Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mark Hedn “Gecə vaxtı itin müəmmalı ölümü”

Annotasiya 

“Gecə vaxtı itin müəmmalı ölümü” (ingiliscə “The Curious Incident of the Dog in the Night-Time”) – 2003-cü ildə britaniyalı yazıçı Mark Hedn tərəfindən qələmə alınan bu romanda 15 yaşlı Kristofer Con Frensis Bun qonşunun itini qətlə yetirən şəxsi axtarır. Şerlok Holms hekayələrinin həvəskarı olan bu oğlan Asperger sindromundan əziyyət çəkir, yalan danışmağı bacarmır, riyaziyyatı çox sevir və astronom olmaq istəyir. Dünyadakı bütün ölkələrin paytaxtlarını əzbərdən deyir və 7507-ə qədər olan sadə ədədləri birnəfəsə sayır. Müasir İngiltərə ədəbiyyatının uğurlu simalarından olan müəllifin bu romanı 30-dan çox dilə tərcümə edilib. Əsər 2003-cü ildə İngiltərənin nüfuzlu “Kosta” mükafatına layiq görülüb.

Karandaşın izi ilə

Mən itləri çox sevirəm. İtin nə düşündüyünü bilmək həmişə asandır. Onun dörd əhvalı olur: xoşbəxt, kədərli, qəzəbli və diqqət kəsilmiş. Üstəlik, itlər sadiq olur və yalan danışmır, çünki onlar danışa bilmir.

***

Şivona həmçinin onu da dedim ki, itlər məni daha çox maraqlandırır, bəzi insanlardan daha ağıllı və daha maraqlıdırlar. Məsələn, cümə axşamları məktəbə gələn Stiv yeməyini kömək olmadan yeyə bilmir və tulladığın çubuğu gətirib adama verə bilmir. Şivon məndən xahiş etdi ki, bunu Stivin anasına deməyim.

***

Məncə, sadə ədədlər həyatın özü kimidir; çox məntiqlidirlər, amma onları tapmağın qaydasını heç cür müəyyən edə bilmirəm, hətta bütün vaxtını onları düşünərək keçirsən belə.

***

Mənim öz adım metaforadır. Onun mənası “İsanı daşımaq” deməkdir. Bu ad yunan dilində “χριστοξ” (mənası “İsa Məsih” deməkdir) və “φερειν” sözlərindən ibarətdir. Bu adı İsa Məsihi qucağına alıb çayın bir sahilindən qarşı sahilə keçirdiyinə görə Müqəddəs Kristoferə veriblər. Bunu öyrəndikdən sonra adamı fikir götürür ki, bəs onun adı İsa Məsihi çayın digər sahilinə keçirməzdən əvvəl necə imiş. Lakin onun heç bir adı olmayıb, çünki, bu, uydurma əhvalatdır, yəni başdan-ayağa yalandır. Adətən anam deyərdi ki, “Kristofer” adı gözəl addır, çünki onun mənası mehriban və köməksevər kimi yozula bilər, ancaq mən öz adımın mehribanlıq və köməksevərliyə aid əhvalatla bağlı olmasını istəmirəm. İstəyirəm ki, adım mənim özümü ifadə etsin.

***

Hadisələrin nəzərimdən qaçmaması ağıllı olduğumu göstərmir. Məni ancaq müşahidəçi adlandırmaq olar. Ağıllı olmaq əşyaların necəliyinə baxaraq onların əsasında ortaya yeni bir şey çıxarmaqdır.

***

Misal üçün, insanlar tez-tez “sakit ol” deyirlər, lakin onlar adamın nə qədər sakit qalmalı olduğunu demirlər. Yaxud adam yol ilə getdiyi vaxt “ÇƏMƏNLİYİ TAPDALAMA” yazılmış lövhəyə rast gəlir, amma orada “BU LÖVHƏ ƏTRAFINDAKI ÇƏMƏNLİYİ TAPDALAMA”, yaxud “BU PARKDAKI ÇƏMƏNLİYİ TAPDALAMA” yazılmalıdır, çünki insanların üstündə gəzməsinə icazə verilən bir xeyli çəmənlik var. İnsanlar həmçinin qaydalara da çox vaxt riayət etmir. Misal üçün, atam saatda 45 kilometr həddini aşmamalı olduğu yerdə maşını bəzən daha sürətlə sürür, bəzən də içkili halda sükan arxasına keçir. Furqon sürdüyü vaxt isə təhlükəsizlik kəmərini bağlamağı tez-tez unudur. Bundan başqa, İncildə yazılıb ki, “Öldürmə!”, lakin dünyada dəfələrlə xaç yürüşləri, iki dəfə dünya müharibəsi, Körfəz müharibəsi baş verib və bunların hamısında xristianlar insan öldürüblər.

***

Məncə, insanlar ölüm barədə düşünməyi sevmədikləri üçün cənnətə inanırlar, çünki hamı dünya durduqca yaşamaq istəyir və onların ölümündən sonra başqalarının onların evinə köçəcəyi, onlara məxsus əşyaları zibilqabına atacağı fikri heç kəsin ürəyincə deyil.

***

Pivə 2000 ildir ki, eybəcər adamlara cinsi əlaqədə olmağa kömək edir.

***

Adam öz həyatında bir çox qərar verməlidir və əgər biz qərar verməsək, onda heç vaxt heç bir şey əldə edə bilmərik, çünki bütün vaxtımız edə biləcəyimiz işlər arasında seçim aparmağa gedər. Ona görə də bəzi şeylərə nifrət etməyin və bəzi şeyləri xoşlamağın səbəbini bilmək yaxşıdır.

***

Mənim Şerlok Holmsdan xoşum gəlir, Lakin Şerlok Holms barədə əhvalatların müəllifi olan ser Artur Konan Doyldan xoşum gəlmir. Bunun səbəbi onun Şerlok Holms kimi olmaması və fövqəltəbii qüvvələrə inanmasıdır. Yaşlandıqdan sonra o, Spiritualist Cəmiyyətinə qoşulmuşdu. Bu da onun ölmüş insanların ruhları ilə əlaqə yaratmağın mümkünlüyünə inandığını göstərirdi. Onun bu cəmiyyətə qoşulmasının səbəbi oğlunun Birinci Dünya müharibəsi illərində qripdən ölməsi və Konan Doylun oğlu ilə ünsiyyətə girmək istəməsi idi.

***

Özü də soruşacağım adam qadın olmalı idi, çünki məktəbdəki “Təhlükəli yadlar” dərsində bizə deyilmişdi ki, hər hansı bir kişi bizə yaxınlaşıb danışmağa başladıqda qorxu hiss ediriksə, onda hansısa bir qadın tapıb ona sığınmalıyıq, çünki qadınlar kişilərə nisbətən daha təhlükəsizdir.

***

Lətifə isə belədir: “Qatarda üç kişi var. Onlardan biri iqtisadçı, digəri məntiqçi, üçüncüsü isə riyaziyyatçıdır. Onların üçü də elə indicə Şotlandiya sərhədini keçiblər (onların Şotlandiyaya nəyə görə getdiyini bilmirəm) və içində olduqları qatarın pəncərəsindən baxdıqda tarlada otlayan qəhvəyi bir inək görürlər (inək qatara paralel olaraq dayanıb). – Baxın, Şotlandiyadakı inəklər qəhvəri rəngdədir, – iqtisadçı deyir. – Xeyr. Şotlandiyadakı ən azı bir inək qəhvəyi rəngdədir, – məntiqçi deyir. – Xeyr. Şotlandiyada ən azı bir inək var ki, onun bir tərəfi qəhvəyi rəngdədir, – deyə riyaziyyatçı etiraz edir”. Bu, çox məzəlidir, çünki iqtisadçılar həqiqi alimlər deyil, məntiqçilər isə daha aydın düşüncəyə malikdir, amma riyaziyyatçılar onların hamısından üstündür.

***

Çünki zaman məkan kimi deyil. Əgər adam nəyisə, deyək ki, transportir, ya da peçenyeni harasa qoyursa, ağlında onları haraya qoyması ilə bağlı “xəritə” yaradır. Lakin hətta adam belə bir “xəritə”ni yaratmasa da, onsuz da, adamın ağlında olur, çünki xəritə, əslində, mövcud olan şeylərin əyani şəklidir ki, onun vasitəsilə adam transportir, ya da peçenyenin yerini tapa bilir. Beləcə, cədvəl zamanın xəritəsidir. Amma əslində cədvəlin olmadığı an zaman, hansısa dəhliz, bağ və ya məktəbə gedən yoldan fərqli olaraq, öz yerində qalmır. Çünki zaman eynilə Yerin Günəş ətrafında dövr etməsi, atomların parçalanması, saat əqrəbinin gecə-gündüz hərəkət etməsi, insanın yuxudan oyanıb yenidən yatması kimi şeylər arasındakı münasibətdir. Zaman qərb və ya şimal ilə şimal-şərq kimidir, çünki onlar da Yer mövcud olmadıqda və Günəş onu məhv etdikdən sonra daha mövcud olmayacaqlar. Çünki bu, eynilə Moqadişo, Sanderlend və Kanberra arasında olduğu kimi, şimal qütbü və cənub qütbü arasındakı münasibətdən başqa bir şey deyil.

***

Zaman əşyavi olmayan bir müəmmadır və hələ heç kəs zaman tapmacasını həll edə bilməyib. Beləliklə, əgər adam özünü zamanda itirsə, bu, səhrada itmək kimi bir şeydir, bircə fərqlə: zamanı səhra kimi görə bilməzsən, çünki o, bir heçlikdir. Bax elə bu səbəbdən də mən cədvəlləri xoşlayıram, çünki onlar adama zamanda itməyəcəyinlə bağlı əminlik hissi verir.

***

Yer üzündə həyatın olması təsadüf nəticəsində baş verib. Bu, xüsusi növ təsadüfdür. Bu təsadüfün xüsusi şəkildə baş verməsindən ötrü üç şərtin olması vacibdir. Bu şərtlər aşağıdakılardır: Əşyalar öz-özünü təkrarlamalıdır (buna replikasiya deyilir) Bu proses həyata keçirilərkən kiçik səhvlərə yol verilməlidir (buna mutasiya deyilir) Bu səhvlər hər bi replikasiyada tamamilə eyni olmalıdır (buna irsilik deyilir)

***

Oranqutanq sözü malay dilindəki “oranghutan” sözündən gəlir. Bu sözün mənası “meşə adamı” deməkdir.

***

Şivon deyir ki, insanlar tətilə yeni şeylər görmək və istirahət etmək üçün gedirlər, lakin mən tətildə rahatlıq tapmıram. Həm də torpağa mikroskop altında baxmaqla, ya da üç ədəd eyni qalınlıqda metal çubuğun lazımi bucaq altında kəsişməsinin təsvirini yaratmaqla da eyni şeylər görmək olar. hesab edirəm ki, adamın elə öz evinin içində hər biri barədə əməlli-başlı düşünmək üçün kifayət qədər çox əşya var. Həmçinin hər hansı bir əşyanın maraq kəsb etməsinin səbəbi onun yeniliyi deyil, onun haqqında düşünməyimizlə bağlıdır.

***

Adətən mən baş verməyən şeylərin xəyalını qurmuram, çünki, bu, yalandır və məni qorxmağa vadar edir.

***

Yaxşı bir şeyin baş verəcəyini bilmək möhtəşəm bir şeydir, məsələn, Günəşin tutulması və ya Milad bayramında sənə kiminsə mikroskop hədiyyə etməsi kimi. Lakin dişə plomb qoyulacağını, ya da Fransa gedəcəyimizi bilmək isə pis bir şeydir. Ancaq mənə qalsa, baş verəcək şeyin yaxşı, yoxsa pis olduğunu bilməmək hər şeydən betərdir.

Tərcümə: Svetlana Turan

3.7 (74.29%) 21 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram