədir. Əgər müəllimin istədiyi şeyi təqlid etmirsənsə, sənə pis qiymət verirlər.

***

Qiymətləndirmə sistemini məhv edin. Onda əsl təhsil alınacaq.

***

– Qiymət verməmək? Axı belə olmaz. Yoxsa biz bura niyə gəlirik?

– Tamamilə doğrudur. Tələbələrin çoxunun universitetə qiymətə fikir vermədən sırf təhsil üçün gəldiyini düşünmək yüngül riyakarlıqdır. Yaxşısı budur, heç kim bu ikiüzlüyü ifşa etməsin. Bəzi insanlar hərdən həqiqətən təhsil naminə universitetə daxil olurlar, lakin təhsil ocağının mexanikasında, əzbərçilikdə onların idealizmi tezliklə korşalır.

***

Bu cür tələbənin ən böyük problemi illərlə “kökə-qamçı” qiymətləndirmə sistemi tərəfindən qurulmuş qul mentallığı, qatır təfəkkürüdür: “Məni qamçılamasan, işləməyəcəm”. Onu qamçılamadılar. O da işləmədi. Və onun guya çəkməyi öyrəndiyi sivilizasiya arabası cırıldayır.

***

Əslində qiymətlər öyrətmək bacarıqsızlığını gizlədir.

***

Qiymətlər ləğv olunsa, istər-istəməz hər gün sinfi belə bir sual maraqlandıracaq: bəs onlar əslində nə öyrənirlər? Bizə nə öyrədirlər? Hansı məqsədlə? Mühazirələr və tapşırıqlar bu məqsədə necə cavab verir? Bu kimi suallar dəhşətlidir. Qiymətləri ləğv elə böyük və qorxulu bir boşluqla qarşılaşacaqsan.

***

Tərif verə bilməməklə axmaqlıq arasında demək olar heç bir formal fərq yoxdur.

***

Lovğalanmaqla müşayiət edilən istənilən cəhd nəticədə mütləq fəlakətlə başa çatacaq.

***

Fedr heç dağa çatmadı. Üçüngü gün o, taqəti tükənmiş halda təslim oldu. Zəvvarlar onsuz yollarına davam etdilər. O, fiziki gücünün olduğunu, amma bunun kifayət etmədiyini yazırdı. İntellektual motivasiyası da var idi, ancaq bu da hər şey demək deyil. O, özünə güvənməsə də, şəxsi təcrübəsini zənginləşdirmək, özünü başa düşmək üçün ziyarətə getmişdi. O, dağdan faydalanmağa çalışmışdı. Elə zəvvarlıqdan da. Dəyişməz mahiyyət olaraq ziyarət və dağı deyil, özünü təsəvvür edirdi, ona görə də hazır deyildi. Onun fikrincə, dağa çatan digər zəvvarlar, çox güman, dağın müqəddəs olduğunu o qədər güclü hiss ediblər ki, atdıqları hər addım bu müqəddəs yerə sədaqət, sadiqlik aktı olub. Dağın müqəddəsliyi onlarda öz əksini tapıb və Fedrin dözə biləcəyindən daha çox əziyyətə dözmək üçün onlara güc verib.

***

Tərif düşüncənin əsasıdır.

***

Çılpaq divar pis görünmürsə, divardan şəkil asmağın mənası yoxdur. Musiqi valındakı cızıqların xışıltısı, ya da radio aparatın uğultusu yaxşı səslənirsə, simfoniyanın da mənası yoxdur.

***

Yumor hissi ilə yumor hissinin olmaması arasındakı fərq xalis Keyfiyyətdir.

***

Dünya Keyfiyyət olmadan da fəaliyyət göstərə bilər, ancaq həyat o qədər darıxdırıcı olacaq ki, ümumiyyətlə yaşamayacaqsan. Heç yaşamağa dəyməyəcək. Dəyər sözü Keyfiyyətdir. Həyat sadəcə dəyərlərsiz, məqsədsiz keçib gedəcək.

***

Keyfiyyətsiz dünyanın xəyalını gözündə canlandıran Fedr bir şeyə diqqət yetirdi: o ki, oxşar ictimai quruluşlar haqqında mütaliə edib. Ağlına Qədim Sparta, kommunist Rusiyası və onun peyk ölkələri gəldi. Qırmızı Çin, Oldos Hakslinin “Cəsur yeni dünya”sı və Corc Oruelin “1984”-ü.

***

Onun cavabı axtarıb tapmaq qabiliyyətində olmaması məntiqi olaraq cavabın olmadığını sübut etmir.

***

Dövrümüzdə elmi biliklərə cavab verməyən ideyalar qanad açıb uçmur.

***

Balaca uşaqlara “yalnız ürəkləri istəyəni etməməyi” öyrədirlər… Bəs nə etsinlər? Əlbəttə ki, başqalarının istədiklərini. Başqaları kimlərdir? Valideynlər, müəllimlər, rəhbərlik, polis, hakimlər, məmurlar, krallar, diktatorlar. İstənilən hakimiyyət. Əgər səndə “yalnız ürəyin istədiyin” şeylərə nifrət aşılanıbsa, bu, öyrədilibsə, şübhəsiz, sözəbaxan qul, yaxşı kölə olacaqsan. “Yalnız ürəyin istədiyi şeyləri” etməməyi öyrənəndə Sistem səni sevəcək.

***

Materiya və ya enerjidən ibarət olan və elmi alətlərlə ölçülən hər şey realdır. Qalan hər şey qeyri-realdır, ya da ən azından vacib deyil.

***

Elmi metod elə bundan ötrü mövcuddur. Təbiətdəki əsli saxtadan ayırmaq, subyektiv, qeyri-real, xəyali elementləri istisna etmək, reallığın obyektiv, həqiqi tablosuna nail olmaq üçün.

***

Keyfiyyət subyekt və obyektin görüş nöqtəsidir. Artıq istidir. Keyfiyyət əşya deyil, hadisədir. Daha da istidir. Bu, subyektin obyekti dərk etdiyi hadisədir.

***

Sakitlikdə hər şeyi düz edirsən.

***

Yəqin, Kris üçün də hər şey əvvəlki kimi deyil. İndi mən qorxağam və bunu etiraf etməkdən qorxmuram. O isə heç vaxt heç nədən qorxmayıb. Heç vaxt. Aramızdakı fərq də məhz budur. Ona görə mən sağam, o yox.

***

Keçmiş yalnız xatirələrimizdə, gələcək yalnız planlarımızda mövcuddur. Yeganə reallığımız bu gündür.

***

İntellektual dərk edilən istənilən şey həmişə keçmişdədir, dolayısıyla, real deyil. Reallıq həmişə intellektualizasiya başlamadan öncəki görmə məqamıdır. Başqa reallıq yoxdur.

***

Hədəfdən yan keçən iddialar ümumiyyətlə iddianın olmamasından daha pisdir, çünki onları həqiqət kimi qəbul etmək asandır.

***

İncəsənət yüksək keyfiyyətli müəssisədir. İncəsənət insan əməyində özünü göstərən Allahdır. “Allah” və “Keyfiyyətin dərk edilməsi” sözlərinin sanskrit kökləri – Buddha və Bodhi- eynidir.

***

Görməmək səhv görməkdən daha yaxşıdır.

***

Yaxşı mexaniklə pis mexanikin arasındakı fərq yaxşı riyaziyyatçı ilə pis riyaziyyatçı arasındakı fərq kimidir: bütün məsələ keyfiyyət əsasında yaxşı faktları pis faktlardan seçməyi bacarmaqdır. Yaxşı mexanik laqeyd olmamalıdır!

***

Konkret olmaq gərəkirsə, zavod tikmək, motosikli təmir etmək, ya da xalqı doğru yola yönəltmək istəyirsənsə və ilişib qalmaq istəmirsənsə, klassik, struktur, dualist, subyektiv-obyektiv bilik lazım olsa da, bəs deyil. İşin keyfiyyətinə laqeyd ola bilməzsən. Nəyin yaxşı olduğunu hiss etməlisən. İrəliyə aparan, bax, budur. Bu hisslə doğulursan, onu inkişaf etdirmək də mümkündür. Bu, sadə “intuisiya”, izahedilməz “bacarıq” və ya “qabiliyyət” deyil. Bu, əsas reallıqla, keçmiş dövrlərdə dualistik idrakın daha çox gizlətdiyi Keyfiyyətlə əlaqənin birbaşa nəticəsidir.

***

Əslində, “texnika” sözünün əmələ gəldiyi “techikos” sözü əvvəlcə elə “incəsənət” anlamına gəlib. Qədim yunanlar heç vaxt incəsənəti əl əməyindən ayırmayıblar və onlar üçün ayrı söz fikirləşib tapmayıblar.

***

Hətta bəzən deyirlər ki, guya çirkinlik müasir texnologiya materiallarına xasdır. Lakin kütləvi şəkildə istehsal edilən plastik və sintetika öz-özlüyündə pis deyil. Sadəcə onlarla pis assosiasiya yaradılıb. Ömrünün çox hissəsini həbsxananın daş divarları arasında keçirən insan daşı təbiəti etibarilə eybəcər material hesab edir. Daşdan heykəllər oyulsa belə; uşaq oyuncaqlarından tutmuş istehlak məhsullarına kimi plastikadan hazırlanmış idbar texnika zindanında yaşayanlar isə, çox güman, bu materialı çirkin hesab edir. Əslində müasir texnikanın idbarlığı nə materialda, nə formadan, nə hərəkətdə, nə də məhsulda aşkar edilmir. Sadəcə burada aşağı Keyfiyyət məskən salıb. Biz isə bu cür təəssürat yaradan subyekt və obyektlərə Keyfiyyət mənimsətməyə adət etməmişik.

***

Həqiqi idbarlıq texnikanı istehsal edənlər insanlarla onların istehsal etdikləri məhsullar arasındakı münasibətdədir. Bu da texnika və ondan istifadə edənlər arasındakı oxşar münasibətə çevrilir.

***

Mənəvi rahatlıq düzgün dəyərlər, onlar da düzgün fikirlər ortaya çıxarır. Düzgün fikirlərdən düzgün əməllər, onlardan isə hər şeyin mərkəzində görünən dincliyin maddi əksinə çevrilən iş doğur.

***

Başqa insanın beynindəkiləri dərk etməyə çalışırsan və hər şey təhrif olur.

***

Yunanlar buna “enthousiasmos” deyir. Sözün kökü “entuziazm” – ruh yüksəkliyindən gəlir. Hərfi mənası “Teosla dolub daşan” deməkdir. Bu da Tanrı və ya Keyfiyyət deməkdir. Görürsən, hər şey düz gəlir.

***

Özünüzü yüksək qiymətləndirirsinizsə, yeni faktlar öyrənmək sizdə yaxşı alınmayacaq. Eqo sizi Keyfiyyət reallığından təcrid edəcək.

***

İki cür qaynaqçı olur: sənaye qaynaqçıları – onlar mürəkkəb konstruksiyaları sevmirlər, daha çox eyni şeyi yerinə yetirməkdən xoşları gəlir; bir də təmir qaynaqçıları – onların eyni işi iki dəfə görməkdən zəhlələri gedir. Bütün məsələ ondan ibarətdir ki, qaynaqçını işə götürəndə onun hansı növə aid olduğunu yoxlamaq lazımdır, çünki onlar bir-birlərini əvəzləyə bilmirlər.

***

Testinizə qeyri-müəyyən cavab alırsınızsa, bu, iki şeydən birini ifadə edir: ya test proseduru nəzərdə tutduğunuzu yerinə yetirmir, ya da kontekstə baxış bucağınızı genişlətməlisiniz. Testləri yoxlayın və sualları yenidən öyrənin.

***

İşlənmiş yaxşı alətlər yeni pis alətlərdən qat-qat yaxşıdır.

***

Bilmək istəyirsən, necə mükəmməl tablo yarada bilərsən? Mükəmməl ol, sonra təbii şəkildə çək. Bütün usta insanlar belə edir.

***

Turistləri izləyirəm. Burada onlar da yersiz görünürlər. Xeyr, onlara xor baxmıram, sadəcə, bütün bunların reallıqdan uzaq olduğunu düşünürəm. Gölün keyfiyyəti barmaqla göstərildiyi üçün korlanır. Nəyisə barmağınla göstərib, “bax, Keyfiyyət budur” deyəndə Keyfiyyət yox olacaq.

***

O da heç bir dəyərin sabit olmadığını güman edirdi. Lakin bu, onlara laqeyd yanaşmağa, ya da onların real olmadığını düşünməyə əsas vermir.

***

Təhsil aldıqca əmin olurdu ki, hələ heç kim qədim filosofların fikirlərini şüursuzcasına qəbul etməyin vurduğu ziyanı müəyyənləşdirməyib.

***

“Məntiq” sözünün meydana gəldiyi “logos” anlayışı bizim dünya haqqında rasional düşüncələrimizin ümumi miqdarını göstərir. “Mythos” loqosdan əvvəlki erkən tarixi və tarixdən əvvəlki miflərin məcmusudur. Mifosa təkcə yunan mifləri deyil, eyni zamanda Əhdi-Ətiq, veda himnləri və dünya haqqında indiki düşüncələrimizə töhfə verən bütün mədəniyyətlərin erkən əfsanələri daxildir. “Loqos üzərində mifos” dəlili iddia edir ki, rassionallığımızı elə bu əfsanələr yonub: indiki biliklər həmin əfsanələrə münasibətdə ağacın bir vaxtlar olduğu kiçik zoğa olan münasibəti kimidir. Sadə bir zoğun formasını öyrənməklə ağaın ümumi mürəkkəb strukturunu çox yaxşı başa düşmək olar. Onlar arasında görünüş, hətta orijinallıq baxımından fərq yoxdur. Onlar sadəcə ölçülərinə görə fərqlənirlər.

***

Gedirik, mühərriki işə salıram. O isə burada, qapının ağzında durub baxır. Tənha halda. Çox güman, bilmir ki, bu baxışla uzun müddət tənha qala bilməyəcək.

***

Burada tənhalıq daha çox hiss olunur. Paradoksal haldır, insanların sıx olduğu böyük şəhərlərdə, Şərq və Qərb sahillərində tənhalıq daha güclü hiss olunur. Əhalinin az olduğu Qərbi Oreqona, Aydaho, Montana, Dakotada tənhalıq daha çox hiss olunmalıdır, amma biz onu hiss etmədik. Görünür, bu, onunla izah olunur ki, insanlar arasındakı fiziki məsafə ilə tənhalığın heç bir əlaqəsi yoxdur. Burada əsas məsələ psixi məsafədir. Montana və Aydahoda fiziki məsafədə çoxdur, insanlar arasında psixi məsafə isə azdır. Burada isə tam əksinədir. İndi əsas Amerikadayıq. O, dünən axşam Praynvill-Cankş ilə başladı. Və o vaxtdan bəri bizi tərk etmir. Budur əsas Amerika: sürətli avtomobil trassları, reaktiv uçuşlar, televiziya yayımı və kinotamaşalar. Və bu əsas Amerika tərəfindən “tutulan” insanlar, görünən odur ki, öz həyatlarının böyük bir hissəsini ətraflarında olanları dərk etmədən keçirirlər. Kütləvi informasiya vasitələri onları inandırıb ki, ətrafdakıların əhəmiyyəti yoxdur. Ona görə də bu insanlar tənhadır. Üzlərindən bilinir. Əvvəlcə yaltaqcasına baxırlar, sonra vəssəlam, sən artıq onlar üçün bir əşyaya çevrilirsən. Hesaba alınmırsan. Onlar səni axtarmırlar. Sən televizor deyilsən.

***

İlişib qaldığın darıxdırıcı işdən yapışırsan (bütün işlər gec-tez adamı bezdirir). Əyləncə xatirinə Keyfiyyət üçün fürsət axtarırsan və elə-belə gizli şəkildə onlara əməl edirsən. Bununla da etdiyin işdən asılı olmayaraq, sənət yaradırsan. Və bu yolda başa düşürsən ki, sən özün də maraqlı birinə çevrilirsən, ətrafdakılar daha səni obyekt hesab etmirlər, çünki Keyfiyyətli qərarlar sənin özünü də dəyişdirir. Təkcə işi və şəxsən səni yox, eyni zamanda başqalarını da. Çünki Keyfiyyətin sudakı çevrələr kimi yayılmaq xüsusiyyəti var. Düşünürdün ki, Keyfiyyətli işi görən olmayacaq. Ancaq onu görəcəklər. Və bunu görənlər özlərini daha yaxşı hiss edəcəklər. Çox güman, bu duyğularını başqaları ilə bölüşəcəklər. Keyfiyyət bu şəkildə irəliləyə bilir.

***

Dünya məhz bu şəkildə yaxşılaşacaq. Keyfiyyətli qərarlar qəbul edənlərin hesabına. Başqa cür mümkün deyil.

***

Ağıl daha “dəyərlərdən azad” deyil. Ağıl məntiqi olaraq Keyfiyyətə tabe olmalıdır və Fedr inanırdı ki, bunun belə olmamasının səbəbini qədim yunanlarda axtarıb tapa biləcək. Həmin yunanlarda ki, onların mifosu heç bir faydası olmasa belə, “ağıllı” işlər görmək çağırışı ilə bizim mədəniyyətimizə pisliyin təməlini bəxş etmişdi. Əsl mətləb budur. Buradadır. O vaxtlar mən ona ağlın xəyalının dalınca qaçdığını demişdim. Mən bunu nəzərdə tuturdum. Ağıl və Keyfiyyət ayrılıb, bir-birlərinə qəzəbləniblər. Keyfiyyət məğlum olub, Ağıl isə həmin vaxt üstün gəlib.

***

Bu gözəl hiylə – hər şeyi təsnifatlaşdırmaq Aristoteli qane edirdi. Onun dünyası bu kələk ilə başlayıb bitirdi. Aristotel iki min il əvvəl vəfat etməsəydi, Fedr böyük məmnuniyyətlə onu əzərdi. Çünki Aristotel tarixdə milyonlarla rast gəlinən, özündənrazı, həqiqətən cahil müəllimlərin prototipi idi. Onlar bu axmaq təhlil ritualı, bu kor, mexaniki, əbədi təsnifatla tələbələrinin yaradıcı ruhunu məhv edirdilər. Bu gün yüz minlərlə sinifdən birinə daxil olun, müəllimin təsnifatlaşdırdığını, növlərə ayırdığını, qarşılıqlı əlaqəni müəyyənləşdirdiyini, “prinsipləri” təyin etdiyini və “metodları” öyrəndiyini görəcəksiniz. Bu, əsrlər sonra Aristotelin danışan ruhu, dualistik düşüncənin qurudulmuş cansız səsidir.

***

Məncə, bunu Kolric deyib: hamı – ya platonçudur, ya da aristotelçi. Aristotelin saysız-hesabsız sadalamalarını sevməyənlər təbii olaraq Platonun yüksək ümumiləşdirmələrini xoşlayır. Platonun əbədi pafoslu idealizminə dözə bilməyənlər Aristotelin dünyəvi faktlarını bəyənir. Əslində, Platon Budda axtarışçısıdır. O, hər nəsildə yenidən meydana çıxır, irəli və yuxarıya, “vahid”ə doğru gedir, Aristotel isə motosikllər üzrə əbədi mexanikdir, o, “çoxluğa” üstünlük verir.

***

Özümüzdə ən çox nədən qorxuruqsa, başqalarında ən çox onu qınayırıq.

***

Həqiqətən bacarıqlı şəxsiyyət həmişə təhlükədir.

***

Başqalarını razı saldığım üçün sağ qaldım. Birtəhər qurtulmaq üçün belə edirsən. Səndən nə istədiklərini hesablayırsan, sonra onlara lazım olanı deyirsən. Mümkün olduğu qədər ustalıqla, orijinal şəkildə. İnandırsan, qurtulacaqsan.

***

Təbii ki, sınaqlar heç vaxt bitməyəcək. İnsan sağ olduğu müddətcə bədbəxtliklər, uğursuzluqlar qaçılmazdır. Ancaq indi elə hiss edirəm ki… əvvəllər belə bir şey hiss etməmişəm. Bu hiss səthi xarakter daşımır, o, çox dərindədir, lap dibə çatır: biz qazandıq. İndi hər şey yaxşı olacaq.

***

Belə bir İsveç sözü var – kulturbërer. “Mədəniyyət daşıyıcısı” kimi tərcümə edilə bilər, amma tərcümədə məna yenə itir. Bu, Amerikada qeyri-adi anlayış kimi qəbul edilir. Əbəs yerə.

Mədəniyyət daşıyan kitab mədəniyyət yüklü qatırdır. Oturub bunu məqsədli şəkildə yazmaq olmur. Mədəniyyət daşıyan kitablar demək olar təsadüfən meydana çıxır. Fond bazarındakı qəfil dəyişikliklər kimi. Yüksək keyfiyyətli kitablar var. Onlar mədəniyyətin bir hissəsidirlər, ancaq daşıyıcısı deyillər. Onlar onun bir hissəsidirlər, onu heç bir yerə daşımırlar. Bu cür kitablarda, məsələn, dəliliyə mərhəmət hissi aşılana bilər, çünki mədəniyyətin dəliliyə münasibət norması belədir. Onlarda elə bir fərziyyə yoxdur ki, dəlilik nə xəstəlikdir, nə də pozuntu, dəlilik nəsə başqa bir şeydir. Mədəniyyət daşıyıcısı olan kitablar bizim şərti mədəni dəyərlərimizə meydan oxuyur. Çox vaxt mədəniyyətin belə bir problem qarşısında boyun əydiyi bir vaxtda.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram